Azərbaycan Sahibkarlar
Konfederasiyasının ictimaiyyətə müraciəti
Məlum olduğu kimi, erməni vandalları növbəti təxribata əl ataraq, işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər.
Düşmənin gözlənilməz zərbəsi nəticəsində Azərbaycan Ordusunun 11 nəfər hərbi qulluqçusu bu döyüşdə qəhrəmancasına şəhid oldu. Onların arasında öz igidlikləri və təcrübəli döyüş tapşırıqları ilə seçilən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyevin də olması bütün ölkə ictimaiyyəti kimi, Azərbaycan sahibkarlarını da dərindən sarsıtdı. Sahibkarlar adından qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Əlbəttə ki, ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə lazımi cavab verildi. Lakin mənfur qonşu öz çirkin əməllərindən əl çəkmək istəmir. Azərbaycan Ordusu düşmənin bu niyyətinin qarşısını qəhrəmanlıqla aldı. Əks-həmlə və zərbələrlə geri qaçmağa məcbur olan ermənilər xeyli canlı itki verdilər, hərbi texnika sarıdan tələfata məruz qaldılar.
Bu hadisə, ilk növbədə, məlum həqiqətləri yenidən bütün dünyaya nümayiş etdirdi. Belə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın istənilən an Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratmağa qadir olduğunu bir daha gördü.
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı çıxış edərək bildirdi ki, "Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.
Təhlükəsizlik Şurasının iclasında qeyd olundu ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmış, adekvat cavab verilmişdir. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğramışdı. Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilmədilər. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Ermənistanda daxili vəziyyət artıq böhran həddinə çatıb. Eyni zamanda ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirir. Xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurmaqdadır.
Bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq təşkilatların zirvə görüşləri, BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsünü 130-dan çox ölkə dəstəklədi, yalnız Ermənistan bu təşəbbüsün əleyhinə çıxaraq, bir daha özünü rüsvay etdi.
Bu gün dünya COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistan öz çirkin və anlaşılmaz siyasəti ilə dünya ölkələrinin diqqətini cəlb etməyə çalışır.
Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünya üçün əməkdaşlığa layiq ölkəyə çevrilmişdi. İndi dünya dövlətlərinin maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür.
Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhədində ermənilərin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularla bağlı 14 iyul 2020-ci il tarixdə ölkə ərazisində Azərbaycan Ordusuna kütləvi dəstək tədbirləri keçirilmişdir. Lakin bəzi antiazərbaycançı qüvvələr bu vəziyyətdən istifadə edərək, bir sıra qanunsuz hərəkətlərə yol verməyə çalışmışlar. Hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınmışdır.
Bu günlərdə konfederasiyaya sahibkarlardan çoxlu sayda müraciət daxil olmuşdur. Bütün sahibkarlarımız dövlətimizin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd etmişlər.
Azərbaycan sahibkarları dövlət başçısı cənab İlham Əliyevin apardığı siyasəti bəyənir, onun rəhbərliyi ilə atılacaq hər hansı bir addımlara dəstək verməyə daim hazır olduqlarını bildirirlər. Ordumuzun düşmənə layiqli cavab verdiyi bir vaxtda xüsusilə diqqətli olmalıyıq.
Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan xalqına, o cümlədən sahibkarlara müraciət edərək, koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağı, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyi, özünütəcrid qaydalarına riayət etməyi tövsiyə edir.
İnanırıq ki, sizlər bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız.
Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərinə və erməni təxribatına baxmayaraq, həmrəylik nümayiş etdirərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və əmin edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq.
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası adından
Konfederasiyanın prezidenti
Məmməd MUSAYEV
Azərbaycan.-2020.- 17 iyul.- S.6.