Himayədarlığın,
qayğıkeşliyin mükəmməl örnəyi
Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə
göstərdiyi hərtərəfli diqqət davamlı və
çoxşaxəli səciyyə daşıyır
Dünya dövlətləri kimi, Azərbaycan da qlobal pandemiya şəraitindədir. İqtisadiyyatdakı geriləməyə baxmayaraq, dövlətin sosial siyasətində dəyişiklik yoxdur, yəni böhrana baxmayaraq heç bir sosial layihə təxirə salınmır, əksinə, keçən illə müqayisədə bu il daha geniş miqyasda həyata keçirilir. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələrə dövlət qayğısı hər zamankı kimi ön plandadır. Yəni qlobal böhran dövründə də əhalisinin sağlamlığı, sosial müdafiəsinin təmin edilməsi dövlətin qarşısında duran strateji vəzifələrdən biridir.
Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın sosial sahəyə xüsusi diqqət və
qayğısı, qəbul edilən qərarlar, imzalanan fərman
və sərəncamlar sosial cəhətdən həssas əhali
qruplarının etibarlı müdafiə sistemi ilə əhatə
olunmasına şərait yaradıb.
Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır
Xüsusən bu kateqoriyadan olan şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin diqqət və qayğısı hər zaman yüksək olub. Bu diqqət və qayğının bariz nümunəsini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva göstərir. Onun xidmətlərinin sevinci yüzlərlə şəhid ailəsinin ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, onlara həyat eşqi verib, qəlblərdə işıqlı sabaha inam yaradıb.
İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun siyasətinin prioritetidir. Mehriban xanım Əliyeva hər zaman Vətən uğrunda canından keçən igidlərin ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşmasını, onların sosial problemlərinin həllinə diqqət göstərməsini və ümumiyyətlə, cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini daim özünün vətəndaşlıq borcu hesab edib.
2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailə üzvlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müraciətə Birinci vitse-prezident tərəfindən dərhal müsbət münasibət bildirilməsi də deyilənlərin bariz təcəssümüdür.
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan hər iki ailə uzun müddətdir ki, çətin şəraitdə, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Qəza vəziyyətində olan evlərinin təmiri ilə əlaqədar ictimai birliyə ünvanlanmış müraciətlə bağlı təşkilat tərəfindən Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verilib. Fondun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.
Mehriban Əliyevanın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.
Əlbəttə ki, hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. Birinci vitse-prezidentin uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu milyonların sevimlisinə çevirib və bu əməllər Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu növbəti dəfə nümayiş etdirir.
Müharibə əlillərinə maddi-mənəvi dəstək
Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara göstərdiyi qayğı genişmiqyaslıdır. Erməni işğalçıları ilə döyüşdə əlil olmuş şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir.
Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır.
Xatırladaq ki, Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.
Birinci vitse-prezident ötən il protezlərlə təmin olunan hərbçilərlə görüş zamanı vurğulamışdır ki, dövlət onların fəaliyyətini yüksək qiymətləndirir, belə mərd və cəsarətli oğulların olması ilə fəxr edir. Hərbçilərimizin apardığı mübarizə haqq mübarizəsidir. Onların vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti hər vaxt bu insanlara dəstək olacağını söyləmişdiı: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.
"Ev almayan şəhid
ailəsi qalmayacaq”
Dövlətin öz vətəndaşlarına
göstərdiyi qayğı
bütün cəmiyyətimiz,
o cümlədən müharibə
əlilləri və şəhid ailələri
tərəfindən məmnunluqla
qarşılanır. Azərbaycanın müstəqilliyi uğrunda
canını fəda etmiş şəhidlərimizin
ailələrinə ölkə
rəhbərliyi tərəfindən
göstərilən diqqət
gündən-günə artır.
Prezident İlham Əliyev verdiyi fərman və sərəncamlarla şəhid ailələri
üçün hər
cür şərait yaradır. Şəhid ailələrinə mənzillər təqdim edilir, müavinətlər,
Prezident təqaüdü
verilir. Bu kateqoriyadan
olan ailələrin bir sıra üstünlükləri
də var. Onların işə düzəlməsində
güzəştlər olunur,
şəhid ailələrinin
övladlarının ali məktəbdə
oxuması üçün
dövlət təminatı
var, güzəştli
şərtlərlə mənzil
tikmək üçün
torpaq verilir, onlara ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid
ailələrinə həm
maddi, həm də mənəvi dəstək göstərilir.
2018-ci ildə keçirilən
prezident seçkilərindəki
qələbəsindən sonra
cənab İlham Əliyevin imzaladığı
ilk fərmanın da şəhid ailələri
ilə bağlı olması bunu təsdiqləyən reallıqdır. Şəhid ailələrinə
birdəfəlik ödəmənin
verilməsini nəzərdə
tutan bu fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə
xidmət edən ən humanist addımlardan
biri kimi qəbul edilməlidir.
Ötən il yanvarın 28-də Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid
ailələri ilə
görüşməsi, Prezidentin
"ev almayan şəhid ailəsi qalmayacaq” fikrini bəyan etməsi həm ölkə vətəndaşlarını qürurlandırdı,
həm də hər kəsə şəhid ailələrinə
münasibətin necə
olmasının nümunəsini
göstərdi. Azərbaycan vətəndaşı,
xüsusilə də ən həssas təbəqə olan şəhid ailələri,
müharibə əlilləri
bir daha gördülər ki, dövlət də, ölkənin lideri də hər zaman onların yanındadır, daim onlara sahib çıxıb
və bundan sonra da belə
olacaq.
Əslində, Prezident, həmçinin Mehriban xanım Əliyeva mütəmadi olaraq bu kateqoriyadan
olan insanlarla görüşür, onları
dinləyir və hər dəfə də yeni himayədarlıq
nümunəsi nümayiş
etdirirlər. Onu da vurğulayaq
ki, şəhid, o cümlədən məcburi
köçkün ailələri
və müharibə əlilləri ilə Prezidentin hər görüşü səmimi
ovqatı, xoş ünsiyyəti ilə əlamətdar olur, rəsmiyyətçilik məhdudiyyətini
tamamilə aşır.
Bu il şəhid
ailələrinə rekord
sayda - 1500 mənzil veriləcək
Vətənimizin ərazi bütövlüyü,
dövlətimizin, müstəqilliyimizin
qorunması uğrunda
şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin
əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin
sosial müdafiəsinin
gücləndirilməsi üçün
aparılan ardıcıl
işlər cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhidlərimizin ruhuna
sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük
qayğısından irəli
gəlir.
Pandemiya şəraitində yaşasaq
da, ölkədə müharibə əlilləri
və veteranları ilə yanaşı, şəhid ailələrinin
mənzillə təminatında
heç bir problem yaşanmır. Dövlət bu istiqamətdə
sosial layihələrini
reallaşdırmaqdadır.
İyulun 6-da Prezident İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra televiziya kanallarına verdiyi müsahibəsində bu məsələyə ətraflı şəkildə toxundu.
Bəlli oldu ki, qlobal böhrana baxmayaraq, aztəminatlı ailələrə göstərilən yardımlar davam edəcək və həssas təbəqəyə aid vətəndaşların mənzillərlə təmini prosesi reallaşacaq. Bu il şəhid ailələri və məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək. Belə ki, 7 mindən çox məcburi köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək, şəhid ailələrinə rekord sayda - 1500 mənzil veriləcək. Adətən il ərzində bu rəqəm 700-800 olub. Həmçinin 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzil təqdim ediləcək.
Əlavə edək ki, bu ilin may və iyun aylarında şəhid ailələri və müharibə əlillərinə 300 mənzil verilib. Daha sonra isə 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək. Xatırladaq ki, ötən il bu təbəqəyə aid vətəndaşlara 934 mənzil və fərdi ev təqdim edilib.
Həmçinin bu il müharibə əlilləri və onlara bərabər tutulanlara 100 avtomobil verilib. Cari ildə 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.
Göründüyü
kimi, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban
xanım Əliyeva əsgər və hərbi
qulluqçuların ailələrinin, milli ordu quruculuğunda,
habelə ölkəmizin ərazi
bütövlüyünün qorunmasında xidməti
olanların həyat şəraitinin
yaxşılaşmasına və sağlamlıqlarının
bərpasına həmişə xüsusi qayğı göstərirlər
və bu diqqət hər zaman ölkə ictimaiyyəti tərəfindən
çox yüksək dəyərləndirilir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 12 iyul.- S.1;6.