Unudulmayan
tarix
Ulu
Öndər 1969-cu ildən başlayaraq Azərbaycanda
inkişaf və tərəqqi dövrünün əsasını
qoydu
"Heydər
Əliyev həm sovet dövründə, həm müstəqilliyin
ərəfəsində, həm də müstəqillik
dövründə xalq qarşısında, dövlət
qarşısında misilsiz xidmətlər göstərmişdir...
Heydər Əliyev Azərbaycana rəhbərlik
etməyə başlayanda biz ən sonuncu yerlərdə idik.
O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən
qabaqcıl yerlərə qədər ucaltdı”.
İlham
ƏLİYEV
Azərbaycan tarixində ən parlaq dövr, ən
güclü inkişaf mərhələsi Ümummilli Lider Heydər
Əliyevin respublikaya siyasi hakimiyyətə gəldiyi gündən
başlayır. Məhz həmin andan böyük rəhbərin
titanik, məqsədyönlü fəaliyyəti nəticəsində
ölkə misilsiz inkişafa döğru yüksəlmiş,
özünün əsl tərəqqi, intibah
dövrünü yaşamışdır. Ulu Öndər
ölkəyə rəhbərlik etdiyi illər ərzində
milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş,
daim xalqını, vətənini düşünmüş,
Azərbaycanın ən mürəkkəb məqamlarında
onu üzləşdiyi faciələrdən, çətinliklərdən
xilas etmiş, böyük fədakarlıqlar göstərmiş,
fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin
inkişaf məcrasını qabaqcadan görə bilmişdir.
Yalnız bir yolla - bütöv və tam həqiqətin
yolu ilə gedən və ağlasığmaz uğurlar qazanan
dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti,
əslində, tarixi faktların etirafıdır. Çünki reallıq və həqiqət
böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə
irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə
arxa, dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi,
gözəl arzular və xəyallar haqqında
düşünən, onları reallığa çevirən
bir şəxsiyyətin həyat amalı ancaq həqiqət
konsepsiyasına bağlıdır. Zaman
ötdükcə, illər keçdikcə bir çox
meyarlar, prinsiplər dəyişir, ancaq həqiqətin
meyarı isə dəyişməz qalır.
Xalqın
adamı
1969-cu il iyulun 14-də Heydər Əliyevin
respublikanın rəhbəri vəzifəsində fəaliyyətə
başlamasının ilk günlərindən aydın oldu ki,
dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl
milli liderini tapmışdır. Milli lider isə
hər bir xalqın taleyində nadir hadisə, fenomendir. Tarixi təcrübə göstərir ki, liderlik
keyfiyyətlərinə malik şəxsiyyətlərin
yetişməsində mühit və hadisələr
başlıca rol oynayır. Bu prosesdə
onlar özləri də mövcud şəraitin qarşıya
qoyduğu vəzifələrin icrası üçün yeni
vasitə, münasibət və yanaşma əxz edirlər.
Azərbaycan KP MK-nın iyul plenumunda 10 ildən artıq
müddətdə respublikaya rəhbərlik etmiş
ozamankı birinci katib Vəli Axundov səhhəti ilə
bağlı vəzifəsindən istefa vermiş və elmi
işlə məşğul olmaq arzusunu bildirmişdir. Plenumda
çıxış edən keçmiş Sov.İKP
MK-nın katibi İ.V.Kapitonov son illərdə respublikanın
bütün ittifaq göstəricilərindən geridə
qaldığını bildirmiş, vəziyyətin
narahatlıq doğurduğunu xüsusi
vurğulamışdır və həmin mötəbər məclisdə
Heydər Əliyevin Azərbaycanın birinci katibi vəzifəsinə
namizədliyi irəli sürülmüş və yekdilliklə
dəstəklənmişdir. Bu isə
respublikanın tarixində yeni siyasi mərhələnin
başlanğıcı olmuşdur. Ulu Öndər həm
birinci, həm də ikinci dəfə ölkənin ən
ağır vaxtlarında - ictimai münasibətlərin kəskin
şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin
fundamental əsaslarının dağıldığı, cəmiyyətin
zehnində dolaşıqlıq və mənəvi
dayaqlarında hərc-mərclik yarandığı dövrlərdə
rəhbərliyə gəlmiş və respublikanı nəinki
düşdüyü vəziyyətdən çıxara
bilmiş, habelə qısa vaxtda onun sürətli
inkişafına nail olmuşdur. Ulu Öndər
1969-cu ildə ölkə rəhbərliyinə gəlişi
ilə cəmiyyətə ədalət gətirmişdir.
Haqqın gücünə insanların
sönmüş inamını bərpa etmişdir. İnsanlar görmüşdülər ki, artıq
yuxarılarda onların da sözünü deyən, dərdlərini,
problemlərini eşidən var.
İlk
növbədə sağlam milli kadr bazası yaradıldı
1970-1980-ci illərdə Heydər Əliyevin
apardığı irimiqyaslı yenidənqurma işləri
postsovet məkanının digər respublikaları tərəfindən
diqqətlə izlənir, atdığı hər bir addım
geniş müzakirələrə səbəb olurdu. Həmin
dövrdə azərbaycanlılar üçün çətinlik
törədən amillərdən biri sovet Azərbaycanının
partiya və inzibati orqanlarında kök salmış kosmopolit
kadrların olması idi. Xüsusilə o
zaman Bakıda yaşayan ermənilər siyasi-iqtisadi, hərbi
və hüquq mühafizə orqanlarında, bir sözlə,
hakimiyyətin əksər pillələrində təmsil
olunur və bütün qüvvələrini milli kadrların
yerləşdirilməsinin qarşısını almağa
yönəldirdilər. Rəhbərliyə
gəlməmişdən əvvəl DTK orqanlarında durmadan
yüksələn və yüksəldikcə də Azərbaycan
milli elitası ilə güclü əlaqələr yaradan,
xalqını, millətini sevən böyük vətənpərvərin
qarşısıalınmaz qətiyyəti onları qorxuya
salırdı. Heydər Əliyev uzaqgörən və məqsədli
siyasi xətt yeridərək birinci növbədə milli
kadrların yüksəlişinə nail oldu və rəhbər
vəzifələrdən erməniləri
uzaqlaşdırdı. Ulu Öndər hələ
o zaman çox gözəl anlayırdı ki, ən qorxulu
qüvvə onu hədəfə götürmüş erməni
mafiyasıdır.
Moskvadan
himayə və məsləhət alan bu
millətin nümayəndələri respublika rəhbərinə
hər an göz qoyur, onun hər bir hərəkətini
özləri üçün müəyyənləşdirməyə
çalışırdılar. Ermənilərin
fitnələri isə ustalıqla dəf edilirdi. Heydər Əliyev siyasətinin başlıca məramı
güclü dövlət, güclü iqtisadiyyatla
yanaşı, sağlam milli kadrlar yetişdirmək idi. Ona görə də ölkə rəhbəri milli təhsilin
səviyyəsini və keyfiyyətini yüksəltmək
üçün fəal təhsil və kadr
konsepsiyasını irəli sürdü. Ali
məktəblərə qəbul sahəsində neqativ hallara
qarşı sərt mübarizə başlandı.
Təhsildə islahatlar dönüş xarakteri aldı. Yeni ali məktəblər
və onların filialları yaradıldı. Keçmiş
SSRİ-nin dünya səviyyəli təhsil ocaqlarına tələbələrin
göndərilməsi böyük miqyas aldı. Milli kadr bazasının yaradılması
üçün uzaqgörən məqsədli niyyətlər
özünü açıq şəkildə göstərirdi.
Kadr korpusunun istedadlı gənclər
hesabına təzələnməsi görünməmiş
sürətlə gedirdi. Gənclər respublikanın
elmi-texniki və mədəni potensialının yüksəldilməsindən
ötrü son dərəcə gərəkli ixtisaslara yiyələnmək
üçün Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi.
Azərbaycanın elmi və kadr potensialı
möhkəmlənir, xalqımızın milli-mənəvi, əxlaqi
dəyərlərinin təbliği üçün imkanlar
genişlənirdi. Faktiki olaraq qısa
müddətdə Azərbaycanın yeni tipli milli kadr
bazası yaradıldı, bir çox elmi məktəblərin
əsası qoyuldu. 1969-cu ilin avqust plenumunda isə iki əsas
prinsip də irəli sürüldü: milliləşmə
konsepsiyasına uyğunluq və yüksək professionalizm.
Ötən əsrin 70-ci illərinin ortalarında
ağıllı kadr siyasəti nəticəsində bu
mühüm vəzifələr yerinə yetirildi. Hər bir erməni
kadrının vəzifədən
uzaqlaşdırılması o zaman ciddi qalmaqal doğursa da,
görülən tədbirlər, aparılan əməli
işlər ən yüksək səviyyədə respublika rəhbəri
Heydər Əliyev tərəfindən birmənalı şəkildə
himayə olunurdu. Moskvaya qədər
hamı bilirdi ki, Azərbaycanın birinci katibi
aşağıların apardığı kadr siyasətini və
dəyişiklikləri daim müdafiə edir. Çünki həmin kadr siyasəti elə rəhbərin
özünün yeritdiyi siyasət idi.
Ulu
Öndər ana dilində danışan ilk rəhbər idi
Ulu Öndər ana dili siyasətinə xüsusi diqqət
yetirirdi. Təbii ki, sovet dövrünün ehkamları
respublika rəhbərindən bütün rəsmi tədbirlərdə
yalnız rus dilində danışmağı tələb
edirdi. Heydər Əliyev rəsmiyyətçilikdən
kənara çıxmaq üçün imkan düşən
kimi o, Azərbaycan dilinə müraciət edirdi.
Böyük rəhbərin hələ ötən əsrdə
Azərbaycana birinci katib seçiləndən bəri yeritdiyi
dil siyasəti bir məqsədə xidmət etmişdir: ana
dilini inkişaf etdirmək, onun dövlət statusunu
reallaşdırmaq, dünya dilləri içərisində
nüfuzunu artırmaq. Ümummilli Lider Azərbaycan
dilini yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim
tarixi, zəngin mədəniyyəti, müasir dünyada
ictimai mövqeyi ilə tanınan bir xalqın milli sərvəti
olduğunu dərindən dərk edirdi. 1970-ci
ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi
münasibətilə keçirilən mərasimdə
respublika rəhbəri ana dilində çıxış etdi.
1978-ci ildə Azərbaycan Konstitusiyasında
dövlət dilinin Azərbaycan dili olması haqqında
müddəanın müəllifi oldu.
1995-ci ildə Konstitusiya Komissiyasının sədri Heydər
Əliyev layihədə dövlət dilinin adı ilə
bağlı geniş müzakirələr keçirdi. 2001-ci il
iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
tədbirləri haqqında” fərman imzaladı. Azərbaycan Prezidenti yanında Dövlət Dil
Komissiyası yaradıldı. 2003-cü ildə
"Azərbaycan Respublikasında dövlət dili haqqında”
qanun qüvvəyə mindi.
Güclü
dövlət, güclü iqtisadiyyat
Hələ o zaman Ulu Öndər Heydər Əliyev belə
hesab edirdi ki, Azərbaycan iqtisadiyyatını yüksək səviyyəyə
qaldırmadan müstəqilliyə keçmək və
müstəqil ölkə kimi yaşamaq
qeyri-mümkündür. Buna nail olmaq üçün
respublika rəhbəri bütün vasitələrlə Azərbaycan
iqtisadiyyatını inkişaf etdirməyə, sovetlər
birliyinin mərkəzi dövlət və təsərrüfat
orqanlarında respublika üçün çox böyük vəsaitlər
ayrılmasına çalışırdı. Qısa tarixi
zamanda Heydər Əliyev dünyanın ən iri müəssisələrinin
Bakıda tikintisinə nail oldu. Kənd təsərrüfatında,
yerli emal sənayesində uğurlar qazanıldı. Bunlar praktik olaraq Azərbaycanın müstəqilliyə
keçməsini təmin edəcək milli iqtisadi bazanın
yaradılması demək idi.
Respublikada iri maşınqayırma, kimya, neft kimyası və
elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül,
yeyinti və emal sənayesi müəssisələri inşa
olundu, habelə elektroenergetika, nəqliyyat kompleksi ciddi şəkildə
inkişaf etməyə başladı. 1980-ci ilin göstəricilərinə
görə sənayenin əsas istehsal fondlarının dəyəri
1969-cu illə müqayisədə iki dəfə artaraq 8,4 milyard rubla çatdı. Azərbaycanda
sənaye istehsalı üç dəfə yuksəldi. 1976-cı ildən etibarən respublika sənaye
istehsalının artım sürətinə görə
ittifaq üzrə ön sıralara çıxdı.
1982-ci ildə
kənd təsərrüfatı məhsullarının
istehsalının həcmi 1969-cu ildəkinə nisbətən
3,9 dəfə artdı. Məhz
Heydər Əliyevin təşəbbüsü ilə
keçmiş ittifaq hökuməti 1979-cu ilin 22 fevralında
"Azərbaycan SSR-də üzümçülüyün və
şərabçılığın inkişaf etdirilməsi
haqqında” qərar qəbul etdi. Bu qərara
görə 1985-ci ilədək Azərbaycanda üzüm
istehsalı üç milyon tona çadırılmalı
idi.
Respublikada geniş tikinti-quruculuq işləri
aparılırdı. 1970-1985-ci illərdə yeni mənzillər
tikilmişdi ki, bu da sovet Azərbaycanında əvvəlki illərdə
inşa edilmiş binaların 70 faizinə bərabər idi.
Yeni iş yerlərinin yaradılması nəticəsində
iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci
ildə 2,4 milyon nəfərə
çatmışdı. Qeyd edək ki, bu, 1970-ci ilin
müvafiq göstəricilərindən 1,5
dəfə çox idi. 1969-cu ildə orta
aylıq əmək haqqının səviyyəsinə görə
Azərbaycan 15 müttəfiq respublika arasında
axırıncı yerdə dayandığı halda, 1980-ci ildə
dördüncü yerə yüksəlmişdi.
Azərbaycan
Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin
100 illik yubiley mərasimindəki çıxışında
Ulu Öndərin sovet dövründəki xidmətlərini
qeyd edərək demişdir: "Məhz onun rəhbərliyi
ilə sovet dövründə Azərbaycan müttəfiq
respublikalar arasında ən geridə qalmış yerdən ən
qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər
təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən
bir neçə əlamət var idi. Onların
arasında keçici "Qırmızı bayraq” var idi.
Yəni "Qırmızı bayraq” ilə o
respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm
kənd təsərrüfatında, həm də bütün
digər sahələrdə böyük uğurlar var idi.
Bax, Heydər Əliyevin dövründə 13 il
ərzində Azərbaycan hər il bu "Qırmızı
bayrağı” alırdı. Bu, bir daha onu təsdiq
edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük
uğurlu yol keçmişdir”.
Vətən
sevgisinin gücü
Respublikanın yeni rəhbəri milli-mənəvi dəyərlərimizin
qorunmasına, Azərbaycanın elmi potensialının
inkişafına böyük diqqət göstərirdi. Ölkənin
mədəniyyət və incəsənət xadimləri,
ziyalılar keçmiş İttifaq miqyasında yüksək
dövlət mükafatları ilə təltif edilir,
ziyalıların cəmiyyətdəki nüfuzunun bərpa
edilməsinə xüsusi əhəmiyyət verilirdi. Ulu Öndər Azərbaycanın
ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən
qətiyyətlə müdafiə etməyə, onların
sıxışdırılmasının
qarşısını almağa da müvəffəq
olmuşdu. Bunun ən bariz göstəricisi
ondan ibarətdir ki, 1969-cu ildən sonra Azərbaycanda bir nəfər
də olsun dissident ziyalı qeydə alınmamışdı.
Bir sözlə, həmin illərdə biz
dilimizi, ədəbiyyatımızı, tariximizi, musiqimizi -
nadir milli mədəniyyətimizin bütün qatlarını
özümüz üçün sanki təzədən
açır və yenidən qiymətləndirirdik.
Bu, bir cəsarət nümunəsi idi
Heydər Əliyev bu nümunəni tarixin başqa anlarında da təkrar-təkrar nümayiş etdirdi. Milli ruhun daşıyıcısı olan ziyalılarımızı təzyiq və təqiblərdən qoruyanda da, bu ruhu əks etdirən əsərlərə himayədarlıq edib onlara həyat qazandıranda da, keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə Azərbaycan və ümumilikdə müsəlman ölkələri ilə bağlı göstərdiyi təəssübkeşlikdə, prinsipiallıqda da...
Ulu Öndərin uzaqgörənliyini sübut edən faktlardan biri Azərbaycanda C.Naxçıvanski adına hərbi məktəbin açılması idi. Bu addım respulikada hərbçi kadların hazırlanmasına geniş şərait yaratdı.
Böyük rəhbərin əsas diqqət yetirdiyi məsələlərdən biri də elmin inkişafını təmin edən addımların atılması ilə bağlı olmuşdu. Məhz həmin 1969-cu il plenumundan sonra Azərbaycanda elm adamlarının sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirildi. Azərbaycanlı alimlər ən yuksək dövlət mükafatları ilə təltif olunur və ittifaq miqyasında tanınmağa başlayırdılar. Onların əsərləri Rusiyada, xarici ölkələrdə çap edilirdi, respublikada böyük elmi konfranslar keçirilirdi.
Bütün bunlar sovet Azərbaycanının tarixində çox əlamətdar bir dövrün əsasının qoyulduğunu təsdiqləyir. Heydər Əliyevin elan etdiyi prinsip və ideyalar ötən əsrin 70-ci illərində respublikada tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdi. Ulu Öndərin sovet siyasi arenasında rəhbərliyə gəlişi bütün maneələri dəf edərək, ilk növbədə, müstəqil düşüncəyə yol açmışdır. Ümummilli Lider dövlətçiliklə bağlı çıxışlarında həmişə deyirdi: "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır... Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin”. Heydər Əliyev fenomeninin böyüklüyü məhz xalqı qarşısında daim yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə çalışması ilə xarakterizə olunmuşdur. Ulu Öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Bu isə dahi rəhbərə Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı vermişdir.
İradə
ƏLİYEVA
Azərbaycan.-2020.- 15 iyul.- S.1;4.