Hacı Zeynalabdin
Tağıyevdən bəhs edən ekran əsəri
beynəlxalq film festivalında
Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "100 il şərəfli ömür” sənədli filmi Los-Ancelesdə "FLICKFAIR” film festivalında bütün mərhələləri keçərək finala vəsiqə qazanıb və birincilik uğrunda mübarizəyə qatılıb. Qaliblərə ümumi dəyəri 10 min ABŞ dolları olan mükafat veriləcək.
"100
il şərəfli ömür” filminin ssenari müəllifi,
quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin
Qasımov bildirib ki, ekran əsərinin posteri festivalın əsas
səhifəsində yerləşdirilib.
Onun
sözlərinə görə, filmin çəkilməsində
əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş
coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz
haqqında insanlara geniş məlumatlar verməkdir.
O, XX
əsrin əvvəllərində baş verən tarixi, siyasi
proseslərə, eləcə də böyük xeyriyyəçinin
həyatının müxtəlif məqamlarına güzgü
tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə
böyük zaman sərf etdiyini söyləyib.
C.Qasımov deyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: "Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.
Ssenarisi üzərində üç ildən çoxdur
işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik
illərində, həm də sonradan əldə
etdiyi məlumatların onda
əminlik yaratdığını vurğulayıb: "Elə
bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli
filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar
təşkil edir. Bu kadrlar Almaniyadan əldə
olunub və Rusiyanın Sankt-Peterburq
şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən
beynəlxalq festivallar üçün
nəzərdə tutulub”.
Azərbaycan.-2020.- 10 iyul.- S.7.