Prezidentin
islahatlarını təqdir edirik
Son dövrlərdə Azərbaycanda həyata
keçirilən islahatlar yalnız sosial-iqtisadi sfera ilə məhdudlaşmadı. Dövlət
idarəçiliyinin bütün qollarını əhatə
edən bu islahatlar həmçinin iqtidar-müxalifət
münasibətlərində də özünü göstərir.
Siyasi islahatların tərkib hissəsi olan bu proses partiyalar tərəfindən
yüksək dəyərləndirilir.
Yeni düzənin əsas özəllikləri və
gözləntiləri ilə bağlı Demokratik İslahatlar
Partiyasının sədri, Milli Məclisin deputatı Asim
Mollazadənin fikirlərini öyrəndik.
İdarəçiliyə
yeni nəfəs, fərqli biliyə və baxışa malik
insanlar gətirilir
Asim
Mollazadənin sözlərinə görə, gözləntiləri
Azərbaycanı müasir, demokratik dövlət kimi
inkişaf etdirmək, onun milli-mənəvi dəyərləri
ilə dünya dəyərlərinin vəhdətini
yaratmaqdır: "Biz iqtisadiyyatı inkişaf etdiririk,
bütün sahələrdə islahatlara start verilib. Əsas özəllik bundan ibarətdir ki, idarəçiliyə
yeni nəfəs, fərqli biliyə və baxışa malik
insanlar gətirilir. İstənilən
sistemi müsbətə doğru dəyişmək
üçün yeni və fərqli düşüncəyə,
islahatlara meyilli menecerlərə ehtiyac duyulur. Köhnə təfəkkürlü insanlarla yeni
sistemi qurmaq mümkün deyil. Sovet
kolxozundan miras qalmış adamlarla, kommunist təfəkkürü
ilə müasir, demokratik islahatları həyata keçirməyə
çalışmaq Sizifin əməyinə bənzəyərdi.
Ona görə də Prezident islahatlara məhz onlara mane
olan məmurların dəyişdirilməsi ilə
başladı.
Biz artıq bunun müsbət nəticələrini hiss etməyə
başlamışıq. Bu proses davam edəcək. Azərbaycanın islahatlardan başqa yolu yoxdur.
DİP bu prosesi yaxından izləyir və hökumətə
ölkənin siyasi mühitinin
yaxşılaşdırılması, siyasi partiyaların əhəmiyyətinin
artırılması, islahatların müsbət sonluqla nəticələnməsi
üçün bir sıra çərçivə xarakterli
təkliflər verib. Bu barədə danışan Asim Mollazadə dedi ki, ilk
növbədə, ölkədə siyasi mədəniyyəti
formalaşdırmaq üçün siyasi qüvvələrin
- həm parlament partiyalarının, həm də parlamentin
xaricindəki partiyaların, eləcə də siyasi
partiyalılığı olmayan ictimai-siyasi fəalların,
mütəxəssislərin və ekspertlərin, vətəndaş
cəmiyyəti institutlarının, ictimaiyyət nümayəndələrinin
iştirakı ilə daimi açıq müzakirə
platforması yaradılmalıdır: "Hansısa
qarşıdurmaları, söyüşləri, bir-birinə
düşmən münasibətləri normal, mədəni
diskussiyalara çevirməyə ehtiyac var. Hər bir siyasi
qüvvənin tənqidlərlə yanaşı təklifləri
olmalıdır. Elə etmək lazımdır
ki, ölkənin taleyüklü problemləri - Qarabağ
münaqişəsi, təhsil, səhiyyə, iqtisadi
inkişaf, sosial və aqrar məsələlər, beynəlxalq
münasibətlərlə bağlı hamının öz
fikirlərini sərbəst ifadə etmək, təkliflərini
vermək imkanları olsun. İslahatları həyata
keçirmək, vahid mövqeni formalaşdırmaq
üçün fərqli fikirlərin müqayisəsinə
ehtiyac var. Burada görünəcək ki, kimin real qüvvəsi
nədir, hansı real təklifləri var, ölkəyə
real olaraq xidmət göstərmək istəyən qüvvələr
kimdir”.
Partiyanın digər təklifi vahid ideya və maraqlar
uğrunda mübarizə aparan siyasi partiyaların ümumi məqsəd
naminə konsolidasiyasıdır. DİP sədrinin fikrincə, eyni
fikir və ideyaları daşıyan, eyni maraqlar uğrunda
mübarizə aparan partiyaların əməkdaşlığı
yaradılmalı, onların zərurət olduqda birləşməsi,
koalisiyalar qurması, seçkilərə vahid platforma ilə
qatılması və s. təbliğ edilməlidir. Həmçinin ölkə siyasətində
qadınların və gənclərin rolunun
artırılması, ölkənin ictimai-siyasi həyatına
transformasiyası üçün onlara bütün sahələrdə
üstünlük verilməlidir.
Asim
Mollazadə bildirdi ki, eyni zamanda təklifləri ölkədə
kiçik və orta sahibkarlığa şəraitin
yaradılması, iqtisadiyyatın müxtəlif sahələrindəki
inhisarların qarşısının alınması, təhsil
və səhiyyə sistemində köklü islahatların
aparılması ilə bağlıdır: "Bu sahələr
birbaşa ölkə vətəndaşlarının maddi
rifahının, intellektual səviyyəsinin yüksəlməsinə,
sağlamlığının möhkəmlənməsinə
təsir edir. Qeyri-neft sektoru inkişaf etdirilməlidir.
Əgər kiçik və orta
sahibkarlığın inkişafına şərait
yaradılsa, biznes mühiti yaxşılaşdırılsa,
sahibkarlar özləri vətəndaşları
dolandıracaqlar”.
Ölkəni
irəli apara biləcək istənilən islahat partiya tərəfindən
rəğbətlə qarşılanır
DİP-in
hər zaman ölkədə çoxşaxəli
islahatların aparılmasının təşəbbüskarı
və tərəfdarı olduğunu deyən Asim Mollazadənin
sözlərinə görə, ölkəni irəli apara biləcək
istənilən islahat partiya tərəfindən rəğbətlə
qarşılanır: "Sadəcə təəssüf edirik
ki, bəzən islahatlar düzgün istiqamətdə getmir. Bu da islahatlara mane olmaq istəyən qüvvələrin
əməlinin nəticəsidir. Onlar
başa düşmək istəmirlər ki, bizim ölkədə
köklü islahat aparmaqdan başqa yolumuz yoxdur. Əgər inkişaf etmək, dünyada
sayılıb-seçilən ölkələrdən olmaq,
öz haqq səsimizi dünyaya duyurmaq istəyiriksə, əvvəlcə
bütün sahələrdə islahat aparmalıyıq. Müasir dünya ölkəsi olmaq üçün
demokratik islahatlar aparmaq, bazar iqtisadiyyatının
qaydalarına riayət etmək, iqtisadiyyatın bütün
sahələrinin dinamik inkişafına çalışmaq,
inhisarçılığın, korrupsiya və rüşvətin
kökünü kəsmək şərtdir. Bu
baxımdan iqtidarın son zamanlar atdığı
addımları, xüsusilə dövləti vəzifəsindən
sui-istifadə edən şəxsləri vəzifədən
uzaqlaşdırmasını, məsuliyyətə cəlb etməsini,
yüksək postlara yeni nəsil idarəediciləri gətirməsini,
aqrar sektorun inkişafına sərmayələrin
yatırılmasını, subsidiyaların
ayrılmasını və s. müsbət qiymətləndiririk.
Biz iqtidarın ölkənin inkişafı istiqamətindəki
addımlarını dəstəkləyir, neqativ prosesləri
sağlam şəkildə tənqid edir və öz təkliflərimizi
veririk. Bəzən iqtidarla söyüş ritorikası ilə
danışmadığımıza görə kəskin tənqid
olunuruq. Amma ölkədəki siyasi proseslərə
ümumi yanaşmamız belədir ki, nə qədər ki Azərbaycan
əraziləri düşmənin işğalındadır,
bizim ölkədə düşmən
axtarışımız yolverilməzdir”.
Asim Mollazadə ilə siyasi sistemin komponentləri
arasında yeni müzakirələrin - dialoqun başlanması
barədə də söhbətləşdik. Partiya sədri qeyd etdi ki,
ölkənin mühüm institutu olan siyasi partiyalarla dövlət
arasında hər zaman dialoq olmalı, xalqı narahat edən
bütün məsələlər ətrafında müzakirələr
aparılmalıdır: "Hər iki tərəf bir-birini
dinləməyi, qarşı tərəfdən gələn tənqidləri,
təklifləri təhlil etməyi, nəticə
çıxarmağı bacarmalıdır. Eyni
zamanda hər bir tənqid təkliflə yanaşı
olmalıdır. Dialoq siyasi mədəniyyətin
ən yüksək formasıdır. Biz də
çox istərdik ki, ölkədəki bütün siyasi
qüvvələr bir-biri ilə söyüş, təhqir, təzyiq
dili ilə deyil, məhz mədəni səviyyədə dialoq
apararaq, bir-birini dinləyərək ünsiyyət qursunlar.
Hər bir azərbaycanlı digər azərbaycanlının
qardaşıdır! Heç bir azərbaycanlının
bu ölkədə siyasi düşməni olmamalıdır.
Ölkədə siyasi qurumlar arasındakı
barışmazlığa, düşmənçiliyə, hərc-mərcliyə,
qarşılıqlı ittihamlara, söyüşə, təhqirə
və daha radikal münasibətlərə son qoymaq, siyasi
mühiti yumşaltmaq üçün siyasi mədəniyyət
formalaşmalıdır”.
Siyasi
qüvvələr sovet dövrünün üslubu və təfəkkürü
ilə fəaliyyət göstərə bilməzlər
Yeniləşən
siyasi sistemdə müxalifətin iştirakına, roluna və
təkmilləşməsinə gəldikdə qeyd olundu ki,
siyasi qüvvələrin hər zaman yeniləşməyə,
tərəqqi etməyə, təkmilləşməyə
ehtiyacı olur: "Dünyanın ən aparıcı ölkələrinin
siyasi partiyaları belə daim yenilənir, onun tərkibi, məsələlərə
yanaşması dəyişir. Dünyada hər
bir müxalifət partiyası öz mövcudluğunu,
gücünü isbat etmək üçün seçkilərə
qatılır. Cəmiyyət o
partiyaları apardıqları seçki kampaniyaları, ortaya
çıxardıqları liderləri, namizədləri,
platformaları, proqramları ilə tanıyır. Bizdə isə təəssüf ki, müxalifət
partiyaları çox vaxt önyarğılı davranaraq
seçkiləri boykot yolunu tuturlar. Əslində
isə seçkilərdə fəal iştirak etmək, siyasi
rəqiblərə qarşı üstün mövqe
nümayiş etdirmək lazımdır. Əgər
seçkidə iştirak etməsən, hakimiyyəti necə
dəyişəcəksən, hakimiyyətə hansı yolla gəlmək
istəyirsən?! Artıq inqilablar yolu
arxada qalıb. Xalq inqilab eləməkdən
bezib. Ona dinc islahatlar, rifahının
yaxşılaşması, revolyusiya deyil, evolyusiya
lazımdır”.
DİP sədri əlavə etdi ki, Azərbaycanda siyasi
qüvvələr hansısa sovet dövrünün üslubu
və təfəkkürü ilə fəaliyyət göstərə
bilməzlər. İndi tamamilə başqa şərtlər var. O təfəkkürdə
qalmış və müstəqil dövlətin tələblərinə
uyğunlaşa bilməyənlər, əslində, ciddi sosial
bazaya malik ola bilməyəcəklər.
Qanunverici
orqanda müxalifətə yaradılan şərait təqdirəlayiqdir
Yeni tərkibli Milli Məclisdə
çoxpartiyalılıq artıq parlamentin, o cümlədən
komitələrin idarəçiliyində özünü
aydın büruzə verməkdədir. Müxalifət
partiyalarının parlamentdə iştirakı, onlara
qanunverici orqanda yaradılan şərait barədə fikirlərini
bölüşən Asim Mollazadə dedi: "Biz ilk gündən
bəyan etmişik ki, ölkədə gedən islahatlara
paralel olaraq parlament də dəyişməli, yeni
dövrün tələblərinə cavab verən dinamik bir
qanunverici hakimiyyət formalaşmalıdır. Son
seçkilər nəticəsində parlamentin tərkibində
xeyli dəyişikliklər oldu, yeni simalar üzə
çıxdı, parlament rəhbərliyi dəyişdi.
Bizim əsas təklifimiz bu oldu ki, parlament
partiyalarının seçicilər qarşısında məsuliyyətinin
formalaşdırılması və qanun layihələrinin
parlamentdə qəbul olunmazdan qabaq ictimai müzakirəyə
çıxarılması önəmlidir. Ölkənin siyasi partiyalarını, intellektual
potensialını bu müzakirələrə cəlb etməklə
yanaşı, parlamentdə qəbul olunacaq qanunların
müzakirəsini seçicilərlə aparmaq, seçicilərin
qanunvericilik təşəbbüslərinin, təkliflərinin
parlamentdə əksini tapmasına imkan yaratmaq lazımdır.
Bu, qəbul olunan qanunların keyfiyyətinə
müsbət təsir göstərər, qanun
yaradıcılığında xalqın nümayəndələrinin
birbaşa iştirakını təmin etmiş olardı.
Nəticədə qanunlar tez-tez dəyişikliklərə,
əlavə və düzəlişlərə məruz
qalmazdı.
Qeyd olundu ki, DİP indiyə qədər qanunvericiliyə
dəyişikliklərlə bağlı bir çox təkliflər
irəli sürüb. Partiya siyasi fəaliyyətlə, parlament fəaliyyəti
ilə yanaşı ictimaiyyəti narahat edən bir sıra
problemləri ictimai müzakirəyə çıxararaq
onların həlli istiqamətində təkliflərlə
çıxış edib: "Partiyanın Qarabağ
probleminin həlli, ölkənin xarici siyasət xətti,
strateji araşdırmalar, diasporlarla iş, təhsillə
bağlı qanunların qəbulu, Bolonya sisteminə
keçid, xaricdə təhsil, şəhərsalma, tikinti bumu
zamanı vacib olan şərtlərə və standartlara əməl
olunması, ekologiya, Sumqayıtın ekoşəhərə
çevrilməsi, İçərişəhərin
qorunması, paytaxtın yaşıllaşdırılması,
turizmin inkişafı, Avropa siyasi partiyaları və vətəndaş
cəmiyyətləri ilə Azərbaycanın müvafiq
institutları arasında əməkdaşlığın
inkişafı, gənclərin intellektual inkişafı, Siyasət
Akademiyasının yaradılması ilə bağlı
çoxsaylı layihələri və kütləvi tədbirləri
olub. Bu tədbirlərdə ölkənin
müxtəlif təbəqələrdən olan intellektual kəsimi,
həmçinin siyasi partiyaların, əlaqədar dövlət
qurumlarının nümayəndələri, parlamentarilər
iştirak edib, öz fikir və mülahizələrini
bölüşüb, hökumətə və parlamentə bu
istiqamətlərdə önəmli təkliflər verilib.
Sevindirici haldır ki, bizim hökumətə və
parlamentə ünvanladığımız təkliflərin əksəriyyəti
qəbul edilərək həyata keçirilib. Odur ki, bizim parlamentlə heç bir
ixtilafımız yoxdur. Yeni parlamentdə
müxalifət deputatları vitse-spiker və komitə sədrlərinin
müavinləri səviyyəsində təmsil olunublar. Parlament rəhbərliyi bizim təkliflərimizə
kifayət qədər ciddi yanaşır, fikirlərimizə
önəm verir. Qanunverici orqanda müxalifətə
yaradılan şərait təqdirəlayiqdir”.
Azərbaycan
dövləti vətəndaşını qorumağı, onun
sağlamlığını seçib
Daha sonra
Asim Mollazadə pandemiyaya qarşı dövlət səviyyəsində
aparılan mübarizə tədbirləri barədə
danışaraq dedi ki, problemə vaxtında reaksiya verildi:
"Pandemiya zamanı Azərbaycan vətəndaşını
qorumaq istiqamətində müvafiq addımlar atıldı,
beynəlxalq təcrübəyə baxıldı. Müasirləşmə, beynəlxalq praktikadan
düzgün istifadə və qabaqcıl mübarizə
metodlarını tətbiq etmək hər zaman müsbət nəticələr
verir. Çox istərdim ki, hər bir vətəndaş
məhz rəsmi məlumatlara inansın. Çünki
müvafiq qurumlar açıq və şəffaf şəkildə
cəmiyyəti məlumatlandırırlar. Hansısa çaxnaşma yaradanlar, bu vəziyyətdən
öz siyasi və digər maraqları üçün istifadə
etmək istəyənlər Azərbaycan xalqının mənafeyinə
zərbə vururlar. Məsuliyyətli olmaq
lazımdır. Bu təhlükəni
birlikdə dəf etməliyik. Azərbaycan
dövləti bütün zəruri tədbirləri
görür ki, virus Azərbaycanda kütləvi xarakter
daşımasın. Çünki bu xəstəliyin
müalicəsi yoxdur. Artım olarsa, xəstəxanalarda
yerlər çatmayacaq və vətəndaşları xilas
etmək problem olacaq. Azərbaycan vətəndaşlarının
sağlamlığı hər zaman əsas priorietdir. Bu pandemiya həmçinin çox ciddi iqtisadi itkilərə
səbəb olub. Azərbaycan dövləti
vətəndaşını qorumağı, onun
sağlamlığını seçib. Biz
pandemiya ilə mübarizəni hələ davam etdirəcəyik.
Yaxın müddətdə müsbət istiqamətdə
hansısa dəyişiklik olmayacaq. Ona
görə də özümüzü qorumalıyıq.
Dövlətin gördüyü tədbirlərlə
yanaşı, vətəndaşların məsuliyyəti də
bu prosesdə çox mühümdür”.
DİP sədrinin korrupsiyaya qarşı mübarizə tədbirləri
barədə də fikirlərini öyrəndik. Onun sözlərinə
görə, məmurlar yeni dövrün tələblərinə
uyğun fəaliyyət göstərməli, rüşvət
və korrupsiyaya son qoyulmalı, bunu edən adamlara dövləti
vəzifələrdə yer olmamalıdır: "Mən
inanmıram ki, onlar dəyişəcək, yeni tələblərə
uyğun fəaliyyət göstərəcək və qanunsuz əməllərinə
son qoyacaqlar. Ona görə də bu kateqoriyadan
olan məmurlar müstəqil Azərbaycanda
böyümüş, vətəni sevən, gənc və
savadlı kadrlarla əvəzlənməlidir. Prezidentin islahatlar strategiyası idarəetmə
sistemində korrupsiya ilə amansız mübarizədən
ibarətdir. Məmur
özbaşınalığının
qarşısını almaq, törətdikləri cinayətləri
önləmək üçün çox vaxt ən sərt
addımların atıldığını müşahidə
edirik. Bu, çox düzgün
addımlardır. Son hadisələr məmurlar
üçün ciddi siqnal olmalıdır. Prezident də dəfələrlə deyib ki, məmurlar
bu vəzifələrə xalqa xidmət etmək
üçün təyin ediliblər, onun qanını
içmək üçün yox. Bəzi
icra başçıları özlərini xan-bəy, feodal
kimi aparır, dövlət malına mülkədar kimi
yanaşırlar. Korrupsiyaya
bulaşmış məmurların çoxu köhnə təfəkkürə
sahib insanlardır. Onlar
düşünürlər ki, tutduqları vəzifələrin
verdiyi fürsətdən yararlanaraq xalqın qanını
içmək yolu ilə zənginləşməlidirlər.
Artıq bunun da qarşısı alınmağa
başlayıb. Belə məmurların vəzifədən
kənarlaşdırılması, yeni simalarla əvəz edilməsi,
ifşası, cinayət məsuliyyətinə cəlb
olunması kimi addımlar tam məntiqlidir və ümumi
strategiyaya uyğundur”.
Bütövlükdə,
ölkədə ciddi islahat prosesinin
başladığını deyən Asim Mollazadə vergi,
hüquq mühafizə, məhkəmə orqanlarında bu sahədə
görülən işlərin də təqdirəlayiq
olduğunu dedi. Qeyd etdi ki, biz sovet idarəçilik ənənələrinə
birdəfəlik son qoyaraq keyfiyyətcə yeni, daha dinamik,
bürokratik əngəllərdən kənar idarəçilik
institutlarının yaradılmasına
çalışmalıyıq, insanlara öz bilik və
bacarıqlarını tətbiq etmək imkanı
yaradılmalıdır: "Köhnə təfəkkürdən
imtina etməli və xilas olmalıyıq. Müasir
Azərbaycanın dünya təcrübəsinə, təhsilli,
peşəkar və məsuliyyətli məmurlara ehtiyacı
daha çoxdur. Bu proses də başlayıb. Yeni idarəçilər
nəsli yetişməli, çox iş görülməlidir
ki, yüksəksəviyyəli idarəetmə mədəniyyətinə
çata bilək. Bu baxımdan Prezidentin müəllifi
olduğu islahatları diqqətlə izləyir və təqdir
edirik”.
Söhbəti
yazdı:
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 9 iyul.- S.1;5.