Şəhid zabitimiz Biləsuvarda torpağa tapşırılıb

 

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabiti, baş leytenant Rəşad Rəşid oğlu Mahmudov doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndində torpağa tapşırılıb.

AZƏRTACxəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını bildiriblər.

Şəhidin anası Sevda Hüseynova oğul itkisinin ağır olmasına baxmayaraq, onun şəhidliyindən qürur duyduğunu bildirib.

Qeyd edək ki, şəhid Rəşad Mahmudov 1992-ci ildə Biləsuvar rayonu Aşağı Cürəli kəndində dünyaya göz açıb. C.Naxçıvanski adına Hərbi Liseyi və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Tovuz rayonundakı "N” saylı hərbi hissədə qulluq edirdi.

 

Azərbaycan.-2020.- 14 iyul.- S.5.