Pandemiya ilə mübarizə üçün Koreyadan ölkəmizə göndərilən 350 min qoruyucu maska Bakıya çatdırılıb

 

İyulun 17-də Koreya hökuməti tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycana göndərilən ümumi dəyəri 300 min ABŞ dolları təşkil edən 350 min ədəd qoruyucu KF94 maskası Bakıya çatdırılıb.

AZƏRTAC xəbər verir ki, humanitar yardımın hava limanında qəbulu mərasimində Koreyanın ölkəmizdəki səfirliyinin müşaviri Lim Jean Hyukİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu iştirak ediblər.

Koreya dünyada koronavirusla uğurla mübarizə aparan ölkələrdən sayılır. Bu ilin fevralında COVID-19 infeksiyasının yayılmağa başladığı dövrdə ölkədə xəstələrin sayı sürətlə artırdı. Buna baxmayaraq dövlət və xalqın həmrəyliyi, eləcə də tibbi heyət üzvlərinin, xüsusilə həkimlərin fədakar səyləri nəticəsində Koreya pandemiyaya qalib gəlib və yüksək yoluxma faizinin qarşısı alınıb.

Bununla yanaşı Koreya koronavirus pandemiyası zamanı istifadə edilmiş test kitləri, maska, tibbi ləvazimatların keyfiyyətinə görə dünya ölkələri tərəfindən yüksək qiymətləndirilib və bir çox ölkələr tərəfindən həmin məhsulların ixracı ilə əlaqədar çoxlu təkliflər alıb. Eləcə də Koreyanın yüksək ixtisaslı tibb heyəti də müalicə texnikası və təcrübə mübadiləsi üçün müxtəlif ölkələrdən çoxlu müraciət alıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu AZƏRTAC-ın müxbirinə deyib: “Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Koreya xalqları bu çətin günlərdə həmrəylik nümayiş etdirirlər. Göndərilən tibbi maskaların filtrasiya effektivliyi 94 faizdironun COVID-19-la mübarizə aparan tibb müəssisələrinə paylanılması nəzərdə tutulub. Onu da deyim ki, Koreyanın tibb mütəxəssisləri ölkənin COVID-19-la mübarizə strategiyasının müxtəlif istiqamətlərinin müzakirəsinə həsr olunan 9 veb-seminar təşkil edib. Həmin seminarlarda ölkəmizin epidemioloq, infeksionist və virusoloqları iştirak ediblər. Bu sahədə Koreyanın tibb mütəxəssisləri ilə geniş əməkdaşlıq planları var”.

Koreyanın ölkəmizdəki səfiri Kim Tonq Op ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə tədbirlərini dəstəkləyərək bu mübarizədə birgə əməkdaşlığın iki ölkə xalqlarının dostluq münasibətlərinin ifadəsi kimi dəyərləndirib.

Qeyd edək ki, Koreya Azərbaycana maska dəstəyi ilə yanaşı bu ilin aprel ayında Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi yardım göstərib. Eləcə də Koreya hökuməti tərəfindən Azərbaycana xəstəxana həyətlərində testlərin həyata keçirilməsi üçün quraşdırılan kiçik “Walkthrough” köşklərinin quraşdırılmasında dəstək verəcəyi də planlaşdırılır.

 

Azərbaycan.-2020.- 18 iyul.- S.6.