Fəaliyyətimizdən hamı razıdır

 

2020-ci il "Könüllilər ili"dir

 

 

Prezident İlham Əliyevin ölkədə 2020-ci ilin "Könüllülər ilielan edilməsi haqqında sərəncamı bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, onların potensialına olan tükənməz inamın göstəricisi, könüllü gənclərimizin fəaliyyətinə verilən ali dəyərdir.

Mən də mədəniyyət sahəsində fəaliyyət göstərən könüllü olaraq vətənpərvərlik hissinin daha da dərinləşməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında səy və bacarığımı əsirgəmirəm. Həmçinin Ulu Öndərin adını daşıyan mərkəzin könüllüsü olaraq Heydər Əliyev irsinin gənclər arasında təbliğini həvəslə həyata keçirirəm.

Aparılan işlərin əsas istiqamətlərindən biri Qarabağ əlillərinə, ahıllara, şəhid və aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə kömək etməkdir. Biz mədəniyyət könüllüləri olaraq bu sahələri daim diqqətimizdə saxlayırıq. Belə ki, həftənin müəyyən edilmiş günlərində şəhid ailələrinə baş çəkir, onlarla maraqlanır, həyət və baxçalarında təmizlik işləri aparır, səliqə-sahman yaradırıq. Bayram günlərində həmin ailələrə sovqatlar çatdırırıq.

Bərdə Regional Mədəniyyət İdarəsinin bir çox tədbirlərində mədəniyyət könüllüsü olaraq iştirak etmişik.

2020-ci ilin "Könüllülər ilielan edilməsi ilə əlaqədar "Gənclərlə əl-ələ”, "Könüllülük mədəniyyətinin formalaşmasında gənclərin rolu”, xalq mahnılarından ibarət "Musiqili xatirələr” karaoke yarışmasında iştirak etmişəm.

Pandemiya dövründə Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük” çağırışı mədəniyyət könüllülərinin şüarına çevrilmişdir. Xüsusilə 65 yaşdan yuxarı, tənha insanlara kömək məqsədilə onlara ərzaq və əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. işlərin görülməsində yardımlar edirik. Bu, üzvü olduğum cəmiyyətə qayğı və diqqətdir, xeyirxahlıq missiyasıdır. Bundan qürur duyur, könül rahatlığı tapırıq.

Karantin dövründə insanlarda xoş əhvali-ruhiyyə yaratmaq üçün biz fərqli mövzularda və istiqamətlərdə videoçarxlar hazırlayaraq sosial şəbəkələrə yerləşdiririk.

 

 

Nigar HÜSEYNZADƏ,

Tərtər rayonu, Heydər Əliyev Mərkəzinin könüllüsü

Azərbaycan.-2020.- 10 iyul.- S.6.