İlham Əliyev Paşinyanın yalanını növbəti dəfə ifşa etdi

 

İki il əvvəl Ermənistanda çiçəklənmə olacağını vəd edən hakimiyyət daxili narazılığı unutdurmaq üçün cəbhə xəttində yenidən avantüraya gedir

 

Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistan pandemiya fonunda özünün daha sürətli tənəzzül dövrünə qədəm qoyub. Bu ölkədə real vəziyyətin təhlili göstərir ki, Ermənistanın üzləşdiyi böhran qarşıdakı müddət ərzində daha da dərinləşəcək. Belə vəziyyətdə Ermənistanda sayı sürətlə azalmaqda olan əhalinin hakimiyyətə qarşı sosial narazılığının daha da güclənəcəyi təbiidir.

Belə halda proseslərin gedişi Paşinyan iqtidarını dalana dirədiyindən o, sələfilərinin yolu ilə gedərək daxili narazılığı səngitmək üçün cəbhədə təxribatlar törətməyə daha çox diqqət yetirməyə başlayıb. Amma bu hal da Paşinyan üçün baha başa gəlir.

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan əsgəri həmişə olduğu kimi bu dəfə də işğalçı ölkəyə layiqli cavab verib.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu mövzuya toxunan Prezident İlham Əliyev bildirib ki, erməni hərbi təxribatının birinci səbəbi Ermənistanda hazırda mövcud olan siyasiiqtisadi böhrandır.

Dövlət başçısı deyib ki, xaricdən maliyyələşən, xarici fondlardan maaş alan, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra Ermənistanda çiçəklənmə, cənnət olacağını vəd vermişdi: "Bəyan etmişdi ki, qısa müddət ərzində Ermənistana on milyardlarla dollar sərmayə qoyulacaq, qısa müddət ərzində Ermənistan əhalisi 5 milyona çatacaq - halbuki indi Ermənistan əhalisi 2 milyondan azdır, - Ermənistanda bütün həyat yenidən qurulacaq, ədalət olacaq, demokratiya inkişaf edəcək, insan haqları qorunacaq və digər vədlər vermişdi. Erməni xalqı Sarkisyan rejimindən o qədər bezmişdir ki, o, kimə istəsən inanardı. O çevrilişi təşkil edənlərin başında başqa adam olsaydı, ona da gedib səs verəcəkdi. Çünki Sarkisyan rejiminə nifrət həddindən artıq böyük idibundan istifadə edib hakimiyyəti zor gücü ilə zəbt etmiş bu qruplaşma bu vədləri sonra yerinə yetirməli idi. Ancaq necə yerinə yetirsin ki, təcrübə yox, səriştə yox, daxili resurslar yox, xarici investisiyalar qoyulmayıb. Əksinə, xarici investorları indi çürüdürlər, məhkəmə çəkişmələrinə cəlb edirlər”.

Buna görə cəbhədə vəziyyəti gərginləşdirməklə vəziyyətdən çıxmaq istəyən Paşinyan iqtidarının daxili gərginliyi səngitmək cəhdləri, əslində, uğursuzluqla nəticələnirk. İlk növbədə, o baxımdan ki, bu hal daha çox erməni hərbçisinin məhvinə səbəb olurbu da yeni narazılığa təkan verir. Son zamanlar Ermənistanda baş verən siyasi və hərbi hadisələri izləyərkən görünür ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmuro, yerli əhali arasında nüfuzunu getdikcə itirir.

Ermənistan ordusunda isə hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı vəziyyətdə qalır. Hadisələrin sözügedən səpkidə inkişafına görə əsas məsuliyyət daşıyan tərəf kimi Nikol Paşinyan hakimiyyəti və onun yarıtmaz siyasəti göstərilir.

Bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər heç bir hakimiyyət bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil. Məsələnin bu tərəfinə toxunan Prezident deyib ki, Ermənistanın ayaqda dayanmasını şərtləndirən strateji investorları məhkəməyə çəkirlər, onları korrupsiyada ittiham edirlər, bel bağladığı ölkənin şirkətlərinə qarşı çirkin əməllər törədirlər: "... Hakimiyyət buna necə reaksiya verib? Cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, indi siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib olunur, onların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir, hansı ki, bu düzəlişlər ancaq referendumla oluna bilərdi. Bilirlər ki, referendumda bu düzəlişlər keçməyəcək. Hakimiyyət zəbt olunub və hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bir adamın əlində cəmləşib və demokratiyadan əsər-əlamət yoxdurheç vaxt olmayıb. Faşist dövlətində hansı demokratiya, insan haqlarından söhbət gedə bilər. Amma indiki vəziyyət daha da acınacaqlıdır. Ona görə ki, iqtisadi sahədə vədlər yerinə yetirilmədi, siyasi cəhətdən Ermənistan özünü təcrid vəziyyətə qoydu”.

Ermənistanın "Lragir” nəşri yazır ki, ölkəni üzləşdiyi çoxsaylı problemlər burulğanından xilas etmək əvəzinə, hakimiyyət təmsilçiləri əvvəlki kimi şəxsi mənafelərini güdməklə məşğuldurlar. Nəticə isə ondan ibarətdir ki, korrupsiya və rüşvətxorluğun miqyası durmadan genişlənir, bu da, öz növbəsində, koronavirus pandemiyası fonunda iqtisadi tənəzzül prosesini daha da sürətləndirir.

Qeyd olunur ki, korrupsiya və rüşvətin gömrükvergi orqanlarında get-gedə daha dərin kök salması Ermənistan üçün çox təhlükəlidir. Çünki bu hal həm dövlət büdcəsinin boş qalmasına, həm də Ermənistan kimi idxaldan asılı olan bir dövlətdə inflyasiyanın davamlı artımına rəvac verir. Vurğulanır ki, hazırda Ermənistanda üç cür "gömrükrejiminin fəaliyyət göstərdiyi aydın müşahidə olunur. Məmur oliqarxlardan, hakimiyyətdə dayağı olan iri inhisarçılardan ibarət qrup, ümumiyyətlə, gömrük xərci ödəmir. Halbuki Ermənistana xaricdən gətirilən müxtəlif məhsulların böyük hissəsi həmin qrupun payına düşür. Digər qrup gömrük xərclərinin yalnız yarısını ödəyir. Çox sayda insan isə gömrük xərclərinin ödənişini qanunauyğun formada, yəni tam həcmdə ödəyir. Bu isə Ermənistanın onsuz da ağır iqtisadiyyatına daha böyük zərbə vurur.

N.Paşinyan isə COVID-19-a qarşı mübarizədə aciz olduqlarını müxtəlif açıqlamalarla bildirib. Onun "indi cəhənnəmdə addımlayırıq” ifadəsi ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti tam əks etdirir. Müxalifət və vətəndaş cəmiyyəti isə Paşinyanın pandemiya ilə mübarizəsinə inanmır. Onlar hesab edirlər ki, hökumət başçısı avqustun 12-dək uzadılan fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir. Bu fonda müxalifət hökumətə qarşı fəaliyyətini genişləndirir və bu da ölkədə durumu daha da ağırlaşdırır..

Sarkisyan-Koçaryan koalisiyası isə baş nazir Nikol Paşinyanı devirmək üçün hərəkətə keçməyə hazırlaşır və bu məsələdə o, həm Qarabağdakı separatçı rejimdən, həm də müəyyən xarici qüvvələrdən, xüsusən də Rusiyadakı erməni lobbisindən istifadə etməyə çalışır. Bu fonda işğalçı ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsdən girov müqabilində azad edilməsindən heç iki gün keçməmiş keçmiş cinayətkar hərbi xuntanın digər nümayəndəsi Serj Sarkisyanın bütün köhnə çəkişmələri unudaraq onun görüşünə tələsməsi də təsadüf sayılmır.

Ölkədə hakimiyyətin koronavirus pandemiyası üzündən qarşılaşdığı böyük çətinliklər, gərgin siyasi-iqtisadi vəziyyət fonunda Koçaryan-Sarkisyan koalisiyası məqsədlərinə daha asan çatacaqlarını düşünür. Bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını bir daha aydın surətdə göstərir və bu ölkənin tarixin arxivinə qovuşacağını istisna etmir.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 17 iyul.- S.1;6.