BMT-dən İlham Əliyevə tam dəstək

 

Baş katib Antonio Quterreş Azərbaycan Prezidentinin həmrəylik təşəbbüsünü qlobal pandemiyaya qarşı mübarizədə mühüm addım kimi dəyərləndirdi

 

 

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü reallığa çevrilir. Beynəlxalq təşkilatın Baş katibi Antonio Quterreş də Azərbaycan Prezidentinin irəli sürdüyü təklifi dəstəklədiyini bəyan edib.

Azərbaycan Prezidenti bu təklifi 2 ay öncə, mayın 4-də Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusundakı Zirvə görüşü zamanı irəli sürmüşdü. Cənab İlham Əliyevin bu təşəbbüsünə qısa zamanda 130-a qədər ölkə dəstək verərək, BMT Baş katibinin ofisini məlumatlandırmışdı. İyulun 8-də isə dövlət başçısı ilə Antonio Quterreş arasındakı telefon danışığı zamanı Baş katib bu təşəbbüsə tam dəstəyini nümayiş etdirdi.

 

Epidemiyadan qurtuluş qlobal həmrəyliyi diktə edir

 

Aylardır qlobal pandemiya ilə mübarizədə aciz durumda qalan dünya dövlətləri böhran şəraitindən qurtula bilmir. Koronavirusun cəmiyyətlər üzərindəki dağıdıcı təsiri və iqtisadiyyatın, ticarətin ciddi şəkildə tənəzzülü aydın şəkildə görünməkdədir. Bütün bunlar mövcud problemi getdikcə daha da dərinləşdirir. Mütəxəssislər hesab edirlər ki, qlobal problemdən qurtulmaq bir sıra şərtləri diktə edironlardan birivirusla mübarizədə beynəlxalq həmrəylikdir.

Qlobal pandemiyanın uzaq Çindən yayılaraq dünyanı çənginə almağa başladığı dövrdə ölkə daxilində qabaqlayıcı tədbirlər görən, mühüm qərarlar qəbul edən Azərbaycan Prezidenti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmədi. Həm Qoşulmama Hərəkatı, həm də Türk Şurasına rəhbərlik edən Azərbaycan Prezidenti cənab İlham Əliyev epidemiyaya qarşı qlobal həmrəyliyin, beynəlxalq əməkdaşlığın artırılması ilə bağlı dünya dövlətlərinə çağırışlar etdi. Prezident videokonfrans formatlı bütün görüşlərində bu xoşməramlı, humanist təşəbbüsü bir daha irəli sürdübu mühüm sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi.

Bir sözlə, virusun qlobal problemə çevrilməsini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq əməkdaşlığı zəruri hesab edən cənab İlham Əliyev bununla dünya birliyinə mühüm mesaj ünvanladı. Hətta Prezidentin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, mayın 4-də Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olmuşdur.

Artıq dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsləri təqdir edir. Çünki dünya görür ki, indiki halda səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsi bəşəri bəlanın neytrallaşdırılmasında önəmlidir. Bu mənada cənab İlham Əliyevin söylədiyi kimi, koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir.

 

 

130 dövlətin dəstəyi İlham Əliyevə inam və etimadın göstəricisidir

 

 

May ayının 4-də Qoşulmama Hərəkatının Zirvə görüşündən sonra Azərbaycan Prezidentinin təşəbbüsü üzv ölkələr arasında razılaşdırılmış və bundan sonra cənab İlham Əliyev üzv ölkələr adından Baş katib Antonio Quterreşə müraciət etmişdi. Öz növbəsində BMT Baş katibi mayın 28-də Baş Assambleyanın "Prosedur Qaydaları”na əsasən, üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirmələrini istəmişdi. Qaydalara əsasən, BMT üzvü olan ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır.

Qısa müddət ərzində 130-dan çox ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verdiklərini bəyan etdilər. Təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə işğalçı Ermənistan oldu.

Əvvəlcə onu qeyd edək ki, 130 dövlətin cənab İlham Əliyevin təşəbbüsünə dəstək nümayiş etdirməsi Azərbaycan Prezidentinə olan inamın, etibarın və etimadın göstəricisi kimi dəyərləndirilməlidir. Həmçinin beynəlxalq təşkilatların rəhbərləri tərəfindən pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir.

İyulun 8-də Antonio Quterreşlə telefon danışığı zamanı Azərbaycan Prezidentinin təşəbbüsünə BMT-nin Baş katibi səviyyəsində göstərilən tam dəstək də cənab İlham Əliyevin pandemiya ilə mübarizədə beynəlxalq həmrəylik modelinə verilən yüksək qiymət oldu.

Telefon danışığı əsnasında Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyini vurğulayan dövlət başçısı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını xatırlatdı. Prezident həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

 

 

Azərbaycan texniki-logistik dəstəyə də hazırdır

 

Prezident İlham Əliyev hətta xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi.

Antonio Quterreş isə həm cənab İlham Əliyevin xüsusi sessiyanın keçirilməsi təşəbbüsünü dəstəklədiyini, həm də texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu söylədi. Eyni zamanda Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirdi.

2016-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri BMT üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində elan edilib. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosialekoloji aspektlərini əhatə etməklə Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Elə həmin sammitdə Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.

Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulmuş hədəflər böyükdür və 17 prioritet vəzifə qarşıya qoyulub. Yeni məqsədlərin özünəməxsusluğu isə bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. Azərbaycan dövləti bu 17 məqsədi əhatə edən uğurlu dövlət siyasəti həyata keçirməkdədir.

Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticə etibarilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda daha sürətlə reallaşmasına yol açıb.

 

 

Azərbaycan qlobal əməkdaşlığa layiqli töhfələr verir

 

 

Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya qlobal pandemiyaya qarşı mübarizədə önəmli addım olacaq.

Əlbəttə ki, cənab İlham Əliyevin bu təşəbbüsünün beynəlxalq dəstək alması həm də onu göstərir ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir.

Hətta qlobal böhran dövründə Azərbaycan Prezidentinin həm ölkə daxilində pandemiya ilə mübarizədəki qərar və sərəncamları, gördüyü mühüm tədbirlər, həm də beynəlxalq miqyaslı təşəbbüsləri, ehtiyacı olan 30 dövlətə göstərilən yardımlar bunu bir daha təsdiqləyir.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı aparılan effektiv mübarizə dünyada qlobal əməkdaşlığa, təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfələr verəcək.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 10 iyul.- S.1;4.