AMEA: Alimlərimiz Prezidentionun rəhbər tutduğu dövlətçilik prinsiplərini dəstəkləyirlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş çıxış edib. Prezidentin nitqində ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bildirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe haqlı olaraq ictimaiyyətin diqqətini cəlb edib, bütün ölkə vətəndaşları kimi, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən də böyük rəğbət və razılıq hissi ilə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin məlumatında yer alıb.

AMEA-nın rəhbərliyi dövlətimizin başçısının həmin müşavirədəki çıxışına dərhal reaksiya verib və Rəyasət Heyətinin iyulun 16-da keçirilən iclasında Prezidentin nitqi ətraflı müzakirə olunub.

İclası AMEA prezidenti, akademik Ramiz Mehdiyev açaraq dövlətimizin başçısının çıxışının dərin siyasi təhlilini verərək, diqqəti hər kəsin ondan çıxarılmalı olduğu mühüm dərslərə cəlb edib.

Akademik Ramiz Mehdiyev xüsusilə vurğulayıb ki, Prezidentin nitqində ölkəmiz qarşısında dayanan təhdidlər, dövlətin bu problemlərə olan münasibəti dəqiq şəkildə əksini tapıb. Ölkəmizin taleyinə laqeyd olmayan hər kəs bu nitqə diqqətlə yanaşmalı, Prezidentin verdiyi siyasi istiqaməti qavramağa çalışmalıdır.

Daha sonra çıxış edən AMEA-nın Birinci vitse-prezidenti İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, vitse-prezidentlər, akademiklər Dilqəm Tağıyev, İradə HüseynovaRasim Əliquliyev dövlətimizin başçısının mövqeyini birmənalı şəkildə dəstəklədiklərini bildirib, qarşıya qoyulan vəzifələrdən söz açıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən başlıca amil onun həmişə olduğu kimi öz xalqı ilə yüksək səviyyədə açıq və səmimi təmas qurmaq mədəniyyəti idi. Dövlətimizin başçısı olduqca mürəkkəb siyasi məsələlərə dair çox aydın və qəti mövqe ortaya qoyub. Ermənistanın təcavüzkar mahiyyətinə, Milli Ordumuzun işğalçı dövlətə verdiyi sarsıdıcı cavab zərbələrinə diqqəti cəlb edən Prezidentin qətiyyəti hər kəsi, o cümlədən də alimləri bir daha əmin etdi ki, Azərbaycan qüdrətli dövlətdir. Müstəqil dövlətimizin öz suverenliyini qorumaq üçün kifayət qədər gücü və iradəsi vardır. Dövlət başçısının eyni qətiyyətlə diplomatik xidmət orqanlarının fəaliyyətini tənqid etməsi isə başqa bir mühüm mətləbi hər kəs üçün növbəti dəfə aydınlaşdırmış olduPrezident üçün peşəkarlıq, işə məsuliyyət, vəzifə səlahiyyətlərinin icrası zaman cavabdehlik və yüksək nizam-intizam hər şeydən daha üstündür. AMEA-nın vəzifəli şəxsləri yaxşı bilməlidirlər ki, hər bir Azərbaycan məmuru ölkə rəhbərinin bütün sahələrdəki şəxsi nümunəsini başlıca meyar kimi qəbul etməli, qarşıya qoyulan tapşırıqların icrasında etinasızlığa, pərakəndəliyə qətiyyən yol verməməli, aydın mövqe nümayiş etdirməlidir.

Prezidentin cəmiyyətdə xaos və hərc-mərclik yaratmaq istəyənlərə verdiyi tutarlı cavabdan təxribatçı və məkrli qüvvələrin öz paylarını aldıqları da şübhəsizdir. Hər kəs əmin olmalıdır ki, Azərbaycan heç zaman 90-cı illərin xaosuna qayıtmayacaq. Prezident Azərbaycanı daha işıqlı gələcəyə doğru aparmaqda qətiyyətlidir.

"Dövlətimizin başçısını AMEA-nın Rəyasət Heyəti adından əmin etmək istəyirik ki, alimlərimiz həmişə olduğu kimi, Prezidentionun rəhbər tutduğu dövlətçilik prinsiplərini daim dəstəkləyirlər. Prezidentin siyasi iradəsi bizim hər birimiz üçün qanundur. AMEA-nın elmi kollektivləri və alimləri Prezident İlham Əliyevin tarixi nitqində qarşıya qoyduğu vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar”, - deyə AMEA-nın məlumatında qeyd olunub.

 

Azərbaycan.-2020.- 17 iyul.- S.4.