Azərbaycan neft-qazla
yanaşı elektrik enerjisi
ixrac edən nadir
ölkələrdəndir
Son iki ayda bir
elektrik stansiyası və beş
yarımstansiya istifadəyə verilib
Son illər ərzində Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və qısa müddətdə enerji idxalçısından enerji ixracatçısına çevrilib. Son 16 il ərzində ölkəmizdə 30-dan artıq elektrik stansiyası və çoxsaylı yarımstansiyalar tikilib. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bu istiqamətdə işlər ardıcıllıqla davam etdirilir.
Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən "Azərbaycan” İstilik Elektrik Stansiyası ölkəmizin enerji sisteminin gücünü daha da artırıb. Son aylarda Azərbaycanın müxtəlif bölgələrində bir sıra yeni yarımstansiyalar da fəaliyyətə başlayıb. Bu da təsadüfi deyil. Prezident İlham Əliyevin dediyi kimi, "Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz.”
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da energetika məsələlərindən geniş bəhs edilib. Qeyd olunub ki, bu gün Azərbaycan dünya miqyasında eyni zamanda neft, qaz və elektrik enerjisi ixrac edən nadir ölkələrdəndir.
Azərbaycanın elektrik enerji sistemi getdikcə daha da gücləndirilir və təkmilləşdirilir. Elektrik xətləri yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulur, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Təkçə son illərdə tikilmiş təxminən 800 meqavat gücündə olan "Cənub”, 300 meqavatlıq "Səngəçal”, 525 meqavatlıq "Sumqayıt”, hər biri 400 meqavatlıq "Şimal-1” və "Şimal-2” stansiyalarını qeyd etmək kifayətdir.
Yenidənqurma işlərindən sonra "Azərbaycan” İES-in qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Hazırda bu stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir.
Bundan əlavə, son iki ayda, yəni cari ilin iyun ayının əvvəlindən indiyədək ölkədə beş yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bunlardan ikisinin açılışı dövlət başçısının Tərtər və Ağcabədi bölgələrinə səfəri zamanı olub. Daha sonra paytaxtın Xətai rayonunda "Əhmədli” yarımstansiyası fəaliyyətə başlayıb. Bu günlərdə isə bir-birinin ardınca "8-ci km” və "Böyükşor” yarımstansiyaları istismara daxil olub.
Prezident İlham Əliyevin həmin enerji obyektlərinin açılışında iştirak etməsi onların vacibliyini bir daha diqqətə çatdırır. Bu qurğuların hər birinin işə başlaması Azərbaycanın elektrik enerjisi sisteminin getdikcə gücləndiyinin göstəricisidir.
Bakının Nizami rayonunda "Azərenerji” ASC-nin 110/35/10 kilovoltluq "8-ci km” yarımstansiyasının yenidən qurulması bu istiqamətdə icra olunan işlərin ardıcıllıqla həyata keçirildiyini nümayiş etdirir. Bu yarımstansiya Xətai və Nizami rayonlarında yüz minlərlə əhalinin, sənaye, məişət-kommunal, təhsil, tibb və iaşə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, 52 il əvvəl tikilmiş "8-ci km” yarımstansiyası istismar müddətini artıq başa vurmuşdu. Ona görə də burada tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Yenidənqurma nəticəsində bu problemlər aradan qaldırılıb. Görülən işlər çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları, inzibati-idarəetmə binası və digər zəruri infrastrukturu müasir səviyyədə yenilənib. Enerji obyektinin gücü 55 MVA-dək artırılıb. Burada yaradılmış Dispetçer İdarəetmə Mərkəzi və mikro SCADA sistemi yarımstansiyanın fəaliyyətinin səmərəliliyini daha da yüksəldib.
Bakının Sabunçu rayonunda "Azərenerji”nin yeni tikilən "Böyükşor” yarımstansiyası da artıq uğurla fəaliyyətə başlayıb. Bu yarımstansiya paytaxtın Sabunçu, Binəqədi, Nərimanov və Nizami rayonlarında yerləşən bir sıra mövcud və tikilməsi planlaşdırılan iri infrastruktur obyektlərinin, sosial-sənaye müəssisələrinin və əhalinin dayanıqlı elektrik təchizatını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.
"Böyükşor” yarımstansiyasının gərginliyi 220/110/10 kV, gücü isə 750 MVA-dır. Yarımstansiyanın müasir idarəetmə sistemi ilə təchiz edilən mərkəzi idarəetmə otağında iş prosesinə real zaman rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə micro-SCADA sistemi quraşdırılıb.
"Böyükşor” Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq xətlərin və yarımstansiyaların yüklənməsini aradan qaldıracaq, xətlərdəki itkiləri azaldacaq, enerji qovşağının sxem etibarlılığını və yükötürmə qabiliyyətini artıracaq. O, eyni zamanda mövcud 110 kilovoltluq yarımstansiyaların qidalanma sxemlərini təkmilləşdirəcək, tikilməsi nəzərdə tutulan yeni 110 kilovoltluq yarımstansiyaların enerji sisteminə qoşulması məsələlərini həll edəcək.
Xatırladaq ki, son iki ildə ölkəmizdə sistem əhəmiyyətli 20-dən çox yarımstansiyada tikinti, yenidənqurma, təmir və bərpa işləri aparılır. Onlardan bəziləri artıq istismara verilib, bəzilərində isə işlər tamamlanıb, yaxud davam edir.
Ümumiyyətlə, son dövrlər elektrik enerjisi sistemində həyata keçirilən kompleks tədbirlərin sırasında mövcud yarımstansiyaların müasir səviyyədə yenidən qurulması və bu cür yeni qurğuların inşası xüsusi yer tutur. Başqa sözlə, Azərbaycanda bu sahədə aparılan köklü islahatların nəticəsidir ki, ölkə əhalisini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək mümkün olub.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bu istiqamətdə işlərin davamlı olduğunu bir daha bildirmişdir: "2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və ondan bir qədər əvvəl Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin işə düşməsi nəticəsində nefti ixrac etməyə başladıq, ondan sonra qazı, daha sonra da elektrik enerjisini. Ona görə bu sahədə istədiyimizə tam nail olduq və bu yaxınlarda Mingəçevir İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışı bizim gücümüzü daha da artırdı. 2400 meqavat gücündə stansiyadır və biz son illər ərzində 800 meqavat həcmində itirilmiş gücləri bərpa etdik və bu proses davam etdiriləcək.”
Bu isə
o deməkdir ki, Azərbaycan heç vaxt enerji təminatı
sahəsində heç kimdən asılı olmayacaq.
Flora SADIQLI
Azərbaycan.-2020.-
19 iyul.- S.1;7.