Böyük Azərbaycan
Partiyası ölkədə aparılan islahatları dəstəkləyir
Elşad MUSAYEV:
"İndiki həssas dönəmdə
müxalifətçiliyi bir qədər
kənara qoyub hamımız ölkəmizi
bu bəladan çıxarmaq üçün birgə fəaliyyət
göstərməliyik”
2018-ci ilin prezident seçkilərində qələbədən sonra İlham Əliyev ölkədə yeni islahatların keçiriləcəyini bəyan etmişdi. Ötən iki ildə cəmiyyət həyatının bütün sahələrində baş verən pozitiv dəyişikliklər köklü islahatların, o cümlədən siyasi islahatların həyata keçirilməsindən xəbər verir. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevlə söhbətimiz də bu barədə oldu.
Təmaslar davam etməlidir
Öncə siyasi islahatlara nəzər salan Elşad Musayevin sözlərinə görə, son vaxtlar əsas müzakirə mövzularından biri Azərbaycanda siyasi sistemdə yeni konfiqurasiyanın formalaşmasıdır. Bunun reallaşması üçün bir sıra şərtlərin həyata keçirilməsinin vacib olduğunu deyən partiya sədri bildirdi ki, ilkin şərt hakimiyyətdə olan siyasi qüvvənin bu istəkdə bulunması, islahatlar, dəyişimlər və yeniləşmə kimi pozitiv məqamları prioritet kimi qəbul etməsi və reallaşdırmaq üçün addımlar atmasıdır.
İkinci şərt hakimiyyətlə siyasi partiyalar arasında təmasın və qarşılıqlı etimadın yaradılması, müzakirələrin təşkil edilməsi, fərqli düşüncələrin və fərqli fikirlərin aşkar surətdə eşidilməsi, nəticədə ölkəmizdə siyasi qüvvələrarası münasibətlərin barış əsasında qurulmasıdır: "Prezident İlham Əliyev ölkədə siyasi islahatların dərinləşəcəyini, rüşvətə və korrupsiyaya qarşı ciddi mübarizə aparılacağını, eyni zamanda, neqativ hallar barədə müxalifətin də səsləndirdiyi faktlarla bağlı ölçü götürüləcəyini bəyan etdi.
Sonra hakimiyyətin yuxarı dairələrində bir sıra ciddi kadr dəyişikliyi həyata keçirildi, bir sıra korrupsiyaya qurşanmış vəzifəli şəxslər həbs edildilər.
Cəmiyyətdə çox maraqla izlənilən məqamlardan biri də Prezidentin təmsilçisi kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevin ölkənin əksər siyasi təşkilat rəhbərləri ilə görüşməsi və bu görüşdə siyasi təşkilat rəhbərlərinin düşüncələrinin, təkliflərinin dinlənməsi və ölkə rəhbərinə çatdırması oldu. Fikrimcə, bu cür görüşlərin əhəmiyyəti ondadır ki, həm iqtidarla müxalifət arasında münasibətləri yumşaldır, təkmilləşdirir, həm də münasibətləri radikal müstəvidən dinc masa müstəvisinə keçirir.
Böyük Azərbaycan Partiyası ölkəmiz üçün ən uğurlu yolun ciddi, fundamental islahatlardan ibarət olduğunu bildirir. Hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinin, hakimiyyət bölgüsünün, hakimiyyətin hər üç qolunun səmərəli işləməsinin, demokratik seçkilərin, mətbuat azadlığının təmin olunmasının ölkəmiz üçün prioritet olduğunu bəyan edir. Biz ayrı-ayrı məsələlərlə bağlı proqram və təkliflərimizi mütəmadi mətbuat vasitəsilə açıqlayırıq. Prezident Administrasiyasına da müxtəlif məsələlərlə bağlı təkliflərimizi təqdim etmişik”, - deyə BAP sədri bildirdi.
Partiya
sədri onu da əlavə etdi ki, iqtidarla müxalifət
arasında indiyədək olan münasibətlər ürəkaçan
olmayıb: "Bundan da daim Azərbaycanı istəməyən
qüvvələr istifadə etməyə
calışıblar və yenə də
çalışırlar. Biz ölkədə
gərginlik yaradan bütün
ocaqları söndürməyə
çalışmalıyıq. Bunun üçün mütləq təmaslar davam etdirilməli, ölkədə normal iqtidar-müxalifət dialoqu
olmalı və məsələlər küçələrdə
deyil, dinc məcrada həll
olunmalıdır”.
Elşad Musayev onu da bildirdi ki, bir neçə gün əvvəl Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə növbəti dəfə görüşüb. "Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətrafında gedən proseslər müzakirə edilib, bütün bu məsələlərdə iqtidarla müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olundu. Həmçinin siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlərin həlli, medianın, QHT-nin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparıldı. Şöbə müdiri Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə görüşlərin ikinci mərhələsinə başladıqlarını və bunu davam etdirəcəkərini, hər hansı təklifdə bulunan siyasi təşkilat rəhbərini dinləməyə hazır olduqlarını, siyasi partiyalara yerlə və qurultayla bağlı problemlərdə yardımçı olacaqlarını bildirdi”, - deyə BAP sədri qeyd etdi.
"Milli şura” qaragüruh səviyyəsini ortaya qoydu
Elşad Musayev qeyd etdi ki, Böyük Azərbaycan Partiyası hakimiyyətə müxalifətdə olan partiyadır, lakin dövlətçiliyin qorunmasını əsas vəzifə hesab edir və iqtidara münasibətdə konstruktiv mövqedədir: "Əvvəlcədən də bəyan etdiyimiz kimi, iqtidarın atdığı hər hansı pozitiv addımı müsbət qiymətləndirir, çatışmazlıqları tənqid edir və çıxış yolu göstərməyə çalışırıq. Pandemiya ilə bağlı indiki həssas dönəmdə hesab edirik ki, müxalifətçiliyi bir qədər kənara atıb hamımız ölkəmizi bu bəladan çıxarmaq üçün birgə fəaliyyət göstərməliyik”.
BAP sədri ilə yeniləşən siyasi sistemdə müxalifətin rolu barədə də söhbətləşdik. Həmsöhbətim qeyd etdi ki, müasir dünyada siyasi partiyalar siyasi institutların əsas tərkib hissələrindən olmaqla, həm də vacib komponentlərindən biridir: "Bu baxımdan da siyasi partiyaları dərnək səviyyəsində deyil, normal siyasi təşkilat qismində görməliyik. Siyasi təşkilatların zəif olduğu ölkələrdə demokratiya, insan hüquq və azadlıqları, azad media kimi sahələrdə axsamalar olur. Siyasi müxalifət zəif olan ölkələrdə onların yerini radikal, ekstremist müxalif qüvvələr tutmağa çalışırlar. Bəzən də buna nail olurlar. Odur ki, həm dövlət ölkədə normal siyasi müxalifətin olmasında maraqlı olmalı, həm də müxalifət partiyaları öz fəaliyyətlərini təkmilləşdirməlidirlər. Müasir dünya dəyişdiyi kimi, ölkəmiz də, cəmiyyətin özü də, siyasi təşkilatlar da yaxşı mənada dəyişməlidir.
Özünü sağlam siyasi proseslərdən təcrid edən, radikal mövqe sərgiləyən qruplara gəldikdə, Elşad Musayev hamını gözdən salmağa çalışan, qaragüruh mövqeyi sərgiləyən, daha çox kənar qüvvələrin dəstəyinə güvənən və bundan istifadə etməyə çalışan qüvvələrə münasibətinin mənfi olduğunu söylədi: "Bunların içərisində vaxtilə mövcud iqtidardan yararlanmış, bu və ya digər səbəblərdən kənarlaşdırılmış xeyli sayda adam var. "Milli şura”nın yaxınlarda yayımlanan onlayn iclasları ölkəni idarə etməyə iddialı olan bir qurumun qaragüruh səviyyəsini ortaya qoymaqla yalnız onlara deyil, bütövlükdə müxalifətə ağır zərbə vurmuş oldu”.
Partiya sədri
qlobal problem olan pandemiya ilə bağlı fikirlərini də bölüşdü. "Pandemiya ümumbəşəri
problemdir. Həm də
hamı üçün
yeni problemdir. Ona görə də, hətta dünyanın ən inkişaf etmiş ölkələri
belə ilk vaxtlarda çox çətinlik çəkirdilər. Təcrübə göstərir ki, bu problemdən yalnız həm dövlət orqanları, həm də vətəndaşların birgə
səyi ilə çıxmaq olar. Biri olub o birisi olmayacaqsa,
çətin olacaq.
İlk günlərin
müxtəlif çətinliklərinə
baxmayaraq dövlət
səviyyəsində aparılan
işlər öz müsbət nəticəsini
verdi və
ÜST-ün yaydığı
məlumatlarda Azərbaycanın
vəziyyəti əksər
ölkələrlə müqayisədə
daha yaxşı idi. Rəqəmlərdən də bu aydın görünürdü.
Təəssüflər olsun ki, son günlər vəziyyət gərginləşməkdə davam edir. Bu səbədən də müvafiq orqanlar sərt tədbirlər görmək məcburiyyətində qalır. Düşünürəm ki, ilk növbədə tibbi maarifləndirmə işini gücləndirməliyik, insanlarımız da koronavirusun qarşısını almaq üçün onlardan tələb olunan elementar qaydaları yerinə yetirməlidir. Dövlət orqanlarının da buraxılan səhvlərdən doğru nəticə çıxaracaqlarına inanıram”.
Siyasi partiya təmsilçiləri təşəbbüskar olmalıdırlar
BAP sədrinin son vaxtlarda daha da güclənən korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı fikirlərini öyrəndik. Onun sözlərinə görə, korrupsiya zəli kimi ölkənin qanını soran, beynəlxalq aləmdə imicinə ağır zərbə vuran, bütün sahələrdə çox ciddi problemlər yaradan, ölkəni inkişafdan salan, vətəndaşa hər addımda bir problem yaradan amildir. Bu bütün dünyada belədir və korrupsiyadan xilas olan ölkələrin sakinləri özlərini azad və xoşbəxt hesab edirlər: "Son vaxtlar korrupsiyaya qarşı mübarizə istiqamətində ölkəmizdə bir sıra addımlar atıldı. Təbii ki, cəmiyyət bunu müsbət qarşıladı. Biz korrupsiyaya qarşı mübarizə istiqamətində görülən tədbirləri birmənalı dəstəkləyirik. Düşünürəm ki, bu istiqamətdə fəaliyyət davam edəcək, qanunsuz yolla mənimsənilən vəsait dövlətimizə, millətimizə qaytarılacaq”.
Elşad Musayev yekunda bir daha qeyd etdi ki, BAP birmənalı olaraq ölkədə pozitiv istiqamətdə aparılan islahatları yüksək qiymətləndirir və bu istiqamətdə hansı addımlar atılacaqsa, ona dəstək verəcək: "Bu zaman müəyyən səhvlər də ola bilər. Bundan qorxmaq lazım deyil, ən əsası qərarlı surətdə islahat yolunu seçmək və onu davam etdirməkdir. Dövlət orqanlarında çalışanlar və siyasi partiya təmsilçiləri də təşəbbüskar olmalı, yeni təkliflərlə çıxış etməkdən çəkinməməlidirlər. Yekunda bir daha qeyd edirəm ki, müasir, yeniləşən dünyada layiqli yer tutmanın əsas yolu islahatdır və biz də məhz bu yolla getməliyik”.
Hazırladı:
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 18 iyul.- S.1;6.