Elektron hökumətin inkişafı: Azərbaycan BMT-nin bu hesabatında “yüksək” qrupdadır

 

Xəbər verildiyi kimi, bu günlər BMT-nin Elektron Hökumət Sorğusunun 11 nəşri yayılmışdır. Hesabatda Azərbaycan elektron hökumətin inkişafı üzrə 193 ölkə arasında 70-ci, okeanlara çıxışı olmayan inkişaf edən ölkələr sırasında ilk üçlükdə qərarlaşmışdır.

Azərbaycanın bu növbəti uğurunu şərh edən İqtisadi İslahtların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, sözügedən hesabatda ölkələr elektron hökumətin inkişafı indeksinə görə "ən yüksək”, "yüksək”, "orta” və "aşağı” qruplara bölünmüşlər. "Azərbaycan bu təsnifatda "yüksək” qrupa aid edilmişdir. Üstəlik hesabatda xüsusi vurğulanmışdır ki, Azərbaycan "ən yüksək” qrupa keçməyə real namizəddir”, - deyən icraçı direktor bildirmişdir ki, ölkəmiz bu reytinqdə 2018-ci ilə nisbətən indeksini 0,66-dan 0,71-ə yüksəlmişdir: "Hansı ki, indeks 0,75 olanda ölkə elektron hökumətin ən yüksək inkişaf səviyyəsinə çatmış sayılır”. Müqayisə üçün deyək ki, Azərbaycanda elektron hökumətin inkişafı indeksi (0,71) orta dünya göstəricisindən (0,6) 11, yerləşdiyi Asiya regionunkundan (0,64) isə 7 bənd yüksəkdədir.

Bəli, bu gün ölkəmizdə dövlət qurumları tərəfindən "Elektron Hökumət” informasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayanlara informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradılır. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilə qeyri-rezidentlərə dünyada ilk dəfə olaraq mobilelektron imza verməklə dünyanın istənilən nöqtəsindən dövlət xidmətlərini əlçatan edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan ASAN brendinin ardınca Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq və sosial müdafiə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır.

Dövlət başçısının rəhbərliyi altında aparılan "Doing Business” islahatları, o cümlədən, lisenziya və icazələr, biznesə başlama, kommunal xidmətlər, dövlət standartları, vergi, gömrük, xarici ticarət, məhkəmə-hüquq və ümumiyyətlə, bütün sahələrdə əldə olunan uğurlar elektron hökumətin güclənməsinə zəmin yaratmışdır. Bu gün Azərbaycanda elektron kənd təsərrüfatı, elektron təhsil, elektron səhiyyə, elektron bankçılıq, elektron sosial xidmətlər, elektron vizas. həyata keçirilir. Nəticədə ölkəmiz BMT-nin hesabatında qiymətləndirilən 20 xidmətin əksəriyyətini online təqdim edə bilir.

Bütün bunların sözügedən hesabatda Azərbaycanın tutduğu yeri təmin etdiyini deyən V.Qasımlı onu da bildirmişdir ki, BMT-nin sənədində online xidmətlərin inkişafını göstərən indeks (OSİ) üzrə ölkələri qruplaşdırarkən bizim İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarusla birlikdə "yüksək” indeksinə layiq görülməyimiz yeganə uğurumuz deyil: "Azərbaycan elektron-iştirakçılıq indeksinə görə də Belçika, Kosta-Rika, Çexiya kimi ölkələrlə birlikdə "yüksək” qrupa aid olunmuşdur. Azərbaycanda yaradılan "İdeya Bankı” isə elektron-iştirakçılığı təmin edən mexanizm olaraq qiymətləndirilmişdir. Vətəndaşlar verdikləri ideyalar hesabına müsbət dəyişikliklərə yol açmaqla yanaşı, dövlətin qərar qəbul etməsi prosesində birbaşa iştirak edirlər”.

Azərbaycanda elektron hökumətin inkişafının "ən yüksək” təsnifata keçməsi üçün telekommunikasiya infrastrukturuinsan kapitalının inkişafı istiqamətində fəaliyyətin daha da sürətləndirilməsinin vacibliyini deyən icraçı direktor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin rəqəmsal transformasiyanın yeni mərhələsinə keçməyə başladığını diqqətə çatdırmış və əlavə etmişdir ki, BMT, Davos İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CİSCO, VİSA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycanla yaxından əməkdaşlıq edirlər.

Azərbaycanın "ağıllı dövlət” (smart nation) konsepsiyasının səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzi rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə biləcəyini önə çəkən ekspert, bütövlükdə, ölkəmizin rəqəmsal tranformasiyasının həm milli inkişaf strategiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzalaşdırılmasının gərəkliyini vurğulamışdır.

 

 

Raqif MƏMMƏDLİ

Azərbaycan.-2020.- 17 iyul.- S.1;6.