Erməni yalanları bütün dünyada ifşa edilir
İlham
ƏLİYEV: "Azərbaycanın məqsədyönlü
fəaliyyəti ona gətirib
çıxarıb ki, Ermənistanın
üzərində mövcud olan çətir artıq deşilibdir”
Azərbaycanın söz sahibi kimi istər regionda, istərsə də qlobal miqyasda nüfuzunun yüksəlməsi, eyni zamanda həyata keçirdiyi siyasət son illərdə Ermənistanın beynəlxalq miqyasda ifşasını sürətləndirib. İndi bu ölkə və onun diaspor təşkilatları "məzlum erməni xalqı” pərdəsinə bürünərək əvvəlkitək beynəlxalq ictimaiyyəti aldada bilmir. Beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin əsl həqiqətləri söyləməsi prosesi artıq sürətlənib.
Saxta təbliğat iflasa uğrayır
Baş verənlər barədə əsl həqiqətlərə önəm verməyə başlayan müxtəlif ölkələrin parlamentlərinin, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar da Ermənistanın təcavüzkar siyasətinin ifşasına yol açıb. Xüsusən Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən qətnamələr həm də dünya erməniliyinə və yalançı erməni təbliğatına güclü zərbə vurub. Görünən odur ki, Prezident İlham Əliyevin başlatdığı hücum diplomatiyası nəticəsində artıq dünyadakı erməni mifi dağılmağa başlayıb və saxta erməni təbliğatı iflasa uğrayır. Uğurla davam edən bu tendensiya qondarma erməni soyqırımını təbliğ edən ermənilərin niyyətlərini, planlarını da alt-üst edib. İndiyədək danışıqlar prosesinin bütün mərhələləri də yalnız və yalnız Azərbaycanın diplomatik uğurları ilə müşayiət olunub. Əslində, Ermənistanın danışıqlar prosesini iflic halına salması da Azərbaycanın təzyiqi ilə dalana dirənməsidir və özünü ifşa etməsidir.
Prezident İlham Əliyev hər bir beynəlxalq tədbir çərçivəsində Ermənistanın əsl mahiyyətini faktlarla ifşa edir, bu ölkənin terrorizmi dəstəklədiyini, terrorçuları isə qəhrəmanlaşdırdığını faktlarla sübuta yetirir. Bu baxımdan Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında son sammiti ölkəmiz üçün yalnız Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafda olmasının təsdiqi kimi yadda qalmadı.
Bu beynəlxalq tədbir həm də Prezident İlham Əliyevin N.Paşinyana və onun timsalında Ermənistana vurduğu növbəti ifşaedici diplomatik zərbə oldu.
İşğalçı ölkədə faşizm və terrorçular qəhrəmanlıq simvoludur
Həmin
vaxt Prezident İlham Əliyevin çıxışında erməni
terrorçusu Karapetyanla bağlı söylədikləri erməni
terrorçuluğu barədə sadəcə bir faktdır. "Məzlum
millət” pərdəsi arxasında gizlənən ermənilər
nəinki Qafqazda, Azərbaycanda və
Türkiyədə, Avropa və Amerika dövlətlərində ən
qanlı hadisələrə, terrora imza atıblar. XX əsr boyu ermənilərin azərbaycanlılara,
türklərə qarşı həyata keçirdikləri terror siyasətinin xronologiyasını
xatırlayarkən törədilən vəhşilik və
ciyanətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir. İkinci Dünya
müharibəsi zamanı faşistlərin əlaltısı kimi keçmiş sovet respublikaları ərazisində təxribatçılıq
fəaliyyəti ilə məşğul olan,
terrorçu fəaliyyət həyata
keçirən Njde ləqəbli Qaregin Ter-Arutyunyanın 2016-cı ildə Yerevanda altı metrlik heykəlinin
qoyulması isə Ermənistan faşizminin
və terrorçularının qəhrəmanlaşdırıldığını
göstərən ən böyük
faktdır. O cümlədən Dağlıq Qarabağda
əsgərlərimiz tərəfindən məhv edilən və
Ermənistanda abidəsi qoyulmuş M.Melkonyan ən qanlı terror
əməllərinə imza atmış cani idi. Xatırladaq ki, Njdenin Rusiyanın Armavir şəhərindəki erməni kilsəsinin
ərazisindəki xatirə lövhəsi Prezident
İlham Əliyevin müdaxiləsindən
sonra
yığışdırıldı.
İyulun 6-da Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdikdən sonra müsahibə verən Prezident İlham Əliyev bir daha bu mövzuya toxunaraq deyib: "Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var”.
Aprel döyüşləri heç kimin yadından çıxmasın
Tədricən dünya birliyinin Ermənistanı işğalçı kimi qəbul etməsi ildən-ilə daha geniş miqyas alır. Ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı kimi tanımaqla yanaşı, onun nəticələrinin aradan qaldırılmasını əsas tələblərdən biri kimi irəli sürürlər. Dünya artıq erməni yalanlarına inanmır. Azərbaycanın hücum siyasəti bu yalanların hətta ermənilərin güclü şəkildə təşkilatlandıqları Fransada belə qarşısını alır. Buna sübut olaraq Fransanın bir neçə şəhərinin bələdiyyə başçısının Dağlıq Qarabağdakı separatçı rejimlə imzaladıqları "sənədlərin” Fransa məhkəmələri tərəfindən ləğv olunmasını göstərmək olar.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Dağlıq Qarabağa yeni yol çəkmək istəyinin Avropa Parlamentində kəskin etirazla qarşılanması isə bir daha göstərdi ki, Avropa İttifaqı strukturları da artıq işğal faktını konkret şəkildə dilə gətirirlər. Bu bəyanatın verilməsi Avropa parlamenti səviyyəsində Azərbaycan torpaqlarının işğalını tam mahiyyəti ilə göstərən mühüm addım olmaqla, Ermənistana və erməni yalanlarına vurulan tutarlı siyasi zərbə oldu.
Təbii ki, beynəlxalq səviyyədə əldə olunan hər bir uğurun kökündə Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi xəttin inamla həyata keçirilməsi dayanır. Ermənistanın işğalçı siyasəti isə ən mötəbər səviyyələrdə ardıcıl etiraf olunmaqda davam edir. Nəticə etibarilə bütün bunlar torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan danışıqlarda Azərbaycanın siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirən mühüm amillərdir.
Bütün dünya Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir. Azərbaycanın üzvü olduğu BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququ var. Və sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə ölkəmizin bu hüququndan istifadə etməsi qaçılmazdır. Prezident İlham Əliyev müsahibəsinin sonunda söylədiyi "Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın” fikri də buna işarə idi.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 10 iyul.- S.1;4.