Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətdədir

 

 

Ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan yeni növ koronavirus infeksiyası bir neçə ay ərzində planetin 213 ölkə və bölgəsinə yayılıb.

2020-ci ilin geridə qoyduğumuz 6 ayı ərzində dünyanın gündəmini əsasən qlobal pandemiya ilə savaş zəbt edib. Ölkələrin əsas mübarizəsi COVID-19 virusunun qarşısını almağa yönəlib. Lakin dünyanı öz əsirinə çevirən koronavirus hələ də sürətlə yayılmağa, yoluxdurmağacanlar almağa davam edir. Bu isə o deməkdir ki, planetimiz hələ də taclı bəlaya qarşı təhlükədədir.

COVID-19 yayılmağa başlayandan virusun spesifik xüsusiyyətləri barədə müxtəlif fikirlər səsləndirilir, araşdırmalar aparılır.

Əvvəllər koronavirusun gənclərə "yaxın durmadığı” deyilirdi. Ancaq son ayların real mənzərəsi bunun əksini göstərir. Hətta yeni bir araşdırma zamanı gənclərin koronavirusa daha həssas olduqları üzə çıxıb.

ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları 18-25 yaş arası 8400 gəncin məlumatlarını araşdıraraq COVID-19 virusunun oğlanların 33, qızların 30 faizində ağır fəsadlara səbəb ola biləcəyi qənaətinə gəliblər. Bu cür fəsadların ehtimalı daha çox kənar amillərdən, xüsusilə tütün istifadəsindən asılıdır. Bu ilin 11-18 aprel tarixlərində hər 100 min əhalidən COVID-19 virusu ilə xəstəxanaya yerləşdirilən 18-29 yaşlı şəxslər orta hesabla 8,7, 65 yaşdan yuxarı şəxslər isə 128,3 nəfər idisə, 21-22 iyun tarixlərində həmin göstəricilər müvafiq olaraq 34,7 və 306,7 nəfər olub. Bu da koronavirusla xəstəxanaya yerləşdirilən gənclərin 200 faizdən artıq çoxalması deməkdir. Koronavirusun gənclər üçün təhlükəsini artıran amillər sırasında ürək xəstəlikləri, şəkərli diabet, astma, daxili immun pozuntuları, qaraciyər pozuntuları, habelə piylənmə və tütünə aludəlik göstərilir.

Britaniya alimləri isə artıq çəkinin koronavirusun ağır formada inkişafı riski ilə əlaqəli ola biləcəyi nəticəsinə gəliblər. Alimlər 400 mindən çox britaniyalının sağlamlıq vəziyyəti haqqında məlumatları təhlil edərək müəyyənləşdiriblər ki, piylənmədən əziyyət çəkən insanların 49 faizdən çoxunda koronavirus xəstəliyinin ağır formasının inkişafı riski mövcuddur.

Çin tədqiqatçıları da müəyyənləşdiriblər ki, COVID-19 infeksiyasından ölüm faizini yüksəldən amillərdən biri qanda şəkərin həddən artıq yüksək olması - hiperqlikemiyadır.

Əvvəlki və yeni araşdırmalar onu göstərir ki, koronavirus hələ də qlobal təhlükə olaraq qalır və bəşəriyyəti, insanların sağlamlığını təhdid edir. Hazırda dünyanın koronavirusla ən uğurlu mübarizə üsulu insanlar aralarında təması azaldaraq yoluxma zəncirini qırmaqdır. Ona görə də bəzi ölkələr ilkin mərhələdə sərt karantin rejimi sayəsində virusa yoluxmada nail olunan müsbət dinamikanı yenidən əldə etməyə çalışırlar. Bunu isə yumşaldılmanı sərt karantin rejimi ilə əvəzləyərək edirlər.

Azərbaycan da bu yolu seçən ölkələrdəndir. Dünyada olduğu kimi, vətənimizdə də infeksiyaya yoluxma sayını azaltmaq və kütləvi yoluxmanın qarşısını almaq üçün karantin rejimi uzadılıb. Eyni zamanda yeni koronavirusun daha çox yayıldığı şəhər və rayonlarda sərt karantin rejimi elan olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, GoranboyGöygöl rayonlarında xüsusi karantin rejimi iyulun 20-dək uzadılıb. Bununla əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb. Qərara əsasən, xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyət tətbiq edilib. Yuxarıda sadalanan şəhər və rayonların ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Ölkəmizdə hələ yanvar ayından başlayaraq pandemiyaya qarşı çevik və zəruri addımlar atılır, epidemioloji vəziyyətə uyğun olaraq lazımi tədbirlər görülür. Birbaşa ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən effektli tədbirlər sayəsində ölkədə infeksiya ilə bağlı vəziyyət daim nəzarətdə saxlanılır.

COVID-19-a yoluxan xəstələrin müalicəsi istiqamətində də zəruri addımlar atılır. Xəstəxanada və ya evdə olmasından asılı olmayaraq, koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlət hesabına həyata keçirilir. Bunun üçün ölkədə kifayət qədər dərman ehtiyatı da var. Hazırda Azərbaycanda bu virusa yoluxan ağır xəstələrə konvalesent plazma müalicəsi tətbiq olunurbunun müsbət nəticələri var. ATU-nun Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb və işə salınaraq klinikada yerləşən xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.

İnfeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq iyulun 8-də yeni növ koronavirusla mübarizə sahəsində çalışan Rusiya və Türkiyənin bir qrup mütəxəssisi Azərbaycana gəlib. İyulun 13-də ölkəmizə gəlmiş 115 kubalı tibb mütəxəssisi də 3 ay müddətində Azərbaycanda olacaq.

Yaxın vaxtlarda isə Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA) COVID-19 ilə mübarizədə həkimlərimizlə birlikdə "qırmızı zonada işləyəcək mütəxəssislərin ikinci qrupunu Azərbaycana göndərəcək. Bundan əvvəl Rusiya FTBA-nın baş infeksionisti Vladimir Nikiforovbaş pulmonoloqu Aleksandr Averyanov Bakıda və regionlarda koronaviruslu xəstələri qəbul etmək üçün profilləndirilmiş bir sıra xəstəxanalara baş çəkiblər. Agentliyin mütəxəssisləri Azərbaycanın tibb müəssisələrinin işini yüksək qiymətləndirib, kadrların səviyyəli olduğunu, tibb müəssisələrinin lazımi müasir avadanlıqlarla təchiz edildiyini vurğulayıblar.

"Koronavirus xəstələrinin idarə edilməsində Rusiyanın təcrübəsi bir qədər çoxdur, çünki pandemiya Rusiyada daha əvvəl başlayıb. Hazırda bu xəstəliyə qarşı mübarizəni ən təsirli şəkildə təşkil etməyə imkan verən bir sıra tədbirlər hazırlanıb və bunları azərbaycanlı həkimlərlə bölüşdük. COVID-19 xəstələrin müalicəsində prinsipial fikir ayrılıqlarımız yox idi. Sadəcə dərman preparatlarının yazılması məsələsində xırda düzəlişlər etdik”, - Rusiya FTBA-nın baş infeksionisti Vladimir Nikiforov deyib.

Rusiyalı tibb işçiləri azərbaycanlı mütəxəssislərin istifadə etdiyi bəzi metodikalarla da yaxından maraqlanıblar.

Hazırda gündəlik yoluxma sayında müəyyən qədər sabitləşmə təmin edilsə də, hələlik epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Ona görə də COVID-19-la ölkəmizdə aylardır aparılan mübarizənin tam təsirli olması, karantin rejiminin sona çatması və sağlamlığımıza heç bir təhlükə olmayan normal həyata dönmək üçün hər birimiz qoyulan qaydalara ciddi riayət etməliyik.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 18 iyul.- S.1;6.