İlham Əliyev yeni siyasi
konfiqurasiyanın uğurlu memarıdır
DADP sədri Əlisahib
Hüseynov: "Prezident əsl islahatçı cəsarəti
nümayiş etdirərək ölkənin siyasi səhnəsini
yenidən qurur, siyasi vitrini təzələyir, siyasi opponentlərə
görüş və barış əlini uzadır”
Azərbaycanda siyasi sistemdə yeni konfiqurasiyanın formalaşması öz fəaliyyətini sağlam müxalifətçilik prinsipləri əsasında, milli maraqların qorunması yönündə quran bütün partiyalar tərəfindən təqdir olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların tərkib hissəsi olan bu proses cəmiyyətimizin həyatında mühüm siyasi yeniliklərlə müşayiət olunur.
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovla söhbətimiz də bu barədədir.
Təşəbbüskar İlham Əliyevdir
Əlisahib Hüseynov bildirdi ki, "yeni siyasi konfiqurasiya” ifadəsi son dövrlərdə ölkə KİV-ində və siyasi camiədə ən çox səsləndirilən, tirajlanan bir ifadəyə çevrilib. Hətta bu ifadə 2020-ci ilin siyasi trendlərindən biridir: "Yeni siyasi konfiqurasiya anlayışının gündəmə gətirilməsinin təşəbbüskarı məhz Prezident İlham Əliyevdir. Çünki hazırkı mərhələdə ölkənin siyasi arxitekturasının yenilənməsi, yenidən qurulması Prezidentin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir. Dövlət başçısı siyasi mühitmizi yenidən formalaşdırmaq, iqtidar-müxalifət münasibətlərinə yeni anlam qazandırmaq, siyasi sistemin fəlsəfəsini dəyişmək istəyir. Bunun yolu isə, ilk növbədə, yeni siyasi konfiqurasiyanın formalaşdırılmasından, siyasi islahatların dərinləşdirilməsindən, siyasi dialoqun genişləndirilməsindən keçir.
Xatırlayırsınızsa, dövlət başçısı bütün bu yeniliklərin anonsunu hələ 2018-ci ilin 18 aprelində keçirilən prezident seçkilərində yekdilliklə qalib gəldikdən sonra andiçmə mərasimindəki nitqində vermişdi. Həmin nitqdə yer alan islahat anonsu ölkənin siyasi həyatında tamamilə yeni bir dövrün başlanacağını ehtiva edirdi. Sosial-iqtisadi sahədə islahatlara paralel olaraq siyasi sahədə islahatlar amilinin önə çəkilməsi, islahatlar paketində siyasi partiyalarla bağlı ciddi məqamların öz əksini tapması, onların fəallığının artırılmasının nəzərdə tutulması həlledici faktora çevrildi. Ölkənin əsas idarəetmə strukturunda - Prezident Administrasiyasında ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması bütövlükdə siyasi proseslərə yeni yanaşmanın təzahürü kimi ortaya çıxdı”.
Əlisahib Hüseynov bildirdi ki, son illərdə siyasi partiyalar ölkənin ictimai-siyasi həyatında bir o qədər də aparıcı mövqeyə malik deyildilər və bunun da bir sıra obyektiv-subyektiv səbəbləri var: "Əsas səbəblərdən biri kimi isə onu deyə bilərəm ki, siyasi partiyalarla işin aparılmasına bilavasitə məsuliyyət daşıyan şəxslər ötən ilin sonunadək olan müddətdə nədənsə, partiyaları proseslərdən kənarda saxlamağa çalışırdılar, partiyaların varlığı ilə hesablaşmayaraq rəsmi dövlət qeydiyyatına alınmış partiyaların əksəriyyətinin fəaliyyətinin sönükləşməsinə gətirib çıxarmışdılar. Sanki AXCP-dən və onun lideri Əli Kərimlidən başqa heç bir siyasi qüvvə yox idi. Yerdə qalan partiyaların varlığını görməzdən gəlirdilər. DADP kimi iqtidaryönümlü partiyalara münasibət haqqında isə, ümumiyyətlə, heç danışmağımıza dəyməz. Bir vaxtlar iqtidaryönümlü partiyaların Məşvərət Məclisinin tərkibində öz fəallığı ilə diqqəti cəlb edən partiyaların fəaliyyəti təəssüf ki, siyasi dialoqu aparmalı olan keçmiş məmurların məhz ögey münasibəti nəticəsində tamamilə dayandı, çökdü. Çünki nə iqtidar-müxalifət münasibətlərinin sağlam əsaslar üzərində təşəkkül tapmasında, nə də ki, iqtidaryönümlü partiyaların Prezidentin yürütdüyü siyasətə real mənəvi-siyasi dəstək nümayiş etdirməsində maraqlı deyildilər. Siyasi partiyalarla münasibətləri sanki məqsədyönlü şəkildə iflic vəziyyətinə salmışdılar. Partiyalara qarşı bu cür qeyri-sağlam münasibət isə heç şübhəsiz ki, dövlətin yürütdüyü siyasətə də neqativ təsir göstərirdi”.
Həmsöhbətim qeyd etdi ki, siyasi partiyalara qarşı diskriminasiya siyasətinə məhz Prezident İlham Əliyevin başlatdığı islahatlar nəticəsində son qoyuldu. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması siyasi qüvvələrlə münasibətlərin tənzimlənməsi üçün dönüş nöqtəsi oldu. Yeni şöbənin yaradılması ilə hakimiyyət birmənalı şəkildə nümayiş etdirdi ki, ölkədə yeni siyasi sistemin təşəkkül tapmasında, siyasi subyektlərin bir-biri ilə sağlam mübarizə aparmasında, siyasi rəqiblik anlayışına yeni baxışın ortaya qoyulmasında, cəmiyyətdə siyasi antaqonizmin aradan qaldırılması və barış əhvali-ruhiyyəsinin bərqərar edilməsində, qisasçılıq və söyüş ritorikasına son qoyulmasında qeydsiz-şərtsiz maraqlıdır. "İlham Əliyev əsl islahatçı cəsarəti nümayiş etdirərək ölkənin siyasi səhnəsini yenidən qurur, siyasi vitrini təzələyir, siyasi opponentlərə görüş və barış əlini uzadır. İndi ölkəmizin siyasi səhnəsində öz siyasi rəqiblərinə, müxalifət qüvvələrinə də bərabər imkanlar yaradan yeni siyasi iradə, yeni siyasi təfəkkür mövcuddur. Hakimiyyət öz siyasi rəqibləri ilə diktat dili ilə yox, siyasət dili ilə danışmaq üçün yeni yaradılan müvafiq şöbəyə rəhbərlik etməyi də kifayət qədər təcrübəli dövlət adamına həvalə edib.
Siyasi partiya rəhbərləri ilə, o cümlədən müxalif düşərgənin simaları ilə Ədalət Vəliyevin müntəzəm görüşlərinin keçirilməsinə start verilməsi yeni siyasi dialoq mühiti yaratdı. Bu, siyasi partiyalara münasibətdə yeni baxışın və formatın mövcudluğunun real göstəricisi idi. Ambisiyaları və əsassız şərtlər irəli sürmələri üzündən dialoq prosesinə qoşulmayan bir neçə radikal müxalifət qurumundan başqa, bütün siyasi qüvvələr dövlətin stimullaşdırdığı yeni siyasi konfiqurasiyanın içində yer almağa başladılar”, - deyə DADP sədri bildirdi.
Cəmiyyətə səmərəli təkliflərlə çıxış edən intellektual və konstruktiv müxalifət lazımdır
Bu ilin fevral ayında Milli Məclisə keçirilən VI çağırış parlament seçkilərindən sonra isə ölkənin yeni siyasi sisteminin formalaşdırılması üçün olduqca önəmli addımlar atıldı, müxalif partiyaların nümayəndələri ali qanunverici orqanın rəhbər heyətində təmsil olunmağa başladılar. Bu barədə danışan DADP sədri dedi ki, Prezident İlham Əliyevin parlamentin ilk iclasında səsləndirdiyi fikirləri isə bu yeni siyasi sistemin təşəkkül tapması prosesinin məntiqi yekunu kimi nəzərdən keçirə bilərik: "Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri VI Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.
Milli Məclis Sədrinin müavinlərindən birinin müxalifət partiyasının, digərinin isə bitərəflərin nümayəndəsinin olması, həmçinin komitə sədrlərinin müavinləri arasında da müxalifətçilərin yer alması Prezidentin fikirlərinin gerçək təsdiqidir.
Azərbaycan iqtidarı siyasi qütblər arasında dialoqa hər zaman açıq olub. Xüsusən də ümummilli məsələlərlə bağlı qərarların qəbul edilməsi zərurəti ortaya çıxanda iqtidar cəmiyyətin və siyasətin bütün subyektlərinin mövqeyini, rəyini hər zaman nəzərə almağa çalışıb. Bu barədə danışan partiya sədri dedi: "Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonrakı ilk dönəmlərdə ölkədə sürətlə partiyalaşma prosesi getdi və bir sıra Qərbyönümlü siyasi partiyalar ortaya çıxdı. Həmin dövrdə siyasi partiyalar nisbətən fəal rol oynasalar da, lakin sonradan proseslərin gedişatına adekvat siyasət yürüdə və elektoratın ümidlərini doğrulda bilmədiklərinə görə tədricən zəiflədilər. Onların yerinə isə dini və etnik spektrə malik partiyalar gəldi. Bu isə öz növbəsində dünyəvi (sekulyar) siyasət yürüdən partiyaların ciddi şəkildə zəifləməsinə gətirib çıxardı.
Digər tərəfdən isə, dünyəvi partiyaların bir hissəsi ifrat radikal siyasət yürütdüklərinə və iqtidara qarşı davamlı şəkildə konfrantasiya mövqeyi tutduqlarına görə öz sosial bazalarını tamamilə itirdilər, bir ovuc marginallaşmış qrupa çevrildilər. Bütün bunlar son nəticədə Azərbaycan siyasətini az qala müxalifətsiz bir duruma gətirdi. Bu isə qlobal mənada Azərbaycanın maraq və mənafeləri üçün əlverişli hal sayıla bilməz. Prezident də bunun fərqində olduğuna görə dünyəvi müxalifətimizə ikinci nəfəs, ikinci şans vermək xəttini seçdi. Çünki Prezident istəyir ki, ölkədə keyfiyyətcə yeni, işgüzar, konstruktiv müxalifət olsun. İndi ölkəmizə yalnız mitinq ab-havasına köklənən, işi-gücü "istefa” şüarı qışqırmaqdan ibarət olan məqsədsiz, sistemsiz, keyfiyyətsiz "müxalifət” yox, proseslərə adekvat və çevik reaksiya verən, vizyonu geniş olan, iqtidarın qarşısında faydalı, səmərəli təkliflərlə çıxış edən intellektual və konstruktiv müxalifət lazımdır”.
Qeyd olundu ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin moderatorluğu ilə başlanan siyasi müzakirələr Azərbaycanda partiyalaşma prosesini keyfiyyətcə yeni müstəviyə qaldırır və iqtidar-müxalifət dialoqunun genişlənməsinə yeni impuls verir: "Buna iqtidarın müxalifətə ikinci nəfəs verməsi təşəbbüsü kimi baxmaq lazımdır. Baxın, Prezident açıq mətnlə deyir ki, Azərbaycana müxalifət lazımdır. Çünki Prezident bilir ki, müxalifətsizlik və ya zəif müxalifət həm cəmiyyətin inkişafına mane olur, həm də ölkənin beynəlxalq imicinə neqativ təsir göstərir. Prezident məsələlərə məhəlli siyasi rəqabət prizmasından, dar çərçivədən yanaşmır. Dövlət başçısı strateji düşünür. Çünki ölkənin gələcək hədəflərini nəzərə alır. Hakimiyyət strukturlarının siyasi partiyalarla görüş və dialoquna da məhz bu aspektdən yanaşmalıyıq. Bu çox önəmli məsələdir. Prezident İlham Əliyev demokratik açılımlara imza atır, siyasi plüralizm və dialoq tərəfdarı kimi çıxış edir. Mən dialoqun başlanmasını Prezidentin demokratiya naminə böyük fədakarlığı kimi qiymətləndirirəm. Radikal müxalifət düşərgəsindəki opponentlərimizin dialoq prosesinə necə yanaşması isə önəmli deyil. Çünki onlar daim inkarçı mövqedən çıxış edirlər”.
Siyasi əməkdaşlıq tendensiyalarının aparıcı amil olduğu mühit formalaşmaqdadır
O da diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi kimi yeni siyasi konfiqurasiyanın formalaşması artıq öz müsbət nəticələrini də verməkdədir. Belə ki, aprel-may aylarında üç siyasi partiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Nəzərə alsaq ki, bundan əvvəl uzun müddət partiyaların qeydə alınması hadisəsinin şahidi olmamışdıq, sözügedən üç partiyanın dövlət qeydiyyatına alınması barədə şəhadətnamələrin həmin partiyaların rəhbərlərinə rəsmən təqdim edilməsi həqiqətən də son dövrlərin əsas siyasi hadisələrindən biri hesab oluna bilər. Bu, eyni zamanda, yeniləşən siyasi münasibətlərin bir təzahür elementidir. "Bütün bunlar onu göstərir ki, ölkəmizdə siyasi əməkdaşlıq tendensiyalarının artıq həqiqətən də aparıcı amil olduğu bir mühit formalaşmaqdadır. Ölkəmiz üçün, siyasi qüvvələr üçün tamamilə yeni bir dövr başlayıb. Prezidentin qətiyyətli addımları sayəsində dəyişikliklər ab-havası siyasi sistemin bütün komponentlərinə öz müsbət təsirini göstərməkdədir. Siyasi həyatda ciddi canlanma müşahidə edilir. Siyasi qüvvələrin fərqli yanaşmaları dəyərləndirilir və rəsmi qurumlar tərəfindən nəzərə alınır. Başqa sözlə desək, artıq siyasi rəqiblərin də səsləri eşidilir. Qeyd etdiyim bu kimi məqamlar ölkədə həqiqətən də, yeni siyasi mərhələnin başlanmasını ehtiva edir, yeni siyasi konfiqurasiyanın uğurla inşa edildiyini göstərir. Yeni siyasi konfiqurasiyanın təşəbbüskarı da, memarı da heç şübhəsiz ki, Prezident İlham Əliyevdir. Hesab edirəm ki, istər müxalifət partiyaları, istərsə də iqtidaryönümlü partiyalar İlham Əliyevin yeni siyasi konfiqurasiyanı uğurla formalaşdırmasından və günümüzün reallığına çevirməsindən tam mənada razıdırlar”, - deyə partiya sədri bildirdi.
DADP sədri xüsusilə vurğuladı ki, bu yeni düzənin əsas özəlliyi ondan ibarətdir ki, inqilabi islahatlar və yeniləşmə prosesi Prezidentin öz təşəbbüsü və iradəsi ilə başlayıb: "Yəni bu prosesin hərəkətverici qüvvəsi də, baş ideoloqu da ölkənin birinci şəxsinin özüdür. İlham Əliyev yeni siyasi ideyaları gündəmə gətirir, yeni siyasi institutların təməlini qoyur, yeni siyasi ənənələr formalaşdırır. Ölkənin siyasi mədəniyyəti də, siyasi-etik mənzərəsi də müsbət mənada dəyişir, korreksiya olunur. Prezident siyasi qüvvələr üçün yeni fəaliyyət meydanı açır, əlverişli ortam yaradır. Ümid edirəm və gözləntim də budur ki, siyasi qüvvələr bu meydandan və bu imkanlardan ölkəmizin tərəqqisi və xalqımızın parlaq gələcəyi üçün düzgün və səmərəli şəkildə yararlanmağa çalışacaqlar”.
Prezidentin yürütdüyü siyasəti dəstəkləyirik
Cəmiyyətin
müasirləşən siyasi həyatında, yeni dialoq
mühitində DADP-nin hansı təşəbbüs, proqram və
təkliflərlə çıxış etməsi barədə
də söhbətləşdik. Qeyd olundu ki, DADP
Prezidentin start verdiyi siyasi sistemin yenilənməsi prosesinin fəal
iştirakçılarından biridir. Prezident
Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin ilk əlaqə
qurduğu partiyaların sırasında DADP da yer alıb:
"Mən də Ədalət müəllimlə
görüşdüm. Onunla partiyamızı narahat edən məsələlər
barədə olduqca səmərəli və geniş fikir
mübadiləmiz oldu. Ədalət Vəliyev fikir və təkliflərimizi
diqqətlə dinlədi. Mən onunla söhbətin
gedişində sözügedən şöbənin
yaradılmasının ölkənin siyasi sisteminin modernləşdirilməsi
prosesində olduqca vacib rol oynayacağına bir daha əmin
oldum. Heç şübhəsiz ki, DADP Prezident İlham
Əliyevin start verdiyi yeni siyasi sistemin
formalaşdırılması prosesini dəstəkləyir və
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr
şöbəsi ilə bu sahədə yaxından əməkdaşlıq
etməyə hazırdır”.
Əlisahib Hüseynov rəhbərlik etdiyi siyasi təşkilat barədə məlumat verərək bildirdi ki, DADP 1993-cü ildən fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan DADP Azərbaycan Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən siyasi təşkilatdır: "Partiyamız öz sıralarında Azərbaycanı inkişaf etmiş dünyəvi və hüquqi dövlət kimi görmək istəyən, güclü iqtisadiyyat və vətəndaş cəmiyyəti qurmaq ideyalarını bölüşən vətəndaşları birləşdirir. DADP sabitliyin qorunması, demokratik siyasi münasibətlərinin oturuşması, tarixi ənənələrə və müasir dünya təcrübəsinə əsaslanan milli dövlətimizin qorunması və inkişaf etdirilməsi kimi ümdə vəzifələri özü üçün prioritet hesab edən sağ mərkəzçi partiyadır. Biz "Yolumuz haqq yoludur, Heydər Əliyev yoludur” devizi əsasında fəaliyyət göstəririk. Partiyamız YAP-ın müttəfiqlərindən hesab olunur. Yeni Azərbaycan Partiyası kimi DADP də Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq arenada layiqli yer tutması, ərazi bütövlüyümüzün təmin edilməsi, vətəndaşlarımızın dinc və firavan həyatının təmin edilməsi, azərbaycançılıq, milli həmrəylik, hüquqi dövlət quruculuğu və sosial ədalət prinsiplərindən çıxış edir. Bu prinsiplər bizim partiyanın ideya bazasını təşkil edir və eyni zamanda ölkənin siyasi həyatındakı yerimizi müəyyən edir.
Partiyamız 28 illik fəaliyyəti ərzində daim öz prinsiplərinə sadiq qalıb, sabit mövqe nümayiş etdirib. Biz ilk gündən iqtidaryönümlü partiya kimi fəaliyyət göstərmişik. DADP müxalifət düşərgəsindən iqtidar düşərgəsinə transfer edən və ya əksinə, iqtidarçı kursdan müxalif mövqeyə sıçrayan partiyalardan deyil. Biz Heydər Əliyevə, onun siyasi dühasına rəğbət bəsləyənlərin partiyası kimi yaranmışıq və bu gün də onun kursuna sadiqik, onun kursunu davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirik. Biz ölkədə gedən prosesləri diqqətlə izləyir, hakimiyyətin atdığı addımları təhlil edir və media üzərindən proseslərə öz münasibətimizi bildirir, konsept yanaşmalarımızı təqdim edirik. Biz İlham Əliyevin yürütdüyü siyasəti Azərbaycanın hazırki mənafelərinə və perspektiv hədəflərinə tamamilə uyğun hesab edirik. Bu siyasətin alternativi yoxdur. İlham Əliyev kifayət qədər optimal və səmərəli siyasət yürüdür”.
İstənilən siyasi təşkilat daim cəmiyyətə yeni ideyalar, konsepsiyalar təqdim etməyi bacarmalıdır. Əlisahib Hüseynovun sözlərinə görə, DADP olaraq ölkənin inkişafı ilə bağlı konseptual baxışlarımızı, problemlərdən çıxış yollarını vaxtaşırı səsləndirirlər: "Bizim əsas təşəbbüslərimizdən biri isə iqtidaryönümlü partiyaların Məşvərət Məclisinin fəaliyyətinin yenidən bərpa edilməsi ilə bağlı olub. Çünki hesab edirik ki, bu gün iqtidarı dəstəkləyən, İlham Əliyevin islahatlar kursunu cəmiyyətdə geniş təbliğ edən yeni siyasi hərəkata, bloka ehtiyac var. Bu blokda təkcə siyasi partiyalar deyil, ictimai təşkilatlar da, cəmiyyətdə geniş nüfuzu olan ziyalılar da, ekspertlər də təmsil oluna bilər. Prezidentin apardığı uğurlu siyasətin təbliği təkcə rəsmi KİV-in xəbər və şərhləri ilə məhdudlaşmamalıdır. Bu təbliğatın formatını və çərçivəsini daha da genişləndirmək lazımdır. Radikal müxalifətin və bəzi xarici güclərin iddia və arqumentlərinə qarşı daha sanballı və tutarlı cavabların verilməsi üçün, həmçinin iqtidarın gördüyü işlərin ictimaiyyətə daha tez və effektiv şəkildə çatdırılması üçün Məşvərət Məclisi kimi konsultativ qurumlara hava-su kimi ehtiyac var. Biz bir vaxtlar Məşvərət Məclisində aparıcı rol oynayan partiyalardan biri kimi bu qurumun fəaliyyətinin yenidən bərpa edilməsi üçün karantin rejimi bitəndən sonra zəruri prosedur addımları atacağıq. Ölkə siyasətinin digər məsələləri və DADP-dövlət münasibətləri ilə bağlı təkliflərimizi isə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə təqdim etmişik. Düşünürəm ki, təkliflərimiz müsbət dəyərləndiriləcək. Çünki partiyamızla sözügedən şöbə arasında artıq çox gözəl və səmərəli əməkdaşlıq münasibətləri formalaşıb”.
Bəzi
müxalif qüvvələr hələ də 90-cı illərin
meydan, mitinq psixologiyası ilə yaşayır
DADP sədrinin fikrincə, yeniləşən siyasi sistemdə müxalifət partiyalarının fəaliyyətinin təkmilləşməsinə də xüsusi ehtiyac var. "Çünki bu gün müxalifət "90-cı illər sindromu”ndan əziyyət çəkir. Yəni ki, bəzi müxalif qüvvələr hələ də ötən əsrin 90-cı illərindəki meydan, mitinq psixologiyası ilə yaşayır. Sivil müxalifət anlayışı bir çoxlarının təfəkkür və təsəvvüründə hələ tam şəkildə oturuşmayıb.
Üstəlik, müxalif siyasi təşkilatlarda partiyalaşma və təşkilatlanma prosesi də yarımçıq qalıb. Odur ki, bu gün əksər müxalifət partiyalarının fəaliyyəti siyasi dərnək, siyasi diskussiya klubuna bənzəyir. Hazırki, Azərbaycan müxalifəti daha çox virtual müxalifətdir. Çünki Azərbaycan müxalifəti çoxdandır ki, reallıq hissini itirib və siyasi reallıqdan uzaqlaşıb. Onlar virtual dünyada yaşayırlar. Bu gün müxalif siyasətçilərin əksəriyyəti sadəcə bloggerlik fəaliyyəti ilə məşğuldur və bu da onları qane edir. Onların sosial bazası da özləri kimi mifik və irrealdır. "Youtube”dakı isterik çıxışları ilə 30-40 min izləyici toplayan blogger-liderlər təşkil etdikləri real mitinqlərə isə heç 3-4 min tərəfdaş toplaya bilmirlər. Odur ki, onlar get-gedə reallıqdan daha çox uzaqlaşırlar. Lakin sosial şəbəkələr və "Youtube” platforması üzərindən edilən pafoslu çıxışlarla, çağırışlarla müxalifətçilik olmur. Axı bu çıxışlardan başqa onları xalqa yaxınlaşdıra biləcək nə taktikaları, nə də ki, strateji hədəfləri yoxdur. Elə ona görədir ki, xalqın real dəstəyini qazana bilmirlər. Çünki sosial şəbəkələr üzərindən edilən məsuliyyətsiz və populist çıxışların arxasında real iş dayanmır. Müxalifət liderləri insanları xəyal qırıqlığına uğradır və öz sosial bazalarını itirirlər.
DADP sədri marginallaşan qüvvələri siyasi partiya hesab etmədiyini də dedi. Çünki marginallaşma ilə normal siyasi fəaliyyət bir-birinə tamamilə zidd anlayışlardır: "Yaxşı olar ki, radikal müxalifətçilər bu barədə də ciddi-ciddi düşünsünlər. O ki qaldı bu partiyaların fəaliyyətinə, bu gün onların real mövcudluğu haqda hər hansı bir fikir söyləmək mümkün deyil. Çünki radikal müxalifətçilər reallıqla əlaqələrini tamamilə itiriblər, xalqdan tamamilə ayrı düşüblər. Radikal müxalifət tamamilə iflas edib. Radikal müxalifətin real mövcudiyyətinə çoxdan son qoyulub. Əli Kərimli, Cəmil Həsənli, İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, Arif Hacılı kimi 3-5 nəfər qalıb ki, onlar da fəaliyyətlərini videokonfrans formatına və sosial şəbəkələrə keçiriblər. Bu adamlar özləri öz əlləri ilə radikal müxalifətə qəbir qazıblar. "Milli Şura”nın "Zoom” proqramı ilə təşkil etdiyi onlayn müzakirələrdəki biabırçı söhbətlərin üzə çıxması radikal müxalifətimizin nə gündə olduğunu bir daha əyani şəkildə gözlər önünə sərdi. Bu müzakirələr radikal müxalifət üçün sonun başlanğıcı yox, sonun sonu oldu”.
Əlisahib Hüseynovun sözlərinə görə, həmin ifşaedici görüntülərdən sonra əslində radikal müxalifət liderləri özlərində güc tapıb və üzlərinə üz basıb sonuncu dəfə xalqın qarşısına çıxmalı, dönə-dönə xalqdan üzr istəyərək siyasətdən həmişəlik getməliydilər: "Bütün sivil ölkələrdə siyasətçilər məhz bu yolu seçirlər. Hətta postsovet ölkələrinin də bir çoxunda biz bunun şahidi olmuşuq. Əli Kərimli kimi uğursuz siyasətçilərin partiya sədrliyindən və müxalifət liderliyindən dördəlli yapışmaları isə onların psixoloji durumlarının yerində olmadığını göstərir. Heç bir ölkədə müxalifət lideri 20-30 il fasiləsiz olaraq partiya sədri kürsüsündən yapışıb durmur. Ölkədə demokratik azadlıqların pozulmasından dəm vuran bu cür hikkəli "demokrat”lar rəhbərlik etdikləri partiyalarda elementar demokratik prosedur qaydalarına belə əməl etmirlər. Onların fikirlərinə əks fikir söyləyən partiya funksionerləri dərhal gözümçıxdıya salınır. Bu cür "müxalifət”çiliklə siyasətdə böyük uğurlara imza atmaq və Azərbaycana fayda vermək mümkün deyil. Odur ki, hesab edirəm ki, xaricdəki bəzi anti-Azərbaycan qüvvələrinin əli ilə ölkədə daxili sabitliyi pozmağa və "beşinci kolon” rolunu yerinə yetirməyə çalışan radikal müxalifət funksionerləri tezliklə tarixin arxivində gömüləcəklər. Azərbaycan siyasətində radikallığa, bolşevizmə və "beşinci kolon”çuluğa yer yoxdur. Mənim marginallar haqda mülahizələrim və qənaətim bundan ibarətdir”.
Partiya sədri onu da əlavə etdi ki, müxalifət belə olmalı deyil və bolşeviksayağı müxalifətçilik Azərbaycana yaxşı heç nə vəd etmir: "Məxməri inqilab”ların havasından çıxmaq lazımdır. Müxalifətçilik isterik şəkildə qışqırmaq, qarşı tərəfi səbəbli-səbəbsiz təhqir etmək, rəqibləri söymək deyil. Bu cür müxalifətçilik dövrü artıq çoxdan geridə qalıb. Azərbaycan insanı bu cür müxalifətçilik anlayışını qəbul etmir. Müxalifətçiliyin fəlsəfəsi dəyişməlidir. Yeni siyasi sistemdə yer almaq istəyən müxalifət qüvvələri əvvəlcə öz təfəkkür və baxışlar sistemində köklü dəyişiklik etməlidir. Müxalifətçilik qaragüruhçuluğa, zorakılığa, qiyam və terror anlayışına söykənməməlidir. Müxalifət dağıdıcı, yıxıcı olmaqdan əl çəkib, qurucu, yaradıcı, yapıcı olmalıdır. Yeni siyasi konfiqurasiyada müxalifətin rolu, funksiyası, fəaliyyəti çılğın emosiyalar üzərində deyil, töhfəverici intellekt üzərində, səmimi vətənpərvərlik üzərində, barış ruhu üzərində köklənməlidir. Müxalifətin effektivliyinin və fəallığının artırılması üçün həm də qarşılıqlı etimad, inam mühiti formalaşmalıdır. Bu isə təkcə iqtidardan asılı olan məsələ deyil. Qarşılıqlı etimad mühitinin, əməkdaşlıq formatının yaradılması üçün müxalifət də qolunu çırmalayıb real iş görməlidir”.
COVID-19-a birlik hisslərimizi önə çəkərək qalib gəlmək olar
Hazırda dünyanın bütün ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da istisnasız olaraq bu mübarizədə olduqca mühüm rol oynayır. COVID-19 infeksiyasının yaratdığı pandemiya reallığı ilə əvvəllər heç bir ölkə qarşılaşmayıb. Odur ki, koronavirus pandemiyası indi hamımız üçün ümumi bəla və ümumi imtahan sayılır. Bu barədə danışan Əlisahib Hüseynov dedi ki, hazırda bu xəstəliyə yoluxma və ölüm göstəriciləri sürətlə artmaqda davam edir. Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 10 milyonu ötüb. Bu xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 500 min nəfərdən çoxdur. Təəssüflər olsun ki, dünyada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb. Bəzi mütəxəssislərin də qeyd etdiyi kimi, bu, sadəcə pandemiya deyil, bəşəriyyətə qarşı başlanmış silahsız, əsgərsiz bir müharibədir. Amansızlığı ilə dünya müharibələrindən heç də geri qalmayan qeyri-adi bir müharibə.
"Bu gün hər bir ölkə pandemiya ilə öz imkanları çərçivəsində mübarizə aparır. Azərbaycan dövləti isə başlanandan bəri pandemiyaya qarşı çox ciddi və mütəşəkkil surətdə mübarizə aparan ölkələrin sırasında yer alır. Belə ki, pandemiyanın ilk günlərindən Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Koronavirusla mübarizə üçün 20-dən çox xəstəxana ayrılıb. Həmçinin modul tipli xəstəxanaların inşasına başlanılıb və xəstələrin müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanıqlarla təmin ediliblər. Tibbi maska və digər qoruyucu vasitələrin təminatı sahəsində də artıq heç bir problem yoxdur. Doğrudur, ilk günlərdə tibbi maska, digər qoruyucu vasitələr ölkəmizə xaricdən gətirilirdi. Lakin çox qısa zaman kəsiyində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə tibbi maska, digər qoruyucu vasitələr istehsal edən yerli müəssisələrin açılışı oldu.
May ayında sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına başladıqdan sonra təəssüf ki, infeksiyaya yoluxma hallarının sayı yenidən artmağa başladı. "Ümid edirik vətəndaşlarımız da dövlətin pandemiyaya qarşı mübarizəsinə həsasslıqla yanaşacaq, Prezidentimizin çağırışlarına və Operativ Qərargahın tövsiyələrinə ciddi dəstək nümayiş etdirəcəklər. İndi milli həmrəylik zamanıdır. COVID-19 kimi mərhəmətsiz və acımasız bəlalara yalnız birlik və bərabərlik hisslərimizi önə çəkərək qalib gəlmək olar”, - deyə DADP sədri bildirdi.
Korrupsiyaya və korrupsionerlərə qarşı qətiyyətli mövqe müsbət nəticələrini verəcək
Əlisahib Hüseynovla korrupsiyaya qarşı mübarizə tədbirləri barədə də söhbətləşdik. Bu tədbirləri müsbət qiymətləndirən partiya sədri dedi ki, islahatlar prosesinin uğurla başa çatdırılması üçün korrupsiyaya qarşı mübarizənin səmərəli təşkili xüsusi önəm daşıyır: "Bu baxımdan korrupsiyaya qarşı mübarizəni islahatların ümumi tərkib hissəsi hesab etmək olar. Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi bəzi məmurların, icra başçılarının DTX tərəfindən həbs edilməsi ilə müşayiət olundu. Bu həbslər cəmiyyət tərəfindən də olduqca müsbət qarşılandı.
Korrupsiyaya qarşı mübarizə fasiləsiz və davamlı xarakter almalıdır. Bu, ölkəmizin iqtisadi inkişafı və vətəndaş-dövlət münasibətlərinin sağlam zəmin üzərində qurulması üçün çox vacibdir. Vətəndaşlar dövlətin onları korrupsiya hallarının yaratdığı fəsadlardan və korrupsionerlərdən qoruyacağına əmin olmalı, özlərini güvəndə hiss etməlidirlər. Prezident də məhz bunu istəyir. "Hər bir məmur xalqın xidmətçisidir” sözünü dövlət başçısı elə-belə, gəlişi gözəl söz kimi demir. İlham Əliyev vəzifəyə təyin etdiyi hər bir məmura tapşırıq verir ki, onlar insanlarla ünsiyyətdə sadə və səmimi olsunlar, vətəndaşları incitməsinlər və maksimum şəffaflıq prinsipi ilə fəaliyyət göstərsinlər. Özü də bütün bu tövsiyə və tapşırıqlar yeni təyin olunan məmurlara məhz ictimaiyyətin gözü qarşısında verilir. Prezidentin bu tövsiyələrinə məsuliyyət hissi ilə yanaşan məmurlar şəffaf və nümunəvi fəaliyyət göstərir, yüksək etimadı doğrultmağa çalışırlar. Əminəm ki, dövlət başçısının korrupsiyaya və korrupsionerlərə qarşı bu cür qətiyyətli mövqeyi öz müsbət nəticələrini verəcək”.
İlham Əliyevin sosial-iqtisadi islahatlar konsepsiyası reallığa söykənir
DADP sədrinin Prezident İlham Əliyevin sosial-iqtisadi islahatlar konsepsiyasına, bu sahədə həyata keçirilən islahatlara münasibətini də öyrəndik. Onun sözlərinə görə, İlham Əliyev kifayət qədər praqmatik siyasətçidir və o, hazırda dünyada yaşanan iqtisadi böhranın yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatına vura biləcəyi zərərləri minimuma endirmək üçün önləyici tədbirlərə start verib. Artıq neftin aparıcı amil olması reallığı aradan qalxır. Deməli, neftdən asılılığın aradan qaldırılması üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. Bir sözlə, neftin hökmranlığı bitmək üzrədir, biz artıq postneft erasına qədəm qoymuşuq.
Pandemiya ilə, eyni zamanda, dünya bazarlarında neftə olan tələbatın azalmasının, neftin qiymətinin aşağı düşməsi posneft mərhələsinə keçidi bir qədər də sürətləndirdiyini bildirən Əlisahib Hüseynov qeyd etdi ki, Azərbaycan iqtisadiyatının yeni şəraitə uyğunlaşması, adaptasiya olunması üçün geniş imkanlar var: "Azad sahibkarlığın inkişaf etdirilməsi üçün yeni imkanlar açılır. Postneft və postpandemiya dönəmi xüsusilə də kənd təsərrüfatının inkişafına çox ciddi stimul verəcək. Əlaqədar dövlət qurumları aqrar sektorun inkişafına maksimum diqqətlə yanaşmalıdır. Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi islahatlar konsepsiyası reallığa söykənir və mən əminəm ki, dövlət başçısının yürütdüyü rasional siyasət həm iqtisadiyyatımızı, həm də cəmiyyətimizi baş verə biləcək hər hansı iqtisadi böhran və təlatümlərdən sığortalayacaq”.
Söhbəti
yazdı:
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 7 iyul.- S.1;5.