İlham Əliyev Ermənistan
hakimiyyətini ifşa etdi: “Prezidentləri rüşvətxor,
generalları oğru, qəhrəmanları faşist,
terrorçudur”
Ermənistanın dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən keçir. Əks təqdirdə Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq. Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağdan silahlı qüvvələrini çəkib işğala son qoymasa, hakimiyyətdə kimin təmsilçiliyindən asılı olmayaraq, ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.
Bu gün işğalçı Ermənistanda pandemiya fonunda iqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Burada bir məqamı xüsusi qabartmaq lazımdır ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, Prezident İlham Əliyevin təcavüzkara qarşı gördüyü tədbirlərdir.
"Xunta getdi, diktatura gəldi”
Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən 2 il müddət vaxt keçməsinə baxmayaraq, ölkədə pandemiya fonunda yeni parçalanmalar, gərginliklər müşahidə edilməkdədir. İşğalçı ölkədə Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz, əslində, cəmiyyətdə baş nazirə inamın sürətlə əriyib yox olduğunu xüsusi vurğulamaq lazımdır.
Bu günlərdə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev deyib ki, 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Ermənistanın dırnaqarası müstəqillik tarixinin rüsvayçılıq tarixi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir ki, bunun təsdiqini görəsən.
"... Bu, terrorçu ölkədir
və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor
xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə
gətirib çıxardı. Belə çıxır ki, Ermənistan
prezidentləri rüşvətxor olublar və ikisi də indi
cinayət məsuliyyətinə cəlb edilib. Onların
generalları oğru olublar, əsgərlərin
tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları
faşist, terrorçu və cinayətkar olublar. Bax, budur,
bugünkü Ermənistan. İndi baxın görün son iki
il ərzində nələr baş verir. Belə olan halda mənzərə
tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda
diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda
insan haqları kobudcasına pozulur, jurnalistlər həbs
olunur... Ermənistanda konstitusiya kobudcasına pozulur və
konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər
ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər
təqib edilir, siyasi partiya rəhbərlərinin deputat
toxunulmazlığı götürülür, onlar hədələnir,
onların qohumlarına qarşı cinayət işləri
açılır, hakimiyyət zəbt edilib, hakimiyyət
bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm
hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir,
həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq
və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib
və Ermənistanda diktatura artıq formalaşıbdır”.
Göründüyü kimi, Ermənistanda xalq inqilab edərək yaxşı yaşamaq üçün "xalqın baş nazirini” hakimiyyətə gətirdikdən iki il sonra acı reallıqla üzləşməli olub. Bu gün ölkədəki sosial vəziyyət hakimiyyət dəyişikliyindən əvvəlki vəziyyətdən daha gərgindir. Bir çox insan gündəlik çörək problemini həll etmək faktı ilə üzləşib. Minlərlə vətəndaş işini itirib və onların sayı artmaqda davam edir. Bütün bunlar insanların həyat və yaşayış şəraitini ciddi şəkildə yaxşılaşdırılacağına, maaşların artırılmasına və iş yerlərinin açılmasına, işsizliyin və yoxsulluğun azaldılmasına söz verən həmin "inqilab”dan 2 il sonra baş verir.
Beynəlxalq təşkilatlar yenə susur
Bu gün dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərə ikili standartlar əsasında yanaşılması özünü getdikcə daha çox büruzə verir. Bu, hər dəfə özünü Ermənistanda keçirilən seçkilərdə və insan haqlarının kobud şəkildə pozulduğu proseslərdə də aydın göstərir.
Həmişəki kimi beynəlxalq təşkilatlar bunlara laqeyd yanaşır. Bununla yanaşı, əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında qərar və qətnamələri var. Amma bunların heç biri icra olunmur. Çünki bu gün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmir. Halbuki Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini də icra etməyərək onlardan boyun qaçırır.
Eyni zamanda, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də hesaba almır. Məsələnin bu tərəfinə toxunan dövlətimizin başçısı deyib:
"... Ancaq baxın, beynəlxalq təşkilatlar,
- indi bunu bir çox adamlar deyir, - buna nə reaksiya verir? Heç bir
reaksiya vermir.
Haradadır ATƏT-in media üzrə nümayəndəsi?
Hansı ki, gecə-gündüz Azərbaycan
haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan
çıxır ki, öz vəzifəsində qala bilsin.
Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini
çıxarmayıb? Niyə pozuntular
olanda səsini çıxarmayıb? Haradadır
Avropa Şurası? Niyə Ermənistan tənqid
olunmur? Niyə Ermənistan üzrə,
siyasi məhbus üzrə məruzəçi təyin edilmir?
Mən bütün bu sualları verirəm və
bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə
cavab verəcəklər? Cavab verəcəklər
ki, biz saxtakarıq? Deməyəcəklər.
Sadəcə olaraq, susmağa üstünlük
verirlər”.
Azərbaycan Prezidenti onu da deyib ki, Avropa
qurumlarının saxtakarlığı həm də Ermənistanda
keçirilmiş bütün seçkilərdə
görülüb. Bu ölkədə bütün
seçkilər saxtalaşdırılıb, amma bütün
seçkilərə müsbət rəy verilib. Heç
uzağa getməyək: "... Guya ki, onlarda
baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti
qanunsuz zəbt etmək istədi, parlament seçkilərini
saxtalaşdırdı, özünə 50 faizdən çox səs
yazdırdı. Avropa Şurası Parlament
Assambleyası, ATƏT-in müşahidəçi missiyası
buna müsbət rəy verdilər. Yaxşı,
görmürdünüz ki, bu adam
saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda
seçicilərin kütləvi qaydada satın alınması
prosesi gedir?! Beynəlxalq müşahidəçilər
Sarkisyan hakimiyyətinə, onun
saxtalaşdırılmış seçkilərinə
müsbət rəy verir, ondan sonra xalq ayağa qalxır.
Çünki erməni xalqı Sarkisyana və
onun xuntasına nifrət edirdi, bunu gizlətmirdi və nifrətəlayiq
bir ünsürdür. O vaxt xalq ayağa qalxanda onun
hansı aciz vəziyyətdə olmasını bütün
dünya görüb, qorxa-qorxa çəkildi kənara, dedi
ki, mən səhv etmişəm, məni
bağışlayın, qaçdı getdi. Qorxaq.
Bunun başqa adı yoxdur... Yəni, bu Sarkisyan
xunta rejimi devriləndən sonra parlament seçkiləri elan
olunur və onun faşist simvolikası ilə eyni simvolikası
olan Respublikaçılar Partiyası heç 1 faiz də səs
toplamır. Necə ola bilər, bir
neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs
toplayır? Təbii ki, saxtakarlıq. Amma mənim sözüm onda deyil. O aydın məsələdir
ki, Ermənistan saxta dövlətdir və əlbəttə
ki, saxtakarlıq orada əsas amildir. Mənim sözüm bax,
buna göz yuman, demokratiyadan dəm vuran, Azərbaycanı
qaralamaq istəyən Avropanın saxtakar müşahidəçilərinədir”.
Azərbaycan
Prezidentindən sərt xəbərdarlıq
Həyata keçirdiyi işğalçılıq siyasətini
hər vəchlə davam etdirməyə
çalışması bu gün Ermənistanı humanitar,
sosial-iqtisadi və digər mühüm sferalarda daha
böyük problemlər məngənəsinə
yuvarlamaqdadır. Təcavüzkar ölkənin
özündə də açıq etiraf edilir ki, Azərbaycanla
müharibə vəziyyəti Ermənistanda bütün vacib
sahələrdə yaşanan tənəzzülün
kökündə dayanan ən ümdə səbəblərdən
biridir.
Bütün mühüm parametrlər, o cümlədən
hərbi müstəvidə Ermənistan üzərində
böyük üstünlüyə malik Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə
həllində maraqlı olduğunu bəyan edir. Bu hal eyni
zamanda Azərbaycanın bu vaxta kimi işğalçı
ölkəyə etdiyi ən böyük güzəşt
sayılır. Amma ölkəmiz belə vəziyyətdən
istifadə edib Ermənistanın işğal siyasətini
uzatmasını da qətiyyən qəbul etmək niyyətində
olmadığını dəfələrlə ən yüksək
səviyyədə beynəlxalq ictimaiyyətin, o cümlədən
münaqişənin həllində vasitəçilik edən
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin diqqətinə
çatdırıb. Azərbaycan tərəfinin
tələb olunacağı təqdirdə güc yolu ilə ərazilərini
işğaldan azad etmək iqtidarında olmasını isə
dünya ictimaiyyəti, o cümlədən
işğalçı Ermənistan yaxşı bilir.
Dağlıq Qarabağda qeyri-qanuni "seçkilərin” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma "seçkilər” həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir. Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupundan konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik: "Ermənistanın baş naziri deyir "Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? "Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. "Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!”
Prezident İlham Əliyev onu da vuğrulayıb ki, qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. Dövlət başçısı onu da əlavə edib ki, indiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq: "Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır”.
Azərbaycanın beynəlxalq təşkilatların və Ermənistanın qarşısında qoyduğu tələb kifayət qədər aydındır. Əgər dünya həmişə böyük geosiyasi əhəmiyyətə malik region kimi qəbul etdiyi Cənubi Qafqazda yenidən müharibə alovlarını görmək istəmirsə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün işğalçı Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə vadar etməlidir. Ədalətin öz yerini tutması üçün qaçqın və məcburi köçkünlərin doğma torpaq həstərinə son qoyulmalıdır. Beynəlxalq hüququn işlək vəziyyətdə olduğunu göstərmək üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsinin icrası təmin edilməlidir. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Lakin bütün bu yazılanlar kağız üzərində qalmaqda davam edir. Buna göz yumanlar qondarma rejimdə keçirilən uydurma "seçkilər”in beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirildiyini də çox yaxşı bilirlər.
Elçin
CƏFƏROV
Azərbaycan.-2020.- 8 iyul.- S.1;7.