Ağstafalı şəhid Elçin Mustafazadə torpağa tapşırılıb

 

İyulun 13-dən 14-nə keçən gecə mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən şəhid olan əsgər Mustafayev Elçin Arif oğlu bu gün Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an layiqli cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildiriblər.

Şəhidin anası Mahirə Mustafayeva oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu ifadə edib.

Dəfn mərasimindən sonra Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim olunub.

 

Azərbaycan.-2020.- 15 iyul.- S.6.