Qlobal
miqyaslı lider
Cəmi
bir neçə ayın içində bütün
dünyanı çənginə almış koronavirus
pandemiyasının insanlara anlatdığı xeyli həqiqətlər
var...
Həqiqətlər çox vaxt acı olur, onları qəbul
edib nəticə çıxarmaq da adətən çətin
başa gəlir. Amma özündə güc taparaq gözlərini
dörd açıb gerçəklərin
yaratdığı mənzərəni duya biləndə
görürsən ki, bir çox suallarına uzun zamanlardan bəridir
axtardığın cavabların çoxu elə bu mənzərədəymiş.
Zənnimcə, fərd olaraq insanlar, ümumilikdə isə
bəşəriyyət hələ illər sonra da COVID-19 həqiqətlərindən
müəyyən nəticələr çıxaracaq, bu
qlobal bəlaya qədərki yanlışları bir daha təkrarlamamağa
çalışacaqlar.
Bundan
sonra tarix çoxları üçün iki səhifəyə
bölünəcək: pandemiyadan əvvəl və sonra.
Və postpandemiya dövründə yaşananlar bəşəriyyətin
buna qədərki tərzi-həyatından xeyli fərqlənəcək.
Hərdən
düşünürəm ki, bəlkə XXI əsr də elə
indi başlanır, bizim yeni əsrdən qoparıb
ömrümüzə köçürdüyümüz
iyirmi il əvvəlki əsrin, əski
tarixin bir qədər modern formada davamı imiş, kim bilir?!
Əgər gözləntilər özünü
doğrultsa, bəs onda yeni dünyanın, artıq addım səslərini
eşitməkdə olduğumuz o yeni zamanın insanları necə
olacaqlar?!
Xalqlar, dövlətlər bundan sonra
davranışlarını necə quracaqlar?!
Mədəniyyət öz mövcudluğunu necə
sürdürəcək?!
***
Bu suallara dürüst cavab tapmaqdan ötrü onların
mərkəzinə fərdləri deyil, toplumları qoymaq
lazım gəlir. Çünki gələcəyin
dünyası fərdlərdən daha çox toplumların
dünyası olacaq. Gələcəkdə
ümumi maraqlar, "mən” deyil, "biz” düşüncəsi
yenidən önə çıxacaq.
Son illərə
qədər yalnız öz həyatına,
baxışlarına, zövqlərinə dəyər verən,
başqalarının rəyini o qədər də nəzərə
almaq istəməyən və bu yanaşmanı bütün
dünyada daha çox insanın beyninə yeritmək istəyən
fərdlər anlayacaqlar ki, heç kim bu
kainatda tək deyil.
Dünya bizim ümumi evimizdir. Onun kəsilən hər
ağacı başqaları kimi bizim də bir ağacın nəfəsi
qədər təmiz hava payımızı əlimizdən
alır, onun torpağına atılan hər zərərli
tullantı başqaları ilə birgə bizim də həyatımızı
zəhərləyir, boşuna axıdılıb israf edilən
hər qətrə suyu hamının ciyərini
yandırır.
Bir-birinin dərdlərinə, qayğılarına
laqeydlik, bəşəriyyətin minilliklər boyu
formalaşdırdığı dəyərlərə
sayğısızlıq, xeyirxahlıq, şəfqət,
başqalarına mərhəmət hissinin korşalması təkcə
fərdləri deyil, ümumilikdə dünyanı sonu bilinməyən
mənəviyyat uçurumuna sürükləyir.
Və biz bütün bunları həm özümüzə,
həm də başqalarına görə qoruyub
saxlamalıyıq.
Aylar əvvələ
qədər hansımızın ağlına gələ bilərdi
ki, ürəyimiz istəyən an əlimiz
çatan, ünümüz yetən
doğmalarımızın üzünü aylarla görə
bilmədiyimiz günlər yaşanar. Xəstəxana
yatağında ölümlə çarpışan
yaxınımızı beşcə dəqiqə belə ziyarət
edə bilməməyin çarəsizliyi ilə üzləşərik.
Uzun illərdən bəri ülfətimiz olan,
indisə koronavirusun aramızdan alıb apardığı
dost-tanışımıza son borcumuzu verə bilməməyin
əzabı bir ömürlük ruhumuza hopar.
Bütün bunlar xəstəliyin əhatə dairəsinin
daha da genişlənməməsi, özümüzü və
başqalarını qorumaq üçün əməl etməli
olduğumuz məcburiyyətdir. Nə qədər ki,
pandemiyaya qarşı mübarizə tədbirləri davam edir,
hər birimiz bu məhdudiyyətlərlə yaşamalıyıq,
belə yaşamağa məcburuq.
Amma bu məcburiyyətdən gələn
reallığın özü də çox şeylər
öyrədir, ancaq özün üçün
yaşamağın, ancaq özünü düşünməyin,
başqalarına laqeydlik göstərməyin nə qədər
eybəcər bir mənzərə olduğunu həyatımızın
bu məhdudiyyətlərlə dolu hər anında əks
etdirir.
Özümüzə
baxıb görürük ki, İlahi,
daşıdığımız dəyərlərsiz,
doğmalarsız, bizi bir-birimizdən ayıran məsafələrlə,
lazımi anda köməyə tələsə bilməməyin,
dar ayaqda başqalarının yanında ola
bilməməyin imkansızlığı içində həyatımız
nə qədər mənasızmış, bozmuş, məzmunsuzmuş,
soyuqmuş.
Anlayırıq ki, insan həyati vacib və həm də
müvəqqəti olduğunu bildiyi məcburiyyətlər
vadar etməyənə qədər ürəyinin
qapılarını başqalarına bağlamamalıdır. Özü ilə
başqaları arasında məsafə qoymamalıdır,
ülfətdən, ünsiyyətdən, birgəlikdən
qaçmamalıdır.
***
Əfsuslar olsun ki, son onilliklərdə fərdiyyətçilik
düşüncəsi təkcə insanların deyil,
ayrı-ayrı dövlətlərin davranışlarına,
yanaşmalarına da keçməkdə idi. Böyük
dövlətlər, onları idarə edən rəhbərlər
özünütəcrid xəstəliyinə yoluxmuşdular
elə bil. Sərgilədikləri tərzdən,
yürütdükləri siyasətin, verdikləri qərarların
mahiyyətindən belə nəticə
çıxırdı ki, bu dövlətlər
üçün artıq başqaları deyilən bir
anlayış yoxdur. Ümumi faydalar naminə
əməkdaşlıq niyyəti onlar üçün öz
ömrünü başa vurub. Özlərini
qlobal tərəqqinin əsas hərəkətverici qüvvəsi
sayan bu dövlətlər, siyasi liderlər, cəmiyyətlər
inkişaf nailiyyətlərini, mövcud resursları daha kiminləsə
bölüşmək niyyətində deyillər.
Necə
deyərlər, başlı başını saxlasın...
Qəfildən yaranan COVID-19 böhranı isə bir daha
sübut etdi ki, dünyada özgə dərdi heç zaman
yoxdur, müasir dünyamızda isə heç yoxdur.
Dünyanın ziyanları, itkiləri, hamıya eyni dərəcədə
toxunan bəlaları heç zaman bitib-tükənən deyil. Bəşəriyyət
bu bəlalara qarşı immuniteti özünütəcridlə
yox, yalnız həmrəyliyi, vəhdəti, əməkdaşlığı
daha da gücləndirməklə, ümumbəşəri dəyərlərə
tapınmaqla formalaşdıra bilər.
Bu pandemiyanı üçüncü dünya müharibəsi
adlandıranlar tam haqlıdırlar. Bu, həqiqətən
üçüncü dünya müharibəsidir və müəyyən
mənada əvvəlki iki müharibədən də
qorxuludur. Real müharibədən fərqli
olaraq, burada bəşəriyyət gözəgörünməz
düşmənlə üz-üzədir, onun hansı
cinahlardan həmlə edəcəyi, qüvvəsi, cəbbəxanası
bilinmir. Bu müharibədə arxa cəbhə,
ön cəbhə anlayışı da yoxdur. Burada insanın olduğu hər yer döyüş xəttidir,
müharibə meydanıdır, ölümcül virusun zəhərli
nəfəsinin gəlib çatdığı yerdir.
Dünyanın heç də bütün ölkələri
bu düşmənə qarşı vuruşda lazımi qədər
"silah-sursat”a, "əsgəri qüvvə”yə malik
deyil. Dünyadakı mövcud səhiyyə sistemi, tibb
infrastrukturu, personal hətta hər nə qədər
inkişaf etmiş olsa belə yenə də məhdud sayda
insan üçün nəzərdə tutulub.
Dünyanın heç bir ölkəsinin xəstəxanaları
sayları hər gün az qala həndəsi
silsilə ilə artan bu qədər yoluxmuş insanı eyni
vaxtda qəbul etmək gücündə görünmür.
Üstəlik, dövlətlərin üzləşdiyi
problemləri yoluna qoyan, lazımi infrastrukturu bir neçə
günün içində düzüb-qoşan güclü
iqtisadiyyatdır. Amma COVID-19 kabusu insanların
sağlamlığı ilə bərabər, iqtisadiyyatı
da yarımcan vəziyyətə salır, böyük zəhmət
bahasına başa gəlmiş sosial-iqtisadi düzəni
pozur, inkişafı əngəlləyir, bütün bunlar isə
ümumən dünyanı böyük bir
çıxılmazlığa məhkum edir.
***
İndi dövlətlərin özünütəcridi ən
böyük yanlış olar. Qlobal həmrəyliyə,
məsələlərə qlobal baxışa bu günün
dünyasında hər zaman olduğundan da böyük ehtiyac
var.
Bəşəriyyət Birinci Dünya müharibəsini
bu həmrəyliyin hesabına sonlandıra bilmişdi. İkinci
Dünya müharibəsi zamanı əfi ilan kimi Yer
üzünün köksünə sarılmış
faşizm bəlasının kökünü də həmrəyliyin
gücü sayəsində kəsmişdi. Yeni minilliyimizin bu, ilk ən miqyaslı bəlasından
da qurtuluşun yeganə çarəsi yenə əl-ələ
verməkdir. Bəşəriyyətin gələcəyə
doğru yolunda çəpərə çevrilmiş maneənin
üzərinə birgə yeriməkdir, bir-birinə həyan
olmaqdır, ümumi qayğılarla yanaşı, ümumi
imkanları, faydalı təcrübələri, qlobal suallara
mümkün cavabları da bölüşməkdir və
birliyin gücü ilə problemləri gələcək
üçün yeni imkanlara çevirməkdir.
Bu həqiqətdən
vaxtında nəticə çıxarmadan özünü
qırağa çəkmək, bəşəriyyətin bu
günü və gələcəyinə görə məsuliyyəti
özündən kənarlaşdırmaq, ölkələri də,
insanları da özləri ilə yalqız buraxmaq
dünyamız üçün pandemiyalardan da dəhşətli
xəstəlik ola bilər.
***
Bütün bunlar, yəqin ki, indi dünyada əksəriyyətin
narahat qənaətləridir. Amma təkcə təlaşlı
düşüncələr, qlobal həmrəylik arzuları
ilə iş bitmir. Hər bir işdə
olduğu kimi, gərək bu məsələdə də irəli
düşən, başqalarında inam yaradan, həmrəylik
təşəbbüslərinin reallığa çevrilməsi
üçün lazımi tədbirlərin zəhmətinə
qatlaşan fədakar liderlər, bacarıqlı təşkilatçılar
olsun.
Həm də nəzərə almaq lazımdır ki,
koronavirus pandemiyası müxtəlif sahələrdə
olduğu kimi, beynəlxalq əməkdaşlığın
miqyasına, qarşılıqlı kommunikasiyaların
intensivliyinə də çox mənfi təsir göstərib. Sadə dildə
desək, hər kəsin başının öz dərdinə,
qayğılarına qarışdığı bu çətin
günlərdə qarşılıqlı ünsiyyət,
faydalı əməkdaşlıq üçün yeni
formaların tapılmasına ehtiyac var.
Və bu formaları kimsə tapmalı, təşəbbüsü
öz üzərinə götürməlidir.
***
Bütün
zamanlarda belə olub...
Tarixi örnəklər də, parlaq nümunələr
də, vəziyyəti idarə etməyə qabil liderlər də
adətən böhran anlarında önə
çıxır.
Kimin kim olduğu, malik olduğu dəyərlər, niyyətlər,
baxışlar belə məqamlarda müəyyənləşib
konkretləşir. Bu mənada COVID-19
böhranı bəşəriyyətə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində
Azərbaycanı və bu dövlətin Lideri nümunəsini
təqdim etdi.
Qərblə Şərqin təmas nöqtəsində
yerləşən ölkəmiz son onilliklərdə
dünyanın bu günü və gələcəyi
üçün ayrı-ayrı sahələrdə bir
çox inkişaf modelləri, qlobal məsələlərlə
bağlı uyğun həllər
formalaşdırmışdı. Azərbaycan pandemiya
dövründə verilən qərarlar, həyata keçirilən
tədbirlər, irəli sürülən beynəlxalq təşəbbüslər,
məsələlərə bir günün prizmasından
deyil, uzaq strateji baxışla dünya üçün daha
bir nümunə yaratdı.
Hələ
ölkəmizdə koronavirus pandemiyasına qarşı təcili
və təxirəsalınmaz tədbirlərin
başlandığı ilk günlərdən Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyev "Biz birlikdə güclüyük!”
çağırışını irəli
sürmüşdü.
Və demişdi ki, bu çağırış pandemiya
bitəndən sonra da aktual olacaq.
Dövlətmizin rəhbərinin bu xitabını zaman
Azərbaycan hüdudlarından kənara çıxararaq
bütün bəşəriyyətin həssaslıq göstərməli
olduğu qlobal çağırışa çevirdi.
COVID-19-un geniş miqyas aldığı ilk günlərdən
cənab İlham Əliyevin pandemiyaya qarşı mübarizə
üzrə regional və beynəlxalq səviyyədə irəli
sürdüyü təşəbbüslər bu sahədə
beynəlxalq həmrəyliyin gücləndirilməsinin nə
qədər zəruri olduğunu aktuallaşdırdı.
Dünya Azərbaycan Prezidentinin qlobal həmrəylik məramlı
təşəbbüsləri ətrafında bir araya gəldi.
Azərbaycan pandemiya dövründə ölkələr,
xalqlar arasında qırılmış əlaqələri,
bir-birindən təcrid olunmuş dünyanı yeni və
müasir formatlarda beynəlxalq əməkdaşlıq təşəbbüsləri
ilə bir yerə toparladı və "Biz birlikdə
güclüyük” çağırışının əyani
mənzərəsini cızdı.
***
COVID-19-a qarşı mübarizə sahəsində ilk
regional həmrəylik təşəbbüsü Prezident
İlham Əliyevin hələ apreldə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının sədri statusunda
bu qurumda bir araya gələn dövlət və hökumət
başçılarının fövqəladə Zirvə
görüşünü keçirməsi idi.
Bu təşəbbüs sayəsində Türk
Şurası COVID-19-a qarşı mübarizə mövzusunda
Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat
oldu. Dünyanın əksər ölkələrində
pandemiyanın genişlənməsi, kütləvi yoluxma və
insan itkiləri səbəbindən böyük isterikanın
yaşandığı günlərdə nümayiş etdirilən
belə bir təmkinli yanaşma, Türk Şurası
formatında aparılan faydalı müzakirələr və təqdim
edilən uyğun həllər bütün dünyada
böyük maraq doğurdu.
Hər kəs fərqində oldu ki, sərhədləri
bir-birinin üzünə qapamaq problemdən çıxış
yolu deyil. Fiziki sərhədlər möhkəmləndirildiyi qədər
mənəvi sərhədlər ortadan götürülməlidir,
ölkələr, xalqlar eyni düşmənə
qarşı mübarizədə birləşməlidir. Ümumi evimiz olan dünyanı qorumaqdan ötrü
hər kəs imkanlarını ortaya qoymalıdır. Azərbaycan
Prezidentinin təşəbbüsü əsasında təşkil
edilən həmin müzakirələr
COVID-19 pandemiyasına qarşı mübarizədə
beynəlxalq həmrəyliyin və əməkdaşlığın
genişləndirilməsinə diqqəti artırdı. Bu istiqamətdə
yeni təşəbbüslərin ortaya çıxmasına
şərait yaratdı.
***
Qoşulmama Hərəkatının sədri olan Prezident
İlham Əliyevin təşəbbüsü ilə mayın
4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun da
COVID-19 pandemiyası ilə bağlı onlayn Zirvə
görüşü keçirildi. Yada salaq ki,
Qoşulmama Hərəkatı 120 ölkəni özündə
birləşdirir və BMT-dən sonra dünya dövlətlərinin
təmsil olunduğu ikinci ən böyük siyasi təsisat
sayılır. Belə bir qurumun pandemiya
mövzusuna Zirvə görüşü həsr etməsi
tarixi əhəmiyyət daşıyır. Azərbaycan
Prezidentinin təşəbbüsü ilə təşkil
edilmiş Zirvə görüşünün tarixi rolunu, qlobal
faydalarını şərtləndirən həm də o idi
ki, burada təkcə Qoşulmama Hərəkatına üzv
dövlətlərin rəhbərləri yox, BMT-nin Baş
katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya
Səhiyyə Təşkilatının Baş direktoru, Afrika
İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların
yüksək çinli nümayəndələri də
iştirak edirdilər.
Elə Azərbaycan Prezidenti cənab İlham Əliyev
qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə
mübarizə məqsədilə BMT Baş
Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans
formatında xüsusi sessiyasının keçirilməsi təklifini
də Qoşulmama Hərəkatının onlayn Zirvə
görüşündəki çıxışı
zamanı irəli sürdü.
Bu təşəbbüs əsasında BMT Baş
Assambleyasının koronavirus pandemiyasına qarşı
mübarizədə beynəlxalq əməkdaşlığın
gücləndirilməsinə həsr olunmuş xüsusi
sessiyasının keçirilməsi barədə tarixi qərar
qəbul edildi.
Qərarın qəbuluna dünyanın 130 dövlətinin dəstək
verməsi bir tərəfdən Azərbaycan Prezidentinin təklifinin
qlobal əhəmiyyətini, digər tərəfdən beynəlxalq
ictimaiyyətin ölkəmizə, dövlət rəhbərimizə
olan böyük inamının göstəricisidir. Belə bir inamsa bir günün içində
yaranmayıb. Cənab İlham Əliyev
ölkəmizə də, Lider olaraq öz şəxsinə də
bu inamı strateji düşüncə qabiliyyəti, təmkini,
müdrik zəkası, təhlil bacarığı, qərarvermə
əzmi ilə formalaşdırıb.
Bütün bunlar Azərbaycan Prezidentinin beynəlxalq
miqyaslı problemlərin aradan qaldırılması
yönündə irəli sürdüyü ilk təşəbbüslər
deyil. Bu təşəbbüslərin qəbul edilib həyata
keçirilənləri, öz məqsədinə
çatıb, effektiv nəticələr yaradanları
çox olub.
Dünya liderləri arasında aparılan müzakirələrin
tam təfərrüatlarını bilmirik. Bununla belə
ehtimallarımıza əsasən yəqinliklə deyə bilərik
ki, cənab İlham Əliyevin indiyə qədər lazımi
səviyyədə dəstək qazanmayan, yaxud öz
vaxtında, məqamında faydaları başqaları tərəfindən
lazımi şəkildə dərk edilməyən təşəbbüsləri
də olub. Aradan zaman keçib və tarix
bu təşəbbüslərin də nə qədər
yerində irəli sürüldüyünü, böyük
faydalar vəd etdiyini və həmin təşəbbüsü
qəbul etməyənlərin o faydaları itirdiklərini
sübuta yetirib. Ona görə də indi
beynəlxalq siyasətin aparıcı simaları arasında
belə bir əminlik var ki, əgər hər hansısa bir təklifi
Azərbaycan Prezidenti irəli sürürsə, deməli, o təklifin
perspektivlərinə inanmağa dəyər.
Cənab İlham Əliyevin təşəbbüslərini
uğurlu edənsə onun dünya reallıqlarını
düzgün dəyərləndirə bilməsidir. Yanaşmalarının
hər hansı populizmə deyil, soyuq başla
aparılmış hərtərəfli analizlərə əsaslanmasıdır.
Qlobal trendlərlə bağlı zəngin
informasiyalara söykənməsidir. Mövcud
reallıqların, meyillərin necə bir gələcəyə
doğru aparması ilə bağlı aydın vizyona sahib
olmasıdır.
Təbii ki, bütün bunları tamamlayan Azərbaycan
Prezidentinin zəngin idarəçilik təcrübəsi, beynəlxalq
münasibətlər sistemi və qlobal iqtisadiyyat haqqında
geniş bilikləri, dünyanın bu günü qədər
tarixi haqqında da dərin biliklərə sahib
olmasıdır.
***
BMT Baş Assambleyasının koronavirus pandemiyasına
qarşı mübarizədə beynəlxalq əməkdaşlığın
gücləndirilməsinə həsr olunmuş xüsusi
sessiyasının keçirilməsi dünyaya nə verəcək?
Bu sual, yəqin ki, dəyərli oxucularımı da
maraqlandırır. Belə bir sessiya, ilk növbədə,
beynəlxalq ictimaiyyətin ümumi bəlaya qarşı
toparlanmasına şərait yaradacaq. Nə
gizlədək, qəfildən yaxalandığı
böhrandan, pandemiyanın qısa zamanda bu qədər
geniş miqyas almasından, ötən ilin bu gününə
qədər heç kimin ağlına belə gəlməyəcəyi
gözlənilməzliklərdən dünya indi
param-parça, dağınıq haldadır. Çıxış yollarının müzakirəsindən,
effektiv həllərin tapılmasından, gələcək
üçün birgə addımların
planlaşdırılmasından ötrü ölkələrin
bir araya yığışması, obrazlı desək,
dünyanın özünə gəlməsi çox
mühümdür.
Bundan
başqa, insanlarda COVID-19-la bağlı xeyli cavabsız
qalmış suallar var. İnformasiya xaosunun, məqsədli-məqsədsiz
ortaya atılan şübhələrin, yaradılan
panikanın ziyanları az qala pandemiyanın
gətirdiyi təhlükələrdən də
böyükdür. Bunun bioloji silah olması barədə
ortaya atılan iddialar doğrudurmu?! Əgər
bu həqiqətən belədirsə, dünya belə təhdidlərə
qarşı necə mübarizə aparmalıdır?! Virusa qarşı vaksinin tapılmasının bu qədər
yubanmasına səbəb nədir?! Ümumiyyətlə,
hazırda bu istiqamətdə hansı işlər gedir,
hansı elmi proqramlar həyata keçirilir? Ölkələr elmi müstəvidə öz
imkanlarını necə birləşdirə bilər? İqtisadi ləngimələrin aradan
qaldırılması üçün hansı addımlar
atılmalıdır və s.
Bütün
bu suallara dünya ölkələrinin dövlət və
hökumət başçıları səviyyəsində
dünya parlamenti adlandırılan BMT Baş
Assambleyasının xüsusi sessiyasında aydınlıq gətirilməsində
çox böyük fayda var. Bu, cavabsız sualları ortadan
götürər, qlobal etimadı və qarşılıqlı
əməkdaşlığı möhkəmləndirər və
dünyanın bəladan qurtuluşuna mühüm töhfə
olar.
***
Hər ziyanda bir xeyir olduğu kimi, COVID-19-un ziyanları
ilə yanaşı, ölkələr və ümumilikdə
dünya üçün yaratdığı yeni fürsətlər
də var, açığı. İnnovativ
inkişafın sürətləndirilməsi, rəqəmsallaşma
trendləri, ölkələr arasında rəqəmsal
uçurumun aradan qaldırılması, insanlara sosial
qayğı, vətəndaşların
sağlamlığının qorunması məsələləri,
lazımi anlarda bizneslərə dəstək, ən əsası
isə, yeni gözlənilməzliklərə hazırlıq
postpandemiya dövrünün əsas zərurətləri
olacaq.
Bəlkə heç özümüz də fərqinə
varmadan sabit, rəvan, sadə, əvvəlcədən
proqnozlaşdırıla bilən dünya bizim
üçün çoxdan bitib. Biz "VUKA dünya”ya
daxil olmuşuq. İngilis dilində
Volatility (qeyri-stabillik), Uncertainty (qeyri-müəyyənlik),
Complexity (mürəkkəb) və Ambiguity (birmənalı
olmayan vəziyyətlər) sözlərinin
qısaldılmasından yaranmış "VUKA
dünya”nı qısa şəkildə gözlənilməzliklər
dünyası da adlandıra bilərik. Hətta
heç COVID-19 baş verməsəydi belə yenə də
belə bir dünyanın sürətli dəyişikliklərinə
uyğunlaşmaq çox çətindir.
Amma həyat uyğunlaşmağı tələb edir. "VUKA
dünya”nı təhlil edən elmi mərkəzlər,
ayrı-ayrı alimlər də yeni dünyada problemlərlə
qarşılaşmamaq, maneələri imkanlara çevirməkdən
ötrü məhz qarşılıqlı əməkdaşlığı,
kommunikasiyaları, həmrəyliyi, təcrübə
mübadiləsini, sistemli yanaşmanı, qərarlı
olmağı və innovasiyaları mənimsəməyi vacib
sayırlar.
Başqa tərəfdən, diqqət edirsinizmi artıq
dünyada müharibələr dayanıb. Terror
aktları xeyli səngiyib. Havanın
çirklənməsi, ekoloji fəlakətlərin miqyası
belə azalıb. Bəlkə bu müsbət
məqamları postpandemiya dövründə də qoruyub
saxlamaq üçün həllər tapıldı?! Yaxud Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş torpaqlarının qeyd-şərtsiz
boşaldılması ilə bağlı 4 qətnamə qəbul
etmiş BMT-nin bu sayaq regional münaqişələrin beynəlxalq
hüquq normaları və ölkələrin ərazi
bütövlüyü çərçivəsində həlli
üçün hərəkətə keçməsi
vaxtı deyilmi?! COVID-19 həqiqəti
yaxın gələcəkdə hamının hüzur
içində yaşaya biləcəyi bir dünyanın
qurulmasından, davamlı inkişafın, insanların
rifahının təmin olunmasından, ölkələrə,
cəmiyyətlərə qarşı təhdidlərin aradan
qaldırılmasından ötrü bu cür məsələlərin
də yoluna qoyulmasının vacibliyini göstərir.
Bu baxımdan Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyət
üçün həm hamını eyni dərəcədə
təhdid edən ümumi bəlalara qarşı səyləri
birləşdirmək, həm də "VUKA dünya”nın
reallıqlarını nəzərə alıb, gələcəklə
bağlı bir çox məsələləri
götür-qoy etməkdən ötrü böyük bir
fürsət yaratdı.
Və qısa zamanda bu təşəbbüsün belə
böyük dəstək qazanması da onun vaxtında irəli
sürüldüyünü, aktuallığını
göstərdi.
***
Bu sətirləri
yaza-yaza düşünürəm ki, müasir
dünyamızın reallıqlarını ən xırda
detallarına qədər nəzərə alan
belə bir qlobal təşəbbüs elə ancaq cənab
İlham Əliyevdən gələ bilərdi.
Bu, məhz Onun missiyasıdır. Tarix bu
missiyanı sanki onun boyuna biçib.
Cənab İlham Əliyev hələ Azərbaycan
Respublikasının Prezidenti olmamışdan əvvəl də
qlobal miqyaslı mühüm simalardan birinə
çevrilmişdi.
Xalqımızın
Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin SSRİ
boyda nəhəng imperiyanın rəhbərliyinə
seçilməsindən sonra cənab İlham Əliyevin Azərbaycan
Respublikası Milli Məclisinin deputatı statusunda Avropa
Şurası Parlament Assambleyasının sədr müavini
seçilməsi dövlətçilik tariximizin ikinci
mühüm hadisəsi idi.
İlham
Əliyev Azərbaycan Prezidenti olaraq ölkəmizin BMT Təhlükəsizlik
Şurasının üzvlüyünə seçilməsinə
nail olmaqla bu tarixi estafeti davam etdirdi və müəyyən
bir dövr ərzində BMT Təhlükəsizlik
Şurasına sədrlik edərək qlobal miqyaslı Lider
mövqeyini daha da möhkəmləndirdi.
Və
COVID-19 böhranının bütün dünyanı
sardığı, ölkə rəhbərlərinin
çaşqınlıq içində qaldığı gərgin
günlərdə öz təmkini, müdrik
yanaşmaları, effektiv addımları, yaratdığı
nümunələrlə göstərdi ki, dünya tarixini
yalnız İlham Əliyev kimi liderlər irəli apara,
davamlı inkişaf xəttini də, insanların təhlükəsizliyini
də yalnız belə qətiyyətli dövlət
adamları qoruya bilər.
Əksər ölkələrdə pandemiya səbəbindən
çaxnaşmanın yarandığı, idarəçilərin
də, səhiyyə sistemlərinin də başını
itirdiyi, iqtisadiyyatın iflas həddinə gəldiyi,
insanların ayağa qalxıb hiddətlə hökumətlərin
üzərinə yeridiyi, hətta qlobal təhlükəsizliyin
təhdid altına düşdüyü günlərdə belə
Azərbaycan öz müvazinətini saxlayır. Səhiyyə
infrastrukturumuz yaradılan yeni xəstəxanalar hesabına
sürətlə genişləndirilir. Sistem,
tibbi təchizat ehtiyaclara uyğunlaşdırılır,
dövlət öz vətəndaşlarının
yanındadır və Azərbaycanda pandemiyadan insan itkilərinin
müqayisədə şükürlər ki, minimal səviyyədə
olması məhz bunun sayəsindədir.
İqtisadiyyatımızda müəyyən geriləmələr
olsa da, məqsədyönlü qərarlar hesabına bu,
başqa ölkələrdəki həddə deyil. Cənab
İlham Əliyev insanların sağlamlığı ilə
yanaşı, gündəlik ruzisini də qoruyur. Dövlətin vətəndaşlara sosial
qayğısını davam etdirir. Sahibkarların
iş-gücünə dəstək olur.
Əhali ilə sıx kommunikasiyaları davam etdirərək
indi ən çox ehtiyac duyduğumuz dəyəri - cəmiyyətimizdə
milli vəhdəti, doğmalığı daha da gücləndirir. Apardığı
köklü islahatlarla, naqis əməl sahiblərinə
qarşı qətiyyətli addımları ilə yüksək
inam yaradır. İnsanlara özlərini təhlükədən
qorumaq üçün verdiyi tövsiyələrlə,
qapalı yerlərdə şəxsən özü maska
taxaraq yaratdığı şəxsi nümunələrlə
cəmiyyəti maarifləndirir.
Və qlobal böhran dövründə öz
baxışlarını, faydalı təşəbbüslərini,
Azərbaycanın problemin həlli sahəsində effektiv təcrübəsini
dünya ilə də bölüşür.
Bu, artıq qlobal miqyasa yüksəlmiş, o səviyyədə
düşünən, məsələlərə zamanın ənginliklərindən
baxa bilən bir Liderin, dövlət adamının məqamıdır.
***
Azərbaycanı
dünyanın əsas ölkələrindən, cənab
İlham Əliyevi isə qlobal aləmin aparıcı liderlərindən
birinə çevirən prosesə ölkəmizin Birinci
vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım
Əliyevanın da töhfələri böyükdür. Ümumən, Azərbaycan Prezidentinin elə bir tarixi
nailiyyəti yoxdur ki, orada Mehriban xanımın mənəvi dəstəyi,
dəyərli töhfələri nəzərə
çarpmasın.
O, Qərb
aləminin əsas düşüncə mərkəzlərindən
olan UNESKO-nun və Şərq dünyası üçün
eyni missiyanı yerinə yetirən ISESCO-nun xoşməramlı
səfiri kimi çox mühüm statuslar daşıyır.
Bu statusların ali nüfuzu öz yerində,
Mehriban xanım eyni vaxtda hər iki qurumun xoşməramlı
səfiri missiyasını yerinə yetirən nadir şəxsiyyətlərdəndir.
İgid
ifadəsini adətən zərif cinsin nümayəndələrinə
az aid edirlər, amma Azərbaycan
qadınının ən gözəl xüsusiyyətlərini
təcəssüm etdirən Mehriban xanıma bu ifadə
çox yaraşır. Onun öz mərhəməti,
xeyirxahlığı, şəfqəti, insanlara sevgisi, milli və
ümumbəşəri dəyərlərə bağlılığı,
bütün dünyada sülhü, tolerantlığı,
multikulturalizmi təbliğ etməsi və nəcib əməyinin
qiyməti kimi bu yüksək statusları qazanması əsl
igidlikdir.
Mehriban xanım Azərbaycan xalqının, bu xalqın
qurduğu dövlətin nəcib nişanələrini mədəniyyətin
gücü ilə dünyanın Vatikan sarayı, Luvr muzeyi və
başqa belə mədəniyyət məbədlərinə
yazmış adamdır.
Bu gün
Vatikandakı Müqəddəs Marçellinio və Pietro
katakombalarını ziyarət edən adam
orada bu dini abidələri bərpa edən şəxsin
katolik, yaxud xristianlığın digər təriqətinə
aid biri yox, müsəlman azərbaycanlısı, Azərbaycan
insanı olduğunu görür. Dərhal Azərbaycanla
maraqlanmağa başlayır, ölkəmiz, xalqımız
haqqında faydalı bilgilər toplayır, öz evinə,
icmasına, ətrafına bu xalq haqqında sağlam, xeyirli
fikirlər aparır.
Budur Azərbaycanın keçmişinə, bu
gününə, gələcəyinə verilən töhfə,
budur qlobal miqyasda düşünmək, budur Azərbaycan
qadınının öz el-obasının da, bu el-oba
üçün çalışan ərəninin də
adını uca tutması, ucalara yüksəltməsi.
Budur Azərbaycanın inkişafı, tarixin ən qüdrətli Azərbaycanının gəlib çatdığı yer...
O Azərbaycan ki, bu gün cənab İlham Əliyevin sayəsində həm də adını tarixə dünyanın ən çətin situasiyalarına ən hazırlıqlı ölkələrindən biri kimi yazır.
***
Qeydlərimin
əvvəlində dünya tarixinin pandemiyaya qədər və
postpandemiya olmaqla iki dövrə bölünəcəyini
yazmışdım.
Fikrimcə, bu bölgü öz əməlləri ilə tarix yaradan liderlərə də aid olacaq və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderlik salnaməsində pandemiyaya qədərki və postpandemiya dövrləri ayrı-ayrı mərhələlər təşkil edəcək.
Əgər
COVID-19-a qədər Azərbaycan Prezidenti regionun lider dövlətinin
rəhbəri, Avrasiya məkanının əsas söz sahiblərindən
biri idisə, pandemiya dövrünün reallıqları cənab
İlham Əliyevi artıq qlobal miqyaslı liderlərdən
biri səviyyəsinə yüksəldir.
Hüseynbala
MİRƏLƏMOV,
Yeni Azərbaycan
Partiyası Xətai Rayon Təşkilatının sədri
Azərbaycan.-2020.- 8 iyul.- S.1;4.