İnsansevərlik böyük dəyərdir

 

"Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər”.

 

İlham ƏLİYEV

 

 

 

Son illərdə Azərbaycanda həyata keçirilən irimiqyaslı tədbirlər ölkə gənclərinin xüsusi fəallığı ilə müşayiət olunur. Müxtəlif sahələri əhatə edən çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkə gəncləri öz bacarığı, əzmi, intellektual səviyyəsini layiqli şəkildə nümayiş etdirirlər. Gənclərimizin könüllü olaraq yaxından iştirak etdiyi bu tədbirlər cəmiyyətdə böyük rəğbətlə qarşılanır.

DOST Agentliyiilk DOST mərkəzi fəaliyyətə başladığı gündən "Könüllü DOST” proqramı bu qurumun hərəkətverici qüvvələrindən birinə çevrilib. İndiyədək proqramda iştirak üçün 10 mindən çox müraciət olub və ötən dövrdə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib. "Könüllü DOST” proqramı məzunlarından 17 nəfəri Agentliyin və DOST mərkəzlərinin əməkdaşları kimi fəaliyyətlərini davam etdirirlər.

 

 

Əlilliyimin olması fəaliyyətimə heç bir əngəl yaratmadı

 

 

"Könüllülük fəaliyyətimə 2015-ci ildə başlamışam. Bu dövr ərzində müxtəlif kateqoriyadan olan insanlarla işləmək, onlarla lazımi səviyyədə ünsiyyət qurmaq və problemlərinin həllində müəyyən kömək göstərmək mənə çox böyük təcrübə qazandırıb. Könüllülük fəaliyyəti dövründə ən böyük uğurum Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən imzalanan təşəkkürnamə olub”. Bu sözləri DOST Agentliyində könüllü kimi fəaliyyətə başlayan, hazırda isə fəaliyyətini DOST mərkəzinin əməkdaşı kimi davam etdirən Arzu Məsimov dedi. 1994-cü ildə Gədəbəy rayonunun Parakənd kəndində anadan olan Arzu Azərbaycan Universitetinin "Sosial ” ixtisasını bitirib. O, bu sahə üzrə praktiki biliklərə yiyələnmək üçün "Könüllü DOST” proqramına qoşulmaq qərarını verib. Daha sonra Arzu xüsusi vurğulayıb ki, proqram çərçivəsində əlilliyi olan gənclərin də könüllü kimi fəaliyyət göstərmələrinə burada lazımi şərait yaradılır: "2-ci qrup əlil olmağım fəaliyyətimə heç bir əngəl yaratmır. Bu proqram vasitəsilə xeyli praktiki biliklər əldə etdim. Sosial həssas qrupa aid insanlarla işləmək, rastlaşdıqları problemləri həll etmək, onlara yaxından dəstək olmaq məni çox xoşbəxt edir. Sonradan müsahibədən keçərək DOST mərkəzində işləmək şansım yarandı. Bundan sonra da əldə etdiyim biliklərdən səmərəli istifadə etmək, daha çox insana faydalı olmaq istəyirəm”.

 

Məqsəd hər kəsə dost məramı ilə yanaşmaqdır

 

 

 

Könüllülük fəaliyyətinə hələ tələbə ikən başlayan Kənan Əliyev hazırda 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşıdır. Eyni zamanda "İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvüdüro, indiyədək könüllülüklə bağlı bir çox layihədə iştirak edib:

"İlk könüllü fəaliyyətimə 2014-cü ildə universitet daxilində başlamışam. Bu müddət ərzində müxtəlif birlik və dərnəklərdə, həmçinin Tələbə Gənclər Təşkilatı ilə universitet daxilində fəaliyyət göstərən debat klubunda iştirak edib, universiteti müxtəlif yarışlarda, dövlət tədbirləri və layihələrdə təmsil etmişəm. Daha sonra 2015-ci ilin yanvarından iyun ayınadək "SosUşaq Kəndləri - Azərbaycan Assosiasiyası tərəfindən həyata keçirilən "Bakı Ailələrinə dəstək” layihəsində könüllü olaraq çalışmışam. 2015-ci ildə Yasamal rayon əlillər cəmiyyətində həssas qruplara yönəlmiş layihələrin təşkilində, elə həmin ilin aprel ayında "Birgə və sağlamİctimai Birliyinin layihələrinin həyata keçirilməsində iştirak etmiş və hər ilın aprelində olan "Aprel Autizm ayı” tədbirlərinin təşkilini həyata keçirmişəm”.

Kənan Əliyev könüllü fəaliyyəti ərzində onun ən böyük uğurunun daha çox insanla ünsiyyət qurması və illər keçməsinə baxmayaraq, onlarla əlaqəsinin davam etməsi olduğunu da qeyd etdi: "Hərbi xidmətdən qayıdandan sonra DOST Agentliyinin işinə nəzər yetirdimöz fəaliyyətimlə agentliyin prinsiplərinin uyğun olduğunu gördüm. Əsas məqsədim ədalət prinsipi əsasında, şəffaflıqla vətəndaşlara xidmət, cəmiyyətə faydalı olmaq üçün buradakı işimi vacib bildim.

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Könüllü fəaliyyətinə başladığım gündən bəri reallaşdırılan layihələrdə həm iştirakçı, həm təşkilatçı qismində fəaliyyət göstərmişəm”.

Hazırda ən böyük məqsədlərindən birinin güclü, vətənpərvər gənclərlə birlikdə cəmiyyətə faydalı işlər görmək olduğunu qeyd edən Kənan fəaliyyət göstərdiyi bütün qurumlarda potensialı olan gənclərin üzə çıxarılması üçün əlindən gələni etdiyini deyir.

 

 

İnsanlara yardım etmək, onlardan təşəkkür eşitmək çox sevindiricidir

 

"Gümüşü DOST” altproqramı vasitəsilə DOST mərkəzində könüllü kimi fəaliyyət göstərən 68 yaşlı Qurbantac Qazıbəyova qazandığı təcrübə barədə təəssüratlarını bizimlə bölüşdü. Fəaliyyəti müddətində sosial sahəyə aid biliklərini artırdığını deyən Qurbantac xanım gənclərlə işləməyin ona böyük zövq verdiyini bildirdi:

"Mənim ixtisasım alman dili müəllimidir. Uzun müddət məktəb direktoru işlədikdən sonra təqaüdə çıxmışam. Vaxtımı səmərəli keçirmək məqsədilə "Könüllü DOST” proqramı vasitəsilə "gümüşü könüllüoldum. Bu dövrdə mən həm öyrəndim, həm ehtiyac olanda gənc həmkarlarıma məsləhətlər verdim. İnsanlarla ünsiyyət qurdum, yeni dostlar qazandım, maraqlı günlər keçirdim. Hər gün sosial həssas qrupa aid insanlara yardım etmək, onlardan təşəkkür eşitmək həqiqətən çox sevindirici idi”.

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 10 iyul.- S.6.