Azərbaycanı anarxiyaya sürükləmək mümkün deyil
Güclü dövlətimiz,
milli həmrəyliyimiz və
xalqımızın öz rəhbəri ətrafında
sıx səfərbər olması antimilli
qrupların pozuculuq planlarını iflasa uğradır
Bu günlərdə Tovuz rayonu istiqamətində ordumuzun mövqelərini ələ keçirmək istəyən Ermənistan bu hərəkəti ilə işğalçılıq siyasəti yürütdüyünü və təcavüzkar dövlət olduğunu bir daha təsdiq etdi. Azərbaycan Ordusu düşmənin bu niyyətinin qarşısını qəhrəmanlıqla aldı. Əks-həmlə və zərbələrlə geri qaçmağa məcbur olan ermənilər xeyli canlı itki verdilər, hərbi texnika sarıdan tələfata məruz qaldılar.
Yüksək döyüş əzminin və vətənpərvərliyin təsdiqi
Bu hadisə, ilk növbədə, məlum həqiqətləri yenidən bütün dünyaya nümayiş etdirdi. Belə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın istənilən an Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratmağa qadir olduğunu gördü.
Son illərdə həyata keçirilən genişmiqyaslı hərbi modernləşmə tədbirlərinin, ən müasir silah və texnikanın ordumuzun arsenalına daxil edilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin potensialı istənilən şəraitdə, istənilən zaman kəsiyində uğurlu döyüş əməliyyatını aparmağa imkan verir. Tovuz istiqamətində düşmənin qəflətən etdiyi hücumun qarşısının dərhal alınması da bunu təsdiq edir. Görünən odur ki, düşmən bu xain planını həyata keçirmək üçün əvvəldən ciddi hazırlaşıb. Lakin elə hücumun ilk anlarından ordumuzun sarsıdıcı cavabı ilə bu plan alt-üst edildi və Ermənistan ordusu geri qaçmağa məcbur oldu.
Tovuz
istiqamətində baş verən hərbi toqquşmanın təsdiq
etdiyi başqa bir reallıq Azərbaycan Ordusunun şəxsi
heyətinin yüksək döyüş əzmində
olması, generaldan əsgərədək hər bir hərbi
qulluqçunun mübarizliyi, yüksək vətənpərvərliyidir.
Elə buna görədir ki, qəhrəman vətən övladları torpaq uğrunda
canlarını fəda etdilər, şəhidlik zirvəsinə
ucaldılar. Ermənistan ordusuna
qarşı həyata keçirilən hərbi əməliyyatlar
həm də onu göstərdi ki, Azərbaycan Ordusunun
generalları, yüksək rütbəli hərbçiləri
əsgərlərlə birlikdə döyüş
meydanlarındadır. Bir daha sübut
olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü
fərqləndirmir və qarşıda duran
tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək
üçün öz
canını hər an qurban
verməyə hazırdır.
Azərbaycan Ordusunun Ermənistanın hücumunun qarşısını almaq üçün həyata keçirdiyi hərbi əməliyyat həm də bütövlükdə cəmiyyətimizdəki yüksək vətənpərvərlik ab-havasını nümayiş etdirdi. Bunu Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar da təsdiqləyir. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunmaq istəyi, ordu sıralarında qulluq etmək niyyəti qürurverici haldır.
Orduya dəstək aksiyasından çirkin məqsədlər üçün istifadə edildi
Ordumuza dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi vətənpərvərlik hissindən irəli gəlir. Könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaş tərəfindən dövlət orqanlarına da çoxsaylı müraciətlərin olunması bunun təsdiqidir. Belə tədbirlər göstərir ki, Azərbaycan xalqı torpaqlarının işğalı faktı ilə heç vaxt barışmayacaq və bu mübarizədə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir.
Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ordumuza dəstək məqsədilə iyulun 14-ü axşam saatlarında Bakıda keçirilən yürüşə bir qrup təxribatçı tərəfindən sonradan siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər edildi. Belə ki, Şəhidlər xiyabanının və Milli Məclisin qarşısına toplaşanların arasından bir qrup gecə saatlarında parlamentin inzibati binasına daxil oldu. Milli Məclisin birinci mərtəbəsinə, foyesinə daxil olan təxribatçılar inzibati binada dağıntılar törədib, inventara ziyan vurdular. Polis əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində bu hərəkətin qarşısı alındı və aksiya iştirakçıları parlamentin binasından çıxarıldılar.
Eyni zamanda təxribat və iğtişaş yaratmaq istəyən qrup asayişi təmin edən polislərin istifadə etdikləri avtomobillərə ciddi ziyan vuraraq, onları yararsız hala saldı. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin bununla bağlı məlumatında deyilir: "Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərmiş və zor tətbiq etmiş, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, xidməti avtomobillərə ciddi ziyan vurulmuşdur”.
Təxribatçı əməllərin hüquqi qiyməti veriləcək
Sərhəd zonasında hərbi əməliyyatların hələ də səngimədiyi, gərginliyin davam etdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, sosial şəbəkələrdə yalan informasiyaların yayılması, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası, şəhidlərin xatirəsinə hörmətsizlikdir. Azərbaycan Respublikası Milli Məclisi Aparatının məlumatında baş verənlər pislənilir: "Azərbaycan Respublikasının Milli Məclisi olaraq xalqımıza, dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə dövlətin ali qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir”.
Daxili işlər orqanları tərəfindən dünənki iğtişaş cəhdinin, təxribatçı əməllərin qarşısı dərhal alındı. Azərbaycan hüquqi dövlətdir və bu kimi hallara da hüquqi müstəvidə qiymət veriləcək. Asayişi pozanlar, dövlət əmlakına ziyan vuranlar, iğtişaş yaratmaq istəyənlər layiqli cavablarını alacaqlar.
Bir məsələni unutmaq lazım deyil ki, bu kimi hallar dövlətə, cəmiyyətə ziyandan başqa heç nə gətirmir. 1993-cü ilin ağrı-acılı günləri hamımızın xatirindədir. Həmin dövrün ən ciddi problemlərindən biri anarxiya mühitinin hökm sürməsi idi. Əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, həmin dövrdə Azərbaycanın müstəqilliyi yenidən itirilə və hətta ölkəmiz parçalana bilərdi.
Ümumiyyətlə isə, Bakıda baş verənlər göstərdi ki, bəzi siyasi qrupların və şəxslərin Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq cəhdləri əbəsdir. Xalqımız bundan sonra da belə bədxah niyyətlərə qarşı sipər olacaq. Digər tərəfdən bu gün Azərbaycan dövləti çox güclüdür və ölkəmizi xaosa, anarxiyaya sürükləmək mümkün deyil. Ən əsası isə cəmiyyətimizdə möhkəm milli həmrəylik var və Azərbaycan xalqı öz rəhbərinin ətrafında sıx birləşib. Ona görə ölkəmizlə bağlı bütün təxribatçı planlar iflasa məhkumdur.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 16 iyul.- S.1;10.