İqtisadiyyatda keyfiyyət göstəriciləri kəmiyyət göstəricilərini xeyli üstələyir

 

2020-ci ilin 6 ayının sosial-iqtisadi göstəriciləri artıq məlumdur. Açıqlanan statistik rəqəmlər üzərindən müəyyən təhlillərin aparılması zəruridir.

Əvvəlcə qeyd etmək istərdim ki, böhranlar dövründə vacib olan kəmiyyət deyil, keyfiyyət dəyişiklikləridir. Böhran zamanı iqtisadi rəqəmlərin azalması heç kəsdə təəccüb doğurmur və hətta bu gözləniləndir. Statistik rəqəmlərə görə, bu ilin 6 ayının nəticələrinə əsasən ölkədə ÜDM 2.7 faiz, qeyri-neft ÜDM-i 2.5 faiz, əsas kapitala yönəlmiş vəsait 2.7 faiz, yük daşımalar 14.1 faiz, sərnişin daşıma 28.7 faiz, əhalinin banklardakı əmanəti 11.2 faiz, xarici ticarət dövriyyəsi 30% azalmışdır.

Lakin kənd təsərrüfatı istehsalı 2.2 faiz, qeyri-neft sənayesi 11.2 faiz, informasiya və rabitə xidmətləri 4.4 faiz, dövlət büdcəsinin gəlirləri 15.5 faiz, əhalinin nominal gəlirləri 0.6 faiz, kredit qoyuluşları 11.9 faiz artmışdır.

Bunlar kəmiyyət göstəriciləridir. İndi isə keyfiyyət göstəricilərinə fikir verək. Ümumi iqtisadi azalma fonunda əsas istehsal sahələrində artımın davam etməsi müsbət haldır. Belə ki, qeyri-neft sənayesi və kənd təssərrüfatında artım dinamıkasının saxlanması istehsal, məşğulluq və iqtisadi təhlükəsizlik baxımından mühüm göstəricidir. Eyni zamanda kənd təsərrüfatında məhsuldarlığın artması, yeni metodların özünü müsbət tərəfdən göstərməsi mühüm keyfiyyət göstəricisidir.

Digər mühüm bir kefiyyət göstərici şəffaflaşma prosesinin getməsidir. Elektron qaimə ilə aparılan dövriyyənin artımı iqtisadiyyatda şəffaflaşmanın əsas göstəricilərindən biridir. Belə ki, son 5 ayda elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcminin 6.8 faiz artması bu sahədə mühüm göstəricidir. Nəzərə alsaq ki, bu artım qeyri-neft ÜDM-nin 2.5 faiz azalması fonunda baş verib, onda prosesin dinamikliyi daha çox aydın görünür. Pərakəndə ticarət dövriyyəsinin 1.7 faiz azalmasına baxmayaraq, rəsmiləşən dövriyyənin 15.3 faiz artması iqtisadiyyatın ağarması yönümündə əsas keyfiyyət göstəricilərindən biri hesab edilməlidir.

1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığının ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artması bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm bir keyfiyyət göstəricisidir.

Əməkhaqqı fondunun 25 faiz artması insanların sosial həyat şəraitinin yaxşılaşması baxımından əsas keyfiyyət göstəricilərindən biridir.

Biznes kreditlərinin 1,8 faiz, ipoteka kreditlərinin 3,2 faiz artması iqtisadi aktivliyin dəstəklənməsi baxımından mühüm gəstəricidir. Kreditlərin 60 faizdən çox hissəsinin biznes kreditlərinə yönəlməsi gələcək iqtisadi artımı təmin edəcək mühüm amillərdən biridir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların 37 faiz, elektron ticarətin 53 faiz, internet bankçılığın isə 84 faiz artması ödəmə texnologiyalarının geniş tətbiqinin mühüm keyfiyyət göstəricisidir.

Beləliklə, keyfiyyət göstəricilərinin iqtisadiyyatın əsas hərəkətverici sahələrdə müşahidə olunması onu deməyə əsas verir ki, ümumi azalmalar fonunda sağlam keyfiyyət dəyişiklikləri iqtisadiyyatın azalmalarını kompensasiya edərək, gələcəkdə daha güclü artımın əsas dayaqları ola biləcəkdir.

 

Tahir MİRKİŞİLİ,

Milli Məclisin komitə sədri

Azərbaycan.-2020.- 17 iyul.- S.6.