Dövlət qayğısından güc alanlar

 

Ağdam tarixin bütün zamanlarında şöhrət ünvanı olub. Mənsub olduğu təbii sərvətləri, güclü iqtisadi potensialı, kökdən-soydan qaynaqlanan milli-mənəvi və mədəni dəyərləri bu bölgəni həmişə diqqət mərkəzində, gündəmdə saxlayıb. Bu yerin torpağı münbit, havası təmiz, suyu saf, adamları qürurlu və qoçaqdırlar. 30 ilə yaxındır ki, Ağdam və ağdamlılar zamanın ağır sınaqlarına dözmək zorunda qalıblar. Ermənistan silahlı qüvvələri güclü havadarlarının köməyi ilə bütövlükdə Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ağdam rayonu ərazisinin də dörddəüç hissəsi düşmən işğalı altındadır.

İllər boyu isti yuvası, doğma ev-eşiyi odlara qalanıb viran qoyulan, şəhərləri, kəndləri amansızlıqla dağıdılan Ağdamın sakinləri məcburi köçkün kimi ölkənin bütün bölgələrinə səpələnib, yük vaqonlarında, çadır şəhərciklərində qarğı-qamışdan tikilmiş daxmalarda isti yayı, soyuq qışı çox ağır şəraitdə yaşamalı olublar. 2003-cü ildə prezident seçkilərinə qatılan İlham Əliyev Bərdə rayonu ərazisində yerləşən Türk "Qızıl ay” çadır şəhərciyində məskunlaşan, əksəriyyəti ağdamlılar olan məcburi köçkünlərlə görüşündə bəyan etdi ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq. Şərəflə reallaşan bu vəd sayəsində minlərlə ailə mənzil rahatlığına qovuşdu. Ağdam rayonu ərazisində salınan 18 qəsəbədə indi 7000 ailə, bütövlükdə 27 min nəfər yaşayır. Yeni salınan yaşayış qəsəbələrinin hamısında zəruri infrastruktur da yaradılmışdır.

Prezident İlham Əliyevin bu cəbhə bölgəsinə davamlı qayğı və diqqəti həyatın bütün sahələrini əhatə edir. Rayonun yol infrastrukturu müasir tələblər səviyyəsində yenidən qurulur, kəndlərə yeni asfalt yollar çəkilir. Sahibkarlığın inkişafı yolunda yandırılan yaşıl işıq rayonda yeni istehsalemal sahələrinin yaradılmasını şərtləndirir, çox sayda yeni yerlərinin açılması ilə müşahidə olunur. İşğal nəticəsində təbii su mənbələrindən məhrum olan rayonda dövlət başçısının sərəncamı ilə son iki ildə 61 subartezian quyusu qazılmışdır. Bu isə rayonda suvarma suyuna və içməli suya olan ehtiyacın ödənilməsində əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Hazırda rayon ərazisindəki subartezian quyularının sayı 980-ə çatır.

Dövlətin qayğısından güc alan ağdamlılar aqrar sektorun inkişafı istiqamətində böyük uğurlara imza atırlar. Ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə dövlət başçısının çağırışına Ağdam kəndlisi sanballı töhfələr verir. Keçən il 2600 hektar sahədə pambıq əkilib-becərilmiş, 7000 ton " qızıl” istehsal olunmuşdur. Orta məhsuldarlıq 26 sentnerə çatdırılmışdır ki, bu da ölkənin pambıqçılıq rayonları arasında qazanılan yüksək nəticələrdən sayılır. Bu il isə 2120 hektar sahədə pambıq əkilmişdir. Becərmə yüksək aqrotexniki qaydalar əsasında davam etdirilir. Cari ilin hədəfi məhsuldarlığı 30 sentnerə çatdırmaqdır.

Ağdamlılar koronavirus pandemiyası ilə bağlı sağlamlıqlarını qorumaq üçün vacib şərtlərə əməl etməklə kənd təsərrüfatı işlərini uğurla davam etdirirlər. Rayonda taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatdırılmışdır. 14347 hektar sahədə biçin aparılmış, 57480 ton taxıl istehsal edilmişdir. Bu, keçən ildəkindən 3,5 faiz, yaxud 1950 ton çoxdur. Taxıl zəmilərinin orta məhsuldarlığı əvvəlki illə müqayisədə 1,7 sentner artaraq 40,1 sentner təşkil etmişdir. İndiyədək 18422 ton soğan, 5333 ton kartof istehsal edilmişdir.

Cari ilin altı ayı ərzində heyvandarlıq məhsulları istehsalında da artıma nail olunmuşdur. 2339 ton ət, 19 595 ton süd, 9 milyon 510 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Fərəh doğuran bu rəqəmlərin, dinamik sosial-iqtisadi inkişafın mayasında heç şübhəsiz dövlətin davamlı qayğısı dayanır. Qazanılan uğurlar, eyni zamanda, bütün varlığı ilə torpağa bağlı Ağdam kəndlisinin halal zəhmətinin, fədakar əməyinin və rayon rəhbərliyinin dövlət maraqlarına məsuliyyətli münasibətinin, peşəkar təşkilatçılıq bacarığının nəticəsidir.

Ağdama sıradan bir inzibati ərazi, kənd təsərrüfatı rayonu kimi baxmaq yanlış olar. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla söhbət bizdə o qənaəti yaratdı ki, Ağdamın idarə edilməsinin digər rayonlardan əsaslı şəkildə fərqlənən özünəməxsus spesifik xüsusiyyətləri var. Müharibənin fəsadları bu bölgədə təkcə yaşayış məntəqələrini viran qoymaqla, ərazidəki infrastrukturu dağıtmaqla məhdudlaşmayıb. Müharibə ən böyük zərbəni insanların həyat tərzinə, əhvali-ruhiyyəsinə, psixologiyasına vurmuşdur. Vaqif müəllim deyir ki, ev-eşiyi, uzun illər boyu qazandıqları, arzuları-istəkləri müharibə alovunda yanıb külə dönən, ümidsizliyin bir addımlığında qərar tutan insanları dinləmək çox ağırdı. Dövlətdən kömək uman hər hansı bir nəfərin üzləşdiyi, qarşısında aciz qaldığı problemə necə soyuqqanlı olasan?

Müsahibimizin söhbətində incə məqamlar kifayət qədər çoxdur. Deyir ki, bəzən elə məsələ üçün müraciət edirlər ki, onun icra hakimiyyətinin səlahiyyətinə dəxli yoxdur. Amma ümidlə gəldiyi ünvandan kimsəni ümidsiz qaytarmaq olmaz: "Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, mən xalqın xidmətçisiyəm. Dövlət başçısının bu aydın və birmənalı mövqeyi rayon rəhbəri olaraq bizim fəaliyyətimizə konkret istiqamət verib”.

Söhbətdən məlum olur ki, bu yaxınlarda Üçoğlan kəndindən icra hakimiyyətinə 20 nəfər gəlmişdi. Susuzluqdan korluq çəkdiklərini dedilər. Məsələ araşdırıldı, aydın oldu ki, şikayətləri haqsızdı. Suvarma üçün qazılmış quyudan ayrı-ayrı evlərə, həyətlərə çəkilmiş su xətlərini Subartezian İdarəsi bağlamışdır. Başçının məsələyə müdaxiləsi problemi aradan qaldırdı. Subartezian quyusunun yaxınlığına çən qoymaqla evlərə suyu bərabər qaydada paylamaq quyunun suvarma təyinatını dəyişməmək şərti ilə mümkün oldu. Əlbəttə, bundan ötrü əlaqədar yuxarı təşkilata zəng vuruldu, xahiş edildi. Beləcə, bir qrup kənd sakinini narahat edən çətinlik aradan qaldırıldı.

Ağdamda sağlam mənəvi-psixoloji mühitin formalaşmasının bir əsas səbəbi də rayon rəhbərinin sosial ədalət prinsiplərinə son dərəcə hassaslıqla yanaşmasıdır.

Çəmənli kənd ərazi vahidi üzrə icra nümayəndəsi Mobil Quliyev işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Sonradan üçün müraciət edən M.Quliyevin xahişini nəzərə alan icra başçısı Vaqif Həsənov ixtisasına uyğun olaraq onun Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində aqronom vəzifəsinə təyinatı üçün Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən xahiş edirMobil yüksək maaşlı işlə təmin olunur. Bir müddətdən sonra Mobil icra başçısının qəbuluna yeni tələblə gəlir. Deyir ki, uşaq bağçasında işləyən qızı başqa kəndə köçdüyü üçün onun yerinə gəlinini işə götürsünlər. Aldığı cavab Mobili məyus edir. Uşaq bağçasındakı boş yerinə kəndin ən imkansız ailələrindən birinin üzvünün götürüləcəyinə qərar verilir. Bu, əslində xırda məsələdir, əhəmiyyətsiz görünə bilər. Ancaq məsələnin bu cür qoyuluşu Çəmənli kənd camaatında böyük məmnunluq yaradıb. Elin gözü tərəzidir, deyirlər.

Rayon icra hakimiyyəti dövlətin yerlərdəki simasıdır. Onun fəaliyyətsizliyindən, qanuna zidd əməllərindən narazı qalanlar əslində dövlətdən incik düşürlər. Vaqif müəllim deyir ki, buna qətiyyən yol vermək olmaz. İcra hakimiyyətinə üz tutan sevincini bölüşməyə gəlmir. Onu gətirən üzləşdiyi çətinlik, həllinə gücünün çatmadığı problemdir. Özünü onun yerinə qoyub şikayətini səbirlə dinləməlisən. Bu, idarəetmədə ən vacib məqamdır. Burada hazır reseptlər qətiyyən işə yaramır. Reallıq ciddi şəkildə nəzərə alınmalıdır.

Bu gün Ağdamın düşmənlə təmas xəttinə yaxın kəndlərində 50 min nəfər əhali yaşayır. Hər gün güllə səsləri, həyəcan, narahatlıq, irili-xırdalı məişət problemləri və s. bütün bunlar adamların əhvali-ruhiyyəsinə, psixikasına, davranışına yetərincə neqativ emosiyalar qatır. Hətta zəif xarakterə malik olanları nəzərəçarpacaq dərəcədə aqressivləşdirir. Belədə rayon rəhbərinin haqqı yoxdur ki, hər hansı problem üçün icra hakimiyyətinə üz tutan bir vətəndaşı soyuq qarşılasın, biganəlik göstərsin. Əgər sən onu səmimiyyətlə qəbul edib qayğı göstərsən, problemini həll edə bilməsən belə, gedən də "sağ oldeyib, təşəkkürünü bildirir.

Rayonda abadlıq-quruculuq işləri də aparılır. Xındırıstan kəndində həyata keçirilən tədbirlər daha çox diqqət çəkir. Qədim tarixə malik, görkəmli şəxsiyyətlər yetişdirmiş Xındırıstan bu gün abad qəsəbəyə çevrilmişdir. Kənddəki məscid baxımsızlıqdan uçub-dağılmış, yararsız hala düşmüşdü. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun təşəbbüsü ilə məscid əsaslı şəkildə yenidən qurulub gözəl görkəm aldı. Ətrafındakı bir hektarlıq ərazidə istirahət parkı salındı. Yaxınlıqda məişət evi kimi tanınan yararsız hala düşmüş bina əsaslı təmir olundu. Indiyədək Bərdədə fəaliyyət göstərən Ağdam arxivinin bu binaya köçürülməsini rayon sakinləri böyük məmnunluqla qarşılayırlar. Niyə də olmasın axı, bundan sonra arxivdən bir arayış almaq üçün saatlarla vaxt, xeyli vəsait itirib qonşu rayona getməyə ehtiyac qalmayacaq. Rayon vergi şöbəsi də həmin binada münasib yerlə təmin olunub.

Əhmədağalı kəndində dövlət vəsaiti xərcləmədən rayon icra hakimiyyətinin təşəbbüsü ilə 55 yerlik uşaq bağçası inşa edilib sakinlərin istifadəsinə verilmişdir.

Məcburi köçkünlük dövründə rayonda rahat bir qonaq evinin olmaması Ağdamın hər zaman açıq olan süfrəsi, gerçək qonaqpərvərliyi ilə bir araya sığmırdı. Rayona gələn qonaqlar ya qonşu Ağcabədidə, ya da Bərdədə gecələməli olurdular. Yenə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun təşəbbüsü ilə bir manat dövlət vəsaiti xərclənmədən yaraşıqlı, hər cür rahatlığı olan, eyni vaxtda 20 nəfər qəbul etməyə qadir qonaq evi keçən il tikilib istifadəyə verildi.

Bir zamanlar ölkənin ticarət mərkəzlərindən biri kimi tanınan Ağdamda bu sahə yenidən canlanır. Quzanlı bələdiyyəsinin ərazisində yeni bazar inşa olunmuşdur. Burada azı 50 nəfər üçün yeni yeri açılıb. Yaxınlıqdakı bir hektarlıq ərazi yaxın gələcəkdə bazarı daha da genişləndirməyə imkan verir. Artıq ayrı-ayrı fiziki şəxslər həmin ərazidə mağaza tikmək üçün yer ayrılmasından ötrü bələdiyyəyə müraciət edirlər.

Rayona kənardan investisiya cəlb edilməsi sahəsində də uğurlu addımlar atılır. Yaponiya səfirliyinin xətti ilə Paşabəyli kəndində 40 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Yaponiya səfirliyi ilə işgüzar əlaqələrin nəticəsidir ki, rayon ərazisində 2 ədəd içməli su artezian quyusu qazılmışdır.

Hər il bir şəhid ailəsinə bütün avadanlıqları ilə birlikdə yaşayış evi tikilməsi hərəkatına start verilmişdir. Bu şərəfli öhdəliyi Ağdamdan kənarda yaşayan imkanlı ağdamlılar götürmüşlər. Kənarda yaşayan imkanlı iki adamı hazırda Quzanlı - Xındırstan yolunun kənarında hər birinin sahəsi 1000 kvadratmetr olan iki ticarət mərkəzi inşa etdirir.

Bu gün Ağdamda təqdir olunası, məqbul sayılası, nümunə göstəriləsi işlərlə yanaşı, narahatlıq doğuran problemlər də mövcuddur. Rayonda müasir memarlıq abidəsi kimi araya-ərsəyə gələn "Muğam evi” dövlətin milli-mənəvi dəyərlərimizə, Qarabağ musiqi sənətinə verdiyi çox böyük töhfədir. Burada dövlət rəhbərlərinin də iştirak etdiyi mühüm əhəmiyyətə malik tədbirlər hələ də yaddaşların şirin xatirəsi kimi yaşayır. Amma Mədəniyyət Nazirliyi Ağdam "Muğam evini öz balansına götürmək istəmir. İcra hakimiyyətinin başçısı Vaqif Həsənov dəfələrlə yazılı və şifahi formada nazirliyə müraciətlər etsə də, nəticəsi yoxdur. Axı belə möhtəşəm bir mədəniyyət müəssisəsinin normal fəaliyyət göstərməsi üçün vəsait ayrılmalı, ştatlar müəyyən edilməlidir. "Muğam evibalansa götürülməsə, bunları etmək mümkün deyil.

Bu günlər Tovuz rayonu ərazisində Ermənistanla sərhəddə düşmənlərimizin törətdiyi növbəti təxribat ölkəmizin hər yerində olduğu kimi, Ağdamda da böyük əks-səda doğurub. Bölgədə döyüş ruhu, düşməndən qisas almaq istəyi ən yüksək həddə çatıb. Hər kəs silaha sarılmağa, vətənimizi, torpağımızı işğaldan azad etmək üçün müqəddəs savaşa atılmağa hazır olduğunu bildirir.

 

Lazım QULİYEV

Azərbaycan.-2020.- 18 iyul.- S.4.