Azərbaycanın həmrəyliyi sözdə yox, əməldədir

 

Humanitar və maliyyə yardımı etməsi ölkəmizin ayaqda möhkəm durduğunu göstərir

 

 

Yer kürəsinin hər yerində tüğyan edən yeni tip koronavirusun, COVID-19-un yayılmasının qarşısının alınması, virusun təsirinin azaldılması məqsədilə lazımi addımlar atılsa da, hələ də infeksiyanı tam ram etmək mümkün olmayıb.

Qüdrətli dövlətlərin, inkişaf etmiş ölkələrin belə, səhiyyə sisteminin aciz qaldığı bir dönəmdə Azərbaycan COVID-19-la mübarizəni uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer alıb. Virusun dünyaya yayılmağa başladığı vaxtdan etibarən Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar ataraq infeksiyanın ölkə ərazisində kütləvi yayılmasının qarşısını aldı. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq, ilk gündən, xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl hökumət onun ciddiliyini anladı və dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Azərbaycanda qəbul edilən qərarların və karantin rejiminin tətbiqi nəticəsində ilk günlər vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu.

 

 

Azərbaycan ÜST-lə əməkdaşlığını pandemiyadan sonra da davam etdirəcək

 

Prezident İlham Əliyevin vətəndaşların sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiyası beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu sahədə respublikamızda atılan addımlara, görülmüş işlərə yüksək qiymət verdi, ölkəmizin təcrübəsini digər dövlətlərə nümunə göstərdi.

Ölkəmiz pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Belə ki, martın əvvəlində təşkilatın mütəxəssisləri Azərbaycana dəvət olundu. 9-13 mart tarixlərində təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə vəziyyətlə tanış olaraq görülmüş işlərə müsbət qiymət verdi. ÜST-ün nümayəndəliyi Azərbaycanda çox fəal aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada da dəstəkləyir, ona maliyyə yardımı göstərir. Koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayan Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək ÜST-ə 10 milyon dollar ianə verib. Pandemiyadan sonra da ölkəmiz ÜST-lə əməkdaşlığını uğurla davam etdirəcək.

 

 

Azərbaycan dünya miqyasında önəmli rol oynayan ölkədir

 

 

Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Əminliklə demək olar ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bu da dövlətin həmrəylik və əməkdaşlığa sadiqliyini təsdiqləyir. Azərbaycan heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özü üçün nəyisə əldə etməyə çalışmayıb. Əksinə, həmrəyliyi sözdə yox, əməldə göstərir və humanitar yardımı piar üçün deyil, ölkələrə həmrəylik borcu kimi edir. Bu həm də onu göstərir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır.

Ölkə rəhbəri İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə diqqət çəkərkən bildirib ki, xarici ölkələrə yardım etməsi Azərbaycanın üstünlüyünü göstərir: "Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib”.

 

 

Xüsusi sessiya pandemiyaya qarşı mübarizədə önəmli addım olacaq

 

 

Pandemiya dövründə ölkəmiz beynəlxalq arenada, iqtisadi, sosial sahədə özünü güclü dövlət kimi göstərdi. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünyanı birləşdirdi. Zirvə görüşləri uğurlu oldu, qəbul edilmiş sənədlərdə Azərbaycanın təşəbbüsü və bu sahədə oynadığı rol, həmrəyliyə hesablanmış addımları yüksək qiymətləndirildi.

Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşündə iqtisadi əməkdaşlıq sahəsində konkret nəticələr əldə edildi, hökumətlərarası işçi qruplarının yaradılmasına nail olundu, Bu, çox böyük iqtisadi səmərə gətirə biləcək yeni formatdır. Dövlətimiz üçtərəfli əməkdaşlıq formatına həmişə böyük maraqla yanaşıb, üstünlük verib.

Azərbaycan BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Yaxın gələcəkdə bu sessiya keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı əsnasında respublikamızın COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibinBMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyini deyib.

Dövlət başçısı Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb. Eyni zamanda xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ölkə rəhbəri xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

 

BMT-nin Baş katibi Antonio Quterreş isə belə bir sessiyanın keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında keçiriləcək xüsusi sessiyanın COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacağına əminliklərini ifadə ediblər.

Bəli, pandemiyanın dünyanı bürüdüyü, bəşəriyyəti diz üstə çökdürdüyü indiki şəraitdə dövlətlərin əməkdaşlığı, həmrəyliyi, birlikdə mübarizə aparması olduqca önəmlidir. Çünki yardımlaşma ilə bu bəladan uzaqlaşmaqyaxud onun qarşısını almaq mümkün olacaq. Hazırkı çətin vəziyyətdə dünyanın həmrəyliyə və əməkdaşlığa ciddi ehtiyacı var.

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 9 iyul.- S.6.