Polkovnik Vaqif Dərgahlı: “Döyüşdə uduzan erməni hərbçiləri
saxtakarlıqlara əl atırlar”
Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan Müdafiə Nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədi güdürdü. Bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur.
Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Vaqif Dərgahlı deyib: "Bu günlər ərzində Ermənistan Müdafiə Nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırladı.
Biz bu dezinformasiyanı
operativ şəkildə
təkzib edirik. Xüsusilə, bildiyiniz kimi, Ermənistan Müdafiə
Nazirliyi erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı.
Bəs olmayan bir şeyi
necə sübut etmək olar? Axı erməni cəmiyyəti də sübut tələb edir. Elə ona görə də Ermənistanın Müdafiə Nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkli sosial şəbəkədə yayımladı.
Lakin erməni mif yaradıcılarını suyun
üzünə çıxarmaq
elə də çətin olmadı - fotodakı PUA-nın Azərbaycanın deyil, Amerikanın 2014-cü ildə
Əfqanıstanda vurulan
PUA-sı olduğu tez bir zamanda
sübut edildi.
Diqqətçəkən məqamlardan biri də o oldu ki, hətta xarici jurnalistlər belə erməni uydurmalarını ifşa etməyə başladılar. Belə ki, Almaniyanın "Bild” nəşrinin hərbi analitiki Julian Repke Ermənistan Müdafiə Nazirliyinin yaydığı guya Azərbaycana məxsus PUA-nın vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. Çünki videoda görüntülənən ikimühərrikli kiçikhəcmli mülki sərnişin təyyarəsidir.
Bir daha
demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün
PUA-ları yerindədir və işləkdir. Azərbaycan
Müdafiə Nazirliyi itkiləri gizlətmədən
sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir”.
Azərbaycan.-2020.- 18 iyul.- S.8.