Erməni nasist ideologiyası və böyük xaos

 

Prezident İlham ƏLİYEV: "Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir”

 

 

Müasir dünyada qlobal miqyasda baş verən bütün iqtisadi silkələnmələri, böyük güclərin amansız qarşıdurmalarını, səngimək bilməyən pandemiyanın dövlətlərə vurduğu ağır zərbələri və enerji daşıyıcıları uğrunda aparılan sərt mübarizəni bir sözlə ifadə etmək mümkündürmü? Çox güman ki, dünya tarixində misli görünməmiş bu dəhşətli hadisənin yalnız bir adı ola bilər: böyük xaos! Nə qədər ki, o davam edir, iqtisadiyyatlar çökəcək, beynəlxalq münasibətlər gərginləşəcək və böyük güclərin qarşılıqlı ittihamları pik həddinə yüksələcək. Güclülərin bir-birinə atdıqları yumruqlar zəiflərə dəyəcək.

Azərbaycan üçün belə mürəkkəb durumda ən təhlükəli məqamlardan biri erməni faşizminin dirçələrək qlobal səviyyədə böyük xaosdan faydalanaraq faşist ambisiyalarını reallaşdırmağa cidd-cəhdlə başlamasıdır.

Ən vacib məqamlara ötəri də olsa nəzər salaq. Bu gün planetdə baş verən bütün hadisələr hiddətli çayın cilovlanması mümkün olmayan bulanıq selinə bənzəyir. Bizim borcumuz bulanıq suların dərinliyində istiqamətini dəyişən təhlükəli və gizli axınları zamanında aydınlaşdırmaq və onlardan qorunmağın yollarını müəyyənləşdirməkdir. Rusiyalı politoloq, erməni terrorizmini və milli ideologiyasını dərindən araşdıran Oleq Kuznetsov dəfələrlə bəyan edib ki, Ermənistanda nasizm dövlət səviyyəsində qələbə çalmışdır. İliyinədək faşist ideologiyasına yoluxan "Daşnaksütyun” partiyasının təxminən yüz ildən sonra leqallaşaraq Yerevanda peyda olması rusiyalı politoloqun dediklərini birbaşa təsdiq edir. Həm də unutmayaq ki, "Daşnaksütyun” dünyada yaranan digər faşist partiyalarının demək olar ki, yaşıdıdır.

Bugünkü müasir erməni milli ideologiyası sexakronizm də Qaregin Njdenin işləyib hazırladığı əsl faşist nəzəriyyəsidir. "Biz dövlət quruculuğunda Hitlerdən öyrənməliyik”, - deyən Njde son illər erməni siyasi elitasının bütünə çevrilmişdir. Artıq müasir Ermənistanın siyasi elitası və bütün diaspora liderlərinin heç zaman faşist ideologiyasından imtina etməyəcəkləri gün kimi aydındır.

100 minlərlə erməni gənci və məktəblisi Njdenin pərəstişkarları, faşist ideologiyasının daşıyıcılarıdır.

Erməni xalqı mahiyyət etibarilə erməni diasporu vasitəsi ilə böyük güclər tərəfindən oyuncaq kimi idarə edilən qatı millətçilərin girovluğundadır. Artıq faşist ideologiyasının quluna çevrilən xalqın, həqiqətən də, zavallı və əzabkeş olduğunu etiraf etməliyik. İş o yerə çatıb ki, erməni millətçiləri iddia edirlər ki, sən demə, faşizm ideyasını Mussolini ermənilərdən oğurlayıbmış. Tarixçi Fuad Axundov qeyd edir ki, Hitlerin əsabələri almanlarla yəhudilərin, erməni nasistləri də ermənilərin azərbaycanlılarla birgə yaşamasını qeyri-mümkün sayırdı. Alman faşizminə bütün dünya birləşərək qalib gəldi. Amma erməni faşizmi "əzabkeş xalq” cildində bütün dünyanın qılığına girdi, Qafqazda supergüclərin marağına xidmət etməklə bir tərəfdən münaqişələri əbədi müharibəyə, digər tərəfdən faşist ideologiyasını Ermənistanın milli ideologiyasına çevirə bildi və bununla da alman faşizmindən qat-qat təhlükəli olduğunu ortaya qoydu. Nəticədə bu ölkədən nəinki azərbaycanlılar, hətta ruslar və bütün digər millətlər qovuldu, etnik təmizləmələr aparıldı, genosid aktları törədildi.

Bu gün Rusiya Federasiyasında yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərin sayından artıqdır. Maraqlı sual ortaya çıxır: 3 milyon erməninin qaçıb sığındığı Rusiya soruşa bilər ki, bizim bu qədər erməniyə sığınacaq verə bildiyimiz halda, siz cəmi 110 min rusa sahib çıxa bilmədiniz və onları didərgin saldınız. Ermənistandan bütün dünya birliyi də soruşa bilər ki, necə olur ki, siz bütün dünyaya səpələnirsiniz, istənilən ölkədə varlanırsınız və "bəy balası” kimi yaşayırsınız, yalanlarınız ayaq açıb yeriyir, amma dövlətiniz bütün xalqları qovur, monoetnik dövlətə çevrilirsiniz? Bu sualların yalnız bir cavabı var: Ermənistan artıq illərdir ki, faşizm ideyalarına sədaqətlə qulluq edən dövlətdir. Bu ölkəyə gələn hər bir millətin nümayəndəsi və hətta ermənilərin özü də iki dəfə sevinirlər - bir bura pənah gətirəndə, bir də qaçıb canlarını qurtaranda.

Hamı susur, Ermənistanda isə faşist ideologiyası illərdir ki, tüğyan edir. Bu ölkədə uşaqların da beyni yuyulur, gənclər də məcburən faşist Njdenin ideyalarının daşıyıcıları kimi tərbiyə olunur. Əgər bunu yoxlamaq istəyirsinizsə, məxfi sənədləri araşdırmağa, yeni faktları üzə çıxarmaq üçün arxivlərdə toz basmış qovluqları vərəqləməyə lüzum yoxdur. Sadəcə, internet resurslarında, sosial şəbəkələrdə "gəzişin”, erməni gənclərinin müxtəlif portallarda bölüşdükləri fikirlərə nəzər salın. Onların əksəriyyəti özlərini ali irqin nümayəndələri sayırlar. Bütün digər millətləri aşağılayan fikirlərini rahatlıqla bölüşürlər. Ən dəhşətlisi isə odur ki, artıq bu paylaşmalarda ermənilərin Qafqazda ali irqin birnömrəli müdafiəçisi olduğu elan edilir, faşist ideyalarının geniş təbliği aparılır. Erməni gəncliyi özlərinin ali irqə məxsus olduqlarını xüsusi qəddarlıq və həyasızlıqla bəyan edirlər. Beləliklə, biz müasir dünya tarixində müasir erməni faşizminin pandemiyadan daha təhlükəli olduğunu görürük. Koronavirus məğlub olunacaq, lakin böyük güclərin xüsusi nəvazişlə qəyyumluğa götürdükləri erməni faşizminin məğlub edilməsi mümkünsüz görünür.

Bu baxımdan iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında yerli telekanallara verdiyi müsahibə xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı müsahibəsində Ermənistanda hökm sürən acınacaqlı vəziyyəti ətraflı analiz etməklə, bu dövlətin faşizm mərəzinə yoluxmasını tutarlı faktlarla ifşa etmişdir. Prezident Azərbaycan və bütün dünya üçün təhlükəli olan bu meyillərə biganə qalan beynəlxalq qurumlara da ciddi iradını bildirmişdir. Ekspertlər bu müsahibədə səsləndirilən fikirləri erməni millətçi ideologiyasına endirilən ağır zərbə kimi dəyərləndirirlər.

Dövlət başçısı müsahibəsində Ermənistan dövləti tərəfindən təbliğ edilən, eyni zamanda dünya erməniçiliyi və "Daşnaksütyun” faşist partiyasının beynəlxalq miqyasda aramsız davam etdirdiyi Azərbaycanofobiyaçılığa ətraflı qiymət vermiş və bu təbliğatın nəinki bizim, hətta bütün dünya üçün təhlükəli məqamlarına aydınlıq gətirmişdir.

Ermənistan bütün istiqamətlərdə və instansiyalarda ölkəmizin istənilən təşəbbüsünə müqavimət göstərir. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar bizim təşəbbüsümüz Azərbaycan diplomatiyasının uğuru kimi dünya miqyasında dəstəklənəndə Ermənistan bu təşəbbüsün əleyhinə səs verən yeganə ölkə oldu. Bədxah qonşularımız aramsız olaraq Azərbaycana və bütün türk dünyasına olan nifrətini sərgiləməkdədir. Mayası faşist ideologiyası ilə yoğurulan işğalçı Ermənistan yarandığı gündən Qafqazı qan çanağına çevirmiş, bütün qonşularına qarşı bitməyən ərazi iddialarından isə əl götürmək niyyətində deyildir. Erməni təbliğatına bütün dünyada milyardlarla vəsait xərclənir, filmlər çəkilir, yalanları həqiqət kimi təqdim edən kitablar yazılır. Məqsəd isə dəyişməz olaraq qalır.

İlham Əliyev belə hesab edir ki, Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanofobiyaçılıq və bütün qonşu dövlətlərə nifrətin təbliği və aramsız ərazi iddialarının irəli sürülməsi faşizmin təzahürüdür. Erməni millətçilərinin dərk etmədikləri odur ki, bu addımla özlərini dünyanın sivil dəyərlərindən təcrid edir, irqçiliyə və faşist ideologiyasına əbədi sədaqətlərindən inadla əl çəkmirlər. Bu minvalla Ermənistan beynəlxalq aləmdə nə qədər əminliklə yeriməyə cəhd etsə də, büdrəmələrinin sayı-hesabı yoxdur. Hələ 9 il əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün Ermənistan bizdən öncə namizədliyini vermişdi, lakin onlar başa düşdülər ki, bizim qarşımızda acizdirlər və kirimişcə namizədliklərini geri götürüb bu diplomatik savaşdan qaçdılar. Bundan beş il sonra, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, döyüş meydanından qaçdılar və dövlətimiz bir daha işğalda olan torpaqlarını azad etmək əzmində olduğunu sübut etdi.

Faşizmin əsarətinə düşən erməni xalqına özünü "qalib” kimi sırıyan Ermənistan rəhbərliyi bu gün acınacaqlı vəziyyətdədir. Bu "qaliblər” dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdəndir. Bacarmırlar, döymədikləri qapı, əl açmadıqları ünvan qalmayıb. Amma yenə də ksenofob, irqçi və faşist mahiyyətlərini də açıq nümayiş etdirməkdən çəkinmirlər. Azərbaycan Prezidenti

İlham Əliyev müasir Ermənistanı qısaca belə xarakterizə edir: "Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanofob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.

Prezident İlham Əliyev işğalçı dövlətin bütün bəşəriyyət və qlobal sülhün əleyhinə atdığı təhlükəli addımların faciəvi nəticələrinə baxmayaraq, Avropa təşkilatlarının, bir sıra böyük güclərin bütün bunlara göz yummasının başlıca səbəblərinə də aydınlıq gətirir: "O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular. Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”.

Dövlət başçısı müsahibəsində bildirmişdir ki, Ermənistanın və millətçi ideologiyasının başlıca müdafiəçisi erməni diasporu, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyətidir. Əslində, bu, lobbiçilikdən daha çox korrupsiya ilə bağlıdır və bu fəaliyyətin Avropada geniş araşdırılması zərurətə çevrilir. Artıq özünü yazıq və əzabkeş xalq kimi dünyaya sırımaq taktikası iflasa uğrayır, ermənilərin törətdikləri soyqırımı aktları, apardıqları etnik təmizləmələr haqqında kifayət qədər məlumatlar mövcuddur. Prezident İlham Əliyev: "Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər”.

Ermənistan öz diasporu vasitəsi ilə böyük güclərə xidmət edən oyuncaq dövlətdir. Erməni xalqı isə faşist rejiminə itaət edən müti kütlədir. Bu dövlətin, Prezident İlham Əliyevin də dediyi kimi, prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları nasist, ideologiyaları isə faşizmdir. Son iki il ərzində Ermənistanda hakimiyyətdən gedən xuntanı diktatura əvəz etmişdir. Baş nazir həm hakim, həm prokuror, həm icra orqanının rəhbəri, həm də sanki parlamentin sədridir. Bu da dövlətimizin başçısının fikirləridir.

Prezident İlham Əliyev müsahibəsində təfərrüatı ilə Ermənistandakı durumu araşdırarkən beynəlxalq təşkilatların erməni faşizminə heç bir reaksiya verməməsini sərt tənqid etmişdir. İşğalçı Ermənistana verilən bu lal dəstəyin nəticəsidir ki, pandemiyanın tüğyan etdiyi bir zamanda erməni faşistləri bir neçə gün əvvəl Tovuz rayonunda mövqelərimizə hücuma keçdikdən sonra törətdikləri təxribatı həmişəki arsızlıqla Azərbaycan tərəfinin üzərinə atmağa cəhd etdilər. Lakin layiqli cavablarını da aldılar. Eyni zamanda ölkəmizdə insanlar erməni faşizminə etiraza qalxdı, ölüm-dirim savaşına hazır olduğunu bildirdi. İranda, Türkiyədə, Rusiyada minlərlə insan çoşaraq dəniz kimi kükrədi. Dünya anlamalıdır ki, faşizmə göz yummaqla onu dəstəkləmək arasında elə də böyük fərq yoxdur. Faşizm isə ən qorxulu virusdan daha sürətlə yayılmaq gücünə malikdir.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 19 iyul.- S.1;7.