Təmənnasız
xeyirxahlıq ənənələrini yaşadırıq
2020-ci
il "Könüllilər ili"dir
Bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar mən də könüllülük fəaliyyəti ilə məşğulam. Bakı Dövlət Universitetinin məzunuyam. Kimsəsizlərə, xəstələrə və yaşlı insanlara xidmət göstərən könüllülərə qoşulmaqdan çox məmnunam. İlk könüllülük fəaliyyətimə bizim binadan bir az aralıda yaşayan Məlahət nənəylə dostluqdan, xidmətdən başlamışam.
Bütün qonşular bilir ki, Məlahət nənə kimsəsizdir, neçə illərdir ağır diabet xəstəsidir. Onun yeməyini diqqətdə saxlayıram, dərman preparatlarını vaxtlı-vaxtında alıb gətirirəm. Ayda bir dəfə müayinədən keçmək üçün yaşadığımız rayonda şəkər xəstəsi kimi qediyyatda olduğu poliklinikaya aparıb-gətirirəm. Bu işlərdə dostum Namiq və Razim Ağazadə qardaşları mənə yaxından dəstək olurlar.
Gördüyüm könüllülük fəaliyyətindən məmnun olduğum üçün yaxından tanıdığımız ruhi xəstə, kimsəsiz və heç yerdə işləməyən Gülzar İbrahimovaya da əl tutmağı, ərzaq yardımı etməyi özümə börc bilirəm. Karantin rejimi ilə əlaqədar onun da dükan-bazar işlərini görürəm.
Bundan başqa, gündə bir dəfə qonşu binada yaşayan Aydın əmiyə və Sədəf xalaya da baş çəkirəm. Onların övladı şəhərdən kənar rayonda yaşadığından gündəlik ərzaqlarını alıb verirəm. Lazım gələndə mobil telefonumla məni harada olsa tapırlar. Onlar "Evdə qal” çağırışına əməl edir, məsafə gözləyir və maskadan istifadə edirlər. Xatırladım ki, Aydın əmi və həyat yoldaşı Sədəf xala pensiyaçıdırlar, maliyyə baxımdan heç bir çətinlikləri yoxdur, amma karantin rejimi ilə əlaqədar könüllülərin xidmətindən istifadəyə ehtiyacları var. Odur ki, bu işi öhdəmə götürməkdən, sosial sahədə xüsusi qayğıya ehtiyacı olan insanlar ilə qarşılıqlı ünsiyyətdən məmnunluq duyuram.
Universitetdə təhsil aldığım müddətdə paralel şəkildə məşğul olduğum könüllülük işində insanlarla ünsiyyət qurmaq, qocalara və kimsəsizlərə kömək olmaq bir çox sahədə dünyagörüşümüzü, məsuliyyətimizi artırır. Bu sahədə qazanmış olduğum hər bir uğurun arxasında gördüyüm işlərin böyük rolu olduğunu qeyd etmək istərdim. Könüllülük müasir dövrdə Azərbaycan gəncinin qazanmış olduğu ən böyük uğurdur!
Həsən
HƏSƏNLİ
Bakı şəhəri,
Nərimanov rayonu
Azərbaycan.-2020.- 10 iyul.- S.6.