COVID-19 iqtisadi inkişafı ləngitsə də, vəziyyət kritik deyil

 

Prezident İlham Əliyev: "Əminəm ki, dünya iqtisadiyyatı pandemiyadan çıxmağa başlayan kimi, bizdə də bu sahədə vəziyyət bərpa olunacaq

 

 

2020-ci il əvvəldən tərs gəldi. XXI əsrin üçüncü onilliyinin başlanğıcına ümidlər çox olsa da, o, nəinki bu ümidləri doğrultmadı, hətta yeni yüzilliyin özünəqədərki tarixində əldə olinan müsbət nə vardısa, hamısının üstündən xətt çəkdi. Yəqin ki, nəyi nəzərdə tutduğumuzu anlayırsınız. Bəli, söhbət COVID-19 adlı koronavirusun dünyanı çənginə alması səbəbindən elan olunmuş pandemiyanın törətdiyi fəsadlardan gedir.

Üstündən aşağı-yuxarı yarım il keçməsinə baxmayaraq, hələ də dərdinə əlac tapılmamış bu virus dünyanın "mənəm” deyən ölkələrinin iqtisadiyyatlarını çökdürüb, sosial siyasətlərini çətin sınağa çəkib. İndi bütün dövlətlər çıxılmaz vəziyyətə düşüblər - bilmirlər iqtisadiyyatlarını xilas etmək üçün sərt karantinya fövqəladə vəziyyətin qadağalarını yumşaldıb müəssisə və təşkilatların tam gücləri ilə fəaliyyət göstərmələrinə icazə versinlər, sərhədləri açsınlar, yoxsa, ÜST-ün "ikinci dalğaproqnozuna inanıb daha ağır vəziyyəti gözlərinin altına alaraq tədbirlər görsünlər. Bu az qala "olum, ya ölüm” dilemması kimi mürəkkəb vəziyyəti çıxılmaz edən isə odur ki, hər iki halda əziyyət çəkən, çətinliyə düşən əhalidir. Birincidə işindən, yəni qazancından, dolanışığından, ikincidə isə sağlamlığından, bəzi hallarda hətta həyatlarından olduqları üçün.

Bax, belə bir şəraitdə çox az ölkə var ki, bu labirintdən yol tapıb həm iqtisadiyyatını, həm də xalqını xilas edə bilir. Və o ölkələrdən biri də Azərbaycandır.

Biz heç də ölkəmizə, onun iqtisadiyyatına pandemiyanın təsir göstərmədiyini iddia etmirik. Ola bilməz ki, qloballaşan dünya iqtisadiyyatının tərkib hissəsi hesab edilən Azərbaycan iqtisadiyyatı təxminən 5 aylıq sərt karantin tədbirlərinin fəsadlarını yaşamasın. Nazirlər Kabinetinin iyulun 15-də cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş nitq söyləyən Prezident İlham Əliyev bu barədə demişdir: "...mənim təxmin etdiyim kimi, birinci, altıncı aylardan sonra iqtisadiyyat bir qədər tənəzzülə uğradı. Ölkədə dörd ay ərzində iqtisadi artım müşahidə olunurdu. Ancaq may-iyun aylarında tənəzzül olubümumi daxili məhsul istehsalı bu ilin 6 ayında 2,7 faiz azalıbdır. Bunun da səbəbləri bəllidir. Təkcə onu demək kifayətdir ki, bizim turizm sektorumuz 48 faiz, tikinti sektoru isə 14 faiz tənəzzülə uğrayıb”.

Cari ilin 6 ayı üzrə ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı dövlət başçısının dediklərinə onu da əlavə edək ki, hesabat dövründə Azərbaycanda 33 milyard 803,9 milyon manatlıq ÜDM istehsal olunmuşdur. 6 ayda adambaşına 3 min 393,7 manatlıq (3,4 faiz az) əlavə dəyər düşmüşdür. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında ölkə üzrə 18 milyard 401,9 milyon manatlıq (1,5 faiz az) sənaye məhsulları istehsal edilmişdir ki, onun da 5 milyard 722,5 milyon manatlığı qeyri-neft sənaye məhsulları olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə qeyri-neft sənaye məhsullarının istehsalında 11,2 faiz artım qeydə alınmışdır.

Xarici ticarət əlaqələrinə gəldikdə, bu sahədə də rəqəmlər pandemiyadan öncəki göstəricilərdən aşağıdır. Bununsa əsas obyektiv səbəbi birbaşa COVID-19-la bağlı tələbatın azalması üzündən neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Məhz bu ucuzlaşma səbəbindən ilin əvvəlindən ötən 6 ay ərzində ölkəmizin xarici ticarət dövriyyəsində ixracın payı ötən ilin eyni dövrünə nisbətən 23 faiz azalaraq 7,7 milyard dollarlıq olmuşdur. Azalma idxalda da müşahidə edilmişdir. Yəni bu dövrdə Azərbaycan 5 milyard dollarlıq mal və məhsullar idxal etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 29 faiz azdır. Əvəzində göründüyü kimi, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsində 2,7 milyard dollarlıq müsbət saldo yaranmışdır.

Amma xarici ticarətdə müsbət olan təkcə bu deyil. İlkin məlumatlara görə, yanvar-iyun aylarında ölkə üzrə meyvə-tərəvəz ixracı 3, çay ixracı 5,9, bitkiheyvan mənşəli piyyağlar ixracı 41 faiz artmışdır. Xarici ticarətdən söz düşmüşkən Nazirlər Kabinetinin iclasında da səslənmiş bir fakta nəzər salaq: cari ilin 6 ayında və 2015-ci ildə eyni həcm idxala görə gömrük daxilolmaları 3 dəfə artmışdır. Bu isə təbii ki, aşkarlıq və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi hesabına mümkün olmuşdur. Prezident İlham Əliyev də sözügedən iclasda bu fakta diqqət çəkmişdir: "Hesab edirəm ki, ictimaiyyətin də diqqətini buna cəlb etməliyik. 2015-ci ildə və bu ilin 6 ayında idxalın həcmi eyni idi. Ancaq 2015-ci ildə gömrük orqanları 700 milyon manat vəsait toplamışlar, bu il 2 milyard manatdan çox. Yəni təxminən 3 dəfə çox. Nəyin hesabına? Şəffaflığın hesabına, qaçaqmalçılığa qarşı mübarizə hesabına, düzgün yanaşma nəticəsində. Əgər bu sahədə və vergilər sahəsində ciddi islahatlar aparılmasaydı, biz bu vəsaitdən məhrum olacaqdıq”.

Pandemiya dövründə Azərbaycan iqtisadiyyatında nikbinliyə əsas verən digər göstəricilər də var. Götürək kredit qoyuluşunu. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, cari ilin 6 ayı ərzində ölkə üzrə kredit qoyuluşunun həcmi keçən ilin eyni dövrünə nisbətən 11,9 faiz çox - 14 milyard 765,7 milyon manat olmuşdur. Vaxtı keçmiş kreditlərin həcmi isə 27,4 faiz azalaraq 1 milyard 84,4 milyon manata enmişdir.

Bu yerdə pandemiya səbəbindən əksər ölkələrin kredit sarıdan problemlə qarşılaşdığı bir zamanda nüfuzlu beynəlxalq maliyyə qurumlarının Azərbaycanla əməkdaşlıqlarını genişləndirməyə maraq göstərmələrini qeyd etmək istərdik. Ekspertlər deyirlər ki, Dünya Bankı, Aşiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Ümumdünya Turizm Təşkilatı, Microsoft, CİSCO, Signify kimi beynəlxalq qurumlar və şirkətlərin rəhbərlərinin Prezident İlham Əliyevlə görüşə təşəbbüs göstərmələri həm də Azərbaycanın etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Etiraf edək ki, belə mürəkkəb dövrdə bu cür imicin daşıyıcısı olmaq hər ölkənin qismətinə düşmür. Hər ölkənin qismətinə düşməyən, habelə bu cür çətin zamanda beynəlxalq reytinq cədvəllərində fərqlənməkdir. Təkcə cari ilin ilk yarısında ölkəmiz İrs Fondunun "İqtisadi Azadlıq İndeksi-2020”, Beynəlxalq Şəffaflıq Təşkilatının "Korrupsiya Qavrayış İndeksi-2019”, Davos İqtisadi Forumunun "Enerji Keçidi İndeksi”, İqtisadiyyatSülh İnstitutunun "Qlobal Sülh İndeksi”, BMT-nin Elektron Hökumət Sorğusu, "Davamlı İnkişaf hesabatı-2020” və BMT Turizm Təşkilatının "Dünya Turizm Barametrikimi hesabatlarda mövqelərini yaxşılaşdırmışdır.

Pandemiya bir daha neft-qaz ölkəsində qeyri-neft sektorunun inkişafının vacibliyini ortaya qoydu. "Bir dahadeyirik ona görə ki, dünyada mahiyyətindən asılı olmayaraq baş verən hadisələrə neft sektoru qədər həssas ikinci bir sahə yoxdur. Harada bir münaqişə varsa, hansısa bir regionda mübahisə yaranırsa, qış həddindən artıq soyuq, yay qızmar keçirsə, kiminsə ehtiyatı artır, ya azalırsa və nəhayət, COVID-19-un göstərdiyi kimi, dünyada epidemiyaya pandemiya elan olunursa, neft, daha doğrusu, onun qiyməti anındaca "reaksiyaverir - ya bahalaşır, ya da ucuzlaşır. Bu səbədən neftə arxayın olub yola çıxmaq təhlükəlidir, hətta "qara qızıl” adlandırılsa da.

Desək ki, Azərbaycanın bu sarıdan problemi yoxdur, səmimi olmarıq. Qədimdən neft diyarı olmağımız səbəbindən tarixən bu sahənin inkişafı, eləcə də günü bugünəcən tükənməyən karbohidrogen ehtiyatlarımız bizi istər-istəməz neft-qaz ölkəsi etmişdir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi fikir verməsi, həm də təkcə fikir verməsi yox, eyni zamanda, bu istiqamətdə konkret tədbirlər görməsi təbiidir.

Belə xüsusi yanaşmanın nəticəsinə əmin olmaq üçün qeyri-neft sektorunun ən böyük və ən vacib sahəsi hesab edilən kənd təsərrüfatında son 6 ay üzrə göstəricilərə nəzər salaq. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, yanvar-iyun aylarında ölkəmizdə 4 milyard 82,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 2,2 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda 1,9 milyard manatlıqdan artıq (1,1 faiz çox) bitkiçilik, 2,08 milyard manatlıqdan artıq (3,2 faiz çox) heyvandarlıq məhsulları istehsal edilmişdir. Onu da qeyd edək ki, pandemiya dövründə bu artımlar əsasən məhsuldarlıq hesabına əldə olunmuşdur. Məhsuldarlığa isə təsir edən amillərdən biri suya olan təlabatın ödənilməsidir.

Lakin son vaxtlar, xüsusən bu il bütün dünyada, o cümlədən Azərbaycanda quraqlıq problemi var. Bu üzdən hökumətin son iclasında Prezident İlham Əliyevin həmin problemə, daha doğrusu, onun həllinə xüsusi diqqət ayırması təsadüfi deyil: "Bilirsiniz ki, keçən ilin quraqlığı bizə böyük ziyan vurdu. Bu ilbaxmayaraq ki, kənd təsərrüfatı 6 ayda 2,2 faiz artıb, amma daha çox arta bilərdi. Çünki bu quraqlıq nəticəsində suyun az olması səbəbindən biz istədiyimiz qədər torpaqlardan istifadə edə bilməmişik”, - deyən dövlət başçısı Azərbaycanda hələ su təhlükəsizliyi məsələsinin həll edilmədiyini diqqətə çatdırmışdır.

Bütövlükdə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqindən, eləcə də hökumətin iqtisadi qurumlarının rəhbərlərinin çıxışlarından çıxan nəticə deməyə əsas verir ki, pandemiya ölkə iqtisadiyyatının inkişafını ləngitsə də, vəziyyət kritik deyil. Prezident İlham Əliyevin dediyi kimi: "Bu, müvəqqəti bir məsələdir. Əminəm ki, dünya iqtisadiyyatı pandemiyadan çıxmağa başlayan kimi bizdə də bu sahədə vəziyyət bərpa olunacaq”.

 

Raqif MƏMMƏDLİ

Azərbaycan.-2020.- 18 iyul.- S.1;6.