Təhlükə zəncirini qıraq

 

Karantinlə sabitləşən yoluxma sayını məsuliyyətsizliklə mənfi yönə istiqamətləndirməyək

 

Dünyanın üstünə qara bulud kimi çökən yeni növ koronavirus (COVID-19) pandemiyası yer üzünü vahimədə saxlamaqda davam edir. Zaman keçdikcə COVID-19 qarşısıalınmaz bir aqressiya ilə yoluxmaölüm sayını daha vahiməli rəqəmlərə daşıyır. Virus yayıldığı ilkin mərhələdə demək olar ki, bütün ölkələrdə tətbiq olunan karantin rejimləri sayəsində müəyyən qədər kontrol altına alındı. Amma yumşaldılmalar ərəfəsində ikincidaha təhlükəli dalğası ilə əldə olunan müsbət nəticələri bir həmlədəcə məhv etdi. İndi dünya yenidən qapanıb, ölkələr sərt karantin rejiminə qayıdıb və hələlik tibbi çarəsi tapılmayan bu bəladan sosial məsafə, maska istifadəsi və gigiyena şərtlərinə əməl etməklə qorunmağa çalışır.

Təəssüf ki, Ümumdünya Səhiyyə Təşkilatının, bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, hələ də pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmur.

 

Sərt karantin rejimi qaçılmaz oldu

 

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da yumşaldılmalar ərəfəsində yoluxma sayında artım müşahidə olundu. Bu həssas dövrdə bir çox vətəndaşların məsuliyyətsizlik nümayiş etdirmələri koronavirusla birinci mərhələdə əldə edilən müsbət dinamikanı əks yönə istiqamətləndirdi. Qısa zaman kəsimində gündəlik yoluxma sayı 500-ün üzərinə çıxdı. Elə bu səbəbdən də hökumət dərhal təhlükənin qarşısının alınması istiqamətində zəruri addımlar atdı. Ölkədə karantin rejimi uzadıldı, iyunun 12-dən etibarən yoluxma sayı yüksək olan bəzi şəhər və rayonlarda sərt karantin rejimi elan olundu. Amma məlumdur ki, hələ də bəzi insanlar təhlükənin varlığını olduğu kimi dəyərləndirmir, bu həssas dönəmdə də məsuliyyətsiz davranışlar sərgiləyirlər.

Bu mərhələdə də COVID-19-a yoluxma hallarının sürətlə artması yenidən zəruri addımlar atılmasını labüd etdi. Və sərtləşdirilmiş karantin rejimi daha 2 həftə müddətinə uzadıldı. Təəssüf ki, bu zaman sərt karantin rejimi elan edilən şəhər və rayonlarımızın siyahısına yeniləri də əlavə olundu. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən 20-dək uzadıldı. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda karantinin qüvvədə olduğu tarixlərdə həftəsonu (şənbə-bazar) bütün ictimai nəqliyyat dayandırıldı.

Eyni zamanda ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edildi.

 

 

 

Vəfat edən hər bir vətəndaş millətimiz, dövlətimiz üçün böyük itkidir

 

 

Amma hələ də ölkəmizdə təhlükəli vəziyyət davam edir və yoluxmaların sayı yenə də yüksək səviyyədədir. Təəssüf ki, indiyə qədər koronavirusa yoluxanların sayı 20 mini keçib, 200-dən artıq vətəndaşımız həyatını itirib. Təbii ki, paralel olaraq sağalma sayı da kifayət qədər çoxdur, amma itirilən hər bir vətəndaş millətimiz, dövlətimiz üçün böyük itkidir. Mütəxəssislərin də dəfələrlə vurğuladığı kimi, koronavirusu dünyanın bəlasına çevirən onun yoluxuculuq sürətidir. Elə bu baxımdan da yoluxma sayı bir nəfər olsa belə, bu yenə də çox sayılır. Arzuolunan isə COVID-19-un nəfəsini tamamilə boğmaqdır. Bunun yolu isə birdir: vətəndaş həmrəyliyi göstərərək pandemiyanın şərtlərinə əməl etmək.

 

 

Koronavirusla bağlı xoşbəxt sonluğa mane olanlar

 

 

Bütövlükdə Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır, məsuliyyət, nizam-intizam göstərir. Bununla yanaşı, hələ aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var.

Nəticədə hazırda koronavirusla bağlı gözlədiyimiz xoşbəxt sonluğa çatmağımıza mane olan hallar müşahidə olunmaqdadır. Karantin rejimi, tətbiq olunan cərimələr hələ bir çoxlarının məsuliyyətsizliyinin önünə keçməkdə acizdir. İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq. Yaşadığımız bu çətin günlərdə şəxsi istirahətini düşünənlər, icazə olmayan rayonlarda dincəlmək istəyənlər, şadlıq düzənləyənlər, toy çaldıranlar, sosial məsafə gözləməyənlər var. Düşünülmür ki, bu sayədə virusa qalib gəlmək əvəzinə, onun əhatə dairəsini daha da genişləndiririk.

Məsələn, iyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib. Ümumilikdə həmin gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

 

 

Cavabsız suallar

 

 

Bu gün COVID-19-la bağlı bütün dünyanı maraqlandıran suallar var, amma onların bir çoxu hələ ki, cavabsız qalıb. Cavab axtarışları davam edir, hər gün yeni nələrsə öyrənirik. Qeyri-müəyyənlik hamını narahat edir. Çünki hər birimizin ailəsi, övladları, yaşlı valideynləri, yaxınları var. Onlar hər gün risk altındadır. Amma o da faktdır ki, bu riski yaradan da yenə özümüzük, sadə insanlardır.

Pandemiyanın tələblərinə laqeyd, biganə yanaşma bizi çıxılması çətin olan vəziyyətə sürükləyir. Artıq hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr varbiz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, hər birimizin məsuliyyətli davranış nümayiş etdirməsi, birliyimizi, həmrəyliyimizi daha da gücləndirmək üçün SOS siqnalı olmalıdır.

 

Bizi bəladan qoruyan üç sadə qayda...

 

 

Amma yaşana biləcək faciəvi ssenarilərin qarşısına keçmək də mümkündürbu, bizim əlimizdədir. Təhlükəni şaxələnmədən beşiyində boğa bilərik. Hökumət tərəfindən görülən tədbirlərin effektivliyi həm də fərdi qaydada hər bir vətəndaşın üzərinə düşən müvafiq məsuliyyəti yerinə yetirməsindən asılıdır. Bütün bunlar milli təhlükəsizlik, həmrəylik məsələsidir və vətəndaşlardan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb edir.

Özünüzün, ailənizin, doğmalarınızın təhlükəsizliyi üçün qoyulan qaydalara riayət edin, sosial nəzarəti gücləndirin. Məsuliyyətsiz davrananlarla bağlı tədbir görülməsi üçün aidiyyəti qurumlara məlumat verin. Koronavirus əlamətləri hiss etdikdə evdə özünümüalicə ilə sağalmağa çalışmayın və dərhal aidiyyəti üzrə məlumat verin.

Ən əsası, xəstəliyə yoluxmamaq üçün lüzumsuz yerə küçəyə çıxmayın. Əks təqdirdə xəstəliyə yoluxmayoluxdurma faktoruna çevrilirsiniz.

Hər yerdə sosial məsafəni qoruyun, qapalı məkanlarda, kütləvi yerlərdə maskadan düzgün istifadə edin, mütəmadi olaraq əllərinizi sabunla yuyun.

Məhz bu üç sadə qayda bizi böyük təhlükədən qoruyacaq...

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 7 iyul.- S.6.