Pandemiyanı yalnız karantin rejiminə əməl etməklə nəzarətdə
saxlaya bilərik
Dünyada pandemiya ilə bağlı vəziyyət getdikcə pisləşir. Peyvənd tapılmadığı üçün koronavirus - COVID-19 infeksiyasına qarşı görülən tədbirlərin heç biri effektiv olmayıb. Yoluxmanın qarşısını almaq üçün tətbiq olunan karantin rejimləri yumşaldılanda isə virus yenidən alovlanır.
Artıq Yer üzündə koronavirusa yoluxanların sayı 12 milyonu keçib, virusun aldığı canlar isə yarım milyondan çoxdur. Təəssüfləndirici reallıq bundan ibarətdir ki, vaksin tapılmayana qədər COVID-19 bəlasından tamamilə qurtulmaq qeyri-mümkündür.
Azərbaycanda da koronavirusa yoluxma və ölüm sayı kifayət qədər ciddidir. İndiyə qədər ölkəmizdə ümumilikdə koronavirusa yoluxanların sayı 20 mini ötüb, 200-dən çox vətəndaşımız həyatını itirib. Bunlarla yanaşı, müsbət haldır ki, virusdan sağalanların da sayı kifayət qədər - 13 mindən çoxdur ki, bu da zamanında görülən tədbirlərin nəticəsidir.
Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Prezident İlham Əliyevin göstərişi ilə qısa zamanda modul tipli xəstəxanaların quraşdırılması virusa yoluxan bütün xəstələrin tibb müəssisələrində yüksək səviyyədə müalicəsinə şərait yaradıb. Yaxın gələcəkdə isə daha 10 modul tipli xəstəxananın quraşdırılması nəzərdə tutulur ki, bu da qarşıda yarana biləcək hər hansı kritik vəziyyətin zamanında qarşısını almağa hesablanıb.
Yoluxmanın sürətini azaldan effektiv tədbirlərdən biri isə vətəndaşlar arasında aparılan testlərdir. Ölkəmiz də COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayını hər keçən gün artırır. İndiyə qədər aparılan test sayı 5 yüz mindən çoxdur.
Məqsəd qlobal böhrandan az itkilərlə çıxmaqdır
Virusun üzə çıxdığı ilk zamandan etibarən Azərbaycanda bütün istiqamətlər üzrə pandemiya ilə mübarizə aparılır. Qlobal böhrandan az itkilərlə çıxmaq üçün bütün səylər yeni növ koronavirusa qarşı mübarizəyə səfərbər edilib.
Ölkəmizin apardığı təsirli tədbirlər sayəsində hətta pandemiyanın ilkin dalğasını qısa zamanda ram edə bildik. Tezliklə sərt karantin rejimindən normal həyata keçidimiz sürətləndi. Amma pandemiyanın şərtlərinə əməl edilməməsi virusun yoluxma sürətini birdən-birə arzuolunmaz istiqamətə yönəltdi.
Bu mərhələdə isə gecikmək, virusa qarşı lazımi tədbirləri həyata keçirməmək sonradan qarşısının alınması çətin olan vəziyyətlərə yol aça bilərdi. Buna görə də hökumətimiz yenidən sərt karantin rejiminin tətbiqini labüd hesab etdi. Dünya təcrübəsindən də göründüyü kimi, yoluxmanı azaltmaq, vəziyyəti nəzarətdə saxlamaq üçün indiki halda sərt karantin rejiminin tətbiqi ən düzgün addımdır.
Bütün imkanlar səfərbər olunmalıdır
Buna görə də COVID-19 infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində iyunun 21-dən iyulun 20-dək məhdudiyyətlər tətbiq edilib.
Nazirlər Kabinetinin sözügedən qərarına dəyişiklik edilərək, Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunması barədə qərar verilib.
İyulun 6-da yerli KİV nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyev söylədi ki, alınan bütün qərarlar insanlarmızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaq üçündür: "Əlbəttə, bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.
Pandemiya
heç bir güzəştə getmir
və...
Bəli, hazırda bəşəriyyət
koronavirusun 2020-ci ildə
insan yaşamına diktə etdiyi yeni qaydalara uyğunlaşmalıdır. Əks təqdirdə
insanların sağlamlığı
və həyatı təhdid altında olacaq. Pandemiya heç bir
diqqətsizlik, sərvaxtlıq
qəbul etmir, güzəştə getməyərək
insanları şərtlərinə
tabe etməyə çalışır. Buna
uymayanları isə ciddi cəzalandırır.
Birmənalı olaraq ölkələr
hazırkı vəziyyətdə
karantin rejimləri tətbiq etməli, vətəndaşlar isə
sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenik qaydalara riayət etməlidir. Hələlik bu təhlükədən
başqa qorunma yolu yoxdur.
Lakin dünyanı təhdid edən bu virusa
dırnaqarası yanaşan,
onun varlığını
heçə sayan məsuliyyətsizlər də
var...
Prezident
müsahibəsi zamanı
bu məsələyə
də toxundu və bildirdi ki, xəstəliyin yayılmasının başlıca
səbəbi bəzi insanların məsuliyyətsizliyidir:
"Ona görə indiki rejim nə
qədər davam edəcək və bu rejim daha
da sərtləşəcək,
yoxsa yumşalacaq, yaxın gələcəkdə
biz bunu görəcəyik.
Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün
lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca
səbəbi bəzi insanların məsuliyyətsizliyidir.
Onlar sadə qaydaları gözləmirlər, bunlara
əməl etmirlər.
Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda
karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər.
Bütün qaydalar insanların,
o cümlədən karantin
rejimini pozanların sağlamlığının qorunmasına
hesablanıb”.
İstirahətlərindən qalmaq istəməyənlər...
Ümumilikdə, Azərbaycan cəmiyyəti
qoyulan qaydaları anlayışla qarşılayır,
ona əməl edir. Amma koronavirusu təhlükəli
edən bilavasitə onun sürətli yoluxma xüsusiyyətidir ki, ölkəmizdə onu yox etmək
üçün bütünlükdə
hər bir vətəndaşın həmrəylik
göstərərək qaydalara
uyması vacib şərtdir.
Lakin hələ də müəyyən hallarda bunun əksi ilə rastlaşırıq. Bəzi şəxslər istirahətlərindən qalmaq, toy-nişanlarını təxirə salmaq istəmir, qohum-qonşu ziyarətlərinə ara vermir, yas mərasimlərində iştirak edir. Elələri də tapılır ki, hətta bu qanunsuz əməllərini "qəhrəmanlıq” etmiş kimi nümayişkaranə şəkildə ictimailəşdirməkdən belə çəkinmirlər. Və belə şəxslərə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, sadə vətəndaşlar da sərt reaksiya göstərməli, bu cür hallarla qarşılaşdıqda aidiyyəti üzrə məlumat verməlidirlər.
Xalqımızı qorumalıyıq
Dövlət başçısı müsahibəsi zamanı söylədi ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır: "Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.
Bilməliyik ki, qaydaların pozulması hər birimizin sağlamlığını təhlükəyə atır. Virusun yoluxma sayını artıraraq, onun yox edilməsi istiqamətində görülən bütün tədbirləri effektsiz edir.
İndiki halda hər birimiz qoyulan tələblərə maksimum əməl edilməsinə çalışmalı, ictimai nəzarətçiyə çevrilməliyik. Yalnız bu yolla infeksiyaya qalib gələ, xalqımızı labüd təhlükədən qoruya bilərik.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 10 iyul.- S.1;5.