Azərbaycan qəhrəman övladları ilə fəxr edir

 

 

Vətən uğrunda ölmək və öldürmək şərəf işidir. Çünki Vətən onun qoynunda yaşayan xalqın mənliyi, ləyaqəti deməkdir. Onun vətəndaşları isə bu mənliyin keşikçisi, sipəridir. Əgər Vətən işğaldadırsa, millətdə Vətən duyğuları daha yüksəkdə olmalı, düşmənə nifrəti artmalıdır. Belə nifrət üçün isə fədakarlıq nümunəsi göstərilməlidir.

Məlum olduğu kimi, ermənilər Azərbaycana olan düşmən münasibətlərini zaman-zaman pərdələyiblər. Gizlində düşmənçilik edənlər isə ən təhlükəli hesab olunurlar. Bax bunu mənfur qonşularımız çox məharətlə bacarıblar. Onlar məğlubiyyətlərini hiss edən kimi qılığa, yaltaqlığa və özünü dost kimi qələmə verməyə çalışıblar. Təəssüflər olsun ki, ibrət ala bilmədiyimiz belə faktlar çoxdur. Uzun illər məkrli niyyətini gizli şəkildə həyata keçirməyə çalışan ermənilər nəhayət, 1988-ci ildə Azərbaycana qarşı torpaq iddiaları ilə açıq müharibəyə başladılar. Öz havadarları ilə birləşib Azərbaycanın ərazi bütövlüyünü pozaraq, respublikamızın 20 faiz torpaqlarını işğal etdilər.

Tarix çox müharibələr görüb. Bu müharibələrdə saysız-hesabsız insanların həlak olmasının şahidi olub. Ancaq bəşəriyyət zaman-zaman erməni təcavüzkarlarının Azərbaycanda törətdikləri soyqırımı səviyyəsində ikinci bir vəhşilik faktı ilə qarşılaşmayıb. Xüsusilə hərbi təcavüz zamanı dinc əhaliyə qarşı amansız divan tutulması onu deməyə əsas verir ki, yer üzündə ermənilər qədər qəddar millət yoxdur.

Bu il iyulun 12-də növbəti dəfə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma başladılar. Azərbaycan Ordusunun həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmən geri otuzduruldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirildi.

Hamıya yaxşı məlumdur ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı hakimiyyətin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkəsi daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Belə bir vaxtda Azərbaycanla sərhəddə təxribat söz yox ki, Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağaöz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanmışdır.

Lakin Azərbaycanın dünyada nüfuzu, çəkisi gündən-günə daha da artır. Onun beynəlxalq mövqelərinin daha da güclənməsi söz yox ki, Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı və erməni lobbisini, eləcə də xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən bəzi xarici qüvvələri ciddi narahat edir.

Ermənistan-Azərbaycan sərhədində törədilən təxribat isə onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Növbəti təxribat zamanı uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurur.

Qeyd edək ki, iyulun 12-də Tovuz bölgəsində baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən böyük hiddətlə qarşılanmışdır. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilir. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar.

Hazırda Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcək. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Bu döyüşlərdə Azərbaycan Ordusunun neçə igid əzgər və zabiti şəhid oldu. Onları boya-başa çatdıran valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirir, lazım gəlsə Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə torpaqlarımızın azad olunması üçün özlərinin də döyüşə atılmağa hazır olduqlarını diqqətə çatdırırlar.

Mən xidməti işimlə əlaqədar döyüşlər gedən indiki sərhəd bölgəsində çox olmuşam. İstər Qazaxın, Ağstafanın, istərsə də Tovuzun Ermənistanla həmsərhəd olan kəndlərinin sakinləri ilə dəfələrlə görüşüb söhbət etmişəm. Bütün söhbətlərdə sakinlər hələ keçən əsrin 90-cı illərində bu bölgədə gedən şiddətli döyüşlər zamanı öz ata-baba yurdlarını tərk etmədiklərini bildirir, ermənilərin atdıqları güllələrdən qətiyyən qorxmadıqlarını söyləyirlər. Hətta erməni mövqelərindən atılan mərmilərin dağıtdığı evlərin dövlət tərəfindən necə təmir edilməsindən, əhalini erməni güllələrindən qorumaq üçün tikilən istinad divarlarından danışır, bütün bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər. Söhbətlərinin əvvəli də, axırı da budur ki, işğal olunmuş Azərbaycan torpaqları düşməndən azad olunacaq.

Uzun illərdir ki, atəş səsinə adət edən kənd sakinləri hazırda gündəlik məişət qayğıları ilə məşğuldurlar. Onlar gedən döyüşlərdən qətiyyən çəkinmir, hər gün tezdən əkin sahələrinə çıxır, yetişdirdikləri məhsulları vaxtında toplamaq üçün əllərindən gələni əsirgəmirlər. Yaxşı bilirlər ki, onları qoruyan və düşmənə layiqli cavab verən Azərbaycan OrdusuAli Baş Komandan var.

Düşmənə nifrət müqəddəs hissdir. Həqiqi nifrət üçün isə fədakarlıq zəruri şərtdir. Bu gün qəlbində düşmənə qarşı nifrət bəsləyən Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmağı, ulu babalardan ona əmanət olan bu torpağı göz bəbəyi kimi qorumağı özünün müqəddəs borcu hesab edir. Necə ki, neçə igid və mərd oğlumuz növbəti təxribat zamanı canlarından keçib, şəhid oldular. Onlar dəfn olunduqları rayonlarda əhali tərəfindən böyük hörmət və ehtiramla son mənzilə yola salınmışlar. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edərək bu hərəkətləri ilə əsl ordu-xalq vəhdəti nümayiş etdirirlər.

Oğul Vətən üçündür. Vətənin dar günündə qəhrəmanlıqla vuruşan və şəhid olan qəhrəman Azərbaycan oğullarına Allahdan rəhmət diləyirik. Başın uca olsun, Vətən! Sən igid oğullarınla fəxr edə bilərsən.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 19 iyul.- S.4.