Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi cənab Bağdad Amreyevə

 

Hörmətli cənab Baş katib,

Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələr zamanı ordumuzun hərbçiləri və mülki vətəndaşımızın həlak olması ilə bağlı göndərdiyiniz başsağlığına və Türk Şurasının məsələ ilə bağlı obyektiv mövqeyinə görə Sizə təşəkkür edirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, qəfil və xain hücum həyata keçirmişdir.

Azərbaycan Ordusunun əks-hücumu və cavab zərbələri nəticəsində Ermənistanın məkrli və çirkin hərbi təxribatının qarşısı alınmış və bundan sonra da qətiyyətlə alınacaqdır.

Bu hadisələr bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin riyakar, ölkənin isə təcavüzkar olduğunu nümayiş etdirdi. Bu gün hərbçilərlə yanaşı uşaq, qadın və yaşlı insanların hədəf seçilməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan rəhbərliyində təmsil olunduğunun bariz nümunəsidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Türk Şurasının çağırışını və ədalətli mövqeyini alqışlayırıq.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2020-ci il.

Azərbaycan.-2020.- 16 iyul.- S.7.