Dövlətimiz pandemiyanın iqtisadiyyata vurduğu zərəri aradan qaldıracağına inamlıdır

 

Prezident İlham Əliyev: "Biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik”

 

 

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına mənfi təsiri şəksizdir. Beynəlxalq maliyyə qurumları bunu hələ xəstəliyin yayıldığı ilk vaxtlardan bəyan etmişlər.

Zaman göstərir ki, pandemiya ən inkişaf etmiş ölkələri belə çətin problemlər qarşısında qoyur, orada iqtisadiyyat zəifləyir, işsizlik artır və s. Təbiidir ki, koronavirus Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Üstəlik, dövlətimiz iqtisadiyyata dəyən zərbələrə baxmayaraq, vətəndaşının sağlamlığını və güzəranını ön sıraya çəkmişdir.

Azərbaycanın nail olduğu sosial-iqtisadi inkişaf, aparılan köklü islahatların nəticələri indi, yaşadığımız çətin günlərdə ölkəmizə ayaqda durmağa imkan verir. Doğrudur, ilin ilk beş ayı ərzində iqtisadiyyat 1,7 faiz tənəzzülə uğrayıb. Bununla belə, bəzi sahələrdə artım əldə olunub. Məsələn, aqrar sektorda artım 3 faiz təşkil edib. Bu da unudulmuş, tənəzzülə uğramış kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə, yenidən canlanıb inkişaf etməsinə dövlətin son illər göstərdiyi diqqət və qayğının nəticəsidir.

Azərbaycan dövləti bu gün də kəndlinin, fermerin, sahibkarın yanındadır, onlardan köməyini əsirgəmir. Ona görə də kənd adamları karantin rejiminin qaydalarını gözləməklə torpağı əkib-becərməkdə, məhsul yetişdirməkdə, bağların, tarlaların, zəmilərin barını toplamaqdadırlar.

Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Əlbəttə, bu da son illərdə aparılan sənayeləşmə prosesinin təzahürüdür.

Bu gün Azərbaycan neftçiləri də başındadırlar. Xəzərin qoynundakı yataqlardan neftqaz hasilatı davam edir.

Təsadüfi deyil ki, Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri ilə Azərbaycandan mavi yanacaq ixracı keçən ilin müvafiq dövründə olduğundan çoxdur.

Prezident İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında televiziya əməkdaşlarının suallarını cavablandırarkən bildirmişdir ki, iqtisadiyyatın müxtəlif sahələrinə dəyən zərər bərpa ediləcək. Dövlət başçısı həmçinin hazırda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparıldığını və bunun biznes cəmiyyəti, biznes qurumlarında fəaliyyət göstərən vətəndaşlar tərəfindən yüksək giymətləndirildiyini demişdir. Prezident bu il yüz mindən çox əmək müqaviləsi imzalanmasının əslində qeyri-formal məşğulluğun ağardılması demək olduğunu bildirmişdir: "Bu, son hədəf deyil. Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda büdcə gəlirlərində də özünü göstərdi. Baxın, ticarət və ictimai iaşə obyektlərinin böyük əksəriyyəti bu müddət ərzində bağlı idi. Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq. Ancaq altı ay ərzində vergigömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir”.

Sosial layihələrdən söz düşmüşkən, yaranmış çətinliklərə baxmayaraq, bu il üçün nəzərdə tutulan həmin layihələrin heç biri təxirə salınmaycaq. Son aylar ərzində ölkənin paytaxtında, iri şəhərlərində, həmçinin bölgələrdə bir çox sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi bunu bir daha təsdiqləyir. Bu layihələr zəruri olan yeni xəstəxanaların tikilməsi ilə yanaşı, elektrik enerjisi sisteminin gücləndirilməsini, yolların çəkilməsini, artezian quyularının qazılmasını, qazlaşdırmanı və digər sahələri əhatə edir.

Dövlət başçısı bildirmişdir ki, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün cari ildə rekord sayda, əvvəlki illərdə olduğundan iki dəfəyə qədər çox - 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur.

Ünvanlı sosial yardım alanların sayı da artırılıb. Bu yardımdan 85 min ailə, yəni 300 mindən çox insan faydalanır. Digər önəmli sosial layihələr icra edilir. Xatırladaq ki, dövlət tərəfindən işsizləri, o cümlədən qeyri-formal sahədə çalışanları dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrin işçilərinə maddi yardım göstərmək digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulub həmin vəsaitin bir hissəsi artıq xərclənib.

Bir sözlə, Azərbaycan dövlətinin son illər ərzində nail olduğu sosial-iqtisadi inkişaf, yaratdığı maliyyə potensialı bu gün ona ayaqda durmağa, vətəndaşına hərtərəfli dəstək göstərməyə imkan verir.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 12 iyul.- S.6.