İki
düşmənlə üz-üzə
Azərbaycan bu gün iki düşmənlə üz-üzədir. Bunlardan biri bütün dünyanı çənginə almış COVID-19 koronavirus pandemiyası, digəri isə belə bir zamanda ölkəmizlə sərhəddə təxribat törədərək öz mənfur məqsədlərinə çatmaq istəyən işğalçı Ermənistandır. Ona görə də hazırda bütün dünya əsas diqqəti pandemiyanın qarşısının alınmasına, insanların həyat və sağlamlığının qorunmasına yönəldərkən, Azərbaycan eyni zamanda həm bu ağır xəstəliyi, həm də düşmənin hərbi təxribatlarını dəf etmək məcburiyyətindədir.
Görünən və görünməz düşmən
İşğalçı ölkənin kimlərəsə güvənərək üstümüzə hücuma keçən silahlıları ilə müqayisədə pandemiya daha qorxulu düşməndir. Çünki real düşməndən fərqli olaraq bu bəla görünməzdir. Ən pisi isə budur ki, koronavirusa qarşı təsirli silah rolunu oynaya biləcək vaksin hələ tapılmayıb.
Görünən düşmənimizin - Ermənistan hərbçilərinin qarşısında isə qüdrətli ordumuz dayanıb. Azərbaycanın əsgər və zabitləri ölkəmizin sərhədlərini canları-qanları bahasına qoruyurlar. Düşmənin hər bir təxribat əməlinin cavabını layiqincə verirlər. Şəhidlərimizin qanı bundan sonra da yerdə qalmayacaq. İşğalçı ölkə bizə qarşı törətdiyi əməllərin cəzasını həm döyüş meydanlarında, həm diplomatik arenada, həm də özünü düçar etdiyi iqtisadi təcrid mühitində yüzqat artıq çəkməli olacaq. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə xüsusi diqqət yetirmiş və demişdir: "Bildirməliyəm ki, bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır. Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi.
Bizdə olan məlumata görə, onlarca erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir...
Deməliyəm ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”.
Azərbaycan Ordusunun Ermənistanın hücumunun qarşısını almaq üçün həyata keçirdiyi hərbi əməliyyat həm də, bütövlükdə, cəmiyyətimizdəki yüksək vətənpərvərlik ab-havasını nümayiş etdirdi. Düşmən təxribatlarına qarşı savaşda sıralarında general-mayor Polad Həşimov da olmaqla bir neçə zabit və əsgərimizin şəhid olması insanlarımızı işğalçı ölkəyə qarşı qisas ovqatına köklədi. Bu coşqu, dəstək təbiidir ...
Lakin dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ordumuza dəstək məqsədilə iyulun 14-ü, axşam saatlarında Bakıda keçirilən yürüşə bir qrup təxribatçı tərəfindən sonradan siyasi məzmun verilməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər edildi. Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı həmin təxribatçılar ictimai qaydaların kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verdilər, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərdilər. Hərbi əməliyyatların hələ də səngimədiyi, gərginliyin davam etdiyi bir vaxtda bir qrup şəxsin iğtişaş yaratmaq cəhdləri, sosial şəbəkələrdə yalan informasiyaların yayılması, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin xatirəsinə hörmətsizlikdir.
Bu gün hər bir Azərbaycan vətəndaşı təcavüzkar Ermənistanın cəzasını vermək üçün müsəlləh əsgərə çevrilib silaha sarılmağa hazırdır. Qüdrətli ordumuzun qəhrəman əsgər və zabitləri kimi, mülki həyatdakı vətəndaşlarımız da Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı işğalçıdan təmizləmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirlər.
Müharibəni ısə təbii ki, nizami ordu aparır və hərbi əməliyyatların nə zaman, necə, harada başlamasına peşəkarlar qərar verirlər. Bizimsə indiki durumda əsas vəzifəmiz Ermənistanın təxribatçı əməllərinə qarşı mətinliklə dayanmış ordumuza, Ali Baş Komandanımıza mənəvi dəstəyimizlə yanaşı, ikinci düşməni - koronavirus pandemiyasını da diqqətdən kənarda qoymamaqdır.
Unutmamalıyıq, pandemiya hələ davam edir. Bu bəlanın nə zaman sovuşacağını
da kimsə bilmir. Dövlətimizin vətəndaşların həyat və sağlamlığını qorumaqdan
ötrü tətbiq etmək məcburiyyətində
qaldığı karantin
tədbirləri, məhdudlaşdırıcı
normalar hələ qüvvədədir. Müvafiq qurumların
bütün cidd-cəhdinə
baxmayaraq, ölkəmizdə
yoluxma sayı hələ də yüksəkdir. Artıq sağalma
sayının da buna təxminən bərabərləşməsi nikbinlik
yaratsa da, problem öz aktuallığında
qalır. İnsanlarımızın həyat və sağlamlığının qorunmasından
ötrü hökumətimiz
ardıcıl tədbirləri
davam etdirir. İndi hər bir vətəndaşımızın
dövlətimizə göstərəcəyi
ən böyük kömək qaydalara əməl etmək, özünü və başqalarını xəstəlikdən
qorumaqdır.
Kütləvi tədbirlər yoluxmanı
artırır
Bizim indi gündəlik cari vəzifələrimizlə yanaşı,
ölkə vətəndaşları
olaraq üzərimizə
düşən ictimai
öhdəliklərimiz də
var. Hər bir vətəndaşımız sağlam
mövqeyi, düzgün
davranışları ilə
nümunə yaratmalıdır. Sosial çevrəsinə
təsir imkanlarından
istifadə etməlidir.
Beləliklə, həm düşmən
təxribatlarına qarşı
addımlarında, həm
də pandemiyanın qarşısının alınması
tədbirlərində dövlətimizə
dəstək olmalıdır.
Ümid edək ki, bütün
vətəndaşlarımız öz dövlətini, xalqını sevən hər bir məsuliyyətli
insanın yerinə yetirməli olduğu bu vəzifələrə
bundan sonra da gündəlik həyatın vacib bir hissəsi kimi yanaşacaqlar.
Əfsuslar olsun ki, keçirilən
yürüş zamanı
pandemiyanın unudulduğunu
gördük. COVID-19-un hələ məhdudlaşmadığı,
yoluxma sayının kifayət qədər yüksək olduğu zamanda kütləvi aksiyaların keçirilməsi,
minlərlə insanın
bu aksiyalara qoşulması virusun daha geniş əhatədə yayılması
və insanların həyatının təhlükə
qarşısında qalması
üçün şərait
yaratdı.
Həmin gün keçirilən yürüşü hər
birimiz izlədik. Heç bir
sosial məsafə gözlənilmirdi. İştirakçıların
çox az
bir qismi maskalardan istifadə etmişdi. Yürüşə qatılanlar arasında
sıx təmas adi hala çevrilmişdi.
Vətəndaşların evdə qalması,
bir-biri ilə təmasdan çəkinməsi,
beləliklə, xəstəliyin
əhatə dairəsinin
məhdudlaşması üçün
hökumətin tətbiq
etdiyi SMS icazə sistemindən istifadə barədə də, yəqin ki, danışmağa dəyməzdi.
İştirakçıların çoxu aksiyaya
SMS icazə almadan çıxmışdılar. İnsanlar bu gün dünyanın
böyük probleminə
çevrilmiş pandemiyanı
sanki unutmuşdular.
Həkim
şəhidlərimiz də
var
Qeyd etdiyimiz
kimi, hər bir vətəndaşın
öz dövlətinə,
ordusuna dəstək niyyəti alqışlanmalıdır. Amma əgər
bu niyyətin ifadə tərzi ölkə qanunvericiliyinin
pozulması ilə müşayiət edilir və dövlət üçün başqa problemlərə yol açırsa, bunun başqa üsullarını
tapmaq daha düzgün olar. İnsan öz dəstəyini, milli ruhunu yaşadığı
evin eyvanından dövlət bayrağımızı
asmaqla, bildiyi xarici dillərdə Azərbaycanın haqlı
mövqeyini dünyaya
çatdırmaqla, sosial
şəbəkələrdə, digər informasiya-kommunikasiya
kanallarında sağlam
təbliğat aparmaqla
da ifadə edə bilər.
İnsanlar küçələrdə kütləvi
dəstəyi qanunvericilik
tələblərini, ölkədə
elan edilmiş karantin rejimini pozaraq göstərirlərsə
bu, qətiyyən yolverilməzdir. Yaxın günlərdə yoluxma sayında artım müşahidə
ediləndə bu cür kütləvi aksiyaların fəsadlarını
hər kəs anlayacaq. Belə kütləvi toplaşmaların
acı nəticələrini
görəcəyik. Bu,
bəlkə də onlarca insanımızın
həyatını itirməsi,
yüzlərlə vətəndaşımızın
xəstəxana çarpayılarında
həyat uğrunda mücadiləsi bahasına
başa gələcək.
Dövlətin yükü, qayğısı
yeni yoluxanlar hesabına daha da ağırlaşacaq.
İnsanların xilası
üçün yayın
bu istisində xüsusi qapalı geyimlərdə, tər-qan
içində onsuz da min bir əzaba
qatlaşan, aylarla ev üzü
görməyən həkimlərimizin
zəhməti daha da artacaq. Axı onlar
da bu gün
düşmənlə ağır
döyüşdədirlər. Pandemiyaya qarşı savaşda da şəhid olan xeyli həkimimiz
var. Heç bu barədə düşündükmü?!
Öz davranışlarımızla onları
qorumağa çalışdıqmı?!
Vətəndaş məsuliyyəti
Orduya, dövlət
atributlarına sayğı
duyan vətəndaş
onun qanunlarına, verdiyi qərarlara da eyni hörmətlə
yanaşmalıdır.
Bütün dünya üçün kifayət qədər böyük təhlükə
olan COVID-19-la mübarizə
işində dövlətin
müəyyən etdiyi
məhdudlaşdırıcı normalara etinasızlıq göstərmək cəmiyyətin
taleyinə, insanların
sağlamlığına məsuliyyətiz
münasibətin ifadəsidir. Ona görə
də vətəndaşlarımız
bu cür aksiyalar keçirməzdən
əvvəl öz vətəndaş məsuliyyətləri
barədə ciddi düşünməlidirlər.
Azərbaycan düşmənə qarşı apardığı haqq davasında şəhidlər verir. Vətənin igid övladları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edirlər. Onların itkisi hər birimizi ağrıdır. Hər şəhid qəlbimizin bir sağalmaz yarasıdır. Hamımız bu yaranın ağrısını necəsə ovutmaq istəyirik. Bunun ən böyük təsəllisi şəhidlərimizin ucaldıqları şəhadət zirvəsidir. Onların əbədiyyət ömrünü şəhidlərimizin arzu və amallarına uyğun münasibətimizlə, xoş əməllərimizlə yaşatmaqdır. Bu halda pandemiya dövründə vətəndaşların həlak olmuş hərbçilərimizin yaşadıqları ünvanlara kütləvi şəkildə toplaşması, onların yaxınlarını ziyarət etməsi, şəhidlərimizin dəfn mərasimlərində müşahidə edilən kütləvilik də problem yaradır. Pandemiya virusunun yayılmasını daha da sürətləndirir və genişləndirir. Təbii ki, bunları ürəkağrısı ilə dilə gətiririk.
Həm də nəzərə almaq lazımdır ki, həmin
mərasimlərdə dəfn qaydalarına uyğun
olaraq hərbçilərimiz iştirak edir.
İnsanlarımızın onların ətrafında sıx
toplaşması, əsgər və zabitlərimizlə təmasları,
bununla yaratdıqları yoluxma
riski ordumuz üçün də böyük
təhlükədir. Buna yol verməmək üçün vətəndaşlarımız
bu günlərdə aksiyalardan,
ziyarətlərdən, dəfn mərasimlərində kütləvi
iştirakdan çəkinməlidirlər.
Əlbəttə, insanın içindən gələn bu istəyə qarşı çıxmaq asan deyil. Amma vəziyyət başqa
cür davranmağa yer qoymur.
Əgər biz dövlətimizin apardığı haqq davasına, hərbçilərimizin savaşına dəstək olmaq, şəhidlərimizin ruhuna öz ehtiramımızı bildirmək istəyiriksə, bunu daha məsuliyyətli davranışlarımızla, hökumətimizin qanunlarına, o cümlədən indiki günlərdə karantin rejiminə əməl etməyimizlə, ölkəmizin sabitliyi və təhlükəsizliyini qorumağımızla etməliyik. Vətəndaş məsuliyyətimizi unutmamalıyıq.
İradə ƏLİYEVA
Azərbaycan.-2020.- 19 iyul.- S.1;3.