Ölkədəki epidemioloji vəziyyət karantin rejiminin uzadılmasını labüd etdi

 

Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet vəzifədir

 

Bəşəriyyətin COVID-19 pandemiyası ilə qlobal səviyyədə apardığı mübarizə hələ də davam edir. Artıq dünyada koronavirusa yoluxanların sayı 14 milyona, həyatını itirənlərin sayı isə 600 minə yaxınlaşır.

Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar, nə də müasir tibb aləmi bu gözəgörünməz düşmənə qarşı təsirli silah tapa bilir. Ona görə də əksər ölkələr hələlik yeganə çıxış yoluqorunma üsulu kimi karantin rejiminin tətbiqini seçirlər. Hazırda koronavirusla mübarizədə ən uğurlu və sınanmış, təsdiqini tapmış üsul insanlar arasında ünsiyyəti mümkün qədər minimuma endirərək yoluxma zəncirini qırmaqdır. Bu üsuldan imtina edən və infeksiyanın yayılması ilə mübarizədə daha yumşaq tədbirlər seçən İsveçdə belə qərarın qəbulu əhaliyə baha başa gəlib.

Belə ki, iyulun ilk ongünlüyündə açıqlanan statistikaya görə, bu ölkədə koronavirus infeksiyası ilə əlaqədar ölüm hallarının sayı 5,5 minə çatıb. Təsdiqlənmiş yoluxma hallarının ümumi sayı isə 74 mini ötüb.

Əhalisinin sayına görə İsveçlə təxminən bərabər olan Azərbaycanda isə hazırkı dövrədək 27 minə yaxın şəxsin COVID-19-a yoluxması faktı müəyyən edilib. 350-yə qədər insan isə virusun qurbanı olub. Elə bu müqayisə karantin rejiminin nə qədər əhəmiyyətli olduğunu göstərməyə kifayətdir.

Düzdür, digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxmaölüm halları azdır, lakin təhlükə hələ sovuşmayıb. Mayın əvvəllərində ölkədə karantin rejimimin yumşaldılması nəticəsində gözləmədiyimiz acı mənzərə ilə üz-üzə qaldıq. Gündəlik statistika sürətlə artaraq 500-ü ötdü. Koronavirusa yeni yoluxan xəstələrin sayı sağalanların sayını üstələdi. Buna bağlı olaraq təəssüf ki, ölüm halları da artdı. Üstəlik, xəstəlik daha ağır və aqressiv hal aldı, sağalma prosesi uzandı. Bu da istər-istəməz xəstəxanalarda çarpayı sayının məhdudlaşmasına səbəb oldu, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırdı. Hətta bu dönəmdə tibb işçiləri arasında da yoluxma hallarının artdığını, bir neçə həkimin virusun qurbanına çevrildiyini ürəkyanğısı ilə qeyd etməliyik. Belə bir artım dinamikası, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət iyunun 21-dən yenidən ölkədə karantin rejiminin uzadılmasına, bəzi rayon və şəhərlərdə sərtləşdirmələrə, məhdudiyyətlərin tətbiqinə rəvac verdi.

Bir müddət sonra bu qərar öz müsbət nəticəsini göstərməyə başladı. Ölkədə virusa yoluxma hallarının ikiqat artımının qarşısı alındı, gündəlik yoluxma sayı sabitləşdi. Hətta son günlər xəstəlikdən sağalanların sayı yoluxanların sayını üstələdi. Mütəxəssislər bu ümidvericisevindirici nəticəyə vətəndaşların qaydalara daha ciddi şəkildə əməl etməsinə görə nail olunduğunu bildirirlər.

Lakin təəssüf ki, COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və vətəndaşların həyatını təhlükəyə alması üçün əlverişli şərait yaratdı. İyulun 14-də keçirilən aksiyada sosial məsafənin gözlənilməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal aldı. Vətənə, şəhidə olan sevgi, dərin hörmət virusun varlığını tamamilə unutdurdu. Vətəndaşların həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara kütləvi şəkildə toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik heç şübhəsiz, virusun yayılma sürətini daha da artırdı. Nəzərə alınmadı ki, şəhidlərin dəfn mərasimlərində kütləvi iştirak və həmin yerlərdə hərbçilərlə, zabitlərlə sıx təmaslar ordu üçünciddi təhlükə yaradır. Bütün bunlara yol verməmək üçün kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinmək lazımdır. Nəzərə almaq lazımdır ki, vətəndaşlar daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfə verə bilərlər.

Kütləvi aksiyalarda maskasız və sosial məsafəsiz iştirak edənlərin bir-birinə xəstəliyi yoluxdurması da qaçılmazdır. Bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik. Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq, virusun yayılması daha ciddi şəkil alacaq.

Ona görə də ölkədəki epidemioloji vəziyyət sərt karantin rejiminin daha iki həftə uzadılmasını labüd etdi. Belə qərarın qəbulu əhalinin təhlükəsizliyi və sağlamlığı baxımından mütləq idi. Ona görə də yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejiminin 5 avqust saat 06:00-dək davam etməsinə qərar verdi. Bu müddətdə Bakı Metropoliteni fəaliyyət göstərməyəcək. Həmçinin sadalanan ərazilərdə həftəsonları - 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək və 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Bununla yanaşı, həmin 14 rayon və şəhərin ərazisindəki məhdudiyyətlərə bəzi yumşalmalar tətbiq olunur. Belə ki, iyulun 20-dən etibarən masajhamam xidməti istisna olmaqla, bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda şəxslərin yaşayış yeriniolduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırır.

Vətəndaşlar anlamalıdılar ki, sərt karantin rejimi sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq baxımından vacibdir. Əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi hər zaman olduğu kimi, bu çətin günlərdə də Azərbaycan dövləti üçün ən mühümprioritet vəzifədir. Qəbul edilən bütün qərarlar da məhz buna hesablanıb. Mayda karantinin yumşaldılması ilə qısa müddətdə yoluxmaların necə artdığını yaddan çıxarmayaq. Yenidən eyni hadisələri təkrarlamaq olmaz. Gündəlik yoluxma sayı 500-dən aşağı düşüb. Bu müsbət dinamikanı itirmək yox, möhkəmləndirmək lazımdır. Əgər indi karantin rejimi uzadılmasa, qısa vaxtda gündəlik yoluxmalar 1000-ə çata bilər. Bunun hansı problemlər yaradacağı isə hər kəsə məlumdur.

Öldürücü virus hələ yoxa çıxmayıb, yayılmağa davam edir. Üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısa müddətli, asan həlli yoxdur. Ona görə də davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

Unutmayaq ki, dünyadaregionda koronavirus pandemiyasının hökm sürdüyü bir dönəmdə iyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra dövlət və xalq olaraq biz artıq iki cəbhədə mübarizə aparırıq: həm işğalçı Ermənistana, həm də koronavirus adlı düşmənə qarşı. Sərhəddə ön cəbhədə əsgərlərimiz vuruşursa, xəstəliklə mübarizədə həkimlərimiz ölüm-dirim savaşı aparır. Çox vaxt həkimlərimiz bu savaşdan qalib çıxsa da, həyatını itirənlər də var. Tibb işçiləri çox ağır və gərgin rejimdə işləyir, aylarla evlərinə getmir, ailə üzvlərini görmürlər. Yoluxma sayını azaltmaqla onların da işinə dəstək, töhfə vermiş olarıq.

Gəlin, qəbul edilən qərarlara səbirlə, təmkinlə yanaşaq, dözüm nümayiş etdirək. Başa düşək ki, bütün bunlar bizi qorumaq üçündür. Dövlətin tövsiyələrinə, çağırışlarına və qadağalarına əməl edək ki, düşmənə qalib gələ bilək. Bu gün istər pandemiyaya, istərsə də cəbhədə düşmənə qarşı mübarizədə ən vacib məsələ güclü milli iradə nümayiş etdirmək, həmrəyliyə nail olmaqdır. Dövlətimizin bütün çağırışlarına əməl etmək indiki məqamda ən böyük vətənpərvərlik nümunəsidir. Hər iki cəbhədə mənfur düşmənlə mübarizədə qələbə çalmağın yeganə yolu bir olmaqdan, həmrəy olmaqdan keçir. Bir olaq, həmrəy olaq, qalib olaq!

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 19 iyul.- S.1;7.