Koronavirusa yoluxmuş bütün
şəxslərin müalicəsi dövlət hesabına həyata
keçirilir
Əhalinin
sağlamlığı və onun təhlükəsizliyinin
təmin edilməsi ən mühüm və
prioritet vəzifədir
Çinin Uhan şəhərindən başlayıb, qısa zaman ərzində bütün dünyaya "ayaq açan” yeni növ koronavirusa - COVID-19-a yoluxanların sayı artıq 12 milyonu ötüb. İnfeksiya yeni yayılmağa başlayan ərəfədə insanlar havaların isinməsi ilə virusun da yox olacağına ümid bəsləyirdilər. Lakin yaz aylarında gözlənilənlərin tamam əksi olan mənzərə yarandı. Yay başlayanda vəziyyət daha da pisləşdi. Virus nəinki çox yayıldı, hətta daha aqressiv hal aldı.
Mütəxəssislər fevralda müşahidə olunan koronavirus xəstəliyi ilə son aylardakı xəstəliyin arasında fərqin çox böyük olduğuna diqqət çəkirlər. Həmin vaxt daha çox yaşlılar, yanaşı xəstəliyi olanlar arasında ağırlaşma və ölüm hallarına rast gəlinirdisə, son aylarda eyni vəziyyət gənclər arasında da müşahidə olunur. Bunun bir səbəbi yoluxmanın çoxluğudursa, digər səbəbi virusun aqressiyasında müəyyən fərqlərin meydana çıxmasıdır.
Araşdırmalar göstərir ki, COVID-19-un son mutasiyası əvvəlkilərdən 8 dəfə tez yayılma gücünə malikdir. Digər mülahizəyə görə isə, virus mutasiyaya uğradıqca zəifləyə də bilər. Hazırda mikrobioloqlar, virusoloqlar bununla ciddi məşğuldurlar. Digər tərəfdən isə virusa qarşı peyvəndin hazırlanması istiqamətində müxtəlif ölkələrdə aparılan tədqiqatlar davam edir. Bu müddətdə dünya dövlətləri vətəndaşlarını qorumaq üçün mümkün olan müxtəlif mübarizə üsullarından istifadə edirlər.
Azərbaycan koronavirusla mübarizəyə infeksiya hələ sərhədlərimizə çatmadan öncə başladı. Ölkədə yanvar ayından etibarən virusun yayılmasının qarşısının alınması üçün çevik, qabaqlayıcı tədbirlər görülməyə başlandı. Qısa zaman ərzində dövlətin bütün imkanları pandemiyaya qarşı səfərbər olundu. İnfeksiyanın xaricdən idxalının qarşısını almaq üçün sərhədlər bağlandı. Məhz dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa kütləvi yoluxma hallarının qarşısını aldı.
Lakin mayda karantin rejiminin yumşaldılması bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstəliyin yayılma sürətini artırdı. Bir çox vətəndaşlar yumşaldılmanı koronavirusun yox olması kimi anlayaraq, qoyulan qaydalara etinasız yanaşdı. Sosial məsafə saxlanılmadı, maska taxılmadı, nəticədə bu məsuliyyətsizliyin acı reallığı göz önündədir. İyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötdü, virus qurbanlarının sayı çoxaldı.
Gündəlik koronavirusa yoluxan xəstələrin sağalanların sayından artıq olması təcili tibbi yardımın operativliyinə də mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır. Mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur.
"Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli qərarında edilən dəyişikliyə əsasən, hava-damcı yolu ilə yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydasında yeni qaydalar müəyyənləşdi. Qərara edilən yeni dəyişikliyə görə, laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir.
Virusa
yoluxma sürətinin artması nəzərə alınaraq,
bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə
tətbiqi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən
müzakirə olundu. Xəstəliyi yüngül
simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və
müalicəsi barədə qərar qəbul edildi.
Koronavirusla mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupu rəhbərliyinin qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan tibb müəssisələrini əhatə edən 39 ərazi tibb məntəqəsi yaradıldı. Yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVID-19 virusuna yoluxmuş simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir. İşçi qrupunun vəzifələrinə isə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarəedilməsi, koordinasiyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir.
Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova Səhiyyə Nazirliyi tərəfindən koronavirusa
yoluxmuş vətəndaşların evdə
müalicə alma prosesi
haqqında məlumat verərkən deyib ki, yoluxma şübhəsi
yarandıqda ilk addım poliklinikaya
telefon zəngi vasitəsilə müraciət
etməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual
əsnasında xəstənin vəziyyətini dəyərləndirmək
üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının
əsasında yoluxma şübhəsi ilə
müraciət etmiş vətəndaşın
ünvanına COVID-19 testini keçirmək
məqsədilə tibb işçisi
yönləndirilir. 1-3 günə qədər testin
cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət
ərzində COVID-19 virusuna yoluxma şübhəsi ilə müraciət
edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən
izlənilir. Test nəticəsi müsbət olan
təqdirdə həmin şəxslər qeydiyyata
alınır, xəstəliyi simptomsuz və
ya yüngül simptomlarla keçirən vətəndaşlar
evdə müalicə almaq üçün
dövlət tərəfindən dərman preparatları ilə
təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı
ərzində yaranma ehtimalı olan fəsadların qarşısını
almaq məqsədilə
təyin olunur. Sahə həkimləri
COVID-19 virusuna yoluxmuş
evdə müalicə
alan xəstələrin
vəziyyətini 14 gün
ərzində gündəlik
olaraq müşahidə
edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə
müşahidə olunarsa,
həmin xəstənin
stasionar şəraitdə
müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən
edilir. Eyni zamanda xəstənin
vəziyyətində şiddətli
kəskinləşmə baş
verərsə, həmin
şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə
müraciət etməlidirlər.
Baş Səhiyyə İdarəsinin
rəisi qeyd edib ki, digər
infeksion xəstəliklərlə
yanaşı, COVID-19 virusunun
da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən
yoluxmuş xəstələrə
həmin müddət
ərzində yaşayış
yerlərini tərk etməyə icazə verilmir.
Evdə müalicəyə cəlb
olunan koronavirus xəstələrindən iltizam
alınır. "Evdə
müşahidə edilməyə
dair iltizam” sənədi şəxsdən
analiz götürülən
müddətdən etibarən
imzalanır. TƏBİB-in
hazırladığı sənəd
analiz nümunəsi götürülən zaman
2 nüsxədə doldurulur.
Sənəddə müşahidə olunan şəxsə aid bəzi məlumatlar qeyd olunur. Tibb işçisinin müraciəti
zamanı dürüst
məlumatları verməklə
həkim məsləhətlərinə
ciddi riayət edilməlidir.
İltizam sənədində qeyd olunub ki, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə nəzarət xüsusi mobil tətbiq vasitəsilə həyata keçirilir. Mobil tətbiq mütləq qaydada yüklənilməlidir. Mobil tətbiqin aktiv olması, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icrası mütləqdir.
Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməli və olduğu yerdən asılı olmayaraq tibbi maska taxılmalıdır. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. Sənəd iki halda - laborator test nəticəsi "neqativ” olduqda, həkimin qərarı ilə şəxs müalicə üçün xüsusi rejimli xəstəxanaya keçirildiyi vaxtdan etibarən qüvvədən düşür.
Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Xəstəxanada və ya evdə olmasından asılı olmayaraq, koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün ölkədə kifayət qədər dərman ehtiyatı var. Azərbaycan aylardır bütün imkanlarını koronavirusla mübarizəyə yönəldib. Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi dövlət üçün ən mühüm və prioritet vəzifədir. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda hökumətin ciddi nəzarəti altında hərtərəfli tədbirlər davam etdirilir. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana dəvət edilib. Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloq və pulmonoloqlar Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparırlar.
Türkiyə
Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin
üzvləri, eləcə də Rusiya və Türkiyədən
olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda
olacaq, xəstəliyin qarşısının alınması
üçün yerli mütəxəssislərlə birgə
müalicə və profilaktika sahəsində
çalışacaqlar.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 10 iyul.- S.5.