Azərbaycan
Ordusu Ali Baş Komandan tərəfindən verilən
bütün tapşırıqları şərəflə
yerinə yetirir
İlham
Əliyev: "Son günlər ərzində baş vermiş
toqquşmalar və qanlı döyüşlər Azərbaycan
dövlətinin, ordusunun gücünü, xalqla iqtidar
arasındakı birliyi bir daha göstərdi"
İyulun
15-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib.AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı iclasda nitq
söyləyib.
Prezident İlham
Əliyevin nitqi
- Hər il olduğu kimi, biz bu il də plan üzrə altı ayın sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Bu ənənə öz bəhrəsini verir. Çünki bu toplantılarda həm görülmüş işlər, buraxılan nöqsanlar təhlil olunur, eyni zamanda, gələcək fəaliyyətimiz üçün praktiki addımların atılması müəyyən edilir. Təbii ki, hər ilin əvvəlində il ərzində görüləcək işlər haqqında qərar verilir, tədbirlər planı təsdiq olunur. Ancaq həyat yerində durmur. Həyat dəyişir və yeni çağırışlar üzə çıxır. Belə olan halda əlbəttə ki, biz öz planlarımıza da düzəlişlər etməliyik və edirik. Bu düzəlişlərin əsas məqsədi ölkəmizin uğurlu inkişafını sürətləndirmək, bunu təmin etməkdir. Ona görə biz bu gün də ənənəvi olaraq bu məsələləri müzakirə edəcəyik.
Ancaq bundan əvvəl son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hadisələr haqqında ictimaiyyətə məlumat vermək istərdim. Bildiyiniz kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. Ondan sonra hər dəfə olduğu kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur. Üstəgəl Ermənistan dırnaqarası "Azərbaycan diversiyasını” əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə "müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir.
Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və srağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar.
Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.
Bildirməliyəm
ki, general Polad Həşimov orduda çox
böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini
göstərmişdir. Mənim tərəfimdən
iki dəfə yüksək dövlət ordeni ilə təltif
edilmişdir. Mənim tərəfimdən
ona general rütbəsi verilmişdir. Polkovnik
İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət
zamanı atasının qəhrəmanlığı
haqqında danışdım. Dedim ki, o, atasına
oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza
oxşamalıdırlar. Onların həyatı,
torpaq, Vətən uğrunda göstərdikləri
şücaət, qəhrəmanlıq hər bir gənc
üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan
torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə,
yaxınlarına bir daha başsağlığı verirəm.
Eyni zamanda, son günlər ərzində həlak
olmuş bütün insanların yaxınlarına,
qohumlarına başsağlığı verirəm. Allah
şəhidlərimizə rəhmət eləsin, Allah yaralı
hərbçilərimizə şəfa versin.
Təklif edirəm ki, bu günlər ərzində torpaq
uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Allah rəhmət
eləsin!
Bildirməliyəm ki, bu çirkin əməldən
sonra mənim göstərişimlə qisas əməliyyatının
ikinci fazası başlamışdır. Son iki gün ərzində
düşmənə növbəti dəfə
sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi
məhv edildi, onların sərhədboyu yerləşən
dayaq məntəqələrinin böyük hissəsi
darmadağın edildi. O cümlədən onların bəhanə
kimi gətirdiyi məlum postun da bütün infrastrukturu
darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat
anbarları, dayaq məntəqələri, avtomaşınlar,
sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər
Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast
atəşlə məhv edilmişdir. Əməliyyat
haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter
daşıyır. Ancaq biz bəzi
videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən
keçirilmiş əməliyyatların cüzi bir hissəsidir.
Nə mümkün olubsa, onu göstərmişik,
hesab edirəm ki, indiki mərhələdə bundan artıq
informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın
göstərir ki, düşmənin infrastrukturu, canlı
qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri
nə qədər dəqiqliklə məhv edilir.
Deməliyəm ki, son günlər ərzində Azərbaycan
Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab
edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun
şanlı tarixində öz yeri olacaq. Necə
ki, 2016-cı ildə Aprel döyüşlərində
düşmənə dərs verdik və Ağdərə,
Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini
düşməndən azad etdik. İki il
bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı
nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan
Ordusu tərəfindən götürüldü və
işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən
götürülmüş strateji yüksəkliklər imkan
verir ki, biz Ermənistanın bir neçə
yaşayış məntəqəsinə nəzarət edək.
Ermənistandan Dağlıq Qarabağa gedən
avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə
- 1990-cı illərin əvvəllərində
Naxçıvan ərazisinin bir hissəsini işğal
etmiş Ermənistan qüvvələri həmin ərazilərdən
qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan
bayrağı ucaldıldı.
Bu əməliyyat - son günlər ərzində baş
vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan
xalqı bilir. Mən bu günlərdə
minlərlə vətəndaşdan məktub alıram və
bu məktubların hamısı dəstək xarakterlidir.
Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər
və bunu o bölgədə real vəziyyət göstərir.
Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan
torpağına girə bilməmişlər və heç
vaxt buna nail olmayacaqlar. Əksinə,
əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində
torpaqların böyük hissəsi nəzarətimizə
keçə bilərdi. Ancaq bizim
qarşımızda belə məqsəd dayanmır.
Ermənistan-Azərbaycan dövlət sərhədində
vəziyyətlə bağlı məlumat artıq verildi və
bu gün operativ vəziyyət bizi tamamilə qane edir. Biz istənilən
vaxtda, lazım olan vaxtda bu günlərdə
yaradılmış əlavə imkanlardan, o cümlədən
döyüş məntəqələrinin yeni yerləşməsindən
istifadə edib öz sözümüzü deyəcəyik.
Aprel döyüşlərində olduğu kimi,
mənfur qonşu bu dəfə də ən çirkin əməllərə
əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və
bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz
Əzizov həlak olmuşdur. Bu, bir daha onu
göstərir ki, Ermənistan faşist dövlətdir.
Ermənistan heç vaxt açıq döyüşdə
qələbə qazana bilməyib və bilməz. Torpaqların
itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə
göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında
dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti
qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti
yıxmaq üçün onlar Qarabağ bölgəsində
xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət
göstərən Azərbaycan Xalq Cəbhəsinin
batalyonları və onların komandirlərinin bir neçəsi
xəyanət etmişlər. Baxmayaraq ki,
onların tərkibində cəsur və Vətənə
bağlı insanlar döyüşürdülər, öz
canlarını qurban vermişlər. Ancaq
o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin
bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün
torpaqları satdılar və beləliklə, o vaxtkı
hakimiyyəti yıxa bildilər. O vaxt bizim
torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan
Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə
bağlıdır. Ona görə Ermənistan hər
zaman bu imkanlardan faydalanıb. İndi də
özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos,
anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt
etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni
bombalayırdı, Azərbaycan əsgərlərini əsir
götürmüşdü. Orada torpaq əldən
gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə
aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə
nail oldular. Hakimiyyətə gəldilər,
daha çox torpaq verdilər, sonra da biabırcasına
qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir.
Amma Ermənistan ancaq əliyalın insanlara qarşı
vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı
törədib.
Xocalı soyqırımını törədənlər
Ermənistanın siyasi rəhbərliyidir, keçmiş
hakimiyyətidir, keçmiş iki prezidentidir hərbi cinayətkarlar.
Xocalı soyqırımı zamanı bu cəlladlar
tərəfindən 106 qadın, 63 uşaq
öldürüldü. Əziz Əzizov
da həmin erməni faşistlərin əməlləri nəticəsində
həlak olmuşdur. Bildirməliyəm ki,
ağsaqqal Əziz Əzizovun da qanı yerdə qalmayıb,
qarşı tərəfə adekvat cavab verilib və veriləcəkdir
və heç kimdə bu haqda şübhə olmasın.
Mən hesab edirəm ki, son günlər ərzində
baş vermiş toqquşmalar və qanlı döyüşlər
Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla
iqtidar arasındakı birliyi bir daha göstərdi.
O ki
qaldı, bu erməni hərbi təxribatının səbəblərinə,
əlbəttə ki, bu səbəbləri biz tam dəqiqliklə
bilə bilmərik, bunu həyat göstərər. Ancaq bir çox məntiqli ehtimallar mövcuddur və
bu haqda mən Azərbaycan vətəndaşları ilə
öz fikirlərimi bölüşmək istərdim. Hesab edirəm ki, birinci səbəb Ermənistanda
hazırda mövcud olan siyasi və iqtisadi böhrandır.
Bu, heç kimə sirr deyil. Xaricdən
maliyyələşən, xarici fondlardan maaş
alan, onlardan təlimat alan və onların çevriliş
texnologiyalarından bəhrələnən dəstə iki il
bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən
sonra bir çox vədlər vermişdi. Ermənistanda
çiçəklənmə, cənnət
olacağını vəd vermişdi. Bəyan etmişdi
ki, qısa müddət ərzində Ermənistana on
milyardlarla dollar sərmayə qoyulacaq, qısa müddət ərzində
Ermənistan əhalisi 5 milyona çatacaq - halbuki indi Ermənistan
əhalisi 2 milyondan azdır, - Ermənistanda bütün həyat
yenidən qurulacaq, ədalət olacaq, demokratiya inkişaf edəcək,
insan haqları qorunacaq və digər vədlər vermişdi.
Erməni xalqı Sarkisyan rejimindən o qədər
bezmişdir ki, o, kimə istəsən inanardı. O
çevrilişi təşkil edənlərin başında
başqa adam olsaydı, ona da gedib səs
verəcəkdi. Çünki Sarkisyan rejiminə
nifrət həddindən artıq böyük idi və bundan
istifadə edib hakimiyyəti zor gücü ilə zəbt etmiş
bu qruplaşma bu vədləri sonra yerinə yetirməli idi.
Ancaq necə yerinə yetirsin ki, təcrübə
yox, səriştə yox, daxili resurslar yox, xarici investisiyalar
qoyulmayıb. Əksinə, xarici
investorları indi çürüdürlər, məhkəmə
çəkişmələrinə cəlb edirlər. Bu gün Ermənistanın ayaqda dayanmasını
şərtləndirən strateji investorları məhkəməyə
çəkirlər, onları korrupsiyada ittiham edirlər, hətta
necə deyərlər, bel bağladığı ölkənin
şirkətlərinə qarşı çirkin əməllər
törədirlər. Əlbəttə ki,
bütün bunlar istənilən potensial investoru qorxudacaq.
Əgər, sənin ölkənə pul qoyan,
orada infrastruktur yaradan, insanları işlə təmin edən
ən yaxın şirkətlərə belə münasibət
bəsləyirsənsə, onda başqa ölkələrin
investorları nə fikirləşsin?!
Ona görə bu vədlərin iflasa uğraması təbii
ki, Ermənistanda artıq böhranlı vəziyyətin
yaranmasına gətirib çıxarıb. Hakimiyyət
buna necə reaksiya verib? Cəmiyyəti
birləşdirmək əvəzinə, əksinə, indi
siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib
olunur, onların toxunulmazlığı
götürülür, konstitusiya kobudcasına pozulur,
konstitusiyaya qanunsuz düzəlişlər edilir, hansı ki,
bu düzəlişlər ancaq referendumla oluna bilərdi.
Bilirlər ki, referendumda bu düzəlişlər
keçməyəcək. Hakimiyyət zəbt
olunub və hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bir adamın əlində cəmləşib
və demokratiyadan əsər-əlamət yoxdur və
heç vaxt olmayıb. Faşist dövlətində
hansı demokratiya, insan haqlarından söhbət gedə bilər.
Amma indiki vəziyyət daha da
acınacaqlıdır. Ona görə ki,
iqtisadi sahədə vədlər yerinə yetirilmədi, siyasi
cəhətdən Ermənistan özünü təcrid vəziyyətə
qoydu. Azərbaycanın təşəbbüsü
ilə BMT Baş Assambleyasının xüsusi
sessiyasının çağırılması ilə
bağlı onların ağılsız addımları bir
daha bunu göstərir. Bütün
dünya bizi dəstəklədi, əleyhinə çıxan
yeganə ölkə Ermənistandır.
Demokratik prinsiplər tamamilə pozulub, Venesiya
Komissiyasının tövsiyələri rədd edilib, siyasi
opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə
indi Ermənistan rəhbərliyinə hansısa bir
böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas
məsələlərdən yayındırsın və
şüurlu şəkildə bu təxribata əl atdı.
Nə üçün məhz iyulun 12-də?
Bu da təsadüfi deyil. İndi
Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər.
Mən bu məsələyə toxunmaq istəmirəm.
Çünki mən heç vaxt ailə məsələlərinə
toxunmamışam və heç kimə məsləhət
görmürəm. Amma mən hesab edirəm
ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş
BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas
səbəbi olub. Çünki, bu, ölkəmizin
növbəti böyük uğurudur, növbəti
böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi.
Azərbaycan o ölkədir ki, gündəliyi zəbt
etmiş COVID-19 məsələsi diqqətə gətirildi,
iki böyük Zirvə görüşü keçirildi və
ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi
sessiyası. Budur səbəb. Səbəblər
çox ola bilər. Sadəcə
olaraq, mən öz fikirlərimizi bölüşmək istəyirəm,
fakt odur ki, Ermənistanın hərbi təxribatı məhz
bu vaxtlarda təsadüfən törədilməyib. Amma layiqli cavab verildi. Bir daha demək
istəyirəm ki, Azərbaycan Ordusu vəziyyətə tam nəzarət
edir. Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz
atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə
yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi,
bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda
bəzi kəndlər, bəzi şəhərlər
boşaldılır. İndi panika yaranıbdır.
Bax, fərq budur. Azərbaycan
vətəndaşı öz torpağında ləyaqətlə
yaşayır. Azərbaycan dövləti və
Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə
də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi,
bu çirkin əməlləri törədəndən və
Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra
Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan
yardım istədi, dərhal hay-haray qaldırdı ki,
qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər.
KTMT-nın buna nə dəxli var? Birincisi,
Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın
dövlət sərhədini pozmayıb, təxribat törətməyib,
Ermənistan ərazisinə keçməyib. Belə olan halda
KTMT-nın bu işə nə dəxli ola
bilər? Bu bir. İkincisi,
bu addım onların acizliyini, qorxaqlığını
göstərir. Onu göstərir ki, Azərbaycan
qarşısında təkbaşına duruş gətirə
bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya
müraciət etmək onların qorxaqlığının
növbəti təzahürüdür. Onlar
öz qorxaqlığını, rəhbərliyin
qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat
törətmisən, cinayət törətmisən, - cavab ver
buna. Cavab ver və veribdir artıqlaması
ilə. İndi onlar ölənlərin
sayını gizlədirlər. Amma bizdə
operativ məlumat var. Bəzi ölən erməni hərbçilər
haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər.
Biz məlumatı verəndən sonra onlar onu
etiraf etdilər. Necə ki, Aprel
döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər
tərəfdən nəyi göstərir? Onların
riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir
üzv ölkədən soruşmadan KTMT-nın baş katibini
həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq
davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan
insanı həbs etdilər. Onlara təzyiq
olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ
bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın
ali nümayəndəsini həbs edir. Ondan
sonra bir il ərzində KTMT-ya rəhbər
nəzərdə tutulmuş şəxsin namizədliyini
bloklayıb, veto qoyub. Çünki əlifba
sırası ilə olmalı idi. Ermənistandan
sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi
verildi. Amma bir il imkan vermədi ki, o
öz fəaliyyətinə başlasın. Budurmu
KTMT-ya münasibət? Yaxşı, təxribat
törətmisən, başından da zərbə almısan,
indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən?
KTMT-nın Ermənistandan başqa bütün
üzvləri bizim dostlarımızdır.
İndi xarici fondlardan maliyyələşən, hakimiyyət
nümayəndələrinin demək olar ki,
hamısının SOROS fondunun və buna oxşar fondların
tör-töküntüləri olan bir dövlətə KTMT
ölkələrinin münasibəti necə olmalıdır? Mən sual
verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən
yapışırsan. Cavab ver öz
çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən.
Onu da bildirməliyəm ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı mən bu yaxınlarda Azərbaycan
telekanallarına müsahibədə öz mövqeyimi, bizim
prinsipial mövqeyimizi bir daha ifadə etdim. Azərbaycan
xalqının bu mənasız danışıqlardan bezdiyini
ifadə etdim. Ona görə bu məsələ
ilə məşğul olanlar və bu günlər ərzində
öz vasitəçilik təkliflərini irəli sürənlər
bu haqda düşünsünlər, Azərbaycan
xalqının səbri tükənməz deyil. Bu gün biz güclü ordu yaratmışıq.
Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin
inkişafının əsas şərtidir. Ona görə Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı bir addım
geri atmayacağıq. Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ
ilə bağlı fikrimiz qətidir.
O ki
qaldı, bizim addımlarımıza, lazım olan vaxtda
lazım olan addımları atırıq və
atacağıq. Mən hələlik bundan
artıq heç nə demək istəmirəm, hadisələri
qabaqlamaq istəmirəm. Azərbaycanda
hadisələri qabaqlamağı heç kimə məsləhət
görmürəm. Buna ehtiyac yoxdur.
Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır,
bunu biz bilirik. Hesab edirəm ki, yaxın
tarix dəfələrlə bunu göstərib, həm siyasi
müstəvidə, diplomatik müstəvidə, eyni zamanda,
döyüş meydanında. Nəyi
ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat
keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də
bayrağımızı istədiyimiz yerə sancdıq.
Üçündə də düşmənə
sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək
düzgün olmaz.
Mən bir məsələyə də toxunmaq istərdim. Bu da beynəlxalq
aləmin bu hadisələrə reaksiyasıdır. Azərbaycan ictimaiyyəti bunu izləyir. Təxribat
törədiləndən dərhal sonra - ayın 12-də
günorta saatlarında mən Prezident Administrasiyasına
müvafiq göstərişlər verdim və bizim beynəlxalq
təşkilatlardakı nümayəndələrin, o cümlədən
parlamentlərarası təşkilatlardakı nümayəndələrin
hər biri təlimat aldı və təmsil olunduqları təşkilatların
rəhbərlərinə məsələ ilə bağlı
dolğun məlumat verdi.
Ancaq mən
hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli
ola bilərdi. Mən dəfələrlə
demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası
olmalıdır, passiv, özünü müdafiə edən
diplomatiya olmamalıdır. Kiminsə
xoşuna gəlmək naminə öz sözünü deməkdən
çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm
müxtəlif tədbirlərdə, həm Xarici İşlər
Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki
səfirləri ilə görüşlərdə yol göstərmişəm
ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hansı addımları atmalısınız.
Xarici ölkələrdə fəaliyyət
göstərən mətbuatla necə işləməlisiniz.
Azərbaycanın iqtisadi maraqlarını necə
müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının
hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli
işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi
hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz.
Düşməni necə
susdurmalısınız. Demişəm, hər
bir məsələ ilə bağlı yol göstərmişəm.
Amma biz bu göstərişlərin həyatda
öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız
ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır,
bəzi hallarda mənasız işlərlə, mənasız
danışıqlarla məşğuldur. Düşmən
ölkə ilə, bizimlə münaqişədə olan
ölkə ilə COVID-lə bağlı hansı
danışıqlar aparıla bilər?! Bu,
cəfəngiyyatdır. Yəni, nədir,
biz Ermənistanla əməkdaşlığamı
başladıq?!
Mən demişəm və bütün beynəlxalq təşkilatlar,
o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son
17 il ərzində dəfələrlə
mənə təkliflər edilib ki, Ermənistanla hansısa
formada əməkdaşlığa başlayın, - humanitar,
etimad tədbirlərinin gücləndirilməsi və digər.
Mən demişəm, biz buna hazır ola
bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi
görməliyik. Görməliyik ki, biz artıq
addım-addım sülh razılaşmasına
yaxınlaşırıq. Əgər bu
yoxdursa, onda bu əməkdaşlığın nə mənası
var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu
mövqedəyəm. Gedin, işğalçı
dövlətə təzyiq edin, başına ağıl qoyun,
nəhayət, sözünüzü deyin ki, onlar bizim
torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir
perspektiv real görünəcəksə, bəli, biz ondan
sonra hansısa addımların atılmasını təmin edə
bilərik. Ancaq indiki şəraitdə Ermənistanın
baş naziri deyir ki, "Qarabağ Ermənistandır və
nöqtə”. Mən buna cavab verirəm.
Xarici İşlər Nazirliyi hansısa səviyyədə
buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm,
Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə,
kim etməlidir? Xarici
İşlər Nazirliyi, susur. Mən
demişəm ki, danışıqlar prosesində tərəqqi
olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan
söhbət gedə bilməz. Sən demə,
COVID müzakirə olunur. Yəni, biz
COVID-lə bağlı erməni işğalçılara
köməklikmi göstərməliyik?!
Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri
həm bölüşürəm, həm məsləhətləşirəm,
həm öz fikirlərimi, öz siyasətimi deyirəm və
eyni zamanda, xalqı narahat edən problemləri dərindən
təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın
gözü tərəzidir. Ona görə,
bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə
əsaslanan hakimiyyətdir. Ona görə
mən bütün bu sualları çılpaqlığı
ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim
göstərişlərim əsasında addımlar
atılıb. Mənim köməkçim
Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə
təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna
de, o təlimatı buraya de.
Xarici İşlər Nazirliyi nə ilə məşğul
idi? Harada idi? Ayın 12-də hadisələr
baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir
iş yerində, mən iş yerində səhərə qədər.
Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi,
Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin
rəisi, Təhlükəsizlik Şurasının katibi gecə
səhərə qədər iş yerində. Mən
Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum,
haradadır. Sənə nə dedi? De.
Baş
Nazir Əli Əsədov: Cənab Prezident, soruşdum, dedi ki,
mən evdən işləyirəm.
Prezident
İlham Əliyev: Necə, evdən işləyirəm?
Baş
Nazir Əli Əsədov: Bəli, dedi ki, evdən işləyirəm.
Mən Elmar Məmmədyarova zəng etdim.
Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən
nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən
işləmişəm. Dedim, saatbasaat mənə de, harada
olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha
sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət
Hacıyevlə telefonla danışıb. İndi
Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona
çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz
Yaşar Əliyevlə danışıb. Bax,
bu qədər. Mən Sizin verdiyiniz
tapşırıqları ona çatdırdım, dedim ki, belə
olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri
cənab Prezident idarə edir. Xarici İşlər naziri
olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz
tapşırıqları. Soruşdum ki, evdə
niyə işləyirsiniz? Sən gəl iş yerinə,
kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur.
Prezident
İlham Əliyev: Aydındır. Daha dərinə
getmək istəmirəm. Bir çox
şey deyə bilərəm. Hesab edirəm
bu, kifayətdir. Ancaq biz hamımız – həm
rəhbər vəzifələrdə olanlar və ictimaiyyət
bilməliyik real mənzərə nədən ibarətdir ki,
düzgün addımlar ataq. Biz hər
gün, hər dəqiqə ölkəmizin maraqlarını
qorumalıyıq.
Bir məsələni də demək istərdim, bu beynəlxalq
təşkilatların reaksiyası ilə əlaqədardır. İlk
növbədə, qardaş Türkiyəyə və onun
Prezidenti, mənim qardaşım Rəcəb Tayyib
Ərdoğana dərin təşəkkürümü
bildirirəm. Biz bu günlərdə
Türkiyədən yenidən qardaşlıq, dostluq
münasibəti gördük. İlk
saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ
ilə bağlı Azərbaycanın haqlı mövqeyini
müdafiə etdilər, açıqlamalar verdilər. Dünən Prezident tərəfindən çox
önəmli açıqlama verildi. Ondan əvvəl
Müdafiə naziri, Xarici İşlər naziri, Prezident
Administrasiyasının nümayəndələri, deputatlar,
ictimai fəallar. Bir daha bütün
dünya, Türkiyə və Azərbaycan xalqları
gördü ki, biz əsl qardaşıq. Yaxşı
günlərdə və ağır günlərdə
bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə
vətəndaşları, həm Azərbaycan vətəndaşları
mənim dəfələrlə dediyim sözləri
xatırlayırlar və görürlər ki, mən nə qədər
haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə
ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci
ölkələr yoxdur. Bu yaşanan vəziyyət
bir daha onu göstərir. Ona görə
bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan
xalqı adından və öz adımdan dərin təşəkkürümü
bildirmək istəyirəm.
Bizim digər
dost, qardaş ölkəmiz Pakistan birmənalı mövqe
bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini
verib. Eyni zamanda, digər ölkələrin rəsmi
nümayəndələri də Azərbaycanı dəstəklədilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası açıqlama verib. Fürsətdən
istifadə edərək, Pakistan İslam Respublikasının rəhbərliyinə,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası ölkələrinin rəhbərlərinə -
Qazaxıstan, Qırğızıstan, Türkiyə təbii
ki, Özbəkistan rəhbərliyinə təşəkkürümü
bildirmək istəyirəm. Eyni zamanda, yəqin
ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq
Təşkilatı Azərbaycanı dəstəkləyən
bəyanatla çıxış edib. Bu təşkilatda
57 dövlət birləşir. Budur bizə
göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi
Avropa ölkələri öz rəsmi nümayəndələri
vasitəsilə Azərbaycana dəstək ifadə etdilər.
İndi baxın, görün Ermənistana kim
dəstək göstərdi? Görməmişəm.
Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan
haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz
nəticəsində biliblər ki, bu çirkin təxribatı
Ermənistan törətmişdir.
Bir məsələyə də toxunmaq istəyirəm. Bizim ordumuzun
uğurlu əməliyyatı və əldə edilmiş nəticələr,
hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan
ictimaiyyətində ruh yüksəkliyi yaratdı,
xalqımızı coşdurdu. Bayaq dediyim
kimi, mənə ünvanlanan məktublarda
gördüyümüz işlərə tam dəstək ifadə
olunur. Dünən bir qrup vətənpərvər
insan bu işlərə öz münasibətini bildirmək,
Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə
öz dəstəyini ifadə etmək üçün Şəhidlər
xiyabanına üz tutdu. Mən bu vətənpərvər
addımı alqışlayıram. Mənə
verilən məlumata görə, bu insanlar uzun məsafəni
piyada qət edib və Şəhidlər xiyabanına gedən
müddət ərzində vətənpərvər
şüarlar səsləndiriblər - mənim haqqımda,
ordumuz haqqında, xalqımız haqqında, Qarabağ
haqqında. Bu, bir daha onu göstərir ki,
Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə
vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən
daha bir mənzərə idi. Ancaq əfsuslar
olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən
sonra oraya görünür bu məsələ ilə
bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı
qruplar da daxil olub. İndi onların şəxsiyyəti
araşdırılır. Bu təxribatçı
qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi
pozmağa cəhd etdilər və polisə müqavimət
göstərdilər. Mən daxili işlər
orqanlarına göstəriş vermişdim ki, insanların
Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini
təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu
ilə gedirdilər. Bütün bu göstərişləri
dünən axşam mən Daxili İşlər naziri Vilayət
Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun,
çünki istisna edilmir, hansısa təxribatçı
qüvvələr və bizi istəməyənlər,
"beşinci kolon”un nümayəndələri, satqınlar
orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə,
o cümlədən əvvəlcədən təşkil
olunmamış kütləvi tədbirlərdə bəzən
xoşagəlməz hallar da baş verir. Ona
görə Şəhidlər xiyabanına qədər
bütün yol boyunca polis əməkdaşları öz vəzifə
borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar
yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı
bu gözəl və nəcib addıma kölgə salmağa,
qanunsuz əməllər törətməyə
çalışdı. Təbii ki, daxili
işlər orqanları tərəfindən onların bu əməllərinə
qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir.
Onların hamısı məsuliyyətə cəlb ediləcək,
bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən
boyun qaçıra bilməyəcək. Əlbəttə
ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza
veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən
bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi
üçün biz ictimaiyyətdən də yardım istəyirik.
O təxribatçıları tam müəyyən etmək
üçün dünən oraya toplaşan vətənpərvər
insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda
kimisə, iğtişaş törətmək istəyənləri
tanıyırlarsa, məlumat versinlər, biz
hamısını tapaq və cəzasını verək.
Azərbaycan xalqını bu təxribata çəkən
Ermənistan başından zərbə aldı. Bizim şanlı ordumuz,
bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz
bu günlər ərzində gecə-gündüz yatmadan
iş başındadırlar. Mən Müdafiə nazirinə,
Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə,
iş başındadırlar - gecə, səhər saat 7-də,
axşam saat 10-da, gecə saat 2-də. Biz
böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi.
Xalq qələbəni qeyd etmək, şəhidlərimizin
ruhunu yad etmək üçün Şəhidlər
xiyabanına gəldi. Hansısa yaramaz
ünsürlər burada iğtişaş törədəcək?
Bu olmayacaq. Onların fikri
1990-cı illərin əvvəllərinə getməsin.
Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi
də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur,
qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər
ki, ondan bir il sonra hakimiyyəti qoyub
qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq
yeyib-içirdilər, hər gün, gecə səhərə
qədər. Sonra da o vaxtkı prezident saat
12-də yuxudan oyanırdı. Saat 5-də
də yenidən kolbasa, araq. Keçmiş
müdafiə naziri, keçmiş daxili işlər naziri,
keçmiş dövlət katibi, keçmiş prezident bu
binanı murdarlamışdılar. Belə
bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti
hay-küylə yıxdı. Onların
fikri ora getməsin. Bunların dərsini
vermişik, verəcəyik. Heç kim
məsuliyyətdən boyun qaçıra bilməyəcək.
Mənə verilən məlumata görə, dünən
bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq
Cəbhəsinin nümayəndələri o kütlənin
içinə girərək orada insanları qanunsuz əməllərə
sövq etməyə çalışıblar. Qanunu
pozanların arasında onlar da var, onlar indi müəyyən
olunublar. Mən bir daha xəbərdarlıq
edirəm, odla oynamasınlar. Bu məsələ
milli məsələdir. Heç nəyə
baxmayacağıq, kim nə dedi, hansı
şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz
mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə
çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe
artıq nəticə verir. Anti-Azərbaycan
qüvvələri harada mümkünsə, onları
bloklayacağıq. Onların namizədlərinin
meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik.
Heç kim bizə göstəriş verə
bilməz. Dünənki hadisə hamımız
üçün bir siqnal olmalıdır. Yadınıza
salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin
qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı,
öz hiddətini ifadə edirdi. Ancaq nəticə
etibarilə nə oldu? Torpaqlar əldən
getdi. İndi mitinq vaxtıdırmı?
Biz şəhidlər veririk, igidlər itiririk,
generallar itiririk. Bu çirkin ünsürlər
indi burada vəziyyəti gərginləşdirmək istəyir.
Bütün aidiyyəti qurumlara deyirəm.
Əgər dünənki hadisələrdə
onların əli varsa, bizim qətiyyətimizi görəcəklər.
Onlar ermənilərdən də pisdirlər.
Erməni açıq düşməndir.
Oturub orada, bunlara görə
torpaqlarımızı işğal edib. Bu
Xalq Cəbhəsinin fərarilərinə görə bu
gün o torpaqlardadır. Amma bu, oturub bizim
içimizdə. Xaricdən pul alır, təlimat
alır, mühiti zəhərləyir, bizim təmiz havamızı
üfunət iyi ilə çirkləndirir və belə məqamlarda
dövlətin yanında yox, düşmənin
yanındadır.
Mən demişəm, hüquq-mühafizə orqanları
onların bu günlər ərzində sosial şəbəkələrdə
çıxışlarını təhlil etsinlər. Əgər
orada cinayət tərkibi varsa, onların hamısı cinayət
məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər
atırlar, yalanlar uydururlar. Deyirlər ki,
biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik.
Sən kimsən? Sən bizim
ordumuza göstəriş, məsləhət verirsən.
Ay başı boş, ay satqın. Bunlardır,
bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər.
Biz bunların nazı iləmi oynayacağıq?
Onlara elə dərs veriləcək ki, bu, son dərs
olacaqdır.
Ona görə, bir daha demək istəyirəm,
hüquq-mühafizə orqanları bu işlərlə məşğul
olacaq. Onların bütün antidövlət
çıxışları,
çağırışları təhlil ediləcək.
Əgər orada cinayət tərkibi varsa, onlar dərhal
cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz "Beşinci kolon”la bu işi bitirməliyik, belə
davam edə bilməz. Yəni, burada
dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda
gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz
şeydir. Amma belə vəziyyətdə
bu, düşmənçilikdir. Bu gün
bu düşmənçiliyin başında dayanan Azərbaycan
Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir,
özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən
dəfələrlə öz yerini görüblər və
görəcəklər.
Bir məsələyə də mən toxunmaq istəyirəm. Dünən həmin
təxribatçıların bir çox şüarları
olubdur. İnsanları bəzi işlərə
təhrik edirdilər. Mən demək istəyirəm,
bu gün Azərbaycan Ordusu tam komplektləşdirilib,
müasir silahlarla təchiz edilib. Azərbaycan
Ordusu Ali Baş Komandan tərəfindən verilən
bütün tapşırıqları şərəflə
yerinə yetirir. Mənim dövrümdə
bir dəfə də olmayıb ki, tapşırıq verilsin,
yerinə yetirilməsin. Yerinə yetirilib.
Hətta 2016-cı ilin Aprel döyüşlərində
Ermənistanın təxribatına elə cavab verib, elə əlverişsiz
mövqedən gedib o torpaqları boşaldıb, azad edib ki, bu
günə qədər bəzi hərbi ekspertlər buna məəttəl
qalırlar. Son günlərin hadisələri
onu bir daha göstərir. Ona görə
ordumuz üçün nə lazımsa, biz edirik və edəcəyik.
Əgər kimsə, hansısa vətənpərvər
insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq
alqışlayıram. Çünki bizdə
müddətdən artıq xidmət edənlərin sayı
artır, bu da mənim göstərişim idi. Onlar
yaxşı maaş alırlar. Onlar artıq təlim keçmiş, orduda xidmət
etmiş insanlardır. Biz onları cəlb
edirik və əgər belə təşəbbüs olacaqsa,
bunu ancaq alqışlayacağıq. Amma bu gün meydanda
səslənən və ola bilər
yaxşı niyyətlə "mən gedim Qarabağda
vuruşum” sözlərinə son qoymaq lazımdır. Populizmin vaxtı deyil. Sən
gedib necə vuruşacaqsan? Gedib nə ilə
vuruşacaqsan? Sən vuruşmaq
üçün gərək təlim keçəsən.
Gərək sən nizamlı orduda xidmət edəsən.
Səni gərək hazırlasınlar, səni
gərək öyrətsinlər.
Mən bu gün səhər Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rəhbəri ilə
danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu
günlər ərzində sizin rayon şöbələrinə
nə qədər adam müraciət edib
ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi
deyəcəyəm, hər kəs onu eşitsin və
özü təhlil aparsın. Dedi təqribən 150 nəfər.
Dünən Şəhidlər xiyabanının
qabağında nə qədər adam var
idi? Minlərlə. Müraciət
edənlərin sayı 150. Soruşdum daha
çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada
döyüşlər gedir. Qalanları da Azərbaycanın
müxtəlif yerlərindən. Ona görə,
mən deyirəm, dünən "Qarabağda vuruşmaq istəyirəm”
deyənlər hamısı getsin öz anket məlumatını
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
versin. Öz ünvanını versin, orduda
xidmət etmə haqqında öz arzusunu ifadə etsin və
biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları
qanunsuz əməllərə sövq edəcək, müqəddəs
Qarabağ şüarı altında özünə siyasi
kapital qazanacaq və sonra nə olacaq. Necə
ki, vaxtilə olub, onumu istəyirlər? Bax,
real vəziyyət bundan ibarətdir. Bir
daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu
gün səfərbərliyə ehtiyac yoxdur. Lazım
olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra
Müdafiə Nazirliyi var. Biz bilirik nə etmək
lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin
həlli üçün bizə nə qədər canlı
qüvvə lazımdır. Yoxsa kimsə
özündən burada küçə qəhrəmanı
düzəltmək istəyirsə, bu, pis yoldur. Mən yenə də deyirəm, dünən Şəhidlər
xiyabanına yığışanların mütləq əksəriyyəti
vətənpərvər insanlardır. Amma
onların arasına bu ünsürlər - Azərbaycan Xalq Cəbhəsinin
tör-töküntüləri girib. Onların
məqsədi nə idi? Yenəmi Azərbaycanı
qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək?
Yenə də ermənilər bundan istifadə
etsinlər? Onların məqsədi budur.
Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi
budur. Görmürdünüz ki, neftin qiyməti
14 dollara düşəndə necə sevinirdilər. Buna
kim sevinir - ermənilər, bir də bunlar.
Bir-birinə muştuluq verirdilər, bayram edirdilər,
təbrik edirdilər. O Amerikada oturan deyir
ki, hələ gözləyin sürüşə-sürüşə
gələcək sıfıra. Heç olmasa,
ağlın olsun, neftin qiyməti sıfır ola
bilər? Hələ deyir tələsməyin
sevinməyə, hələ gələcəkdə sevinəcəyik
ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq.
Sual verin, 2 ildir Amerikada oturub. Birincisi
hansı pulla sən orada oturursan, kim səni
orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat
verir. De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti
qarışdırmaq istəyir. Ona görə
bunlara son qoyulacaq. Heç kimdə bu haqda
şübhə olmasın. Biz dövlətimizi
qoruyuruq, qoruyacağıq. Azərbaycan
xalqı dəfələrlə vətənpərvərlik
göstəribdir. Bu, bizim növbəti
şanlı qələbəmizdir. Bu
mövzunu yekunlaşdırmaq üçün bir daha demək
istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə
vaxt etmək lazımdır və necə etmək
lazımdır. Bu günə qədər
bizim bütün addımlarımız uğurlu olub - istər
döyüş meydanında, istər siyasi müstəvidə,
istər daxili vəziyyətlə bağlı, iqtisadi və
digər sahələrdə.
İndi isə keçək bizim gündəlikdə
duran məsələlərə. İndi iqtisadi vəziyyətlə
bağlı müşavirə iştirakçıları məlumat
verəcək. İlk növbədə,
deməliyəm, heç kəs unutmamalıdır ki, biz hələ
də pandemiya dövründə yaşayırıq və
karantin rejimi ləğv edilməyib. Baxın
statistikaya, görün biz nə vaxt yumşalmaya getdik -
mayın əvvəlində. Nə
üçün? Çünki dinamika
müsbət idi. Sağalanlar xəstələnənlərdən
çox idi. Sonra nə gördük?
Bəzi insanlar məsuliyyətsizlik göstərdi
və yoluxma halları geniş vüsət aldı, dinamika
pozuldu. Nə etdik? Yenidən
sərtləşdirdik. Unutmamalıyıq ki, bu,
ölümcül virusdur, ölümcül! Yaşa
baxmır, insanların sağlamlığına baxmır.
Birinci mərhələdə hesab olunurdu ki, buna
daha çox yaşlı insanlar məruz qalır və daha təhlükəlidir.
Amma görün, indi nə qədər gənclərimiz
əziyyət çəkir. İndi bizim
gözümüzün qabağındadır. Deyirdilər ki, virus ancaq xəstə adamlar
üçün təhlükəlidir. Bəs,
yoluxan sağlam adamlar, idmançılar? Bu,
ölümcül virusdur, bunu heç kim
yaddan çıxarmasın. Ona görə, son
vaxtlar əlavə tədbirlər görüldü. İstərdim ki, Operativ Qərargahın sədri
Baş Nazir bu məsələ ilə bağlı məlumat
versin, ümumi vəziyyət necədir. Mənim
göstərişimlə təcili tibbi yardım
maşınlarının alınması, modul tipli yeni
hospitalların gətirilməsi nəzərdə tutulurdu.
Bu və digər məsələlər
haqqında məlumat verin.
Baş
Nazir Əli Əsədov çıxış edərək
dedi:
- Təşəkkür
edirəm.
Möhtərəm cənab Prezident, bildiyiniz kimi,
dünyanı bürümüş koronavirus epidemiyası ilə
bağlı ilk olaraq bir qrup Azərbaycan vətəndaşı
fevral ayından başlayaraq Çindən təxliyə edilərək
xüsusi ayrılmış Qobustan xəstəxanasına
karantinə gətirildi. Həmin dövrdən başlayaraq, Azərbaycanın sərhəd-keçid
məntəqələri gücləndirilmiş iş rejiminə
keçdi, xaricdən, xüsusən də epidemiyanın
yayıldığı ölkələrdən gələn
bütün şəxslərin mütləq şəkildə
ciddi tibbi müayinədən keçirilməsinə qərar
verildi. Xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi
təhlükələrin qarşısının
alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin
operativ həyata keçirilməsi məqsədilə, cənab
Prezident, Sizin Sərəncamınızla 27 fevral tarixində
Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.
Sizin Operativ Qərargaha verdiyiniz ilk
tapşırığınıza əsasən, xəstəliklə
mübarizə aparmaq üçün təxirəsalınmaz
qaydada xəstəxanaların virusla mübarizə
üçün hazır vəziyyətə gətirilməsi,
çarpayı fondunun artırılması və zəruri
olan bütün tibbi avadanlıq və preparatların təchiz
olunması istiqamətində vacib işlər aparılıb.
Cənab
Prezident, bu gün koronavirus xəstələri ölkənin
35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada
müalicə alırlar. Bu xəstəxanaların
36-sı Sizin Sərəncamınızla son müddət ərzində
inşa edilib. Qısa müddətdə
modul tipli xəstəxanalar istifadəyə verilib. Əlavə olaraq, cənab Prezident, son günlər
koronavirusla mübarizəyə ambulator tipli müəssisələr
də cəlb olunub. Onların 40-ı
Bakıda simptomsuz yoluxmuş şəxslərə evdə
xidmət göstərmək üçün ayrılıb.
Hazırda xəstəliyin müalicəsi
üçün ayrılmış çarpayıların
ümumi sayı 10 mindən artıqdır və bu istiqamətdə
işlər aparılır. Qısa
müddətdə 300-dən artıq süni tənəffüs
aparatları ölkəyə gətirilib, xəstəxanalara
verilib. Ən müasir ECMO
cihazlarının sayı artırılıb. Cənab
Prezident, son dövrdə təcili tibbi yardımın xidmətlərinə
əhali tərəfindən müraciətlərin
sayının artması səbəbindən əlavə
avtomobillərə tələbat artıb. Tapşırığınızla
xaricdən sifariş olunmuş 84 avtomobil ölkəyə gətirilərək
tibb müəssisələrinə paylanılıb. İyul-avqust aylarında əlavə olaraq 100 təcili
yardım avtomobili gətiriləcək. Fevral ayında
koronavirus infeksiyasının müəyyən olunması
üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş
laboratoriya mövcud idi və onların gün ərzində
minə yaxın test aparmağa imkanı var idi. Hazırda
laboratoriyaların sayı 30-a çatdırılıb və
gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların
sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini
keçəcək.
Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı
və epidemioloqların ümumi rəyinə görə, bu xəstəlikdən
qorunmaq üçün tibbi maskalar vacibdir. Qısa
müddət ərzində 50 milyondan artıq maska Azərbaycana
idxal olunub. Sizin
tapşırığınızla operativ
görülmüş işlər nəticəsində yerli
istehsal təşkil olunub və nəticədə 10 milyona qədər
maska istehsal edilib. Bu gün Azərbaycanda
14 milyondan artıq maska var və yerli istehsal davam edir.
Cənab
Prezident, Siz də qeyd etdiniz, karantin rejimi ilə əlaqədar
mart ayının 14-dən etibarən Operativ Qərargah tərəfindən
bəzi izolyasiya tədbirləri həyata keçirilməyə
başlanılıb. Martın 24-dən isə
"Sanitar-epidemioloji salamatlıq haqqında” Qanuna əsasən
xüsusi karantin rejimi tətbiq edildi və mərhələli
şəkildə gücləndirilməyə başlandı.
Karantin rejimi ilə əlaqədar
görülmüş işlər və tətbiq olunmuş məhdudiyyətlər
ölkə iqtisadiyyatına təbii olaraq mənfi təsirini
göstərdi.
Sizin Operativ Qərargah qarşısında qoyduğunuz vəzifələr
dövlətin bütün imkan və resurslarını xəstəliklə
mübarizəyə yönəltməsinə, vətəndaşlarımızın
sağlamlığının qorunması üçün
bütün tədbirlərin görülməsinə səfərbər
olunmaqdan ibarət idi. Bunun təsdiqi olaraq 19 mart tarixli Sərəncamınızla
pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı
təbəqələrə, fəaliyyəti məhdudlaşdırılmış
sahibkarlıq subyektlərinə kömək, ictimai iş yerlərinin
yaradılması, özünüməşğulluq
proqramının genişləndirilməsi, səhiyyə
sisteminin gücləndirilməsi məqsədilə 1,5 milyard manatlıq tədbirlər planı
hazırlanıb. Ümumiyyətlə, bütün mənbələr
hesabına iqtisadiyyata bu dövr ərzində
bütövlükdə 3,5 milyard manat həcmində
sosial-iqtisadi yardım paketi müəyyən edilib. Xüsusi
karantin rejimi dövründə məhdudlaşdırıcı
tədbirlər müsbət nəticə verdi
və bu səbəbdən, Siz də qeyd etdiyiniz kimi, may
ayının ortalarından Operativ Qərargah tərəfindən
yumşalma prosesinin həyata keçirilməsinə
başlanıldı. Lakin əfsuslar olsun ki,
bundan bir müddət sonra sanitar-epidemioloji qaydalara riayət
olunmaması səbəbindən xəstəliyin sayı
artdı. Bu cür halların
qarşısını almaq məqsədilə qərargah təkrar
olaraq məhdudlaşdırıcı tədbirlərə əl
atmağa başladı və 16 şəhər və rayonda
xüsusi karantin rejimi tətbiq olundu. Son
günlərdə xəstəliklə əlaqədar rəqəmlərdə
müsbət tendensiya müşahidə olunur və bu da
pandemiya ilə mübarizədə həyata keçirilən
tədbirlərin düzgün istiqamətdə
aparılmasını təsdiqləyir.
Cənab
Prezident, Sizin və hörmətli Mehriban xanımın
göstərişi ilə Türkiyə, Rusiya və Kubadan
olan böyük təcrübəyə malik tibb mütəxəssislərindən
ibarət heyətin Azərbaycana gətirilməsi və xəstəxanalarda
bizim həkimlərlə birgə işləməsi təşkil
olunub. Həmçinin Çin Xalq
Respublikası Hökuməti ilə aparılmış
danışıqlara və müraciətimizə müvafiq
olaraq Çinin bu sahədə ixtisaslaşmış həkimləri
və ekspertlərindən ibarət tibbi heyət ölkəmizdə
pandemiya ilə mübarizəyə və bizim həkimlərlə
təcrübə mübadiləsinə cəlb ediləcək.
Sizin həkimlərin əməyinə və fədakarlığına
daim yüksək qiymət verməyinizin ifadəsi olaraq
imzaladığınız Sərəncama əsasən
koronavirusla əlaqəli əmək şəraitinə
görə dövlət tibb müəssisələrində
çalışan işçilərin sosial rifahının
yaxşılaşdırılması məqsədilə
onların əməkhaqlarına aylıq vəzifə
maaşının 3-5 mislinədək müddətli əlavə
müəyyən edilib. Mart-iyun ayları ərzində bu tədbirlərdə
iştirak edən işçilərin əməkhaqları
dövlət büdcəsində bu məqsədlər
üçün nəzərdə tutulmuş vəsait
hesabına təmin olunub. Ümumiyyətlə,
koronavirus pandemiyasının qarşısının
alınması və onunla mübarizə üçün səhiyyə
sahəsinə 250 milyon manatdan artıq vəsait
ayrılıb.
Möhtərəm cənab Prezident, Operativ Qərargahın
bütün üzvləri adından Sizin qarşımızda
qoyduğunuz tapşırığın
mühümlüyünü və məsuliyyətini tam dərk
etdiyimizi bildiririk, onların icrası istiqamətində bundan
sonra da çalışacağımıza söz veririk.
Koronavirus məsələsi ilə əlaqədar bunu da
deməyə bilmərəm. Dünya ölkələrinin - 130
ölkənin, bir ölkəni çıxmaq şərti ilə,
Sizin təşəbbüsünüzü dəstəkləməsi
Sizin humanizminizi, liderliyinizi, ölkəmizə və Sizin
şəxsiyyətinizə olan böyük hörməti bir
daha nümayiş etdirdi. Bu, birinci dəfə
deyil ki, dünya rəhbərləri, dünya ölkələri
Sizi dəstəkləyir.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: Sağ olun. İndi COVID-lə
bağlı bizim qarşımızda duran əsas məsələlərdən
biri həkimlərin sayı ilə bağlıdır.
Çünki mən bir dəfə bu haqda dedim. Biz indi yeni klinikalar açırıq, modul tipli xəstəxanalar
açılır, o cümlədən indi Fövqəladə
Hallar Nazirliyinin xətti ilə 2100-dən çox
çarpayılıq iki xəstəxananın
açılışı nəzərdə tutulur, biri
artıq açılıbdır. Ancaq həkimlərin
sayı bizdə təbii ki, arta bilməz və belə olan
halda xarici həkimlərə ehtiyacımız olacaq. Dediyiniz kimi, artıq üç ölkədən –
Türkiyədən, Rusiyadan və Kubadan həkimlər gəlib.
Əlbəttə ki, onlar üçün burada
şərait yaradılıb. Bundan sonra bu
istiqamətdə hansı addımlar nəzərdə tutulur və
bu həkimlərin bir hissəsi gəlib gedib, onların yerinə
başqa həkimlər gəlibmi, yoxsa yox? Bu haqda da qısa bir məlumat verin.
Baş
Nazir Əli Əsədov: Cənab Prezident, Siz qeyd etdiyiniz kimi,
Azərbaycanda indiyə qədər 10 modul tipli xəstəxana
operativ şəkildə, çox qısa müddətdə təşkil
olunub - 5-i Bakıda, digərləri regionlarda. Əlavə
olaraq 6 modul xəstəxana da sifariş olunub, biri
Naxçıvan Muxtar Respublikası, digərləri Bakı və
bölgələr üçün. Bununla
yanaşı, Siz və Mehriban xanım Fövqəladə
Hallar Nazirliyinin Tibb Mərkəzinin 800 yerlik xəstəxanasının
açılışında iştirak etdiniz. Ondan
savayı, 1200-dən artıq yerlik orada əlavə...
Prezident
İlham Əliyev: Bunu mən bilirəm. Mənim
sualım həkimlərlə bağlıdır.
Baş
Nazir Əli Əsədov: 200-ə qədər həkim bu
gün xarici ölkələrdən burada iştirak edirlər.
Ən çox kontrakt Kubadan gələn şəxslərlə
üçaylıq müddətinə imzalanıb. Türkiyədən gələn heyət - 47 nəfər
"Yeni klinika"da çalışır. Onlar iki ay müddətinə
çalışacaqlar. Bundan əlavə,
Rusiyanın 20-dən artıq həkim və mütəxəssisi
Bakıda və Sumqayıtda çalışırlar. Cənab
Prezident, Çin hökuməti ilə aparılan
danışıqlar üzrə kontrakt səviyyəsində
müəyyənləşdiririk ki, Sizin
tapşırığınızla gəlmiş qruplar gedəndən
sonra Çindən həkimlər gəlib onları əvəz
edəcək, bu, ardıcıllıqla olacaq. O cümlədən
cənab Prezident, öz həkimlərimiz - xaricdə təhsil
alan tələbələrimiz, Tibb Universitetində
olan həkimlər ilk günlərdən Sizin
tapşırığınızla və Heydər Əliyev
Fondunun təşəbbüsü ilə bu proseslərə cəlb
olunub. Bu proseslər davam etdiriləcək.
Prezident
İlham Əliyev: Aydındır, sağ olun.
İndi
digər önəmli məsələ bu il
və keçən il bizə böyük problem yaradan
quraqlıqdır. Bilirsiniz ki, keçən ilin
quraqlığı bizə böyük ziyan vurdu. Bu il də
baxmayaraq ki, kənd təsərrüfatı 6 ayda 2,2 faiz artıb, amma daha çox arta bilərdi.
Çünki bu quraqlıq nəticəsində suyun az olması səbəbindən biz istədiyimiz
qədər torpaqlardan istifadə edə bilməmişik. Mən bir müddət bundan öncə bütün
bu işləri nəzərə alaraq və bu sahədə
vahid idarəetmə mexanizmi qurmaq üçün xüsusi
komissiya yaratdım. Baş Nazirin müavini
Şahin Mustafayev komissiyanın rəhbəridir. Komissiyada aidiyyəti qurumların rəhbərləri
təmsil olunur və artıq mənə verilən ilkin məlumata
görə, konkret tədbirlər planının
hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə
edilibdir. Yaxın zamanlarda biz çox
geniş tədbirlər planını təsdiqləyib, icra
etməyə başlayacağıq. İstisna
edilmir ki, gələcək illərdə də buna oxşar
iqlim mənzərəsi davam etsin. Çünki
dünyada iqlim dəyişikliyi bildiyiniz kimi, ciddi problemdir.
Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda
əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə
qədər bəzi ərazilərdə səhralaşma
prosesi gedə bilər. Buna qətiyyən
yol vermək olmaz. Ona görə vahid idarəetmə
mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi.
Bizdə, əgər belə demək
mümkündürsə, su məsələləri ilə məşğul
olan bir neçə dövlət qurumu var və onların
arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə bəzi təsərrüfat obyektləri,
infrastruktur obyektləri nəzarətsiz qalıb. Mənə, məsələn, Şahin Mustafayev məlumat
verir ki, bəzi su anbarlarından çıxan boru xətlərində,
yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri
boyunca qanunsuz qoşmalar var. Yəni, bu indi aşkar olunubdur.
Çünki heç kimin vecinə deyildi,
heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə,
suyun ədalətli bölgüsünə də ziyan vurur.
Aydın məsələdir ki, təsərrüfat sahibləri
bu sudan istifadə edir. Amma o
birilərinə çatmır, bir də ki,
israfçılığa yol verilir. Bəzi
əkin sahələrində o qədər su verilir ki, buna
ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə
mexanizmi işlənməlidir, mənə təkliflər veriləcək.
Eyni zamanda, koordinasiya məsələləri, itkilərin
azaldılması, sudan səmərəli
şəkildə istifadə edilməsi - əgər biz buna
nail olarıqsa, hətta mövcud su ehtiyatlarımızla məsələni
həll edə bilərik.
Şahin Mustafayev mənə məruzə edib ki, bu
günə qədər heç vaxt Azərbaycanda su
balansı tutulmamışdır. Bu da dözülməz
haldır. Biz əgər bu su balansını müəyyən
etməsək, onda bu sudan necə istifadə
edəcəyik? Biz necə ki, hər il
enerji balansımızı təsdiq edirik, eyni qaydada burada da vəziyyət
ona oxşar olmalıdır. Biz son illər ərzində
ölkəmizin enerji təhlükəsizliyini təmin etdik və
bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir
ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir.
Yəni, bu, son illər ərzində əldə
edilmiş nailiyyətlərdir. Biz əvvəlki
illərdə ancaq neft yanacağı ixrac edirdik. Neft, qaz ixrac etmirdik, elektrik enerjisini ixrac etmirdik.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və ondan bir qədər
əvvəl Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin
işə düşməsi nəticəsində nefti ixrac etməyə
başladıq, ondan sonra qazı, daha sonra da elektrik enerjisini. Ona görə bu sahədə
istədiyimizə tam nail olduq və bu
yaxınlarda Mingəçevir İstilik Elektrik Stansiyasının
yenidənqurmadan sonra açılışı bizim
gücümüzü daha da artırdı. 2400 meqavat
gücündə stansiyadır və biz son illər ərzində
800 meqavat həcmində itirilmiş gücləri bərpa
etdik və bu proses davam etdiriləcək.
Nəqliyyat təhlükəsizliyi təmin edilib. Azərbaycan
Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin
birinə çevrilibdir və bizim fəal
iştirakımızla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat
dəhlizləri fəaliyyətdədir və deyə bilərəm
ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində
artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa,
digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa.
Hər ikisi Azərbaycan üzərindən
keçir və təbii ki, bizim imkanlarımız daha da
genişlənir. Əgər biz Şimal-Cənub
nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali
Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə
edir. Deməli, təsəvvür etmək
çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi
təmin etmişik.
Ərzaq təhlükəsizliyinin təmin edilməsində
önəmli addımlar atılır və bu məsələ
ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi
o demək deyil ki, biz bütün ərzaq məhsullarını,
yaxud da kənd təsərrüfatı məhsullarını
Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə,
necə deyərlər, düşünülmüş şəkildə
yanaşaq. Bu ərzaq təhlükəsizliyinin
böyük hissəsi, təbii ki, Azərbaycanda
formalaşmalıdır və əgər indi buğda
istehsalını istisna etsək, bütün digər əsas ərzaq
qida məhsulları ilə özümüzü böyük
dərəcədə təmin edirik. Ancaq,
eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik
törətməməlidir. İxrac
bazarlarına çıxara biləcək məhsullara da diqqət
yetirilməlidir. Ona görə həm Kənd
Təsərrüfatı Nazirliyi və eyni zamanda,
İqtisadiyyat Nazirliyi, digər qurumlar bu məsələ ilə
məşğuldurlar. Yəni, demək istəyirəm
ki, biz bu üç istiqamət üzrə önəmli
nailiyyətlərə çatdıq. Bizdə
su təhlükəsizliyi məsələsi həll
olunmayıb. Sirr deyil ki, su
ehtiyatlarının böyük hissəsi sərhədlərimizin
kənarında formalaşır. Ona görə
burada qonşu ölkələrlə yeni əməkdaşlıq
formatı, itkilərin azaldılması və aidiyyəti
qurumların birgə işləməsi təşkil edilməlidir.
Ona görə indi Şahin Mustafayev
görülmüş işlərlə bağlı məlumat
versin. İşlər nə yerdədir və əlavə
hansı addımların görülməsi nəzərdə
tutulur.
Baş
Nazirin müavini Şahin Mustafayev çıxış edərək
dedi:
- Təşəkkür
edirəm cənab Prezident.
Möhtərəm
cənab Prezident, su ehtiyatlarının az olması, iqlim dəyişməsi
və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən
daxil olan yerüstü su ehtiyatlarının, çaylarda
sululuğun və yağıntıların əhəmiyyətli
dərəcədə azalması, digər tərəfdən
ölkə iqtisadiyyatının, o cümlədən kənd
təsərrüfatının inkişafı, əkin sahələrinin,
suvarma və içməli su təchizatı üzrə şəbəkələrin
genişləndirilməsi nəticəsində suya tələbatın
artması son illərdə ölkədə su
çatışmazlığını şərtləndirmişdir.
Bu baxımdan, xüsusilə cari ildə ölkənin
su ehtiyatları sahəsində gərgin vəziyyət
yaranmışdır. Hazırda əsas su anbarlarında
20,5 milyard kubmetr tutuma qarşı əvvəlki
illərdən kəskin aşağı səviyyədə -
cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard kubmetri
ölü həcmdir. Sizin rəhbərliyinizlə
əvvəlki illərdə böyük həcmdə işlərin
həyata keçirilməsinə, ehtiyat tədbirlərinin
görülməsinə, məsələn, Taxtakörpü,
Şəmkirçay, Naxçıvanda Heydər Əliyev
(Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı
su kəmərinin və sair layihələrin inşa edilməsinə
baxmayaraq, hazırda kəskin su
çatışmazlığı müşahidə edilir.
Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi, su təsərrüfatının idarə
olunmasının təkmilləşdirilməsi və bu sahədə
fəaliyyətin əlaqələndirilməsi məqsədilə
müvafiq Sərəncamınızla Komissiya
yaradılmışdır. Komissiyaya su təsərrüfatı
üzrə idarəetmədə sahələrarası
koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin
yüksək olması, sudan qənaətlə istifadə edilməməsi,
suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin
aşağı səviyyədə olması, nəzarətdənkənar
qoşulmalar, uçot və nəzarət sisteminin zəif
olması kimi problemlərin həlli istiqamətində tədbirlərin
görülməsi tapşırılmışdır.
Möhtərəm cənab Prezident, Komissiya intensiv fəaliyyətə
başlamış, bütün aidiyyəti qurumların
koordinasiyası təmin edilmiş, su ehtiyatları barədə
operativ məlumat sistemi qurulmuş, alınan məlumatların
gündəlik təhlili və nəzarət təmin
olunmuşdur.
Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi
əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan
su anbarları üzrə suvarma, içməli su təchizatı
və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuşdur və
Komissiyada mütəmadi baxılır. Məhdud
su ehtiyatlarının ədalətli, optimal və proporsional
bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin
sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur.
Yaradılmış proqram təminatı sayəsində
qrafiklər "Elektron kənd təsərrüfatı”
informasiya sisteminə inteqrasiya olunur. Suvarmaya
dair problemlərin operativ qaydada həlli məqsədilə Kənd
Təsərrüfatı Nazirliyi ilə "Azmelsutəsərrüfat”
ASC-nin fəaliyyəti əlaqələndirilmiş,
"Çağrı mərkəzi” (8770)
yaradılmışdır. Çoxsaylı müraciətlərə
fərdi qaydada baxılması üçün iş
aparılır.
Operativ tədbirlərlə yanaşı, ölkə
üzrə ilk dəfə su təsərrüfatı
balansı tərtib edilmişdir. Su ehtiyatlarının
formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin
aparılmasına imkan verən su təsərrüfatı
balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən
və növbəti ilin proqnoz göstəricilərini əks
etdirir.
Su təsərrüfatı balansının
formalaşması üçün su təsərrüfatı
subyektlərinin məlumatlarının
elektronlaşdırılması və hesabatın
alınması ilə bağlı "Elektron su təsərrüfatı”
informasiya sistemi yaradılmışdır. Hazırda su təsərrüfatı
balansı sistemə ayrıca modul şəklində daxil
edilmişdir. Eyni zamanda, su obyektlərində
müasir ölçmə cihazlarının
quraşdırılması həyata keçirilir. Növbəti mərhələlərdə aidiyyəti
qurumların informasiya sistemlərinin inteqrasiyası və su
obyektləri üzrə məlumatların real vaxt rejimində
sistemə ötürülməsi təmin ediləcəkdir.
Ölkədə su ehtiyatlarının
artırılması və bu istiqamətdə dağ
çaylarının sularının yığılması
üçün relyefə uyğun yaradılması nəzərdə
tutulan sututarlar üzrə prioritet layihələrə, habelə
içməli su təchizatı üçün yeni mənbələrin
müəyyən edilməsinə dair təkliflər
hazırlanır.
Bununla yanaşı, itkilərin azaldılması həlli
vacib istiqamətlərdəndir. Suvarma sahəsində
itkilərin əsas səbəblərindən biri suvarma
kanallarının əksəriyyətinin torpaq məcralardan
olmasıdır. İtkilərin azaldılması
və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə
də prioritet layihələrlə bağlı təkliflər
hazırlanır.
Möhtərəm cənab Prezident,
tapşırıqlarınıza uyğun olaraq, su
ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
ilə bağlı kompleks tədbirlərin həyata
keçirilməsi üzrə təkliflər yaxın müddətdə
Sizə təqdim olunacaqdır.
Diqqətinizə görə sağ olun.
Prezident İlham
Əliyev: Sağ olun. İndi təqdim olunandan
sonra, əlbəttə, mən bir daha bu məsələlərə
baxacağam. Hesab edirəm ki, yaxın
zamanlarda biz çox geniş və müfəssəl proqram təsdiq
edəcəyik. Ümid edirəm ki, gələn
ilin əkin mövsümünə qədər işlərin
bir hissəsi görülə bilər. Burada
əsas qısamüddətli tədbirlər görülməlidir.
Bildiyiniz kimi, mənə yerlərdən indi
çoxlu müraciətlər daxil olur. Mən
də bu müraciətləri həm Şahin Mustafayevə, həm
də Prezident Administrasiyasına göndərirəm və həlli
bu gün operativ qaydada mümkün olan məsələlər,
su təchizatı ilə bağlı məsələlər
öz həllini tapır. Amma elə məsələlər
var ki, onlar daha çox vaxt, daha böyük həcmdə vəsait
tələb edir. Ona görə biz bu proqramı
üç yerə bölməliyik: Operativ həlli
mümkün olan məsələlər, ortamüddətli və
strateji uzunmüddətli məsələlər. Hesab edirəm ki, biz bu sahədə də çox
ciddi dönüş yaradacağıq. Artıq
bunun ilkin təzahürləri görünməkdədir.
İndi sözü Maliyyə nazirinə verirəm. Büdcənin
icrası ilə bağlı məlumat verin. Ondan sonra gələn ilin büdcəsi ilə əlaqədar
hansı işlər görülüb. Mən
sizə göstəriş vermişdim ki, gələn ilin
büdcəsində də sosial sahəyə xüsusi diqqət
göstərilməlidir. Biz hər il
buna böyük vəsait ayırırıq və ildən-ilə
sosial ödəmələr artır. Ancaq indi
pandemiya nəzərə alınmalıdır. Pandemiya nə
vaxt başa çatacaq, bunu heç kim deyə
bilməz. Ona görə həm pandemiyadan zərərçəkmiş
sahələrə maliyyə dəstəyi, eyni zamanda,
insanların sosial müdafiəsi, işini itirənlərin
sosial müdafiəsi, bütün bu məsələlər
öz həllini təbii ki, tapmalıdır. Mən göstəriş vermişdim ki, xarici
dövlət borcu ilə əlaqədar biz öz mühafizəkar
siyasətimizi bundan sonra da aparacağıq. Ancaq biz strateji əhəmiyyət daşıyan sahələrə
xarici kreditləri cəlb edə bilərik. Ona görə bu, bizə imkan verəcək ki, xarici
dövlət borcu lazımi səviyyədə
saxlanılsın. Buyurun, məruzə edin.
Maliyyə
naziri Samir Şərifov çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident, hörmətli müşavirə
iştirakçıları.
Operativ məlumatlara əsasən, cari ilin birinci altı
ayında dövlət büdcəsinin icrası gözlənildiyindən
yaxşı olub. Koronavirus pandemiyası ilə bağlı
üzləşdiyimiz digər xarici şokların, - mən,
ilk növbədə, istehlak tələbinin azalması və
onun nəticəsində neft və neft məhsullarının
qiymətlərinin enməsini nəzərdə tuturam, - cari
ildə ölkə iqtisadiyyatı üçün törətdiyi
mənfi fəsadlara rəğmən büdcə gəlirləri
üzrə proqnozlar artıqlaması ilə icra olunub.
Dövlət büdcəsinin gəlirləri proqnoza
qarşı 2,9 faiz və ya 338 milyon manat
çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib.
Daxilolmalar üzrə proqnoz göstəricilərini
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon
manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi
98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib.
Dövlət Neft Fondunun dövlət büdcəsinə
transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar
üzrə proqnoz isə 15,2 milyon manat
çox icra olunub. Büdcə təşkilatlarının
büdcədənkənar daxilolmaları üzrə proqnozun
102 milyon manat az, dövlət büdcəsi xərclərinin
isə 105 milyon manat artıq və ya 100,9
faiz icra olunmasına baxmayaraq, 2020-ci il 1 iyul tarixinə dövlət
büdcəsində 292 milyon manat məbləğində və
ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Hesabat dövründə dövlət büdcəsindən
maliyyələşdirilməsi nəzərdə tutulmuş
bütün dövlət vəzifələrinin, sosial proqram və
layihələrin icrası tam həcmdə təmin edilib.
Altı ay ərzində maliyyələşdirilmiş 11
milyard 734,1 milyon manat büdcə xərclərinin tərkibində
sosialyönümlü xərclərin xüsusi çəkisi
42,5 faiz olub və yaxud 4 milyard 984 milyon manat təşkil edib.
2019-cu ilin eyni dövrü ilə müqayisədə cari ilin
altı ayında səhiyyə xərclərinə 75,8 faiz və
yaxud 287 milyon manat, təhsil xərclərinə 53,5 faiz və
yaxud 517 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə
13,2 faiz və yaxud 196 milyon manat, kənd təsərrüfatı
və ətraf mühitin mühafizəsi xərclərinə
85,3 faiz və yaxud 260 milyon manat çox vəsait yönəldilib.
Dövlət
investisiya proqramı çərçivəsində investisiya
layihələrinin həyata keçirilməsi
üçün ayrılmış vəsaitin 44,3 faizinin və
yaxud 1 milyard 835 milyon manatının maliyyələşdirilməsi
təmin edilib. Dövlət borcuna xidmətlə
bağlı xərclər isə 881 milyon manat təşkil
edib.
Pandemiya
ilə mübarizə tədbirləri, onun ölkə
iqtisadiyyatında yaratdığı mənfi təsirlərin
azaldılması üçün Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamları ilə dövlət
büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən
6 ay ərzində 752 milyon manat vəsaitin maliyyələşdirilməsi
təmin olunub. Bu mənbədən səhiyyə sahəsinə
ayrılmış 250 milyon manat vəsaitdən 149 milyon manat,
sosial-iqtisadi dəstək tədbirləri üzrə
ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manat,
sosial təminat dəstək tədbirləri üzrə
ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manat,
dövlət şirkətlərinə maliyyə dəstəyinin
göstərilməsi ilə bağlı ayrılmış
280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə
edilib.
Möhtərəm cənab Prezident, pandemiyanın
hansı müddətə qədər davam edəcəyi ilə
bağlı qeyri-müəyyənliyin, dünya
iqtisadiyyatında resessiyanın nə vaxt başa çataraq
iqtisadi artımla əvəz olunacağını tam təxmin
etmək hələ də qeyri-mümkündür. Beynəlxalq Valyuta Fondu
dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin
aprel ayındakı proqnozunu iyun ayında 4,9
faizədək pisləşdirib. Bununla
yanaşı, fond 2021-ci ildə dünya iqtisadiyyatının
sürətli bərpa olunması proqnozunu yeniləyərək
daha mülayim addımla əvəzləyib.
Cari ilin
altı ayında xam neftin orta aylıq qiymətinin 38 ABŞ
dolları təşkil etməsi, OPEC+ sazişi çərçivəsində
satış üzrə neft xərclərinin azalması və
koronavirus pandemiyası ilə mübarizə çərçivəsində
tətbiq olunması qaçılmaz olan karantin və digər
məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi
təsirləri ilin sonuna həm neft gəlirlərinin, həm
də qeyri-neft sektoruna daxilolmaların azalmasını şərtləndirir.
Bu ilin altı ayında vergi, gömrük və məcburi
dövlət sosial sığorta ödənişləri
üzrə daxilolmalar proqnozlarının artırılması
ilə yerinə yetirilməsi nəticəsində
formalaşan ehtiyat ilin sonuna kimi xərclər və gəlirlər
arasında gözlənilən natarazlığın aradan
qaldırılması üçün kifayət etməyəcək. Qeyd olunmalıdır ki, dövlət
büdcəsində mövcud ehtiyatlar da Sizin
müvafiq Sərəncamınıza uyğun olaraq pandemiya ilə
mübarizə tədbirləri və iqtisadiyyata mənfi təzyiqin
azaldılması tədbirlərinə xərclərin
optimallaşdırılması yolu ilə yönəldilib.
Bununla yanaşı, pandemiyanın yaratdığı keyfiyyətcə
yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri,
əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə,
sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə
dövlət dəstəyinin göstərilməsinin davam
etdirilməsi, səhiyyə sahəsi və digər dövlət
ehtiyacları dövlət büdcəsinin icrası ilə
bağlı yeni çağırışları
formalaşdırır, bununla bağlı əlavə maliyyə
təminatının yaradılmasını gündəmə
gətirir.
Maliyyə naziri cari ilin təsdiq olunmuş dövlət
və icmal büdcələrinin xərclərinin
prioritetliyinin və ünvanlılığının
optimallaşdırılması, yaranmış vəziyyətə
uyğun yeni ehtiyacların maliyyələşdirilməsi,
dövlət büdcəsinin gəlir və xərcləri
arasında tarazlığın təmin edilməsi məqsədilə
2020-ci ilin dövlət büdcəsinə yenidən
baxılaraq düzəlişlər olunmasının məqsədəuyğunluğunu
qeyd etdi.
Prezident
İlham Əliyev: İndi neftin qiymətindən asılı
olmayaraq təbii ki, büdcə tam icra edilməlidir. Hesab edirəm ki, buna bizim imkanımız
çatacaq. Dürüstləşməyə
gəldikdə, prinsipcə mən buna etiraz etmirəm. Əvvəlki illərdə də biz dürüstləşmə
aparmışdıq, ancaq bu, gərək əsaslandırılsın.
Ona görə hökumət üzvləri ilə
birlikdə Baş Nazirin rəhbərliyi ilə bu məsələləri
təhlil edin və mənə konkret təkliflər verin.
Biz hansı həcmdə büdcə xərclərimizi
artırmalıyıq və bundan hansı məqsədlərə
istifadə etməliyik.
Onu da bildirməliyəm ki, büdcə gəlirlərinin
artırılması ilin ilk aylarında baş vermişdir. Çünki mən bunu
demişəm, bir daha demək istəyirəm ki, biz ili çox yaxşı, böyük
uğurlarla, böyük planlarla başlamışdıq. Həm vergi, həm gömrük sahəsində
proqnozdan əlavə artım var idi. Amma bu ilk aylarda,
haradasa aprel-may aylarından başlayaraq artım, belə demək
mümkündürsə, yavaşladı. Yenə
də biz profisitdəyik. Ancaq siz qeyd
etdiyiniz kimi, ilin sonuna qədər bu profisit bizə
çatmaya bilər. Əlavə xərclər
oldu. Neftin qiyməti bizdə 55 dollar nəzərdə
tutulmuşdu. İndi hazırda, altı
ayda bu 40 dollardan aşağıdır. Ona
görə bütün bu məsələlər təbii ki,
nəzərə alınmalıdır. Əminəm
ki, bu ilin büdcəsi ilə bağlı hər hansı bir
problem olmayacaq.
O ki
qaldı, gələn ilin büdcəsi, ilk növbədə,
neftin qiyməti gərək düzgün müəyyən
edilsin. Hələ ki, vaxt var. Biz neft
bazarlarında vəziyyətə baxıb, bunu müəyyən
edəcəyik. Elə etməliyik ki, əsas
sosial məsələlərdən başqa digər strateji
infrastruktur layihələrinin icrası təmin edilsin. Bir daha demək istəyirəm ki, onların
arasında, ilk növbədə, su təchizatı ön
plandadır - həm içməli su, eyni zamanda, suvarma suyunun
təmin edilməsi. Ona görə layihələr
indi hazırlanır. Onların texniki
iqtisadi əsaslandırılması, xərclər smetası
hazırlanacaq. Bu məsələ də
mütləq nəzərə alınmalıdır.
İndi isə söz verilir Mərkəzi Bankın sədri
Elman Rüstəmova. Məlumat verin, bank sektorunda vəziyyət
necədir? Bağlanmış banklarla
bağlı vəziyyət və əmanətçilərin
kompensasiyası ilə bağlı hansı işlər
görülüb? Məndə olan məlumata
görə, 10 mindən çox əmanətçiyə 200
milyon manatdan çox vəsait verilməli idi. Verilib, verilməyib? Bu məsələ nə dərəcədə
öz həllini tapır ki, əmanətçilər onlara
çatacaq bütün vəsaitlə tamamilə təmin
olunsunlar?.
Mərkəzi
Bankın sədri Elman Rüstəmov dedi:
- Möhtərəm
cənab Prezident.
Cari ilin mart ayından başlayaraq, iqtisadiyyatımız
presedenti olmayan xarici şoklarla üzləşmişdir. Lakin son illərdə
Sizin rəhbərliyinizlə ölkədə makroiqtisadi
dayanıqlılığın yüksəldilməsi, həyata
keçirilən islahatlar və pandemiyadan irəli gələn
çağırışlara vaxtında və tam adekvat cavab
verilməsi situasiyanı effektli idarəetməyə imkan
yaratmışdır. Makroiqtisadi situasiya,
maliyyə bazarları da bu çağırışlara məruz
qalmışdır. Biz bilirik ki, neftin qiymətində,
qeyd olunduğu kimi, əhəmiyyətli düşmə
baş verdi. Lakin "OPEC+”
razılaşmasından sonra neft bazarlarında əhval-ruhiyyə
bir qədər yaxşılaşdı, neftin qiyməti
yüksəlməyə başladı. Altı
ayın ilkin yekunlarına görə, ölkənin ticarət
balansı profisitlidir.
Birinci rübdə strateji ehtiyatlarımız bir qədər
azalsa da, ikinci rübdən bərpa prosesi sürətləndi. Hazırda
bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə
olan səviyyədədir. Xarici şok
şəraitində bizim valyuta bazarımız əhəmiyyətli
spekulyativ hücuma məruz qaldı. Lakin
vaxtında görülən tədbirlər nəticəsində
valyuta bazarı tarazlaşmışdır. Bu gün bunun hər iki seqmenti – həm nağd, həm
də qeyri-nağd hissəsi tam sabit və tarazlı səviyyədə
fəaliyyət göstərir. İlin ilk 5 ayında 2,9
faizlik inflyasiya səviyyəsi var. Aparılan sorğular
göstərir ki, həm əhalinin, həm də biznesin
inflyasiya göstəriciləri sabitləşib,
aşağı düşüb. 2020-ci ilin sonunda bizim
inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir
ki, bu da bizim və hökumətin proqnozlarından
aşağıdır. Pul-kredit siyasətinin,
faiz siyasətinin yumşaldılması ardıcıl olaraq
davam etdirilir. İlin əvvəlindən faiz dərəcəsi
7,5 faizdən 7 faizə endirilib.
İqtisadiyyat və bank sistemində əhəmiyyətli
likvidlik var - təxminən 8 milyard manata qədər. Lakin bəzi
hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri
yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və
likvidliyi təmin edilir. İlin əvvəlindən
maliyyə sektorunda başlayan pozitiv dinamika saxlanılıb.
Bank sektorunda da yaxşı start götürmüşdük.
Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri
3,2 faiz artmışdır. İstehlak kreditləri isə 4,8 faiz azalmışdır.
Bütövlükdə banklarda situasiya bir qədər
pisləşib, biz vəziyyəti nəzarətdə
saxlayırıq. Mərkəzi Bank situasiyanı tam nəzarətdə
saxlayır. Lakin bankların 23 faiz səviyyəsində,
yəni, müvafiq normadan iki dəfədən artıq kapital
buferi bu gün gözlənilən itkiləri
qarşılamağa imkan verir.
İkinci rübdə ölkədə maliyyə
sağlamlığının gücləndirilməsi istiqamətində
radikal addımlar atdıq. Dörd bankın, bir
tibbi sığorta şirkətinin lisenziyaları geri
çağırıldı. Bütövlükdə bu
addımlar operativ olaraq bir ayın içində - aprelin
sonunda və may ayının ortalarında
atılmışdı. Bütün bu problemləri
operativ həll etdik. İyunun 1-dən
artıq əmanətçilərin əmanətləri
qaytarılmağa başlandı. Hazırda
hər dörd bank üzrə əmanətlər "Kapital
Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır.
Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə
245 milyon manatdan çox vəsait qaytarılmışdır.
Bu məsələ çox ciddi diqqətdədir,
nəzarətdədir. Ortaya çıxan
məsələləri, problemləri hökumətin də
aktiv dəstəyi, köməyi ilə operativ həll edirik.
Sığorta
sistemində də ilin əvvəlindən artım var,
yığımlar 13,5 faiz
artırılmışdır. Kapital
bazarlarında canlanmanı təşviq edirik. Bu günlərdə "SOCAR Polymer Invesment” Məhdud
Məsuliyyətli Cəmiyyəti daxili bazarın istiqraz
emissiyası vasitəsilə 200 milyon dollar vəsait cəlb
etmişdir, Azərbaycan banklarını öz ehtiyaclarına
uyğun təmin etmişdir. Bu vəziyyətdə təbii
ki, təmassız ödəniş sistemlərinin, elektron
ödəniş sistemlərinin üzərinə olduqca
böyük iş düşmüşdür. İlkin qiymətləndirməyə
görə, ötən ilin müvafiq dövrü ilə
müqayisədə ödəniş kartları ilə
aparılan ölkədaxili nağdsız əməliyyata 37
faiz, təmassız kartların sayı 2 dəfə, təmassız
ödənişlər 5 dəfə, elektron ticarət 53 faiz,
bankçılıq 2,2 dəfə, internet
bankçılıq isə 84 faiz artmışdır.
Pandemiyanın nəticələrini aradan
qaldırmağa imkan verən antiböhran tədbirlərinə
Mərkəzi Bank da qoşulmuşdur. Hazırda bizim
verdiyimiz requlyativ güzəştlərə uyğun olaraq,
banklara 1 milyard manat məbləğində kreditlərin
restrukturizasiyası ilə əlaqədar 64 mindən çox
müraciət olunmuşdur. Banklar tərəfindən
bu müraciətlərə operativ baxılır.
Artıq biznes kreditlər üzrə 58 faiz, ipoteka kreditləri
üzrə 77 faiz, əhalinin istehlak kreditləri üzrə
isə 84 faiz müraciətlər icra edilib, restrukturizasiya
olunub. Əhaliyə biznesə möhlətlər
verilib və bu, onlara bir qədər yüngüllük gətirir.
Çünki onlar pandemiya dövründə
öz gəlirlərini itiriblər.
Bankların nağdsız ödənişlər üzrə
xidmət haqlarını biz 50 faizə qədər
aşağı salmışıq.
Cənab
Prezident, insanların hərəkət imkanları məhdud
olduğuna görə müddəti başa çatan təqaüd
kartlarının müddətini onların müraciətlərinə
əsasən sentyabrın sonuna qədər
uzatmışıq. Lazım gəlsə,
situasiyadan asılı olaraq bu tədbiri davam etdirəcəyik.
Sizin göstərişinizlə may-iyun aylarından
ölkədə işsiz kimi qeydiyyata alınan 600 min nəfərə
operativ qaydada bank hesabı açılması, onlara ödəniş
kartlarının verilməsi təmin olunmuşdur. Artıq
may-iyun aylarındakı ödənişlər tam şəkildə
bank hesabları və bank kartları vasitəsilə təmin
edilmişdir. Bankların özünüməşğulluq
proqramında aktivliyi davam etdirir. Aprel
ayından başlayaraq 200-ə yaxın, 800 min manatdan çox
belə kredit verilmişdir. Proqram qəbul
olunubdur, ilin sonuna qədər bu proqram 1000 nəfərdən
çox insanı əhatə edəcək. Bizim məqsədimiz təkcə o kreditləri
ödəmək deyil. Biz istəyirik onlara iş yerləri,
gəlirlər yarada bilən aktiv, dayanıqlı mikrobizneslərin
yaradılmasını təmin edək ki, bu insanlar aktivlərdən
uzun müddət istifadə etsinlər.
Real sektorun maliyyə imkanlarına
çıxışını genişləndirmək
üçün Avropa Yenidənqurma və İnkişaf
Bankı ilə 200 milyon dollar həcmində çərçivə
sazişi bağlanılıb. Bu, Sizin Avropa Yenidənqurma
və İnkişaf Bankının rəhbərliyi ilə
danışıqlarınızdan sonra baş verib. Birinci tranş 50 milyon dollardan artıq
reallaşmasına başlanıb. Bu kreditlər
real sektorda olan müəssisələrə yönəldilməyə
başlanmışdır.
Cənab
Prezident, cari ilin ikinci yarısında qarşımızda duran
vəzifələrdən danışarkən qısaca deyim
ki, burada əsas məsələ, ən böyük problem
siyasətin, makroiqtisadi siyasətin, digər siyasətlərin
böyük həcmdə qeyri–müəyyənliklər şəraitində
aparılması olmuşdur. Hazırda həm
sosial siyasət, həm də büdcə, pul-kredit siyasəti
başlıca olaraq pandemiyadan zərər çəkmiş əhalinin,
biznesin gəlirlərinin neytrallaşmasına yönəldilib.
Artıq Beynəlxalq Valyuta Fondu öz bədbin
proqnozlarını dərc etmişdir, Azərbaycan üzrə
proqnozlar daha optimistikdir. Biz
çalışmalıyıq ki, bu optimizmi
reallaşdıraq. Bu ili nə qədər
yaxşı nəticələrlə başa vursaq, növbəti
illərdə bərpa və inkişaf proseslərinə daha
tez və daha da sürətlə qayıda bilərik.
Mərkəzi Bankın qarşısında duran
başlıca vəzifə yenə də hökumətlə
sıx əlaqədə işləyərək ölkədə
makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamaqdır. Bu istiqamətdə
hökumət proqramı üzrə bizim adekvat tədbirlər
planımız var. Ona görə hökumət qurumları ilə
birlikdə gələn illər və ortamüddətli
dövrdə yeni makroiqtisadi çərçivə üzrə
işlərimizi tamamlayırıq ki, bu çərçivə
hər hansı dövrdə gələn bütün
çağırışlara adekvat cavab vermək
imkanında, iqtidarında olsun.
Cənab
Prezident, Sizi əmin etmək istəyirəm ki, Mərkəzi
Bank və onun kollektivi ölkədə makroiqtisadi sabitliyi və
maliyyə sabitliyini qorumağa çalışacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: Sağ olun. Hesab edirəm ki,
görülmüş tədbirlər və məruzə
etdiyiniz məsələlər bank sektorunda sağlamlaşma
prosesinə müsbət təsir göstərəcək və
artıq göstərir. Əlbəttə
ki, bizim bank sektorumuz daha da rəqabətqabiliyyətli
olmalıdır və iqtisadi inkişafda öz rolunu
saxlamalıdır. Şadam ki, artıq
özünüməşğulluq proqramına bizim banklar da
qoşuldu. Bu, çox müsbət
haldır. Bildiyiniz kimi, biz bu proqrama ancaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti
ilə başlamışdıq. Amma indi həm
Dünya Bankı qoşuldu - 100 milyon dollar həcmində, eyni
zamanda, bizim banklar qoşuldular. Əlbəttə
bu, sadəcə olaraq, pulların, yaxud da biznes
üçün vasitələrin paylanması deyil, burada
çox ciddi biznes planlar olmalıdır. Ona
görə banklar bunu kredit şəklində verəndə təbii
ki, biznes plana da baxırlar.
Elektron ödənişlə bağlı rəqəmlər
də çox sevindiricidir. Hesab edirəm ki, biz
yaxın gələcəkdə bu sahədə vəziyyəti
daha da yaxşılaşdıracağıq və inkişaf
etmiş ölkələrin rəqəmlərinə
yaxınlaşmalıyıq. Çünki
burada da rezervlər hələ ki, kifayət qədər
çoxdur.
Biznes kreditləri ilə bağlı sizin verdiyiniz məlumat
da çox sevindiricidir. Bilirsiniz ki, mən bu məsələyə
həmişə diqqət yetirirəm. Məndə
olan məlumata görə, kreditlərin 60 faizdən çox
hissəsi artıq biznesə yönəlmiş kreditlərdir.
Bu, təbii ki, indiki şəraitdə və
müəyyən dərəcədə investisiyaların
azaldılması dövründə bizim iqtisadi
inkişafımıza, o cümlədən məşğulluğa
daha yaxşı şəraitin yaradılmasına gətirib
çıxaracaqdır.
İndi isə söz verilir İqtisadiyyat nazirinə. Deməliyəm
ki, mənim təxmin etdiyim kimi, beşinci, altıncı
aylardan sonra iqtisadiyyat bir qədər tənəzzülə
uğradı. Ölkədə dörd ay ərzində
iqtisadi artım müşahidə olunurdu. Ancaq may-iyun
aylarında tənəzzül olub və ümumi daxili məhsul
bu ilin 6 ayında 2,7 faiz azalıbdır. Bunun da səbəbləri bəllidir. Təkcə
onu demək kifayətdir ki, bizim turizm sektorumuz 48 faiz, tikinti
sektoru isə 14,5 faiz tənəzzülə
uğrayıb. Bu sektorların ümumi daxili məhsulda
payı son illər ərzində artırdı. Təbii ki, neftin qiymətinin aşağı
düşməsi və "OPEC+” çərçivəsində
əlavə öhdəliyin üzərimizə düşməsi
və hasilatın azalması nəticəsində təbii ki,
bizim ümumi daxili məhsulumuz da azalmalı idi. Biz buna hazır idik. Bu,
böyük faciə deyil. Bu, müvəqqəti
bir məsələdir. Əminəm ki,
dünya iqtisadiyyatı pandemiyadan çıxmağa
başlayan kimi, bizdə də bu sahədə vəziyyət bərpa
olunacaq. Yenə də demək istəyirəm
və hesab edirəm ki, digər ölkələrlə
müqayisədə bizdə vəziyyət məqbul sayıla
bilər. Dediyim kimi, quraqlığa baxmayaraq kənd təsərrüfatımız
2,2 faiz artıb. İlin
sonuna qədər baxacağıq ki, indi artım nə qədər
olacaq. Qeyri-neft sektorunda sənaye
istehsalı 11 faizdən çox artıb. Bu
da sevindirici haldır və onu göstərir ki, sənayeləşmə
siyasətimiz öz bəhrəsini verməkdədir.
Ona görə İqtisadiyyat naziri ümumi iqtisadi vəziyyətlə
bağlı məlumat versin. Eyni zamanda, kölgə
iqtisadiyyatına qarşı mübarizə və son müddət
ərzində sahibkarlığın inkişafı ilə
bağlı İqtisadiyyat naziri tərəfindən çox
önəmli islahatlar irəli sürüldü. Bu məsələ və digər məsələlərlə
bağlı məlumat verin.
İqtisadiyyat
naziri Mikayıl Cabbarov çıxış edərək dedi:
- Təşəkkür
edirəm möhtərəm cənab Prezident.
İcazənizlə, ilk növbədə, pandemiya və
neftin qiymətinin aşağı düşməsinin ölkə
iqtisadiyyatına mənfi təsirlərinin
minimallaşdırılması məqsədilə Nazirlər
Kabinetinin müvafiq sərəncamı ilə təsdiq
edilmiş Tədbirlər Planı çərçivəsində
İqtisadiyyat Nazirliyinə həvalə olunmuş
tapşırıqların icrası istiqamətində məruzə
edim. İqtisadi artıma və sahibkarlığa dəstək
Tədbirlər Planının mühüm istiqamətlərindən
biridir. Burada da pandemiyanın ölkə
iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə
təxirəsalınmaz tədbirlər nəzərdə
tutulur. Tədbirlər Planının
icrası üzrə aidiyyəti dövlət qurumları və
müəssisələrin məlumatlarını özündə
cəmləşdirən elektron məlumat portalı
yaradılmışdır. Məlumatlar əsasında
iqtisadiyyatda baş verən proseslərin operativ monitorinqi
aparılır. Nəticələr
hökumətə mütəmadi şəkildə təqdim
olunur.
Tədbirlər Planının növbəti istiqaməti
pandemiyadan zərər çəkmiş sahələrdə
çalışan muzdlu işçilərin əməkhaqqının
müəyyən hissəsinin ödənilməsi və fərdi,
o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin
göstərilməsidir. Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının
kompensasiyası çərçivəsində 24 min 300
vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə
95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi,
o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi
paketi çərçivəsində 105,6
min vergiödəyicisinə 63 milyon vəsait verilib.
İqtisadiyyat
naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkən
sahibkarlıq subyektlərinə vergi güzəştlərinin
və tətillərinin verilməsi ilə bağlı həyata
keçirilən tədbirlər planı çərçivəsində
görülən işlərdən də danışaraq
dedi:
-Tədbirlər
Planının mühüm istiqamətlərindən biri də
pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət
göstərən sahibkarlıq subyektlərinə veriləcək
500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin
verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər
üzrə faizlərin
subsidiyalaşdırılmasıdır. Hazırda
hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən
yaradılan və ölkədə ilk dəfə tətbiq
olunan rəqəmsal kredit platforması vasitəsilə həyata
keçirilir. Sahibkarlar tərəfindən
kredit təşkilatlarına 318 milyon manat kredit əldə
olunması üçün artıq 820 müraciət olunub.
Üç milyon manat məbləğində
kreditlərin rəsmiləşdirilməsi prosesinə
başlanıb. Yəni, banklar tərəfindən
də müvafiq qaydalara uyğun olaraq razılıq verilib.
Avqust ayının 1-dək isə platformada sahibkarlara
eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq.
Mikayıl
Cabbarov daha sonra kölgə iqtisadiyyatı ilə mübarizə
sahəsində həyata keçirilən tədbirlərdən
danışdı, əldə edilən uğurlu nəticələri
diqqətə çatdıraraq bildirdi:
-İlk növbədə, biz kölgə iqtisadiyyatının
həcmini ölçərkən dövriyyələrə
fikir veririk - xüsusilə elektron qaimə ilə rəsmiləşən
dövriyyələrə. Bunların həcmi ötən ilin 5
ayına nisbətən 6,8 faiz
artmışdır. Halbuki dövr ərzində qeyri-neft
ÜDM-i 2,1 azalıb. Resessiya
şəraitində bu göstəricinin artması dövriyyələrin
şəffaflaşmasının mühüm göstəricisidir.
Qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən
dövriyyələrin həcminin artım templəri fəaliyyət
sahələri üzrə aşağıdakı kimi
olmuşdur: sənayedə 3,2 faiz, ticarətdə
6 faiz, o cümlədən pərakəndə ticarətdə
15,3 faiz. Halbuki biz pərakəndə ticarətin ümumi
dövriyyəsinin 1,7 faiz azalmasını,
hətta ictimai iaşədə 36,8 faiz azalma nəzərə
alırıq, amma rəsmiləşən dövriyyədə
5,3 faiz artımı qeydiyyatdan keçiririk. Tikinti sektorunda 2,9 faiz artım dövriyyələri rəsmiləşməsində,
halbuki 14,1 faiz azalma neft kontraktları nəzərə
alınmadan və bir sıra digər sahələrdə. Digər
bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin
dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6
ayında özəl sektor üzrə ƏDV depoziti
hesabına mədaxil 6,8 faiz artıb. Resessiya şəraitində özəl sektor üzrə
mədaxilin artması şəffaflaşmanın mühüm
göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi
Bankın məlumatına əsasən 1 iyun tarixinə özəl
sektorun banklardakı manatla cari hesablaşma hesabının
qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə
39,2 faiz artmışdır ki, bu da bankdan keçən
dövriyyələrin artımının ağarmasını
təsdiq edən digər mühüm göstəricidir.
2019-cu ildə
qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı
fondu 29,1 faiz artmışdırsa və əhalinin gəlirlərinin
artım tempini 3,9 dəfə üstələyirdisə,
2020-ci ilin birinci rübündə ötən ilin eyni
dövrü ilə müqayisədə artım davam edərək
23,6 faiz olmuş və əhalinin gəlirlərinin artım
tempini 3,5 dəfə üstələmişdir.
Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar
tərəfindən ölkə ərazisində ticarət və
ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən
alınmış mallara görə ödənilmiş
ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən
başlamışdır. Ötən dövr ərzində 10
milyon 400 min çek üzrə daxil olmuş müraciətlə
bağlı artıq 2,7 milyon manat ƏDV istehlakçılara
qaytarılıb, 2,4 milyon manat isə 30 gün tamamlananda
qaytarılacaq.
Möhtərəm
cənab Prezident, bizim qarşımızda 3 əsas hədəf
var - makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin və
məşğulluğun qorunması, məşğulluğun
inkişafı və büdcə gəlirlərinin iqtisadi
bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsi.
Tapşırığınıza uyğun olaraq biz 7 sektor
üzrə - tikinti, dağ-mədən, rəqəmsal
iqtisadiyyat, telekommunikasiya, kənd təsərrüfatı,
emal sənayesi, daxili turizm, nəqliyyat, turizm və logistika
olmaqla, müvafiq araşdırmaları başa
çatdırırıq və qısa müddət ərzində
hər bir sektoral sahə üzrə hökumətə təqdim
olunacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: Sağ olun. İndi söz
verilir Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə.
Nazir Sahil
Babayev çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Cari ilin ilk yarısında bütün sosial ödənişlər
vaxtında, hətta pandemiya dövründə vaxtından əvvəl
həyata keçirilmişdir. Bu sosial ödənişlər
çərçivəsində ötən ilin analoji
dövrü ilə müqayisədə 24 faiz artıq, yəni
436 milyon manat çox vəsait ödənilmişdir.
Pensiyaların indeksasiyası ilə bağlı Sizin cari ilin əvvəlində
qəbul etdiyiniz qərara uyğun olaraq 1,2
milyon pensiyaçının pensiyaları 16,6 faiz
artırılmışdır. Bunun nəticəsində də
orta pensiyamız ötən ilin müvafiq dövrü ilə
müqayisədə 27 faiz artaraq 297 manata, yəni, faktiki olaraq
300 manata yaxınlaşmışdır. Eyni
zamanda, pandemiya dövründə 750 min şəxsə
müavinət və təqaüdlər yenə də
vaxtından əvvəl ödənilmişdir. Bu məqsədlər üçün ötən
ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya
45 faiz artıq vəsait ödənilmişdir. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin
elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin
mobilliyinin azaldılması baxımından çox
böyük önəm kəsb edirdi. Bu
ilin altı ayı ərzində pensiya və təqaüdlərin
53 mini məhz tam elektron qaydada, məmur-vətəndaş təması
olmadan həyata keçirilmişdir. Eyni
zamanda, 324 min insana elektron qaydada arayışlar təqdim
edilmişdir.
Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə
görə alıcılıq qabiliyyəti üzrə MDB-də
birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti
üzrə isə ikinci yeri tutur.
Sosial
ödənişlərin digər vacib bir istiqaməti məhz
sosial təminatla bağlı idi və burada da Sizin
tapşırığınıza uyğun olaraq ünvanlı
sosial yardım proqramının ödənişinin, prosedur
qaydalarının sadələşdirilməsi üzrə
iş aparıldı. Artıq bu gün 84 min ailənin
350 min üzvünə ünvanlı sosial yardım ödənişləri
həyata keçirilir. Pandemiya
dövründə artım 14 min ailənin 58 min
üzvünü əhatə etdi. Eyni
şəkildə orta məbləğ burada 225 manata bərabər
olub və bütün prosesin tam elektron portal üzərindən
həyata keçirilməsinə başlanılıb.
Sosial təminatın digər bir istiqaməti olaraq aztəminatlı
ailələrimizə dəstək proqramları və Sizin
tapşırığınıza uyğun olaraq şəhid
ailələrinə, müharibə əlillərinə mənzil
və avtomobillərin verilməsi proqramı davam etdirildi. Artıq bu
günə 300 mənzil və 100 avtomobil bu kateqoriyadan olan
insanlarımıza təqdim edilmişdir. Karantin rejimi
bitdikdən sonra daha 200 mənzil və 100 avtomobil
hazırdır, onlar da şəhid ailələrimizə və
müharibə əlillərinə təqdim olunacaqdır.
Ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi ev və 400 avtomobilin verilməsi
planlaşdırılır. Eyni zamanda, tənha yaşayan
ahıl şəxslərimizin sosial müdafiəsinin təmin
edilməsi üçün 65 yaşdan yuxarı tənha
ahılların hər biri nazirlik tərəfindən tam şəkildə
sosial xidmətə götürüldü və ölkə ərazisi
üzrə bu qəbildən olan 15 min insana sosial xidmətçilər
tərəfindən gündəlik xidmət göstərilir. Sizin çağırışınıza
qoşulan bir çox dövlət və özəl şirkətlərimizin
təşəbbüsü ilə pandemiya dövründə
100 mindən çox ailəyə ərzaq payları təqdim
edildi. Burada həm dövlət
qurumlarımız, həm də özəl şirkətlər
çox aktiv rol oynadılar.
Sosial rifah və məşğulluğa dəstək Tədbirlər
Planının ikinci əsas istiqaməti məşğulluq tədbirləri
idi və bu çərçivədə işimiz iki istiqamətdə
qurulmuşdu.
Birinci istiqamət bu gün əmək müqaviləsi ilə
işləyənlərin iş yerlərinin qorunması və
işsizliyin artmasına imkan verilməməsi ilə
bağlı işlərdir. Bu sahədə
aparılan həm dəstək tədbirləri, həm də
inzibati tədbirlər nəticəsində çox müsbət
dinamika əldə edildi. Qeyd edim ki, dövlət sektoru
üzrə 900 min iş yeri qorundu, onların hər birinin əməkhaqqısı
ödənildi. Eyni zamanda, özəl sektorda 110
min əmək müqaviləsi, 17 faizlik bir artım meydana
çıxdı. Bu gün əmək
müqaviləsi ilə özəl sektorda işləyən
insanların sayı 751 minə çatıb. Əlbəttə
ki, burada da qeyri-formal məşğulluqla mübarizə ilə
bağlı Sizin verdiyiniz tapşırıqların
icrası nəticəsində əldə edilən bu göstəricini
vurğulamaq lazımdır. Eyni zamanda, özəl sektorumuzun
Sizin çağırışlarınıza səs verməsi
və mövcud iş yerlərinin
formallaşdırılması, leqallaşdırılması
sahəsində də aparılan tədbirlər qeyd
olunmalıdır. Bu əmək müqavilələrinin
sayının artımı nəticəsində əməkhaqqı
fondunda da 8 faizlik artım yaradıldı. Özəl
sektorda artım 14 faizdən yuxarıdır.
Məşğulluqla bağlı tədbirlərin ikinci
istiqaməti isə işsiz şəxslərlə
bağlı görülən tədbirlər idi. İşsizlər
və xüsusi karantin rejimi dövründə gəlirini itirən
qeyri-formal işləyən şəxslərlə
bağlı bir sıra tədbirlər təsdiq olundu. Sizin tapşırığınıza uyğun olaraq
ilk mexanizm onlara ölkə üzrə yaşayış
minimumu olan 190 manat məbləğində birdəfəlik
ödəmənin həyata keçirilməsi idi. Bu tədbir
aprel və may aylarında genişləndirilərək 600 min
şəxsi əhatə etdi və onlara ödənişlər
tam şəkildə və vaxtında həyata keçirildi. Ardınca 16 şəhər və rayonda sərtləşdirilmiş
karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq
üçüncü dəfə həmin rayonlar üzrə
qeydiyyatdan keçmiş işsizlər və qeyri-formal
işləyən şəxslərə - 283 min nəfərə
ödəniş olundu. Ümumilikdə bu
üç ödəniş çərçivəsində
vətəndaşlara 280 milyon manat vəsait ödənildi.
Bu vəsaitin də 210 milyon manatının
ödənilməsində məhz Dövlət Sosial Müdafiə
Fondunun ehtiyat vəsaiti hesabına yaranan imkanlardan istifadə
edilib. Eyni zamanda, işsiz şəxslər
üçün digər bir istiqamət olaraq haqqıödənilən
ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi
tapşırılmışdı. Belə iş yerlərinin
sayı 90 minə çatdırıldı. Xatırladım
ki, ilin əvvəlində Sizin
tapşırığınıza əsasən 38 min belə
ictimai iş yaradılmışdı və əlavə olaraq
da pandemiya dövründə işsizlər üçün
52 min ikiaylıq iş yerləri yaradıldı. Bu günə
qədər artıq 38 min davamlı iş yerlərinin 95 faizi
tam şəkildə işçilərlə təmin edilib,
52 min ikiaylıq iş yerinin isə 50 faizi təmin
olunmuşdur. Biz burada monitorinq nəzarət tədbirlərini
də gücləndirdik. Qeyd edim ki, ilin əvvəlindən
bu günədək nəzarət tədbirləri nəticəsində
8600 işçi ilə müqaviləyə xitam verilmiş,
onların tam konkretləşdirilməsi təmin edilmişdir.
Şəffaflığın təmin edilməsi
üçün həm 190 manatlıq ödəniş, həm
də ictimai işçilərin hər birinin siyahısı
elektron portal vasitəsilə ictimaiyyətə
açıqlanmış və burada da tam şəffaflıq
təmin edilmişdir.
İşsizlərə dəstək proqramının
növbəti hissəsi özünüməşğulluq
proqramı idi.
Bu proqram da Sizin
tapşırığınızla genişləndirilərək
12 min ailəni əhatə etdi. Ona həm
Dünya Bankı qoşuldu, həm də BMT-nin İnkişaf
Proqramı ilə birgə layihəmiz davam etdirildi. Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi
və yerli banklar aktiv şəkildə bizimlə əməkdaşlıq
edir. Qeyd edim ki, artıq 3500 ailə bu
proqrama cəlb edilib, ilin sonunadək onun sürətlə
icrası üçün də müvafiq tədbirlər
görülür. Çünki xüsusilə
təlimlərin keçirilməsi ilə bağlı karantin
rejimindən irəli gələn müəyyən məhdudiyyətlər
var. Ona görə də onlayn təlimlərə
üstünlük verərək, ilin sonunadək 12 min ailəyə
çatdırmağa çalışacağıq. Xüsusi elektron portalda həm müraciətçilər,
həm aktiv alanlarla bağlı bütün məlumatlar
ictimaiyyətə tam şəkildə açıqlanır.
Cənab
Prezident, əlavə olaraq bildirim ki, Birinci vitse-prezidentin təşəbbüsü
olan DOST mərkəzləri ilə bağlı işlər
davam etdirilir. Siz may ayında 3 saylı DOST mərkəzinin
açılışında iştirak etdiniz. İlk
altı ay ərzində bu mərkəzlərdə 61 min vətəndaşımız
qəbul edilib, onlara xüsusi xidmətlər göstərilib.
Vətəndaşlarımızın məmnunluq
səviyyəsi 96 faiz təşkil etmişdir. Hazırda
7 mərkəzin yaradılması üzərində də
iş aparılır. Bunlar Binəqədi, Abşeron,
Sumqayıt, Bərdə, Quba, Şəki və Sabirabad
rayonlarında olacaq regional mərkəzlərdir və növbəti
ilin birinci rübünün sonlarınadək bu mərkəzlərin
əksəriyyətinin istifadəyə verilməsi
planlaşdırılır.
Eyni zamanda, Siz dəfələrlə bəyan etmisiniz ki,
heç bir sosial layihə dayandırılmayacaq, sosial layihələrimiz
tam icra olunacaqdır. Bu istiqamətdə də məruzə
edim ki, dörd regionumuzda sosial infrastrukturumuz və regional bərpa
mərkəzlərimiz artıq tam şəkildə təmir
olunub və istifadəyə hazırdır. Bunlar
Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki
reabilitasiya mərkəzləridir. İlin sonuna qədər Şağan, Şirvan, Qəbələ və
Şəmkirdə də reabilitasiya mərkəzləri vətəndaşların
istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcəkdir.
Prezident
İlham Əliyev: Əlbəttə, sosial layihələrin
icrası bundan sonra da davam etdiriləcək. Bizim
siyasətimizin əsas məsələsi elə budur.
Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin
dövrdə də bu siyasətdən kənara
çıxmırıq və gəlirlərimizin azalmasına
baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə
icra ediləcək və bütünlükdə deyə bilərəm
ki, bu il bu baxımdan rekord göstəricidir.
Siz də qeyd etdiniz, biz insanları
özünüməşğulluq proqramı ilə rekord
sayda əhatə edəcəyik - 12 min, heç vaxt bu qədər
olmayıb. Həmişə 7 min, 8 min
olubdur, bu, rekord saydadır. Rekord sayda ödənişli
ictimai iş yerlərinin yaradılmasıdır. Biz bir
neçə il bundan əvvəl təqribən 30 mindən
başlamışdıq, bu il 40 minə yaxın idi və siz
də qeyd etdiyiniz kimi 90 minə çatıbdır. Eyni zamanda, şəhid ailələri
üçün rekord sayda evlərin verilməsi nəzərdə
tutulur – 1500. Əgər biz bu templə davam eləsək,
yəqin ki, bir-iki il ərzində, maksimum
üç il ərzində bu gün növbədə duran
bütün şəhid ailələrini, hansılar ki, hələ
mənzillər almayıb, mənzillərlə təmin edəcəyik.
Siz qeyd etdiniz ki, 300 mənzil bu günə qədər
verilib. Bu, ümumi rəqəmin 20 faizini təşkil
edir. Ancaq ilin yarısı arxada qalıb.
Ona görə yəqin ki, sizin
planlarınızda bu 1500-ü tam təmin etmək məsələsi
dayanır və nə üçün onda ilin ilk
yarısında bu, cəmi 20 faiz təşkil edibdir? Bunun səbəbi var?
Sahil
Babayev: Möhtərəm cənab Prezident, əslində, 200-ə
qədər mənzil hazırdır, əlavə 100-ə qədər
fərdi ev də hazırdır. Sadəcə, bunlar sərtləşdirilmiş
karantin rejimi olan ərazilərə düşdüyünə
görə biz kütləvi tədbir keçirməmək
üçün təqdim etmirik. İnşallah,
karantin dövrü bitən kimi biz bunları təqdim etməyə
başlayacağıq.
Prezident
İlham Əliyev: Yaxşı, əlbəttə ki, artan orta əməkhaqqı,
orta pensiya, yenə də bizim uğurlu sosial siyasətimizi
göstərir. Siz orta pensiyanı qeyd etdiniz.
Əlavə etməliyəm ki, yaşa görə
də pensiya əhəmiyyətli dərəcədə
artıb - 25 faiz və hazırda təqribən 330 manat səviyyəsindədir.
Orta əməkhaqqı isə ilin 6 ayında təxminən
25 faiz artıb. Yəni, bu, kifayət qədər
böyük artımlardır və əminəm ki, giriş
sözümdə dediyim kimi, bütün bu məsələlər
gələn ilin büdcəsində də öz həllini
tapacaqdır.
İndi isə söz verilir Kənd Təsərrüfatı
nazirinə. Buyurun, görülmüş işlərlə
bağlı məlumat verin.
Nazir
İnam Kərimov çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, verdiyiniz tapşırıqlara uyğun olaraq
aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər
həyata keçirilir. Pandemiya dövründə
aqrar sektorun fəaliyyəti mövcud
çağırışlara uyğun qurulur, kənd təsərrüfatı
məhsullarının fasiləsiz istehsalı təmin edilir.
Xüsusi karantin rejimi dövründə bölgələrdə
mineral gübrə, pestisid, toxum təchizatı və
satışı, kənd təsərrüfatı
texnikalarının məhdudiyyətsiz hərəkəti təmin
edilib. Bu günədək əhalinin kənd
təsərrüfatı məhsulları ilə təminatında
xüsusi bir problem qeydə alınmayıb. Hazırda əsas diqqət taxıl biçininin yekunlaşmasına
yönəlib, ölkə üzrə bir milyon hektardan
artıq taxıl sahəsində məhsul
yığımı aparılmaqdadır. Taxıl
biçinində bu günlərdə ümumiyyətlə
1700-dən artıq kombayn iştirak edib və nazirlik tərəfindən
biçinə 700-ə yaxın kombayn cəlb olunub.
Hazırkı dövrə qədər 860 min hektardan çox
sahədə taxıl biçini aparılıb, sahələrdən
bu günədək ilkin olaraq 2,7 milyon
tondan artıq məhsul toplanılıb. Bugünkü günə
taxıl üzrə orta məhsuldarlıq hər hektarda 31,5 sentner təşkil edir. Müvafiq olaraq
buğda üzrə orta məhsuldarlıq 32,3
sentner, arpa üzrə isə 30,1 sentnerdir. Bu il
havaların quraq keçməsi, yağıntı
miqdarının azalması və su
çatışmazlığı xüsusilə bir sıra
Aran rayonlarında yüz min hektar ərazidə taxılın
becərilməsində problemlər yaradıb. Ancaq
buna baxmayaraq, suvarma problemi yaşamayan əksər rayonlarda
taxıl üzrə məhsuldarlıq göstəricisi əvvəlki
illə müqayisədə xeyli yüksəkdir. Bəzi
rayonlarda, məsələn Bərdədə 44,1 sentner,
Saatlıda 40,8 sentner, Samuxda 40,3, Tərtər və Ağdamda
40,1 sentner orta məhsuldarlıq əldə edilib. Bir sıra
özəl təsərrüfatlarda, o cümlədən
nazirliyin pilot təsərrüfatlarında məhsuldarlıq
60 sentnerədək olmuşdur.
Hesabat dövründə bitkiçilik məhsulları
istehsalında artım dinamikası davam etmişdir. 2020-ci ilin 6 ayı ərzində
ötən ilin müvafiq dövrü ilə müqayisədə
6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və
giləmeyvə, 9,7 faiz çox kartof istehsal edilib.
Cari ildə 100 min hektardan çox sahədə pambıq
əkini həyata keçirilib, pambıq sahələrində
100 faiz bitiş alınıb. Pambıq əkinlərinin
gübrə, dərman preparatları və texnika təminatı
ilə bağlı tədbirlər həyata keçirilib.
Burada da məhsuldarlığa təsir edə
biləcək əsas risklərdən biri quraqlıqla
bağlıdır.
Möhtərəm
cənab Prezident, ümumiyyətlə bu il
məhsuldarlığa təsir edə biləcək ən
böyük risk quraqlıq və su
çatışmazlığıdır. Bu
konteksdə heyvandarlığın yem bazasının
yaxşılaşdırılması məqsədilə təkrar
qarğıdalı əkinlərinin aparılmasına
başlanılıb. İlkin olaraq 35 rayon
üzrə 50 min hektar sahədə qarğıdalı əkini
nəzərdə tutulub. Artıq 32,6
min hektar sahədə şum və digər səpinqabağı
işlər aparılıb, 27,5 min hektar sahədə səpin
işləri həyata keçirilib. Digər
yazlıq əkinlər üzrə, o cümlədən
çəltik, tütün, şəkər
çuğunduru, bostan, tərəvəz əkinləri
üzrə tədbirlər davam etdirilir. 2020-ci
ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi
elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən
həyata keçirilir. Bu günədək
506 mindən çox fermer qeydiyyatdan keçib, 415 mindən
artıq fermer payızlıq, yazlıq və çoxillik əkinlərini
bəyan edib. Cari tarixə 418 mindən
artıq "fermer kartı” hazırlanıb, 404 min fermer
öz kartlarından istifadə etməyə başlayıb.
Müraciətləri təsdiqlənmiş 388 mindən
çox fermerin kart hesabına 213,8 milyon
manat əkin subsidiyası üçün vəsait
köçürülüb.
Eyni zamanda, qeyd etmək istərdim ki, seriya kartlarından
təyinatına uyğun istifadə etməyən fermerlərə
və şirkətlərə qarşı ciddi tədbirlər
görülür. Fermerlərin kənd təsərrüfatı
texnikasına olan tələbatını öyrənmək məqsədilə
Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cari
ilin altı ayı ərzində 100-dən artıq şirkət
vasitəsilə 2380 kənd təsərrüfatı
texnikasının 128 hüquqi və 910 fiziki şəxsə
satışı maliyyələşdirilmişdir. Həmçinin hesabat dövründə 4700 baş
damazlıq heyvanın güzəştli satışı
maliyyələşdirilib. Bu il suvarma
avadanlığı, soyuducu anbar, traktor və digər
texnikaların alınmasının
subsidiyalaşdırılması üzrə fermerlərin
adından çoxsaylı müraciətlər daxil
olmaqdadır. Bu müraciətlərin icrası
üçün əlavə vəsait ayrılması ilə
bağlı bütün fermerlərimizin xahişlərini Sizin yüksək diqqətinizə çatdırmaq
istərdim. Sizin aprel ayında
imzaladığınız Sərəncama əsasən fermerlərimizin
maliyyə vəsaitlərinə olan ehtiyaclarının
qarşılanması məqsədilə aqrar sektora girovsuz
mikrokreditlərin verilməsinə başlanılıb.
Artıq aprel ayından bu günə qədər 1000-dən artıq
fermerə ümumilikdə 9,5 milyon manat
mikrokredit verilibdir. Su ehtiyatlarından səmərəli istifadənin
təmin edilməsi üzrə komissiyanın koordinasiyası
ilə regionlarda dövlət aqrar inkişaf mərkəzlərinin,
Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarələri
və yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti
əlaqələndirilib, suvarma qrafikləri tərtib olunub və
qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə
maarifləndirmə və nəzarət işləri
aparılır.
Möhtərəm cənab Prezident, hazırkı
günlər aqrar sektorda təsərrüfat fəaliyyətinin
ən qızğın dövrüdür. Dövlətin
fermerlərə göstərdiyi qayğı və davamlı
dəstək onların daha da yüksək nəticələr
əldə etməsini şərtləndirir. Bu sahəyə ayırdığınız daimi diqqət
fermerlərin məsuliyyətini də artırır. Sizi
əmin etmək istərdik ki, ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunması üçün qarşımıza
qoyduğunuz vəzifələri bu il də
layiqincə yerinə yetirəcəyik və xüsusilə
pandemiya və quraqlıq şəraitində kənd təsərrüfatının
bütün istiqamətlərində yüksək məhsuldarlığı
qorumaq üçün səylərimizi əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: Mən qeyd etdim, bir daha demək istəyirəm
ki, ərzaq təhlükəsizliyi məsələləri
daim diqqət mərkəzində olmalıdır. Eyni zamanda, bizim ixrac imkanlarımız da genişləndirilməlidir.
Biz heç vaxt unutmamalıyıq ki, ölkəmizin əhalisi
artır, ölkəmizə gələn xarici qonaqların
sayı 2020-ci il istisna olmaq şərti ilə
artır. Belə olan halda daxili tələbat da
artacaq. Daxili tələbat nə qədər
artacaqsa, əgər kənd təsərrüfatı
istehsalı indiki yerində qalarsa, ixrac imkanlarımız bir o
qədər azalacaq. Ona görə kənd
təsərrüfatının intensiv yollarla inkişafı
bizim üçün prioritet məsələ
olmalıdır. Bütün digər tədbirlərlə
yanaşı, əlbəttə ki, su mənbələrinin
düzgün müəyyən edilməsi, su itkilərinin
azaldılması və suyun əkin sahəsi başına
çatdırılması ön planda olan məsələlərdir.
Bilirəm ki, İqtisadiyyat Nazirliyi komissiyada Kənd
Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlarla
birlikdə fəal işləyir ki, bu məsələlər
kompleks şəkildə öz həllini tapsın və
müasir suvarma sistemlərinin Azərbaycanda tətbiq edilməsi
üçün əlavə tədbirlər
görülsün. Lazım olarsa, bu,
infrastruktur layihə olduğu üçün əlbəttə
ki, dövlət dəstəyi göstərilə bilər.
Eyni zamanda, sahibkarlara bu məqsədlər
üçün güzəştli şərtlərlə
kreditlərin verilməsinə də baxılmalıdır.
Hesab edirəm ki, təkrar əkinlə bağlı ilkin
təcrübə müsbətdir. Təkrar əkini
stimullaşdırmaq, fermerləri maraqlandırmaq
üçün dövlət əlavə maliyyə vəsaiti
ayırıb. Əlbəttə ki, 50 min
hektarda qarğıdalının əkilməsi bizim yem
bazamızı böyük dərəcədə
formalaşdıracaq və idxaldan asılılıq buna
uyğun şəkildə azalacaqdır. Bu ilkin təcrübəni
siz çox düzgün təhlil edin və əgər bu il, - əgər belə demək
mümkündürsə, - son anda siz bu təklifi verdiniz. Biz gələn ilə artıq bəri başdan
hazırlaşmalıyıq və yerlər düzgün
müəyyən edilməlidir. Bunu pilot layihə də
adlandırmaq olar və əminəm ki, 50 min hektarda əkilən
qarğıdalı və bunun nəticələri digər
fermerlər üçün də maraqlı ola
bilər.
Eyni zamanda, bizim bəzi iri fermer təsərrüfatlarında
çox gözəl nəticələr əldə edilib - siz
də qeyd etdiyiniz kimi, kənd təsərrüfatının
pilot sahələrində bəzi hallarda 60 sentner. Eyni zamanda, mən bu
yaxınlarda bölgələrdə səfərdə olarkən
mənə məlumat verildi ki, Tovuz, Samux rayonlarında fəaliyyət
göstərən aqropark Samux ərazisində bir hektardan
haradasa 60, Tovuz rayonu ərazisində 70 sentnerdən çox
buğda məhsulu götürülür.
Ona görə hesab edirəm ki, bu qabaqcıl təsərrüfatların
təcrübəsi öyrənilməlidir. Digər fermerləri bu təcrübə
ilə tanış etmək
lazımdır. Ola bilsin ki, təkcə bir
aqropark deyil, bir neçə bizim böyük fermer təsərrüfatımız
gözəl nəticələr əldə edir. Bu təsərrüfatların nümayəndələri
regional mərkəzlərdə təlim kurslarında
iştirak edə bilərlər. Eyni
zamanda, maraqlı olan fermerləri bu təsərrüfatlara dəvət
etmək olar. Onların gəlişini təşkil
etmək olar ki, təcrübə mübadiləsi mütləq
olsun. Əlbəttə ki, kiçik fermer
təsərrüfatlarında belə böyük nəticələr
gözləmək bəlkə də düzgün olmaz. Ancaq biz əgər bütövlükdə məhsuldarlığı
daha da yüksək səviyyəyə qaldırsaq, onda elə
mövcud əkin sahələrini nəzərə alaraq biz
özümüzü daha böyük məhsulla təmin edə
bilərik.
Kənd təsərrüfatı üzrə peşə
məktəblərinin yaradılması məsələsinə
İqtisadiyyat Nazirliyi ilə birlikdə baxın. Ola bilər
ki, Gəncə Dövlət Aqrar Universitetinin bazasında, bu
yaxınlarda yeni korpus açılıbdır. Belə peşə məktəbləri müxtəlif
bölgələrdə, müxtəlif kənd təsərrüfatı
məhsulları üzrə mütləq
yaradılmalıdır. Lazım olarsa,
qabaqcıl xarici mütəxəssisləri də bu işlərə
cəlb edin.
Bir də soruşmaq istəyirəm ki, texnika ilə təminat
nə yerdədir və əlavə texnikanın gətirilməsinə
ehtiyac var, yoxsa yox?
İnam Kərimov
dedi:
- Möhtərəm
cənab Prezident, artıq texnika təminatı ilə
bağlı Sizin ötən il həyata
keçirdiyiniz islahat nəticəsində bu sahədə
bazarda tam liberallaşma baş vermişdir. Liberallaşma
nəticəsində artıq istənilən şirkət kənd
təsərrüfatı texnikasını gətirib fermerlərimizə
təqdim edə bilər. Bu il 100-dən
artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı
texnikası fermerlərimizə satılmışdır. Müqayisə üçün demək istəyirəm
ki, ötən ilin eyni dövrü ilə müqayisədə
bu rəqəm 1151 təşkil edirdi. Artıq
damazlıq heyvanlar sahəsində də bu rəqəm bir
neçə dəfə artmışdır. Həmçinin
bildirmək istəyirəm ki, "Aqrolizinq”in bazasında olan əvvəlki
illərdə alınmış texnikalar da satışa
çıxarılmışdır və 179 texnika
"Aqrolizinq” vasitəsilə yəni, 100 şirkətdən
biri qismində iştirak edərək fermerlərimizə
öz texnikalarını satmışdır.
Bu il əsas
fərqlərdən biri o idi ki, Sizin göstərişinizlə
"Aqrolizinq”ə 28 milyon manat ayrılmışdır və
125 kombayn "Aqrolizinq” tərəfindən aqroservislər
üçün alınmışdır. Bu
kombaynlardan 25 ədədini Azərbaycanda, ümumiyyətlə
MDB məkanında ilk dəfə olaraq dağ kombaynları təşkil
etmişdir. Əvvəllər fermerlərimiz
məhsul itkisindən, o cümlədən təhlükəsizlik
qaydalarına əməl etmək baxımından əziyyət
çəkirdilər. Dağ kombaynları
fermerlərimizə məhsulu itkisiz, tam yığmağa imkan
vermişdir. Bu il, çıxışımda
vurğuladığım kimi, fermerlərimiz, əsasən
böyük fermerlərimizdə soyuducu anbarların, suvarma
sistemlərinin qurulması və digər böyük kənd
təsərrüfatı texnikası alınması
üçün maraq var. Onlar, həmçinin böyük
aqroparklar bu istiqamətlərdə Kənd Təsərrüfatı
Nazirliyinə əlavə müraciətlər etmişlər.
Amma ümumilikdə tam əminliklə deyə bilərik ki, bu
il hazırda fermerlərimizin texnika
baxımından problemi yoxdur və builki taxıl biçini
mövsümü də bir daha göstərdi ki, bu sahədə
dövlətimiz tərəfindən bütün tədbirlər
həyata keçirilib.
Prezident
İlham Əliyev: Aydındır. İndi
söz verilir Gömrük Komitəsinin sədrinə.
Dövlət
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, məruzə edərək bildirmək istəyirəm
ki, pandemiya dövründə gömrük xidməti olaraq
bizim ön cəbhədə olduğumuza görə əsasən
sanepidemioloji vəziyyət nəzərə alınaraq ölkəyə
daxil olan malların və nəqliyyat vasitələrinin
keçidi yüksək səviyyədə təşkil
olunmuşdur. İlk günlərdən
başlayaraq, əməkdaşların bu sahədə fəaliyyət
göstərməsi üçün onların mütəmadi
yoxlanılması işinin təşkili ilə bağlı
Sizin müvafiq tapşırıqlarınıza uyğun olaraq,
Dövlət Gömrük Komitəsinin hospitalında
xüsusi laboratoriya təsis edilib. Əməkdaşların
bu günə qədər 4700 testi aparılıb ki, onlardan
2000-ə yaxını mütəmadi birbaşa təmasda
olanlardır. Bu baxımdan onların
sağlamlığı, həm ticarətimizin, idxal-ixrac əməliyyatlarımızın,
həm də tranzit potensialımızın qorunması məqsədilə
mütəmadi nəzarətdə saxlanılıb. 170-ə
yaxın gömrük əməkdaşı ilkin olaraq pozitiv
testlərlə çıxsa da, hazırda onlar müalicə
olunub və normal iş fəaliyyətinə qayıdıblar.
Bu gün fəaliyyətimiz gücləndirilmiş iş
rejimində davam etdirilir.
Cənab
Prezident, pandemiya dövründə bizim xidmətin
qarşısında duran əsas vəzifələrdən biri
ticarətin, həm tranzit, həm idxal, həm ixrac əməliyyatlarımızın
əvvəlki illərdə olduğu kimi problemsiz təşkilindən
gedir. Bu sahədə görülmüş
qabaqlayıcı tədbirlər nəticəsində tranzit
potensialımız altı ayda keçən ilin müvafiq
dövrünə nisbətən 8 mindən çox nəqliyyat
vasitəsi artmışdır. İdxal əməliyyatlarımız
üzrə də 5 min nəqliyyat vasitəsinin artımı
müşahidə olunur. Həm ixrac və
idxal, həm də tranzit əlaqələrimiz qorunub
saxlanılmışdır. Ticarət həcmimiz idxal əməliyyatları
üzrə 4,9 milyard dollar təşkil
edir və keçən ilin müvafiq dövrü ilə
müqayisədə 2 milyard 29 milyon dollar azdır. Əgər
biz keçən il Dövlət Neft Fondunun gətirdiyi
qızılı nəzərə almasaq, ümumi
idxalımızda 5,2 faiz civarında azalma
tendensiyası gedir. İxrac əməliyyatlarımız
isə bu ilin altı ayında 7,686 milyard dollar olub. İxrac əməliyyatlarının azalma
tendensiyası 23 faiz təşkil edir. Ümumilikdə
qeyri-neft sektoru üzrə ixrac əməliyyatları 911 milyon
dollar olub ki, bu da keçən illə müqayisədə 67,5 milyon dollar azdır. Amma idxal və
ixracın strukturuna baxdığımız zaman pandemiyadan
asılı olaraq müəyyən dəyişikliklərin
baş verdiyini görərik.
Cənab
Prezident, məruzə edərək bildirmək istəyirəm
ki, idxalda əsasən 296 milyon dollarlıq mallar, 27-ci qrupa aid
olan neft, neft məhsulları, sürtkü yağları və
yanacaq vasitələri olmuşdur ki, bu da 67 faiz azalma təşkil
edir. Keçən ilin müvafiq dövrü ilə
müqayisədə büdcə daxilolmalarında 66 milyon manat
azalma bu pozisiyada olmuşdur. İkinci yerdə
86-cı mal qrupunda lokomotivlər, xüsusilə dəmir yolu
avadanlıqları 35 milyon manat azalmışdır və
büdcə daxilolmalarında bu mövqe üzərində 89
faiz azalma baş vermişdir. Ümumilikdə
nəqliyyat vasitələri, maşın və mexanizmlərin
gətirilməsi sahəsində, tütün məmulatlarında
da 50 milyon manat həcmində azalma olmuşdur. Lakin pandemiya dövründə ərzaq təhlükəsizliyi
sahəsində qabaqlayıcı tədbirlər nəticəsində
idxalın ərzaq məhsulları üzrə artımı
hesabına 34 faizə qədər artım əldə edilmişdir.
Cənab Prezident, idxal əməliyyatlarının
ümumi mənzərəsi deməyə əsas verir ki,
idxalımızın həcmi 2015-ci illə müqayisədə
eynilik təşkil edir. 2015-ci illə müqayisə
apardığımız zaman sırf qabaqlayıcı tədbirlər
üzrə həm gömrük orqanlarının, həm vergi
xidmətində apardığınız islahatların nəticəsi
olaraq idxalın həcminin eyni olduğunu görürük.
Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları
2015-ci ildə 700 milyon manat idisə, bu il 2
milyard 19 milyon manata çatır. Bu da Sizin
kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə
istiqamətində apardığınız uğurlu
islahatların nəticəsidir. İqtisadiyyatımızda
bugünkü çətin bir vəziyyətdə
gömrük xidməti tərəfindən 2 milyard 19 milyon
manat vəsait toplanaraq dövlət büdcəsinə
köçürülmüşdür.
Cənab
Prezident, Sizə məruzə edərək bildirmək istəyirəm
ki, qaçaqmalçılıq sahəsində də əməliyyat
tədbirləri əvvəlki illərdə olduğu kimi davam
etdirilib. Başlanmış 249 cinayət
işinin əsas hissəsini 67 halda narkotik vasitələr və
psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə
bağlı əməllər təşkil etmişdir. Həm
idxal əməliyyatları üzrə, həm də tranzit əməliyyatları
üzrə çəkisi 942 kiloqram olan narkotik vasitələrin
qaçaqmalçılıq yolu ilə keçirilməsinə
cəhd edilmişdir ki, bunun qara bazarda dəyəri 60 milyon
avrodan çoxdur.
Həmçinin bildirmək istəyirəm ki, dəyəri
10 milyon dollardan artıq olan tütün məmulatları,
spirtli içkilər və digər malların qaçaq yolla
gətirilməsinin qarşısı alınmışdır.
Sizin müvafiq tapşırıqlarınıza və tədbirlər
planına uyğun olaraq pandemiya şəraitində idxalda və
ixracda baş verən struktur dəyişikliklərinə
baxmayaraq, növbəti yarım ildə də gömrük
orqanlarının qarşısında duran əsas məqsədlərdən
biri büdcə öhdəliklərinin artıqlaması ilə
yerinə yetirilməsinə nail olmaqdır. Dövlətimizin
və Zati-alinizin rəhbərliyinizlə sahibkarlara verilən
dəstək və xüsusilə idxal əməliyyatlarında
stimullaşdırıcı tədbirlərin nəticəsində
bu öhdəliyi yerinə yetirəcəyik.
Diqqətinizə görə sağ olun.
Prezident
İlham Əliyev iclasa yekun vuraraq dedi:
-Əminəm ki, ilin sonuna qədər görüləcək
bütün tədbirlər sayəsində həm
gömrük, həm vergi orqanlarında yaxşı nəticələr
olacaq. Mən bir rəqəmi bir daha qeyd etmək istərdim.
Siz bunu gətirdiniz. Hesab edirəm
ki, ictimaiyyətin diqqətini də buna cəlb etməliyik.
2015-ci ildə və bu ilin altı ayında
idxalın həcmi eyni idi. Ancaq 2015-ci ildə
gömrük orqanları 7 yüz milyon manat vəsait
toplamışlar, bu il 2 milyard manatdan
çox. Yəni, təxminən 3 dəfə
çox. Nəyin hesabına? Şəffaflığın hesabına,
qaçaqmalçılığa qarşı mübarizə
hesabına, düzgün yanaşma nəticəsində.
Əgər bu sahədə və vergilər sahəsində
ciddi islahatlar aparılmasaydı, biz bu vəsaitdən məhrum
olacaqdıq. Onda biz öz büdcəmizi nəyin
hesabına təmin edə bilərdik? Ona
görə bu sahədə aparılan islahatlar və real nəticələr
bizim büdcə planlarımızın da tam şəkildə
həyata keçirilməsinə imkan yaradır. Ona görə mən dəfələrlə
demişəm ki, dövlət gəlirləri sahəsində
tam şəffaflıq təmin edilməlidir. Sahibkarlar
üçün elə bir şərait
yaradılmalıdır ki, onlar artıq ağ
iqtisadiyyata tam keçid edə bilsinlər. Onlar
üçün artıq güzəştli dövr də təmin
edilmişdir. Onlarla həm gömrük, həm
vergi orqanları məsləhətləşmələr
aparıblar, görüşlər keçiriblər, onlara
izah edilib ki, dövləti aldatmayın və rahat
yaşayın, gecənizi rahat yatın. Ona
görə mən bu sahələrdə
görülmüş işləri qiymətləndirirəm.
Hesab edirəm ki, bütövlükdə, ilin
altı ayında görülmüş işlərə
müsbət qiymət vermək olar. Bu il
çox çətin ildir, təkcə bizim üçün
yox, bütün dünya üçün. Təsadüfi
deyil ki, aparıcı beynəlxalq maliyyə qurumlarının
verdiyi açıqlamaya görə, dünyanın 150 ölkəsindən
çoxu maliyyə yardımı üçün beynəlxalq
maliyyə qurumlarına müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Azərbaycan öz inkişafını öz
hesabına təmin edir.
Bir rəqəmi də gətirmək istərdim. Bu yaxınlarda BMT-nin "Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatı işıq üzü görüb. Bu hesabatda Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Onu da bildirməliyəm ki, bu göstəriciyə görə Azərbaycan regionda liderdir. Baxmayaraq ki, ümumi daxili məhsul bir qədər aşağı düşüb, bu da təbii səbəblər üzündən baş verib. Bütövlükdə ilin altı ayını müsbət qiymətləndirmək olar. İlin sonuna qədər qarşıda duran bütün vəzifələr icra edilməlidir. Hesab edirəm ki, investisiya proqramı tam icra ediləcəkdir. Məndə olan məlumata görə, altı ayda investisiya proqramı 40 faiz səviyyəsində icra edilib. Bunun əsas səbəbi odur ki, bu sahədə də şəffaflıq təmin edilir, satınalmalarla bağlı islahatlar aparılır, tender prosedurları gözlənilir. Buna mən göstəriş vermişəm. Amma, eyni zamanda, hamımız yaxşı başa düşürük ki, investisiya proqramı həm ölkə üçün lazımi infrastrukturun yaradılmasına xidmət göstərir, eyni zamanda, məşğulluq üçün də önəmli amildir. Ona görə çalışın, investisiya proqramı ilin sonunadək tam icra edilsin.
Bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq. İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın. Onu da bildirməliyəm ki, mənə verilən operativ məlumata görə, Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. İstisna edilmir ki, yeni təxribatlar törədilə bilər. Ona görə biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Beləliklə, bugünkü iclas bağlı elan olunur. Verilən bütün tapşırıqlar yerinə yetirilməlidir. Əminəm ki, ilin sonuna qədər biz öz məqsədimizə çatıb bu ili də uğurla başa vuracağıq. Sağ olun.
Azərbaycan.-2020.- 16 iyul.- S.1-6.