Azərbaycanı dünya ilə birləşdirən polad kəmər
BTC-nin
tam sistem kimi istifadəyə verilməsindən 14 il keçir
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsindən 14 il keçir. Ötən dövr ərzində bu möhtəşəm kəmər fəsiləsiz və təhlükəsiz işləyərək Azərbaycan neftini dünya bazarlarına nəql edib. Hazırda da ahəngdar şəkildə fəaliyyət göstərir.
2006-cı il iyulun 13-də BTC-nin işə düşməsi münasibətilə Türkiyənin Ceyhan şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının, səhmdar şirkətlərin rəhbərlərinin, hörmətli qonaqların iştirak etdiyi təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev həmin tədbirdə BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək demişdir: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir.
Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir”.
BTC ona bəslənən ümid və inamı layiqincə doğruldub və illər keçdikcə əhəmiyyətini artırır. Bu kəmərin uğurlu fəaliyyəti Azərbaycanın yeni neft strategiyasının təntənəsi və həmin strategiyanın daha qlobal layihələrlə zənginləşdirilməsinin təsdiqidir.
BTC nəhəng kəmərdir, Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edir. Boru kəmərinə yerüstü obyektlər sistemi də daxildir. Bu, 2 terminal,
8 nasos stansiyası, 101
siyirtmə məntəqəsindən ibarətdir. BTC-nin baş nasos
stansiyası Səngəçal
terminalında yerləşir. Azərbaycandakı ikinci nasos stansiyası
Yevlax rayonundadır.
Kəmərin Gürcüstanda da iki stansiyası
var. Qalan dörd stansiya Türkiyə ərazisindədir.
Əvvəlcə gündə 1 milyon barel neft ötürmək
gücündə layihələndirilən
kəmərin nəqletmə
qabiliyyəti sonralar
20 faiz də artırılıb. İndi BTC 1,2 milyon barel
gündəlik ötürücülük
gücünə malikdir.
BTC ilə "Azəri-Çıraq-Günəşli”
yataqlarından çıxarılan
neft, "Şahdəniz”
yatağından əldə
olunan kondensat, müəyyən miqdarda Türkmənistan, Qazaxıstan
və Rusiya nefti də nəql
edilir. Regionda enerji ixracının
başlıca arteriyası
hesab olunan bu boru kəməri
zəngin enerji ehtiyatlarının dünya
bazarlarına çıxarılmasında
mühüm rol oynayır. Qapalı Xəzər hövzəsi
və bütün dünya bazarlarına asan çıxışı
olan Aralıq dənizi arasında ilk birbaşa əlaqəni də məhz BTC yaradıb.
Xatırladaq ki, BTC-nin səhmdarları BP (30,1 faiz),
AzBTC (25 faiz), MOL (8,9 faiz), "Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz), "Eni” (5 faiz), "Total” (5 faiz), İTOÇU (3,4 faiz),
İNPEKS (2,5 faiz), "EksonMobil”
(2,5 faiz) və ONGC
(BTC) Limited (2,36 faiz) şirkətləridir.
BTC-nin operatoru olan BP şirkətinin verdiyi məlumata görə, kəmər istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə 455 milyon tondan artıq (3,41 milyard barel) xam neft nəql edib. Həmin neft həcmləri Ceyhanda 4457 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
İlin ilk üç ayı ərzində isə BTC vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunaraq Ceyhanda 76 tankerə yüklənib.
BTC-nin uğurlar salnaməsi getdikcə zənginləşir. 2018-ci il mayın 30-da "Cənub qaz dəhlizi”nin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: "2002-ci ildə artıq biz "Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.
2005-ci ilin may ayında Səngəçal terminalında ilk yükünü götürən, nəql etdiyi neft ilk tankerə vurularaq 2006-cı ilin iyun ayında dünya bazarlarına yola salınan BTC artıq 14 ildir təkcə Azərbaycana deyil, bütün regiona mühüm mənfəətlər gətirir. Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə həmçinin neft daşımalarının artımına, ekoloji risklərin azalmasına kömək edir.
"Əsrin müqaviləsi” və BTC-dən başlayaraq ölkəmizin yaratdığı mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq möhkəm təməl üzərində daha da inkişaf edir. Bu əməkdaşlıq və tərəfdaşlıq sayəsində Azərbaycandan Avropaya uzanan geniş bir enerji dəhlizi formalaşıb.
Flora SADIQLI
Azərbaycan.-2020.- 12 iyul.- S.1;7.