XİN: Fransanın Overn-Ron-Alp regionu prezidentinin ermənilərin təxribatı ilə bağlı qərəzli bəyanatla çıxış etməsini pisləyirik

 

Fransanın Overn-Ron-Alp regionunun prezidenti Loran Vokenin Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən, o cümlədən iki ölkə sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən 12 iyul tarixindən etibarən törədilən hərbi təxribatla bağlı tamamilə həqiqətə uyğun olmayan və qərəzli bəyanatla çıxış etməsini qətiyyətlə pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir: “Qatı ermənipərəst mövqeyi ilə tanınan L.Vokenin rəhbərlik etdiyi və erməni icmasının çoxluq təşkil etdiyi Overn-Ron-Alp regionunun ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimlə 10 əməkdaşlıq xartiyasını imzalaması region prezidentinin mövqeyinin qərəzli xarakter daşıdığını aşkar şəkildə göstərir.

Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə haqq qazandıran bu bəyanat Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin ruhuna uyğun gəlmir, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mövqeyinə ciddi zərbə vurur. Fransanın ikinci böyük regionunun prezidentinin bu kimi birtərəfli və reallıqdan uzaq mövqeyi Azərbaycan ictimaiyyətinin Minsk qrupunun həmsədri qismində Fransanın qərəzsiz mövqeyinə inamını sarsıdır. Bəyanat Fransanın beynəlxalq, Avropa, ikitərəfli və milli səviyyədəki öhdəliklərinə ziddir.

Azərbaycan tərəfi Fransadan Minsk qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atacağını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarmaqurumu təşviq edən hər hansı fəaliyyətinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görəcəyini gözləyir.

 

Azərbaycan.-2020.- 18 iyul.- S.2.