Qoşulmama Hərəkatının
Əlaqələndirici Bürosunun Ermənistanın
hərbi təxribatları ilə bağlı fövqəladə
iclası keçirilib
İyulun 16-da Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılmış iclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri iştirak ediblər.
Xarici İşlər naziri çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə törədilmiş hərbi təcavüz, bununla əlaqədar regionda yaranmış vəziyyət və Azərbaycanın həyata keçirdiyi qətiyyətli əks-tədbirlər barədə məlumat verib.
Nazir Ermənistan tərəfindən Azərbaycanın Silahlı Qüvvələri ilə yanaşı, beynəlxalq humanitar hüquqazidd olaraq mülki əhali və mülki obyektlərin də hədəf alındığını diqqətə çatdırıb və hücum nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti, eləcə də mülki şəxslər arasında itkilərin qeydə alındığını və mülki obyektlərə ciddi xəsarət yetirildiyini qeyd edib.
C.Bayramov Ermənistanın davam edən təxribatının münaqişə ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirmək, Ermənistanda formalaşan və COVID-19 pandemiyasının təsiri altında daha da kəskinləşən sosial-iqtisadi, maliyyə və siyasi böhrandan diqqəti yayındırmaq niyyəti ilə törədildiyini vurğulayıb. Ermənistanın bu hərəkətlərinin ümumilikdə beynəlxalq hüququn, eləcə də Qoşulmama Hərəkatının əsasını təşkil edən Bandunq Prinsiplərinin ciddi pozuntusu olduğunu bildirib.
Nazir Ermənistanın təxribatçı hərəkətlərinə son qoymaq və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın cinayətkar əməllərinin ciddi və birmənalı pislənilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazir Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla bu cür prinsipial mövqe nümayiş etdirmiş bütün dövlətlərə təşəkkürünü bildirərək, Hərəkata üzv dövlətlər tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə ən yüksək səviyyədə verilmiş dəstəyi, eləcə də Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində göstərdiyi səylərlə həmrəylik nümayişini yüksək qiymətləndirdiyini vurğulayıb.
İclasda
iştirak edən Qoşulmama Hərəkatına üzv
dövlətlərin nümayəndələri
çıxış edərək Ermənistanın təxribatını
pisləyib və Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində ərazi
bütövlüyünün və suverenliyinin ölkələri
tərəfindən dəstəkləndiyini ifadə ediblər.
Azərbaycan.-2020.- 17 iyul.- S.3.