Onlar ölkə rəhbərinin bütün çağırışlarına səs verirlər

 

2020-ci il "Könüllilər ili"dir

 

Prezident İlham Əliyevin və Birinci vitze-prezident Mehriban xanım Əliyevanın çağırışları əsasında Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) vətəndaşlar arasında başladığı "Bir-birimizi qoruyaq” adlı sosial kampaniya çərçivəsində aparılan maarifləndirmə tədbirləri uğurla həyata keçirilir.

Xüsusi karantin rejimi müddətində vətəndaşların kütləvi toplaşdıqları yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları ilə bağlı sakinlər arasında ictimai maarifləndirmə işi aparmaq, onların sağlamlığını qorumaq məqsədini daşıyan bu aksiyaya qazaxlılar böyük həvəslə qoşulmuşlar. Bununla əlaqədar Qazax Gənclərin İnkişafKaryera Mərkəzinin "Gənc könüllülər”i demək olar ki, fəaliyyətlərini gündən-günə genişləndirirlər. Onlar əhalinin çox olduğu məkanlarda - ictimai iaşə obyektlərində, dayanacaqlarda koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində "Burada qaydalara riayət olunur”, "Bir-birimizi qoruyaq”, "Aralı əyləşin, sağlam olun” və sair təbliğat və təşviqat yazıları əks olunmuş stikerləri avtobuslara, müəssisələrin divarlarına yapışdırır, məlumatlandırıcı flayerlər paylayırlar.

Bundan başqa, gənc könüllülərin karantin dövründə əsas fəaliyyətləri insanların daha sıx toplaşdıqları yerlərdə maarifləndirmə işlərini genişləndirməkdir. Elə bu günlərdə könüllülərdən bir qrupu kampaniya çərçivəsində əhalinin ən çox müraciət etdikləri və xidmətindən yararlandıqları "Azərpoçt” MMC-nin Qazax poçt filialında olmuş, insanlar arasında maarifləndirmə aparmış, dezinfeksiya işləri həyata keçirmiş, tibbi maskalar paylamışlar. Gənc könüllülər poçt filialına müraciət edənlərə bu ağır günlərdə öz şəxsi məsuliyyətlərini hiss etməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi karantin rejimi qaydaları ilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırmışlar.

Qazaxın gənc könüllüləri iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə də aksiya keçirmişlər. Onlar pandemiya ilə əlaqədar elan edilmiş sərt karantin dövründə şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının məhdudlaşdırıldığını, onların digər gündəlik işlərə daha çox vaxt sərf etdiklərini nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət etmiş, şəhid qəbirləri ətrafında təmizlik və abadlıq işləri aparmışlar. "Gənc könüllülər”in bu nəcib aksiyası şəhid ailələri, eləcə də rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır. Hazırda Qazaxın "Gənc könüllülər”i öz fəaliyyətlərini davam etdirirlər.

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 10 iyul.- S.6.