Azərbaycanın yəhudi icmaları Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi növbəti provokasiya ilə əlaqədar Prezidentə müraciət qəbul ediblər

 

Azərbaycanın yəhudi icmaları Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi növbəti provokasiya ilə əlaqədar Prezidentə müraciət qəbul ediblər.

AZƏRTAC-a daxil olmuş müraciətdə deyilir: “Azərbaycanın yəhudi icmaları 2020-ci il iyulun 12-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qətiyyətlə pisləyirlər. Bu aktlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ciddi əngəldir. Belə təcavüzlər Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişəni daha da kəskinləşdirir, beynəlxalq hüququ, habelə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında 1994-cü ildə imzalanmış ikitərəfli sazişi pozur.

Ermənistan tərəfindən bu hücum nəticəsində hərbi toqquşmalarda Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksəkvəzifəli hərbçilər, bir dinc sakin öldürülüb, yaralananlar var. Ermənistanın bütün hərəkətləri onun özününüzv olduğu beynəlxalq təşkilatların qəbul etdiyi hüquqi sənədlərə ziddir.

Cənab Prezident, bu gün millətindən və dini etiqadından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı Azərbaycan xalqı ilə və Sizinlə həmrəydir və Azərbaycanda məskunlaşmış bütün xalqlar buna görə böyük qürur duyurlar. Beynəlxalq birlik də Azərbaycanın bütün xalqlarının bu möhkəm birliyiniSizin müdrik rəhbərliyinizlə bizim cəmiyyətdə yaranmış həmrəy fikri görməlidir.

Azərbaycan yəhudiləri bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna müraciətlə ciddi təhqiqat aparılmasını tələb edirlər ki, Tovuz rayonunda indiki hərbi əməliyyatlar genişlənərək növbəti müharibəyə çevrilməsin, aparıcı beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquqa riayət etməyə - bu provokasiyanı dayandırmağa, atəşkəsə, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində göstərildiyi kimi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına çağırsınlar.

Biz, Azərbaycanın çoxminlik yəhudi icmaları bu provokasiyanı qətiyyətlə pisləyirik və Ermənistanın Azərbaycana qarşı törətdiyi provokasiyaya, elan edilməmiş yeni müharibə başlamağa görə cavab verməsini tələb edirik!

Bu günlərdə Azərbaycanın bütün yəhudi əhalisi, habelə dünya yəhudiləri birliyi Sizin və Azərbaycan xalqının ətrafında sıx birləşiblər və Sizin ilk çağırışınızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəyə qoşulmağa həmişə hazırıq! Müdriklər deyiblər: “Xoşbəxt o kəsdir ki, öz evində xoşbəxtdir”. Azərbaycan bizim doğma evimizdir və yəhudilər bu münaqişənin ədalətli həlli uğrunda, Azərbaycanda sülh və xoşbəxtlik uğrunda mübarizəyə daim hazırdırlar!”.

Azərbaycan Prezidentinə müraciəti Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoli Rafailov, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

 

 

Azərbaycan.-2020.- 18 iyul.- S.5.