“Yenə itki,
yenə ruh ağrısı və təəssüf”
Böyük təşviş
içində olan ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar
Bu günlərdə sosial şəbəkələrin ermənidilli seqmentini Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribat nəticəsində işğalçı ölkənin ordusunda itkilərin sayının artması ətrafında müzakirələr zəbt edib. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, son üç gün ərzində məhv edilən Ermənistan hərbi qulluqçularının sayı dəfələrlə çoxdur, xeyli yaralıları da var.
Bir sözlə, cəbhədəki son hadisələr ermənilərdə böyük bir xof, ümidsizlik yaradıb. Sosial mediada paylaşılan statusları və yazılan şərhləri oxucuların diqqətinə çatdırırıq.
"Müharibə başlasa, Azərbaycanı dayandıran olmayacaq”
Radik Sarafyan adlı "Facebook” istifadəçisi yazır ki, çox qorxulu vəziyyətlə qarşılaşıblar: "Son günlərdə düşmən tərəfi itkilər versə də, bizdə onlardan daha çoxdur. Gizlədilir. Səbəbsiz uşaqlarımız ölümə göndərilir. Paşinyana çox inanırdıq, ümidimizi puç etməkdə davam edir. Şəxsən hər vasitəyə əl atıb uşağımı hərbi xidmətdən yayındıracağam”.
Xarput Mxıtaryan adlı istifadəçi "Odnoklassniki”də paylaşılan xəbərə rəy bildirərək yazıb ki, səsləndirilən düz fikirlər niyə bəzilərini narahat edir? Profilində tarix müəllimi qeyd edilən istifadəçi qeyd edir ki, biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk: "Tarixçi kimi onu demək istəyirəm ki, Ermənistanda bu gün ən çox narahatlıq yaradan məqamlardan biri də Qarabağ münaqişəsi ilə bağlıdır. Son günlərdə atışmalar göstərdi ki, müharibə başlasa problemlər çox olacaq. Dünyanın başı koronavirusa qarışıb və məni narahat edən budur ki, indi savaş başlasa, Azərbaycanı dayandıran olmayacaq”.
"Bizi tam məhvolma gözləyir”
Muşeq Kropyan adlı istifadəçi isə "Facebook”da müharibənin yenidən başlana biləcəyi ilə bağlı paylaşılan xəbərə rəy yazıb: "Mənim əmilərim Qarabağda gedən döyüşlərdə ölüb. Mən insanların ölməsini istəmirəm. Azərbaycan mətbuatından, sosial şəbəkələrindən gördüyümüz qədəri ilə onlar hərbi sahədə böyük işlər görüb. Biz nə etmişik? Hakimiyyət savaşlarının qurbanı olmuşuq. Bu gün də Paşinyanın atdığı addımlardan belə məlum olur ki, onun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir”.
Hasmik Virabyan adlı "Twitter” istifadəçisi isə Ermənistan rəhbərlərinin hər sahədə İlham Əliyevə uduzduğunu bu günlərdə gedən döyüşlərdə ölən erməni əsgərlərin dəfnindən foto paylaşaraq yazıb: "Bir neçə gündən sonra 22 yaşını qeyd edəcəkdi dostum. Sən də hakimiyyətin növbəti qurbanı oldun. Paşinyan nə qədər özünü pozitiv əhvalda göstərməyə çalışsa da, nə qədər yalan desə də, həqiqət budur: aprel döyüşlərində olduğu kimi, bu dəfə də biz uduzduq. Azərbaycan biraz da irəliləsə, Qarabağdan da qaçacağıq”.
"Dəhşətli atışmalardan sonra yaranan qorxu hələ canımızdan çıxmayıb”
"Vkontakte” sosial şəbəkə istifadəçilərindən Şaqen Martirosyan adlı bir nəfərin şərhi isə hələ də xüsusilə diqqət çəkir: "Düşmən ölkə mediasında Bakıdakı yürüşü gördüm, şoka düşdüm. Biz ermənilər torpaq uğrunda, müharibəyə getmək uğrunda yürüş keçirə bilərikmi? İnanmıram. Dörd il əvvəl aprel döyüşlərində Ermənistanın rəsmi dövlət qurumlarından informasiya verirdilər ki, guya hərbi baxımdan Azərbaycanı üstələyirik. Ancaq dördgünlük müharibə vaxtı da, bu günlərdə də biz bunun tam əksini gördük. Fərq çox böyükdür. Nəyə görə boş yerə ölümə getməliyik”.
Vazgen
Şaqinyan adlı birisi isə "Twitter”də yazıb:
"Qardaşım Arturla "Whatsapp” vasitəsilə
günorta saatlarında danışdım. Tanrıya
şükürlər olsun yaxşıdır.
Amma mənə dedi ki, "Vazgen, dəhşətli
atışmalardan sonra yaranan
qorxu hələ də canımızdan
çıxmayıb”. Müharibə bizə sərf etməz. Texnikada çox geriyik. Bəli, dostlar! Azərbaycan
ordusunu gücləndirmək üçün lazımi addımlar atır, ərazilərin
qaytarılması ilə bağlı işlər görür. Bəs baş
nazirimiz nə edir?”
Vardvan Arturyan adlı müharibə iştirakçısı isə "İnstagram”da Ermənistan müdafiə nazirinin çıxışının paylaşıldığı xəbərə çox maraqlı bir rəy yazıb: "Diplomatik sferada Azərbaycan Prezidentinə uduzuruq, heç nə demirik. Lakin cəbhədəki döyüşlərdəki məğlubiyyət bir müharibə veteranı olaraq bizləri ciddi narahat edir. Niyə həlak olanların sayını dəqiq açıqlamırsınız?”
"Paşinyana deyin Əliyevə zəng etsin”
Ruzanna Maksimyan adlı istifadəçi isə "Facebook”da cəbhədə gedən döyüşlər barədə müdafiə nazirliyinin paylaşdığı xəbərə münasibət bildirib: "Siz həqiqətən bizi ələ salırsınız? Azərbaycan sərhədyanı kəndlərimizi bombardman edir, siz də deyirsiniz ki, bizim artıq 2 itkimiz var. Baş nazirin səhifəsinə daxil olanda nələr görürsən? Populist çıxışlarla dolu paylaşımlar”.
Radik Sarafyan adlı istifadəçinin isə "Facebook”da canlı yayımda Paşinyana ünvanladığı sual çoxlu bəyənmə toplayıb: "Baş nazir, bu çətin anda siz sərhəddəki vəziyyət haqqında danışmaq istəmirsiniz? Sizin səssizliyinizi başa düşmürəm, bizim Berd şəhərimizə məhz davamlı atəş açılır, siz isə susursunuz, bu nə deməkdir? Paşinyana deyin Əliyevə zəng etsin”.
Qurqen Avaqyan adlı istifadəçinin "Twitter”də paylaşımı isə daha çox "retweet” olunub: "Dünən bir video yayılmışdı ki, azərbaycanlılar bizim postlarımızı götürüblər, bizim əsgərlərimizin meyitlərini çəkiblər, indi nəyə inanaq, bilmirik. Yenə itki, yenə ruh ağrısı və təəssüf. Paşinyan, istefa!”
Bütün
bunlar əsl həqiqətlərin nədən ibarət
olduğunun artıq erməni cəmiyyəti tərəfindən
də dərk olunduğunu aydın nümayiş etdirir və
belə vəziyyət Azərbaycanın informasiya müharibəsində
möhtəşəm qalibiyyətinin real təzahürüdür.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 16 iyul.- S.11.