Prezidentin köməkçisi: Minsk qrupu Ermənistanın hərbi təcavüz aktına konkret münasibət bildirməlidir

 

Tovuz rayonunda törətdiyi təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlləridir.

AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 16-da keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev bu barədə lazımi beynəlxalq təşkilatlara məlumat verildiyini vurğulayıb. O deyib ki, BMT, Qoşulmama Hərəkatı, ATƏT, digər beynəlxalq təşkilatlara məlumat verilib. Ermənistan hərbi və informasiya müstəvisində uğursuzluğa düçar olanda mülki obyektləri hədəf alır. Yaşlı vətəndaşımız həlak olub. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır.

Prezidentin köməkçisi bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistanın hərbi təcavüz aktına konkret münasibət bildirməlidir. Təəssüf ki biz yenə də standart cavablar alırıq. Minsk qrupu Ermənistanın mövqeyini pisləməlidir.

Ermənistanın bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istədiyini vurğulayan Prezidentin köməkçisi deyib: “Lakin Cənab Prezidentin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Ermənilər itkilərini gizlədirlər. Bu əməllər də beynəlxalq ictimaiyyət tərəfindən izlənilir. Ermənistanın əməlləri beynəlxalq hüquqi sənədlərin kobud surətdə pozulmasıdır”.

 

Azərbaycan.-2020.- 17 iyul.- S.3.