Azərbaycanın milli maraq və mənafelərini layiqincə təmin edən siyasət

 

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Prezident İlham Əliyev respublikanın yüksəlişinə xidmət edən siyasi kursunu böyük qətiyyətlə, müdrikliklə, uzaqgörənliklə həyata keçirir

 

 

 

İqtisadiyyatımızın dayanıqlığı və ahəngdarlığı üçün bütün imkanlar səfərbər edilir

 

COVID 19-un yeni çağırışlarla üz-üzə qoyduğu dünya dövlətlərini düşündürən əsas məsələlərdən biri iqtisadiyyatda baş verən geriləmələrdir. İstisnasız olaraq bütün inkişaf etmiş dövlətlərin iqtisadi durumu pisləşib. Almaniya, ABŞ kimi dövlətlərin iqtisadçıları ölkələrinin öz inkişaf tarixinin ən çətin dövrünü yaşadığını gizlətmirlər. Beynəlxalq iqtisadi qurumlar bildirirlər ki, qlobal iqtisadiyyatın pandemiyadan əvvəlki vəziyyətə qayıtması üçün müəyyən vaxt lazımdır.

Son illərdə yeni inkişaf göstəriciləri nümayiş etdirən Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyata əhəmiyyətli dərəcədə daxil olub. Ona görə dünyada baş verən təlatümlərin, risklərin milli iqtisadiyyatımıza təsir etməsi qaçılmazdır. Son onilliklərdə baş vermiş beynəlxalq maliyyə-iqtisadi böhranları da bunu təsdiq edir. Lakin bildiyiniz kimi, dövlətimiz hər dəfə bütün sınaqlardan üzüağ, alnıaçıq çıxıb.

Koronavirus infeksiyasının yayıldığı son aylarda Azərbaycanda da iqtisadiyyatda azalmalar baş verdi. Təbii ki, buna dünyada neftin qiymətində baş verən kəskin azalma da əhəmiyyətli dərəcədə təsir etdi. Lakin Azərbaycan ümumilikdə dayanıqlıq nümayiş etdirib. İqtisadiyyatımızda baş verən azalma kritik səviyyədə deyil, xarici borclarımızda artım yoxdur, monetar siyasətdə heç bir dəyişiklik baş verməyib, inflyasiya proqnozlaşdırılan səviyyədədir. Bunun da səbəbi təbii ki, respublikamızda yaradılmış möhkəm iqtisadi təməldir. Xüsusən son illərdə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən yeni iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində mühüm irəliləyiş baş verib, dövlət büdcəsinin formalaşmasında qeyri-neft gəlirlərinin səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Ona görə son aylarda neftin qiymətinin aşağı düşməsinə, ixracın azalmasına baxmayaraq, iqtisadiyyatımızda kəskin təbəddülatlar baş verməyib.

Onu da unutmaq lazım deyil ki, ölkəmizdə koronavirus təhlükəsi meydana çıxandan sonra Azərbaycan dövləti iqtisadiyyatın deyil, məhz insanların təhlükəsizliyini prioritet edib. İqtisadiyyatı bərpa etmək olar, amma itirilmiş insan həyatını yox. Cənab Prezident iyunun 9-da modul tipli xəstəxanaların açılışında bu məsələyə olduqca müdrik münasibət bildirərək deyib: "Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.

Koronavirus infeksiyasının yayılması göstərdi ki, insan həyatı olduqca qiymətlidir və təəssüf ki, bir sıra hallarda xəstəliyə yoluxanları həyata qaytarmaq mümkün olmur. İqtisadiyyatda baş vermiş azalmanı isə ən qısa müddətdə artımla əvəz etmək mümkündür. Cənab İlham Əliyev üçün ən həssas məsələ insanların sağlamlığıdır. Əlbəttə, pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərərin həcmi barədə danışmaq hələ ki, tezdir. Amma görülən qabaqlayıcı tədbirlər iqtisadi fəallığın bərpası prosesinə kömək edəcək.

 

 

Beynəlxalq maliyyə institutları ilə milli maraqlar çərçivəsində əməkdaşlıq güclənir

 

 

Son dövrlərin bir reallığı da odur ki, Azərbaycan dövləti öz daxili imkanları hesabına lazım olan bütün layihə və proqramları yerinə yetirir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 17 ildə ölkəmizdə həyata keçirilən iqtisadi və sosial layihələrin böyük qismini məhz dövlətimizin özü heç bir kənar maddi dəstək olmadan həyata keçirib. Yəni ölkəmizə qoyulan sərmayələrin əsas hissəsi məhz daxili imkanlar hesabınadır.

Bununla belə dövlətimiz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığa daim açıqdır. Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı indiyədək ölkəmizdə bir sıra layihələrin həyata keçirilməsində yaxından iştirak ediblər. Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərliyi ilə iyunun 1-də, Dünya Bankının rəhbərliyi ilə isə iyunun 17-də keçirdiyi videokonfranslarda səslənən fikirlər göstərdi ki, tərəflər əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə konkret layihələr də var.

Öncə onu qeyd edim ki, hər iki beynəlxalq təşkilat Azərbaycanın inkişafını daim obyektiv şəkildə qiymətləndiriblər. Məsələn, Dünya Bankı "Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir. Həmçinin Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər də Dünya Bankının sonuncu "Doing Business” hesabatında yüksək qiymətə layiq görülüb və Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib. Dünyanın bir çox ölkələrini geridə qoymaqla Azərbaycan həm də Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Dünya Bankının Azərbaycanla əməkdaşlığına gəldikdə qısa müddətdə bu əlaqələr qarşılıqlı etibar və etimada əsaslanaraq ardıcıl davam etmiş və çox yaxşı haldır ki, indiki mürəkkəb zamanda da proses səngiməmişdir. Təsadüfi deyil ki, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa başladığı dövr ərzində ölkəmizin iqtisadiyyatı 3 dəfə böyümüş, yoxsulluq problemi demək olar ki, həll edilmişdir. Məhz bu kimi səbəblər üzündən keçən il Dünya Bankı ilə yeni milli iqtisadi inkişaf strategiyasının hazırlanması üzrə danışıqlara başlanıb. Hazırda tərəflər 2016-2020-ci illəri əhatə edən strategiya üzərində çalışırlar və onun müddəti məlum səbəblər üzündən 1 il artırılıb.

Ümumiyyətlə, indiyəcən ölkəmizin Dünya Bankı ilə müxtəlif sahələri əhatə edən birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılmışdır. Lakin Prezident İlham Əliyevin videokonfransda qeyd etdiyi kimi, gələcək üçün icra olunası layihələr, həyata keçiriləsi planlar hələ çoxdur: "Əlbəttə, bizim planlarımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq”.

 

 

Özünüməşğulluğun miqyası genişləndiriləcək

 

 

 

Qeyd edildiyi kimi, Azərbaycan dövləti öz daxili imkanları hesabına çoxsaylı sosial-iqtisadi layihələr həyata keçirir. Bununla bərabər, Azərbaycan beynəlxalq maliyyə qurumlarının ölkəmizin sosial-iqtisadi inkişaf tələblərinə uyğun təkliflərini də zaman-zaman dəyərləndirir.

Əldə olunmuş razılığa əsasən, Dünya Bankı Azərbaycana özünüməşğulluq proqramının həyata keçirilməsində dəstək verəcək. Prezident İlham Əliyevin 2019-cu il yanvarın 22-də Davos Dünya İqtisadi Forumunda Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva ilə görüşü zamanı ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığa dair razılıq əldə olunmuşdu. Bununla əlaqədar olaraq Dünya Bankı və Azərbaycan hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan "Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb.

Dəstək çərçivəsində bank ölkəmizə təxminən 100 milyon dollar vəsait ayıracaq və bunun hesabına 15 minə yaxın adam sözügedən proqrama cəlb olunacaq.

Bankın rəhbər şəxsləri ilə videokonfransda Prezident İlham Əliyev buna görə təşəkkürünü ifadə edərək deyib: "Mən, həmçinin özünüməşğulluq proqramı ilə bağlı bizə dəstək göstərilməsinə dair müraciətimə dərhal cavab verdiyinə görə Dünya Bankına xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunmuşdu və bir ildən də az müddət ərzində biz artıq bütün hazırlıq işlərini tamamlamışıq. Mənə məlumat verilib ki, Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırırıq və əlbəttə ki, Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə yüksək qiymətləndirilir və alqışlanır”.

Bu layihə ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin həmin proqrama cəlb edilərək onlar üçün Dünya Bankının vəsaitləri hesabına kiçik bizneslərin yaradılmasını nəzərdə tutur.

 

 

Suvarma və su təchizatında yeni texnologiyalardan istifadə zərurətə çevrilir

 

 

Müasir dünyada su həmişə aktual problemlərdən olub. Bu, Azərbaycanda da belədir, ona görə bu gün biz sudan daha səmərəli istifadə etməli, itkiyə yol verməməliyik. Ona görə suvarma ilə bağlı sahələr üzrə müasir texnologiyalara əsaslanan yeni infrastrukturun yaradılmasına ehtiyac var. Çünki vəziyyətin qiymətləndirilməsi nəticəsində hazırda respublikamızda çox böyük su itkiləri ilə üzləşirik. Buna görə də Prezident tərəfindən müxtəlif nazirlərin təmsil olunduğu və Baş Nazirin müavininin rəhbərlik etdiyi, digər nümayəndələrin iştirakı ilə xüsusi hökumət komissiyası yaradılıb. Komissiyanın araşdırmaları nəticəsində bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk.

Azərbaycanın Dünya Bankını və Asiya İnkişaf Bankını əməkdaşlığa dəvət etdiyi sahələrdən biri suvarma və su təchizatı ilə bağlıdır. Dünya Bankının rəhbərliyi ilə söhbət zamanı "Xüsusən ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin... Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilkin addımlarımızı bir və ya iki ay ərzində atmağı planlaşdırırıq”, - deyən Prezident İlham Əliyev onların bu sahədə ölkəmizlə əməkdaşlığının vacibliyini önə çəkdi.

 

Asiya İnkişaf Bankına gəldikdə bu maliyyə institutu indiyədək Azərbaycanda dövlət və özəl sektorlarda 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, qrant və texniki yardım ayırıb. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrindədir. İndiyə qədər AİB tərəfindən Azərbaycana ayrılan kredit, qrant və texniki yardımların ümumi məbləği 3 milyard ABŞ dollarından çoxdur. Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında da birinci olub.

Asiya İnkişaf Bankının maliyyə dəstəyi verdiyi layihə və proqramların icrası nəticəsində Azərbaycanda 500 minə yaxın insan fasiləsiz içməli su ilə təchiz olunub, 240 min insan daşqın və subasmaların təsirindən müdafiə olunub, 100 min ev təsərrüfatı elektrik enerjisi ilə təmin edilib. 325 kilometrlik avtomobil yolları salınıb və ya təmir edilib. 400-dən artıq məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşıb, 4 məktəb bərpa olunub, məcburi köçkünlərə əksəriyyəti qadınlar olmaqla kiçik kreditlər verilib.

Hazırda bu bankla da yeni layihələr üzərində iş gedir. Bunlardan biri respublikamızda kənd təsərrüfatı torpaqlarında suvarma sistemlərinin yüksək texnologiyalar əsasında yenidən qurulmasıdır. Bu barədə Azərbaycanla Asiya İnkişaf Bankı arasında 2018-ci ildə razılıq əldə olunub. Bu razılıq əsasında bankın mütəxəssisləri Naxçıvanda suvarma sistemlərinin inkişaf layihəsini hazırlamağa başlayıblar. Bu ilin yanvar ayında Asiya İnkişaf Bankı layihənin texniki əsaslandırılması məqsədilə 1,2 milyon dollar həcmində qrant ayırıb. Kreditin ümumi məbləği isə təqribən 100 milyon ABŞ dolları olacaq.

Həyata keçiriləcək yeni layihə su kanallarında yeni texnologiyaların tətbiqini, müasir idarəetməni, kanal istiqamətinin seçilməsində Coğrafi İnformasiya Sistemindən istifadəni əhatə edir ki, bu da suyun məhsuldarlığını artıracaq və itkiləri aradan qaldıracaq.

Prezident İlham Əliyev isə yeni texnologiyalara əsaslanan suvarma sistemlərinin bütün ölkə ərazisində yaradılmasında maraqlıdır. Təsadüfi deyil ki, Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev "Sizin bütün ölkə ərazisində suvarma ilə bağlı planlarımızı nəzərdən keçirməyinizi istərdim” deyə bildirib.

 

Müasir innovasiyaların tətbiqi dairəsi genişlənir

 

XX əsrin son onilliyindən etibarən informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaq. Ona görə də müasir çağırışlar baxımından İKT-nin inkişaf səviyyəsi hər bir dövlətin sosial-iqtisadi, o cümlədən hərbi-siyasi potensialının göstəricilərindəndir. Amma hazırda planetin sakinlərinin çoxu bu texnologiyaların üstünlüklərindən istifadə edə bilmir. Hətta dünyada təqribən 4 milyard insanın internetə çıxışı belə yoxdur.

Regionun aparıcı dövlətləriindən olan Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizdə vətəndaşların internetin imkanlarından geniş istifadə etmələrinin təmin olunmasına, İKT infrastrukturunun yaradılmasına və gücləndirilməsinə, İKT xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Əksər sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Bu mənada təsadüfi deyil ki, bu gün İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artıb. İlk telekommunikasiya peyki "Azerspace-1”, yer səthinin müşahidə peyki "Azersky” və nəhayət, 2018-ci ildə üçüncü peykimiz orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı da genişləndirilib, həmçinin "elektron hökumət” üzrə xidmətlərin sayı və keyfiyyəti artırılıb.

İyunun 16-da Prezident İlham Əliyevin "Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və şirkətin digər nümayəndələri ilə keçirdiyi videokonfransda səslənən fikirlər də göstərdi ki, Azərbaycan cəmiyyət həyatının bütün sahələrində yüksək texnologiyaların, innovasiyaların tətbiqinə və bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa daim maraqlıdır. Ən mühümü isə budur ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan hökuməti bu sahədə nəzərdə tutduğu bütün tədbirləri sürətlə həyata keçirmək əzmindədir.

Prezident İlham Əliyevin videokonfransda bəyan etdiyi əməkdaşlıq prioritetləri göstərir ki, Azərbaycan çağdaş dövrün bütün çağırış və tələblərinə cavab verən mükəmməl siyasət yürüdür. "Hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə "Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır”, - deyə cənab Prezident bildirib.

 

 

Regional inkişaf siyasətinin təcəssümü

 

 

Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri də indiyədək əldə olunan sosial-iqtisadi uğurların davamlı olması və miqyasının daha da genişlənməsidir. Bu sırada regionların inkişafı, bölgələrin iqtisadi potensialının hərəkətə gətirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biri olub.

Bu baxımdan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası qarşıya qoyulan bu vəzifələrin həyata keçirilməsində mühüm rol oynamaqdadır. 16 il əvvəl başlanan regionların inkişafı proqramları Azərbaycanın sosial-iqtisadi həyatına yeni nəfəs gətirməklə bu istiqamətdə dövlət siyasətinin yeni müstəviyə qədəm qoymasını təmin edib. Həmin proqramların icrasının və yaradılmış potensialın nəticəsidir ki, dünyada iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Zaman göstərir ki, İlham Əliyev 2004-cü ildən başlayaraq bu dövlət proqramlarını təsdiq etməklə çox böyük uzaqgörənlik edib. Çünki onların nəticəsində Azərbaycanın imkanlarından səmərəli istifadə olunub, bütün iqtisadi potensial hərəkətə gətirilib ki, bunun da uğurlu nəticələri göz önündədir. Ümumi daxili məhsulun dəfələrlə artımı, qeyri-neft sektorunda, o cümlədən qeyri-neft sənayesində qürurdoğuran yüksəliş baş verib, Azərbaycan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövlətinə çevrilib.

Onu da qeyd edim ki, Prezidentin bölgələrə mütəmadi səfərləri və bu səfərlərin nəticəsi olaraq imzaladığı sərəncamlar dövlət proqramlarının icrasını sürətləndirməklə regionların tarazlı inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verib.

Prezident İlham Əliyevin iyun ayının 24-25-də Gəncə, Samux və Mingəçevirə səfəri göstərdi ki, qlobal pandemiyanın çətinliklərinə, gəlirlərimizin azalmasına baxmayaraq, əvvəlcədən planlaşdırılmış bütün layihələrin, o cümlədən sosial proqramların həyata keçirilməsi yüksək templə davam etdirilir. Prezidentin bu səfəri regionların infrastrukturunun müasir standartlara uyğun qurulduğunun, rayonların iqtisadi potensialından səmərəli istifadə edildiyinin, yeni iş yerlərinin yaradılmasının dövlət siyasətinin prioritetləri olmasının növbəti təzahürü idi.

 

 

 

Pandemiya şəraitində iqtisadi fəallıq nümunəsi

 

Bu səfər zamanı Gəncə şəhərində süni mərmər və qranit istehsalı zavodunun açılması Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı yürütdüyü siyasətin uğurlu nəticələr verməsinin təsdiqi idi. Eyni zamanda ümumi dəyəri 46,5 milyon manat olan bu müəssisənin fəaliyyətə başlaması respublikamızda yaradılan azad sahibkarlıq mühitinin bariz nümunəsidir. Zavodda 300-dən çox yeni iş yerinin yaradılması ölkəmizdə işsizliklə mübarizəyə verilən böyük töhfədir. Olduqca mühümdür ki, zavodda məhsulların hazırlanmasında istifadə olunan xammal Daşkəsən, Şəmkir, Ağstafa və Qaradağ rayonlarından gətirilir ki, bu da, öz növbəsində, zəncirvari şəkildə ölkədə iqtisadi fəallığın güclənməsinə yol açır.

Bütövlükdə, cənab Prezidentin son regional səfərinin mənzərəsi kifayət qədər əhatəlidir. Süni mərmər və qranit istehsalı zavodunun açılışından sonra Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanışlıq, 1 saylı şəhər xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun istifadəyə verilməsi , "Şah Abbas” və "Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi, Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanışlıq, Gəncəçay çayı üzərində eyni vaxtda beş körpünün bərpadan sonra istifadəyə verilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışı, Gəncə İdman Sarayının tikintisi ilə tanışlıq, Samuxda məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi və "Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanışlıq, Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışı göstərdi ki, Prezident İlham Əliyevin regional inkişaf siyasəti məhdud sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşıyır. Buraya həm iqtisadi inkişaf, həm sosial məsələlərin yoluna qoyulması, həm də infrastrukturun yenilənməsi kimi prioritet məqsədlər daxildir.

Regional inkişaf proqramlarına bölgələrin inkişafı, infrastrukturun yenilənməsi, vətəndaşların rifahının daha da yüksəldilməsinə xidmət edən məsələlər daxildir. Təbii ki, bütün bunlar gələcək dövr üçün pandemiyanın yaratdığı məsələləri də əhatə edəcək.

 

 

Ölkəmizin energetika sistemi güclənir

 

 

İqtisadi gücü artıran amillərdən biri də elektrik enerjisi ilə yüksək təminatdır. Sevindirici haldır ki, Prezident İlham Əliyevin diqqəti ilə ölkəmizdə yeni elektrik stansiyaları inşa olunub. Eyni zamanda mövcud stansiyaların yenidən qurulması ilə onların generasiya gücü artırılıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan həm də elektrik enerjisini ixrac edən dövlətlərdən biridir.

Bu səfərin ən yaddaqalan məqamlarından biri də Mingəçevirdə "Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi oldu. Tikintisinə 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan "Azərbaycan” İstilik Elektrik Stansiyası ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. Lakin məlum olduğu kimi, 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəza nəticəsində respublikamızın böyük hissəsində elektrik enerjisi ilə təchizatda ciddi problem yarandı.

Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə ötən dövrdə qəzanın mənbəyi olan 330 və 500 kilovoltluq yarımstansiyalar tamamilə yenidən qurulub. Həmçinin "Azərbaycan” İES-in fəaliyyəti yeni tikilən inzibati binadan həyata keçirilir. Beləliklə, yenidənqurmadan sonra "Azərbaycan” İstilik Elektrik Stansiyasının 2400 meqavat generasiya gücü bərpa edilib və cənab Prezidentin qeyd etdiyi kimi, stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadılıb.

Azərbaycanın ən iri elektrik stansiyalarından birinin tam gücü ilə yenidən işə salınması, ilk növbədə, elektrik enerjisinə olan daxili tələbatımızın ən yüksək səviyyədə təmin olunmasında mühüm rol oynayır. Digər tərəfdən bu stansiyanın fəaliyyəti Azərbaycanın enerji ixrac imkanlarının artırılmasına xidmət edir. Və, nəhayət, Azərbaycanın postpandemiya dövründə gözlənilən yeni iqtisadi inkişaf dönəmində enerjiyə olan tələbat da artacaq ki, bu baxımdan "Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması mühüm iqtisadi hadisə hesab oluna bilər.

Bütövlükdə, son aylarda istər siyasi, istər sosial və digər sahələrdə baş verənləri, cərəyan edən prosesləri Azərbaycan üçün kifayət qədər uğurlu saymaq mümkündür. Möhtərəm Prezident İlham Əliyev pandemiya dövrünün çətinliklərinə rəğmən ölkənin yüksəlişinə xidmət edən siyasi kursunu böyük qətiyyətlə, müdrikliklə, uzaqgörənliklə həyata keçirir. Görünən odur ki, bu siyasət hər addımda dövlətimizin milli maraqlarını, xalqımızın mənafelərini layiqincə təmin edir.

 

 

"Biz birlikdə güclüyük!”

 

 

Hazırda dünyanın bütün ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da istisnasız olaraq bu mübarizədə olduqca mühüm rol oynayır. Pandemiya hələ davam edir və təəssüf ki, yaxın dövrlər üçün ümidverici heç nə görünmür. Azərbaycan hökuməti pandemiya ilə mübarizə üçün kifayət qədər geniş tədbirlər planı həyata keçirir. Həkimlərimiz və polislərimiz gecə-gündüz demədən insanlarımızın həyatını xilas etmək və asayişi təmin etmək üçün maksimum səy göstərməkdədirlər. Bütün bunlar göstərir ki, pandemiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə kifayət qədər əhatəli və səmərəlidir.

Amma son günlərdə yoluxmanın sayının artması təhlükəlidir. Ona görə dövlətimiz vəziyyətin daha da pisləşməməsi üçün daha sərt tədbirlərlə əl atır, karantin rejimi sərtləşdirilir, eləcə də karantin rejimi tələblərinə əməl etməməyə görə cəzalar artırılır. Təbii ki, bu zaman məqsəd yalnız və yalnız vətəndaşların sağlamlığının qorunmasıdır. Çünki son günlər yoluxmanın artması, bir daha qeyd edim ki, vətəndaş biganəliyidir. Hələ də hər gün hansısa məclislərin keçirilməsi, kafelərin fəaliyyət göstərməsi barədə məlumatlar eşidirik. Əlbəttə, bu cür vətəndaş məsuliyyətsizliyi hallarının qarşısının alınması üçün karantin tədbirlərinin sərtləşdirilməsi labüddür.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində bütün rayon və şəhər rəhbərləri qarşısında tələblərin qoyulması mühüm əhəmiyyət kəsb edir. Çünki şəhər və rayon rəhbərləri karantin tələblərinə əməl olunmasını nəzarətdə saxlamalıdırlar. Məsuliyyətsiz addım ataraq ölkədə koronavirusla mübarizə istiqamətində görülən işlərə kölgə salan vətəndaşların əməllərinin qarşısı dərhal alınmalıdır. Məhz bu təqdirdə virusa qalib gələ bilərik.

Cənab İlham Əliyev də bütün çıxışlarında bu məsələyə toxunur. Gəncədə modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra tibb işçiləri ilə görüşdə dövlət başçısı deyib: "Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq”.

Hələ bir müddət əvvəl Prezident İlham Əliyev koronavirusla mübarizədən danışarkən "Biz birlikdə güclüyük!” deyə bildirmişdi. Cənab Prezidentin bu sözləri cəmiyyətimizdəki ümumxalq birliyinin şüarına çevrildi. Bəli, el bir olsa, dağ oynadar yerindən. Bu gün hər bir kəsin məsuliyyətli olması özünün və yaxınlarının sağlamlığı ilə yanaşı, koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi işlərə dəstək verməsi milli birgəlik nümayiş etdirmək deməkdir. İnanıram ki, hər bir vətəndaş öz rəhbəri ilə daim həmrəy olacaq və respublikamız koronavirus təhlükəsini layiqincə dəf edərək inkişaf və yüksəliş yolu ilə gələcəyə doğru inamla addımlayacaq.

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı

Azərbaycan.-2020.- 10 iyul.- S.3.