İLHAM ƏLİYEVİN XƏBƏRDARLIQLARI

 

Ermənistan və onun havadarları deyilənlərdən nəticə çıxarmalıdırlar

 

 

Lap qədimlərdə belə bir qayda da varmış:

Müharibə etməyə hazırlaşan dövlətlərin qoşunları qarşı-qarşıya düzülər, döyüşdən qabaq meydana orduların sərkərdələri, hər tərəfin ən güclüləri çıxar, qüvvələrini sınayardılar. Bəzən sərkərdəsi biabırçı şəkildə məğlub olan dövlətin ordusu döyüşdən imtina edərək təslim olardı.

Ağıllı yol sayılırdı: ordunu niyə qırdırsınlar?!

Bu gün Ermənistan-Azərbaycan hərbi qarşılaşması qədim dövlətin adətini yada salır.

Aprel müharibəsi və son dövrdə baş verənlər əyani şəkildə göstərdi ki, erməninin nə gücü gücümüzə çatır, nə də "sərkərdəsi” bir şeydir...

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyevin dünyada hörmət və nüfuzu ilbəil deyil, aybaay, günbəgün artır!

Buna səbəb onun gördüyü əməli işlər, dünya dövlətlərinə və xalqlarına etdiyi yaxşılıqlar, həyata keçirdiyi layihələr, beynəlxalq gündəmə çıxardığı həlli vacib problemlər, dalbadal irəli sürdüyü təşəbbüslər, verdiyi faydalı təkliflərdir.

Bəli, İlham Əliyev Azərbaycanı dünya üçün maraqlı və əməkdaşlığa layiq ölkəyə çevirə bilib!

Bəli, İlham Əliyev dünya dövlətlərinin maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdıra bilib!

Bəli, İlham Əliyev uzaqgörən və düşünülmüş siyasəti, hər dəfə atdığı hesablanmış addımları ilə qısa müddətdə dünyanın müasir liderləri ilə bir səviyyəyə yüksəlməyi bacarıb!

Odur ki, dünyada keçirilən ən nüfuzlu tədbirlərin sevilən və arzuolunan dəvətlisi, ən ağıllı və maraqlı çıxışçısı, gərəkli və səmərəli təkliflərin müəllifi statusunu da qazanıb!

Əlbəttə, buna sevinməyənlər də, paxıllıq edənlər də, qısqanclıqla yanaşanlar da varbütün bunlar təbii sayılır...

İndi dünya yeni, bənzərsiz, həm də xoş olmayan dövrünü yaşayır - COVID-19 pandemiyası hər şeyi tərsinə çevirib.

Qapılar bağlanıb, dövlətlər öz qınına çəkilib, dərin iqtisadi böhran öz nəfəsini hiss etdirir.

Yenə görünən İlham Əliyevdir!

Yenə yaranmış ağır vəziyyətdən çıxış yolunu görən və göstərən İlham Əliyevdir!

Yenə koronavirus bəlasına və iqtisadi böhrana qarşı ölkələri birliyə çağıran, bu birliyin yollarını və üsullarını, mübarizə vasitələrini göstərən İlham Əliyevdir:

 

* Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında onlayn iclasını keçirdi;

 

* dünya Qoşulmama Hərəkatının möhtəşəm videokonfransının təşəbbüsçüsü və təşkilatçısı oldu;

 

* BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasının müəllifinə çevrildi!

 

Bütün bunlar sülhə, əməkdaşlığa, xeyirxahlığa və insanlığa xidmət edir!

 

***

 

Azərbaycanın həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir!

 

İlham Əliyev bu çoxillik münaqişəni də çözmək əzmindədir!

 

Son illərdə bu yolda bir-birindən qətiyyətli və inamlı addımlar atıb.

 

Əslində, işğal altındakı torpaqların azad edilməsi üçün zəruri işlərin hamısı görülüb:

 

* Azərbaycanın güclü iqtisadiyyatı, hətta müdafiə sənaye kompleksi yaradılıb;

 

* ölkəmizin dünyada nüfuzu və çəkisi artıb, səsi və sözü daha ucadan və aydın eşidilməyə başlayıb;

 

* mühüm beynəlxalq təşkilatlarda aparılan səmərəli fəaliyyət sayəsində Qarabağ həqiqətləri olduğu kimi qəbul edilməkdə və dəstəklənməkdədir;

 

* ən müasir texnologiyalara əsaslanan silahlarla silahlanmış, mükəmməl təlim görmüş modern ordu yaradılıb;

 

* Ermənistanın faşist xislətli, yalançı və işğalçı dövlət olduğu dünya ictimaiyyətinə çatdırılıb!

 

Bütün bunlara nail olan Prezident İlham Əliyev son dövrlərdə mənfur düşmənə dalbadal və bir-birindən güclü zərbələr də endirib:

 

* 2016-cı ilin dördgünlük Aprel müharibəsində min hektarlarla ərazini Lələtəpə yüksəkliyi timsalında Azərbaycanın nəzarətinə qaytararaq, Cocuq Mərcanlı qəsəbəsini salıb məskunlaşdırmaqla, əslində, geriyə qayıdışın bünövrəsi qoyuldu!

 

* Naxçıvanda Günnüt əməliyyatı sayəsində nəinki böyük bir ərazi ələ keçirildi, üstəlik, Ermənistandan Gorusa və Laçına gedən yol nəzarətə alındı!

 

Əlbəttə, ağlı olan dövlət başçısı yaranmış yeni situasiyanı anlamalı və xalqının gələcək taleyini (hələ indiki dilənçi vəziyyətini demirik) nəzərə almalı idi. Siyasi dərsini türmədə alıb hakimiyyətə meydandan gələn Ermənistanın baş naziri Paşinyan isə problemlər burulğanında başını itirib.

 

Gah Rusiyaya yalmanır, gah Qərbə yaltaqlanır...

 

Özündən olsa "hiyləgər siyasət” aparır.

 

Artıq hər şey onun əleyhinə işləyir: atdığı yanlış addımlardan tutmuş koronavirus pandemiyası və dalana dirənmiş iqtisadiyyata qədər.

 

Lakin yenə də erməni həyasızlığından əl çəkmir: "Qarabağ Ermənistandır nöqtə” deməklə "ümumxalq məhəbbəti” qazanmağa çalışır.

 

Şuşada "andiçmə” mərasimi keçirir.

 

İşğal ərazilərində məskunlaşdırma aparır.

 

Əslində, bütün bunlar münaqişənin həllini sülh danışıqları müstəvisindən çıxararaq müharibəyə aparır!

 

Azərbaycan Prezidenti Paşinyanın iştirak etdiyi məclislərdə:

 

* Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda;

 

* Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında;

 

* Münxen Təhlükəsizlik Konfransında çıxış edərək onun və bütövlükdə Ermənistanın faşist və işğalçı simasını ifşa etdi!

 

Axırının çatdığını yaxşı anlayan Paşinyan özünü xilas etmək üçün "yeni hiyləgər plana əl ataraq iyulun 12-də Azərbaycanın Tovuz bölgəsinə hücum etdi.

 

Məqsədi KTMT-ni - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz tərəfindən münaqişəyə cəlb etməkdir.

 

Ağılsızlığın bir əlaməti də özünü hamıdan ağıllı saymaqdır...

 

***

 

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı sərt və qətiyyətli çıxışı hamının ürəyindən oldu.

Ali Baş Komandan Ermənistanın təxribatından, ordumuzun ona verdiyi cavabdan ətraflı danışdı, bir daha Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoydu:

"Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərini qoruyacaq”.

"Azərbaycan heç vaxt işğal edilmiş torpaqların bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.

"Əgər Ermənistan öz ərazisindən Azərbaycan kəndlərinə atəş açırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk”.

"Düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq”.

Azərbaycan xalqı şəhid olmuş balalarını böyük hörmət və ehtiramla son mənzilə yola saldı!

Xalq dövlət başçısı, Ali Baş Komandanın ətrafında daha sıx birləşdiyini bir daha nümayiş etdirdi!

Azərbaycan Ordusu yenə də öz gücünü və qüdrətini nümayiş etdirdi!

Azərbaycan gəncləri dəstək yürüşü keçirərək torpaqların işğaldan azad edilməsi uğrunda döyüşə hər an atılmağa hazır olduğunu söylədi!

12 iyul döyüşləri Aprel savaşı və Günnüt əməliyyatında olduğu kimi, Ali Baş Komandana ümumxalq məhəbbətinin növbəti təsdiqinə çevrildi!

İlham Əliyevin rəhbərliyi ilə iqtisadi cəhətdən güclü, hərbi cəhətdən qüvvətli olan və düşünülmüş siyasət yürüdən Azərbaycan tezliklə işğaldakı torpaqlarını da azad edəcəkdir!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2020.- 16 iyul.- S.1;10.