Azərbaycanda koronavirusla
mübarizə davam edir
Qlobal böhrandan minimum itkilərlə
çıxmaq üçün bütün qüvvələr səfərbər
olunub
Dünya ölkələrinin qlobal
pandemiya ilə mübarizəsi davam edir. Müxtəlif sanitar-epidemioloji, profilaktik, məhdudlaşdırıcı
tədbirlərə rəğmən
hələ də virusun yayılma sürətini azaltmaq, yoluxma hallarının qarşısını almaq
mümkün deyil.
Artıq
bütün planetdə
yeni növ koronavirusa yoluxanların sayı 13 milyon nəfəri keçib.
COVID-19 virusunun qurbanlarının sayı
isə 600 minə çatıb.
Hazırda bəşəriyyət gözünü
və ümidini koronavirus peyvəndinin tapılmasına dikib. Artıq son günlər
vaksinlə bağlı
ümidverici xəbərlər
də yayılmaqdadır.
Belə ki, Rusiyada koronavirus
vaksininin kliniki sınaqları uğurla başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq
ediblər. Rusiyanın Tibb
və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib
ki, Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə
ilk vaksinin könüllülərin
üzərində sınaqlarını
müvəffəqiyyətlə başa çatdırıb.
Vaksini sınaqdan keçirmiş
könüllülərin birinci
qrupu iyulun 20-də müşahidə altında
evə buraxılacaq.
Vaksinin təhlükəsizliyinin alimlər
tərəfindən tamamilə
təsdiq edildiyi, könüllülərin sağlamlığında
problemlər müşahidə
olunmadığı deyilir.
ABŞ-da isə
dörd peyvəndin klinik sınaqlarına başlanılıb. Əczaçılıq şirkətləri yayın sonunadək vaksin istehsalına başlamağı planlaşdırırlar.
Hələlik isə peyvənd tam hazır olanadək bəzi ölkələr koronavirusun yoluxmasının
qarşısını almaq
məqsədilə məhdudlaşdırıcı
tədbirlər, xüsusi
karantin rejimi tətbiq edirlər. İndiki şəraitdə
koronavirusun yayılma arealını azaltmaq üçün görülən
effektiv tədbirlərdən
biri məhz karantin rejiminin tətbiqidir.
Koronavirusla mübarizədə Azərbaycan
nümunəsi
Əhalinin say tərkibinə, xəstələnənlərin
sayına, digər ölkələrin və Ümumdünya Səhiyyə
Təşkilatının statistikalarına
baxanda demək olar ki, ölkəmiz
virusla mübarizədə
irəlidədir. Belə ki,
qlobal bəşəri
təhlükə yayılmağa
başlayandan Azərbaycan
dünyanı bürümüş
virusa qarşı mübarizədə ən
ciddi tədbirlər görmüş ölkələr
sırasına qoşuldu.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı vaxtında görülən
preventiv tədbirlər
sayəsində koronavirusun
ölkəmizdə tüğyan
etməsinin qarşısı
alındı. Azərbaycan
dövləti Ümumdünya
Səhiyyə Təşkilatının
tövsiyələrini nəzərə
alaraq, ilk gündən,
xəstəlik ölkəmizin
sərhədlərinə yaxınlaşmazdan
əvvəl onun ciddiliyini anladı və dünyada öz sərhədlərini
qapadan, bütün təhsil müəssisələrini
bağlayan, kütləvi
tədbirləri, idman
yarışlarını təxirə
salan ilk ölkələrdən
biri oldu. Dövlətimiz COVID-19-la mübarizəyə vaxtında başladı və bu istiqamətdə
görülən tədbirlər
effektini göstərdi.
Məhz dövlət tərəfindən
vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa
kütləvi yoluxma hallarının qarşısını
aldı. Digər ölkələrlə
müqayisədə Azərbaycanda
koronavirusa yoluxma və ölüm hallarının azlığı
ölkəmizin qlobal pandemiyanın öhdəsindən
bacarıqla gəldiyinin
əyani sübutudur.
Ümumdünya Səhiyyə Təşkilatı
da bu sahədə
respublikamızda atılan
addımları təqdir
edərək, ölkəmizin
təcrübəsini digər
dövlətlərə nümunə
göstərdi. Koronavirus
pandemiyası dövründə
Azərbaycan əhalisinin
sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması,
xalqımızın bu
bəladan daha az itkilərlə
xilas olması ilə bağlı gördüyü mühüm
işlərə görə
vətəndaşlarımız da Prezident İlham
Əliyevə çoxsaylı
minnətdarlıq məktubları
yazırlar.
Azərbaycanda virusla mübarizə hələ də qətiyyətlə davam etdirilir. Qlobal böhrandan minimum itkilərlə çıxmaq
üçün bütün
qüvvələr COVID-19-a qarşı səfərbər
edilib. Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə
uyğun olaraq, yeni növ koronavirusla
mübarizə sahəsində
çalışan 115 kubalı
tibb mütəxəssisi
iyulun 13-də Azərbaycana
gəlib. Kubalı mütəxəssislər
COVID-19 infeksiyasının geniş
yayılmasının qarşısının
alınması istiqamətindəki
tədbirlər çərçivəsində
ölkəmizə gəliblər.
Bu heyət 3 ay müddətində Azərbaycanda
olacaq. Kubanın tibb mütəxəssisləri
dünyanın 20-dən çox
ölkəsində pandemiya
ilə mübarizəyə
dəstək göstərir.
Virusa yoluxmuş həkimlərin
səhhəti Mehriban Əliyevanın nəzarətindədir
Mərhələli şəkildə həyata
keçirilən təsirli
tədbirlər sayəsində
demək olar ki, yeni növ
koronavirus ölkəmizdə
nəzarət altındadır. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir,
uyğun addımlar atılır. Buna baxmayaraq hələ də yoluxma sayı yüksəkdir.
Mayda karantin rejiminin yumşaldılmasını bir
çox vətəndaşlar
xəstəliyin yox olması kimi anlayaraq, qoyulan qaydalara etinasız yanaşdı. Sosial məsafə
saxlanılmadı, maska
taxılmadı, nəticədə
bu məsuliyyətsizliyin
acı reallığı
ilə qarşı-qarşıya
qaldıq. İyun ayının
ortalarından koronavirus
ölkə ərazisində
sürətlə yayılmağa
başladı, gündəlik
təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötdü,
virus qurbanlarının sayı
çoxaldı. Ölkədəki epidemioloji vəziyyət qənaətbəxş olmadığı
üçün xüsusi
karantin rejimi yenidən sərtləşdirildi.
Bu qərar artıq
öz nəticəsini
verməkdədir. Virusa yoluxanların
sürətlə artan
sayı hazırda sabitləşib. İyulun 13-də isə sağalanların sayı artaraq yoluxanların sayını
üstələdi.
Təəssüf ki, Azərbaycanda virusa yoluxanlar və həyatını itirənlər arasında
tibb işçiləri
də var. İlk gündən etibarən ölkəmizdə virusdan
sağalanların sayının
yüksək olmasında,
ağır xəstələrin
həyata qaytarılmasında
həkimlərin, tibb işçilərinin fədakar
əməyi danılmazdır. Məhz onların
sayəsində 15 mindən
çox vətəndaşımız
təhlükəli bəladan
qurtulub. Həkimlərimizin virusa qarşı mübarizəsi, vətəndaşlarımızın
sağalması uğrunda
öz canlarını
belə heçə sayaraq fədakarlıq etmələri dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir vətəndaşın
sağlamlığına diqqətlə,
həkimlərin səhhətinə
isə xüsusi həssaslıqla yanaşırlar.
Xüsusi rejimli xəstəxanalarda
pandemiya ilə mübarizə aparan bütün həkimlərin
səhhəti Mehriban Əliyevanın tapşırığına
əsasən daim diqqət mərkəzində
saxlanılır, eləcə
də virusa yoluxmuş tibb işçilərinin müalicəsi
ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilir.
Amma koronavirusla
ön cəbhədə
vuruşan həkimlərimizin
səhhəti təkcə
dövlət rəhbərliyi
tərəfindən deyil,
hər bir vətəndaş tərəfindən
düşünülməlidir. Hər kəs
karantin qaydalarına, gigiyena şərtlərinə
əməl edərək,
sosial məsafə saxlayaraq, maska taxaraq özünü qorumaqla həkimlərin də yükünün ağırlaşmamasına, həyatlarının
təhlükəyə düşməməsinə
rəvac vermiş olar.
Qaydaları pozanlar məsuliyyətə
cəlb olunurlar
Lakin nə qədər yazılsa da, deyilsə də, cərimələr tətbiq edilsə də, hər gün karantin rejimini pozan şəxslər yenə aşkarlanmaqdadır. Polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, rayonlara istirahət məqsədilə gedən şəxslər müəyyənləşərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, cərimə olunurlar.
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 13.07.2020-ci il saat 00:00-dan 14.07.2020-ci il 00:00-dək olan müddət ərzində 1310 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. 385 nəqliyyat vasitəsinin isə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda və regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 153 ərzaq satışı mağazası olmaqla, ümumilikdə, 194 müəssisədə reyd keçirilib. Bu obyektlərdən 76-da metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barəsində qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Vətəndaşlar bilməlidirlər ki, pandemiya dövründə həyata keçirilən bütün tədbirlər, qadağalar məhz onların sağlamlığı, rifahı üçün hesablanıb. Hər kəs özünü, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman yoluxma zəncirini qırmağa kömək edə, virusa qalib gələ bilərik.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 15 iyul.- S.1;11.