Prezidentin köməkçisi
Hikmət Hacıyev televiziya debatında
Ermənistanın xarici işlər nazirinin yalanlarını ifşa
edib
"Al
Jazeera İnternational” beynəlxalq televiziya kanalında
Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistanın
xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə debatı
olub.
AZƏRTAC xəbər verir ki, Ermənistan xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə, Ermənistanın guya sülh tərəfdarı olduğunu, ölkəsinin yaranmış gərginliyin aradan qaldırması istiqamətində çalışdığını, Qarabağdakı ermənilərin təhlükəsizliyinin zəmanətçisi olduğunu bildirib.
Prezidentin köməkçisi Hikmət Hacıyev canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa edib. H.Hacıyev Ermənistan xarici işlər nazirinin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini vurğulayıb.
O, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi təcavüz yolu ilə işğal etdiyini, işğal olunmuş ərazilərdən bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qovulduğunu bildirib. Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistanın bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
H.Hacıyev Ermənistan əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var sualı ilə Ermənistan xarici işlər nazirinə müraciət edib.
Prezidentin köməkçisi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin adi sərhəd toqquşması olmadığını, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını və Azərbaycana qarşı davam edən hərbi təcavüzün davamı olduğunu bildirib. H.Hacıyev Ermənistanın bu təxribatının aşağıdakı səbəblərlə bağlı olduğunu deyib.
- Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır;
- Ermənistan bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və regionu yeni təhlükələrlə üzbəüz qoyur;
- Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir;
- Ermənistan kənarda qaldığı Şərq-Qərb nəqliyyat dəhlizinə, regional connectivity layihələrinə xələl gətirmək məqsədi güdür;
- Həmçinin bu yolla Ermənistan rəhbərliyi COVID-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.
Hikmət Hacıyev Ermənistan rəhbərliyinin "Qarbağ Ermənistandır və nöqtə” deməklə Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını bildirib, bu kimi açıqlamalarla Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıtdığını vurğulayıb. Bunun ilk növbədə həmsədr ölkələrə qarşı hörmətsizlik olduğunu qeyd edib.
O, sərhəddə baş vermiş təxribatın
məsuliyyətinin tam şəkildə
Ermənistanın üzərinə düşdüyünü
deyərək, Ermənistanın itkilərini gizlətdiyini və
Ermənistan rəhbərliyinin bu hərbi
avantüraya görə itkilər barədə
öz ictimaiyyətinə hesabat
verməli olduğunu deyib.
Debatla
aşağıdakı keçid vasitəsilə tanış
olmaq mümkündür:
http://mediaview.aljazeera.com/video/siI8iE8d5p
Azərbaycan.-2020.- 16 iyul.- S.9.