Beynəlxalq əməkdaşlığı
təşviq edən uğurlu təşəbbüslər
İlham
Əliyevin qlobal liderlik missiyası pandemiya ilə birgə
mübarizəyə təkan verdi
Qlobal pandemiya elan edilən yeni növ koronavirus (COVID-19) dünyanı təhdid etməkdə davam edir. 2020-ci il başlayandan ölkələr bu gözəgörünməz təhlükə ilə savaşır, amma hələ də onu məhv etmək istiqamətində əhəmiyyətli addım atmaqda acizdirlər.
Virus heç bir vəchlə yoxa çıxmır, əksinə yoluxma arealını hər keçən an genişləndirərək, qarşısıalınmaz bir fəlakətə çevrilir. Dünyanın altını üstünə çevirərək bütün yaşam sahələrini iflic edib, insanlığın varlığını təhdid edir. Təhlükədən isə yalnız ona yoluxmamaq sayəsində qurtuluş mümkündür. Yayıldığı ilk dönəmdə olduğu kimi, dünya hazırda da özünə qapanaraq virusdan qorunmağa çalışır. Sərhədlər yenidən bağlanır, ləğv edilən, yumşaldılan karantin rejimlərinə dönülür. Düşünülür ki, yalnız bu yolla COVID-19-un sürətli yoluxma zəncirini qırmaq mümkündür. Yeni növ koronavirus hava-damcı yolu ilə insandan-insana keçdiyi üçün sosial məsafə, maskadan istifadə və şəxsi gigiyenaya əməl olunması həyati əhəmiyyət daşıyır.
Virusla effektiv mübarizə
Azərbaycan virusla ilk zamandan etibarən effektiv mübarizəyə başladı. Sərhədlərini bağladı, ölkə daxilində sərt karantin rejimi elan olundu. Ölkəyə yeni laboratoriyalar gətirildi və virusun erkən aşkarlanması üçün aparılan testlərin sayı xeyli artırıldı. Eyni zamanda COVID-19 infeksiyası aşkarlanan bütün xəstələr ən müasir tibb müəssisələrində müalicə olundular. Bu da infeksiyaya yoluxmuş xeyli sayda xəstənin sağalaraq evlərinə dönməsində, vəziyyəti ağır olanların həyata qayıtmasında əhəmiyyətli rol oynadı.
Dövlətimiz qlobal böhranın ölkəmizdə daha az hiss olunması üçün bütün istiqamətlərdə lazımi qabaqlayıcı tədbirlər gördü. Karantin rejimi tətbiq olunandan ölkə vətəndaşlarına diqqət və qayğı göstərildi, maddi yardımlar edildi. Pandemiyadan zərər çəkən sahələrə dəstək göstərildi. Hazırda da bu tədbirlər davam etdirilir.
Azərbaycanın pandemiya ilə müvəffəqiyyətlə apardığı bu mübarizə üsulu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də ölkələrə dəfələrlə nümunə göstərildi.
Birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu tədbirlər ölkəmizi böyük bir bəladan xilas etdi. Buna görə ölkəmizin bütün guşələrindən dövlət başçımıza ünvanlanan təşəkkür məktublarının sayı-hesabı yoxdur.
Yer üzünün ortaq bəlasından beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür
Hazırda dövlətimiz təkcə öz daxilində deyil, pandemiya ilə qlobal səviyyədə də mübarizə aparır. Çünki, Yer üzünün ortaq bəlası olan COVID-19 təhlükəsindən beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür.
Elə dünyanın bu çətin günlərində Azərbaycanın etibarlı dost, dara düşənə əl uzadan güvəniləcək ölkə olması atdığı humanist addımlarla bir daha təsdiqini tapır. İndiyə qədər vətənimiz koronavirusla mübarizəyə dəstək olmaq üçün dünyanın 30-dan çox ölkəsinə humanitar və maliyyə yardımı göstərib.
İyulun 6-da Prezident İlham Əliyev ölkə KİV-inə verdiyi müsahibə zamanı söylədi ki, göstərilən bu yardımlar piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik məqsədi kimi edilir: "Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik”.
Darda qalana yardım əli uzatmaq Azərbaycan xalqının təməl dəyərlərindəndir
Heç şübhəsiz atalarımızın, "dost dar gündə tanınar” sözü də məhz belə çətin günlərdə insanların davranışını aydın xarakterizə edir. Bu kontekstdən yanaşanda əminliklə demək olur ki, artıq bütün dünya bilir ki, darda qalana yardım əli uzatmaq Azərbaycan xalqının təməl dəyərlərindəndir.
Ölkə rəhbəri sözügedən müsahibəsində bu məsələyə də toxundu: "Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib”.
COVID-19 pandemiyasına qarşı
birgə mübarizə...
Bu müddət ərzində
Azərbaycan həm də ÜST-ə 10 milyon
dollar ianə verib. Birinci ianə
sırf onların öz planlarını həyata keçirməsi
üçün, ikinci
ianə isə pandemiyadan ən çox əziyyət çəkən və ən ağır vəziyyətdə olan Qoşulmama Hərəkatına
üzv ölkələrə
nəzərdə tutulub.
Həmçinin ölkəmiz tərəfindən
bir çox beynəlxalq təşkilatlara
da maliyyə yardımı göstərilib.
COVID-19 pandemiyasına qarşı mübarizədə
ölkələrin səylərini
birləşdirməsi, çoxtərəfli
əməkdaşlıq göstərməsi
təşəbbüsünü də Azərbaycan irəli sürüb. Prezident
İlham Əliyevin qlobal liderlik missiyası pandemiya ilə beynəlxalq mübarizəyə birbaşa
təkan verdi.
Dövlətimizin rəhbərinin BMT Baş
Assambleyasının xüsusi
sessiyasının çağırılması
təşəbbüsünün dünyanın 130-dan çox
ölkəsi tərəfindən
dəstəkləməsi də
elə buna bariz nümunədir.
Burada bir haşiyə çıxmaq
yerinə düşər
ki, Ermənistan bu təşəbbüsün
əleyhinə çıxaraq
bir daha xəbis xislətini, Prezidentimizin də vurğuladığı kimi,
ksenofob, irqçi və faşist mahiyyətini göstərdi.
Azərbaycan COVID-19-la təkcə ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə uğurla
mübarizə aparır
"Azərbaycan BMT-nin
Dayanıqlı İnkişaf
Məqsədlərinin həyata
keçirilməsi üçün
fəal surətdə
çalışır”. Bu fikirləri isə BMT-nin Baş katibi
Antonio Quterreş Prezident
İlham Əliyevlə
telefon danışığı
zamanı bildirib.
Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr
olunmuş xüsusi sessiyasının keçirilməsi
təşəbbüsünü dəstəklədiyini qeyd
edərək, texniki-logistik
məsələlərin həlli
ilə əlaqədar
BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə
hazır olduğunu deyib. Prezident İlham Əliyev
və Antonio Quterreş
telefon danışığında
əminliklərini ifadə
ediblər ki, keçiriləcək xüsusi
sessiya COVID-19 pandemiyasına
qarşı mübarizədə
önəmli addım
olacaq.
Bəli, bir daha vurğulamaq
yerinə düşər
ki, Azərbaycan bu gün COVID-19 təhlükəsi ilə
sadəcə ölkə
daxilində deyil, həm də beynəlxalq müstəvidə
uğurla mübarizə
aparır. Çətinliyə baxmayaraq, bütün
səylərini koronavirusun
dünyadan yox olmasına səfərbər
edib.
Dövlət başçısı İlham
Əliyevin rəhbərliyi
altında uğurla həyata keçirilən
bu qlobal missiya məhz Yer üzündə təhlükəsizliyin, sülhün,
insanlığın var
olmasına yönəlib.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 9 iyul.- S.1;6.